Məhkəmə qərarları › İş №8(3-6)-418/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-418/2026

16.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-418/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Ruslan Məmmədovun borclu “X1 Studio” MMC-nin direktoru İsrafilzadə Rizvan Canpolad oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər X4 oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-***/**** saylı qərardadından borclu “X1 Studio” MMC-nin direktoru İsrafilzadə Rizvan Canpolad oğlu tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:

1. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ruslan Məmmədov borclu "X2 Studio" MMC-nin rəhbəri İsrafilzadə Rizvan Canpolad oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir.

2. Təqdimat onunla əsaslandırmışdır ki, ##.##.2026-cı il tarixdə icraata başlanılan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş e-*(***)-***/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh "X2 Studio" MMC-dən görülməmiş işlərə görə ödənilmiş 23.639 manat, mənəvi zərərə görə 500 manat və dövlət rüsumu olaraq ödənilmiş 162 manat tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi ##.##.2026-cı il tarixində Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə daxil olmuşdur və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə "X2 Studio" MMC-yə göndərilmişdir. Həyata keçirilmiş icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Borcluya müvafiq tarixlərdə şifahi və rəsmi xəbərdarlıq olunmasına baxmayaraq, borclu yaranmış ödəməkdən yayınmışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. İşin qeyd edilən hallarını, eyni zamanda icra sənədinin icraya yönəldilməsindən xeyli müddət ötməsinə baxmayaraq bu günədək icra olunmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Birinci instansiyası məhkəməsi qərardadını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə, AR MPM-nin 231.1, 231.2, 231.3 və 231.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ və BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ:

4. “X1 Studio” MMC-nin direktoru İsrafilzadə Rizvan Canpolad oğlu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırımışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025 ci il tarixli qətnaməsi ilə e-*(***)-***/**** saylı iş üzrə cavabdeh ”X3 Studio” MMCdən iddiaçı Tələbkar xeyrinə “görülməmiş işlərə görə” ödənilmiş 23.636 manat, mənəvi ziyana görə 500 manat və ödənilmiş dövlət rüsumuna görə 162 manat pulun alınması qət edilmişdir. Qətnamə qüvvəyə minəndən sonra icraya yönəldilmişdir. Qətnamənin surəti MMC-yə və hələ də qanuni yollarla təqdim edilməsə də bu barədə Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ruslan Məmmədov ##.##.2026-cı il tarixli “borclunun axtarış haqqında” qərar tərtib edərək həmin icra hərəkətlərini icraya iş üzrə və icra sənədi üzrə ”X3 Studio” MMC-yə yox mənə qarşı yönəltmişdir. Halbuki, həmin iş üzrə cavabdeh yox, iş üzrə cavabdehin etibarnamə üzrə nümayəndəsi olmuşdur. Nümayəndə isə mülki cavabdehlik daşıya bilməz. AR İcra Haqqında Qanunun 7-ci maddəsinin tələblərini pozaraq məhkəmə qətnaməsinin nəticəvi hissəsində və icra vərəqində göstərilənlərdən qanunsuz olaraq kənara çıxaraq icranı qətnamə üzrə hüquqi şəxsə qarşı cavabdehə yox ona, yəni fiziki şəxsə qarşı yönəldib. İkinci qanunsuzluq isə odur ki, icra məmuru daha da irəli gedərək onun ölkə xaricinə giriş çıxışımı dayandırmağa yönələn təqdimatla məhkəməyə müraciət edib və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi də cavabdehin əslində kim olmasını araşdırmadan onun ölkə xaricinə giriş-çıxışını dayandırmaq barədə ##.##.2026-cı il tarixli 8(5-93)- 376/2026 cı il tarixli qərərdad qəbul etmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)- ***/**** saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından borclu X1 Studio” MMC-nin direktoru İsrafilzadə Rizvan Canpolad oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARI VƏ APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

6. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsini, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddələrini nəzərə alaraq, şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

7. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin ## ##### 2013-cü il tarixli №*-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra məmuru könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir.

8. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə - icra sənədinə əsasən, X1 Studio” MMC-nin icra olunmamış borcu var.

9. Qanunvericiliyə əsasən, məhkəmənin qəbul etdiyi qərarların icrası bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra edilməlidir.

10. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir və məhkəmə qətnamələri ağlabatan müddətdə icra olunmalıdır. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Borclu məhkəmə qərarının icrasının təmin edilməsinə yönəlik hərəkətlər etməlidir.

11. Təqdimata əlavə edilmiş, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, icra məmuru tərəfindən borcun ödənilməsinə dair prosessual hərəkətlər yerinə yetirilmiş (icraata başlanılmış, könüllü icra barədə bildirişlər göndərilmiş, bildirişlər rəsmi qaydada təqdim olunmuş, izahatlar alınmış, inzibati xəta haqqında protokol tərtib edilmiş və s.), bununla belə uzun müddət keçməsinə baxmayaraq borclu üzərinə düşən öhdəlikləri icra etməmiş və icra sənədlərinin icrasını təmin etməkdən yayınmışdır.

12. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.

13. Qeyd olunmalıdır ki, Konstitusiyanın 28-ci maddəsində təsbit olunmuş hər kəsin Azərbaycan Respublikasının ərazisindən kənara getmək hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan «İcra haqqında» Qanunun 84-1-ci maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılmasına yönəlmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir.

14. «İcra haqqında» Qanunun 84-1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbir məhkəmə müdafiəsi konstitusiya hüququnun real həyata keçirilməsinin təminatına yönəlmişdir və bu baxımdan konstitusiya əhəmiyyətli məqsədə çatmağa xidmət etdiyi üçün məqbul sayılmalıdır.

15. Göründüyü kimi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanundan göründüyü kimi 2 şərt mövcud olduqda qeyd olunan məhdudlaşdırma tətbiq edilə bilər: könüllü icra üçün müəyyən olunmuş müddətin bitməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi. Hazırkı işdə hər 2 şərt mövcuddur.

16. Beləliklə, qanunverici hüquqi şəxsin icra sənədi üzrə borclu olduğu halda onun icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını da birbaşa mümkün hüquqi tədbir kimi müəyyən etmişdir.Bu baxımdan şikayətçinin yalnız icra sənədi üzrə borclunun hüquqi şəxs olması və özünün həmin hüquqi şəxsin direktoru kimi çıxış etməsi barədə dəlili məhdudiyyətin tətbiq edilməsini istisna etmir.

17. İş materiallarından müəyyən olunur ki, “X2 Studio” MMC-nin qanuni təmsilçisi və direktoru İsrafilzadə Rizvan Canpolad oğludur. Deməli, o, Qanunun 84-1.1-ci maddəsində nəzərdə tutulan borclu hüquqi şəxsin icra orqanının rəhbəri statusuna malikdir. Eyni zamanda, həmin maddənin tətbiqi üçün yalnız direktor statusunun mövcudluğu kifayət etmədiyindən, məhkəmə icra sənədinin könüllü icra müddətində icra edilibedilmədiyini və icra edilməmənin üzrsüz səbəbdən baş verib-vermədiyini də araşdırmalıdır. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə bağlı icra icraatı başlanılmış, borcluya könüllü icra üçün müddət verilmiş, həmin müddət ərzində icra sənədinin tələbləri yerinə yetirilməmiş və icra məmuru bu halları nəzərə alaraq məhkəməyə təqdimatla müraciət etmişdir.

18. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ölkədən getmək hüququnun məhdudlaşdırılması yalnız icra sənədinin könüllü müddətdə icra edilməməsi ilə avtomatik yaranmır. İcra məmuru icra edilməmənin üzrsüz səbəbdən baş verdiyini müəyyən etməli və tətbiq ediləcək məhdudiyyətin məhkəmə qərarının vaxtında, tam və düzgün icrasına xidmət edəcəyini, belə tədbir görülmədikdə icranın çətinləşə biləcəyini əsaslandırmalıdır. Məhkəmə də bu halları hərtərəfli araşdırmalı və məhdudiyyətin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. Hazırkı işdə icra məmurunun təqdimatının məzmunundan və iş materiallarından məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhdudiyyətin tətbiqi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Belə ki, icra sənədi üzrə öhdəlik icra edilməmiş, borclu hüquqi şəxsin icra orqanının rəhbəri müəyyən edilmiş və onun ölkədən getmək hüququnun məhdudlaşdırılması icra sənədinin icrasının təmin olunmasına yönəlmişdir.

19. Şikayətçinin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının əsassız olması barədə dəlili də əsaslı hesab edilə bilməz. Çünki tətbiq edilmiş tədbir daimi xarakter daşımır və borcun icrası ilə bağlı əsaslar aradan qalxdıqda qanunvericilik həmin məhdudiyyətin götürülməsini nəzərdə tutur. “İcra haqqında” Qanunun 84-1.2-ci maddəsinə əsasən, məhdudlaşdırmaya səbəb olmuş əsaslar aradan qalxdıqda müvafiq məlumat “Elektron icra” sisteminə daxil edilir və tətbiq edilmiş məhdudiyyət götürülür. Bununla yanaşı, ölkədən getmək hüququnun məhdudlaşdırılması icra sənədinin icrasını təmin edən tədbirlərdən biri olmaqla, borclunu cəzalandırmaq məqsədi daşımır. Konstitusiya Məhkəməsinin mövqeyinə görə, belə məhdudiyyət məhkəmə qərarlarının səmərəli icrasının təmin edilməsinə xidmət etməlidir və məhkəmələr tədbirin zəruriliyini işin konkret halları əsasında əsaslandırmalıdırlar

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997ci il tarixli Qərar).

21. Məhkəmə kollegiyası borclunun şikayətinə münasibətdə qeyd edir ki, icra məmuru mütənasiblik prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin və “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmışdır. Beləliklə, hazırki təqdimat üzrə borcluya tətbiq olunan “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair icra tədbiri mütənasiblik prinsipini pozmamışdır. 22.Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:

Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar