Məhkəmə qərarları › İş №8(3-6)-431/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-431/2026

15.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-431/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Tələbkar Tələbkar ərizəsinə dair iş üzrə (Açar sözlər: qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadından borclu Borclu tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Ərizəçi Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı qətnaməsinin icra üsulu və qaydası dəyişdirilərək, övladı ilə hər həftənin bazar günü saat 12:00-dan 20:00-dək, uşağın ad günündə saat 11:00-dan 17:00-dək eləcə də bayram günlərində, yəni bayram və dövlət tərəfindən qeyri-iş günü elan edilmiş günlər 2 gün və çox davam etdikdə, onların 2-ci günlərində 11:00-dan 20:00-dək görüşüb ünsiyyətdə olmağı və gündəlik təhsili (dərsləri), təlim tərbiyəsi, sağlamlığı ilə bağlı məlumat ala bilməyi üçün axşam 19:00-dan 20:00-dək (uşağa münasib olmaqla saat fərqli ola bilər) müddətlərdə telefon danışıqları, video-əlaqə və texnologiyaların imkan verdiyi digər vasitələrlə ünsiyyət saxlamağı barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ##.##.2025-ci il tarixindən etibarən Hacıqabul Rayon İcra və Probasiya Şöbəsində böyük icra məmuru vəzifəsinə təyin edilib və hazırda Hacıqabul şəhərində yaşayır. İş qrafiki və məsafə səbəbindən həftə sonları Bakı şəhərinə müntəzəm gələ bilmir. Buna görə də o, övladı ##.##.2017-ci il təvəllüdlü X2 ilə qətnamədə müəyyən edilmiş ünsiyyət vaxtlarının dəyişdirilməsini tələb edir. Ərizəçi qətnamənin icra qaydasının dəyişdirilərək övladı ilə hər həftənin bazar günü saat 12:00-dan 20:00-dək, ad günündə saat 11:00-dan 17:00-dək, bayram günlərində (qeyri-iş günü 2 gün və çox olduqda 2-ci günləri) saat 11:00-dan 20:00-dək görüşüb ünsiyyətdə olması, habelə gündəlik təhsili və sağlamlığı barədə məlumat almaq üçün axşam saat 19:00-dan 20:00-dək telefon, video-əlaqə və digər vasitələrlə ünsiyyət saxlaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinin icra üsulu və qaydası dəyişdirilmiş; Tələbkar övladı ##.##.2017-ci il təvəllüdlü X2 ilə ünsiyyət qaydası və üsulu aşağıdakı kimi müəyyən edilmişdir: 1) Hər həftənin bazar günü saat 12:00-dan 20:00-dək; 2) Uşağın ad günündə saat 11:00-dan 17:00-dək; 3) Bayram və dövlət tərəfindən qeyri-iş günü elan edilmiş günlər 2 gün və daha çox davam etdikdə, həmin günlərin 2-ci günlərində saat 11:00-dan 20:00-dək şəxsi görüşmək yolu ilə; 4) Hər gün axşam saat 19:00-dan 20:00-dək (uşağa münasib olmaqla saat dəyişə bilər) telefon, video-əlaqə və digər texnoloji vasitələrlə uzaqdan ünsiyyət yolu ilə).

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçinin iş yerinin və yaşayış yerinin dəyişməsi əvvəlki qətnamə ilə müəyyən olunmuş icra qaydasının (ünsiyyət vaxtlarının) icrasını mümkünsüz etmişdir və uşağın üstün mənafeləri naminə atası ilə müntəzəm ünsiyyətinin davam etdirilməsi, o cümlədən müasir texnologiyalar vasitəsilə mütəmadi əlaqənin təmin olunması zəruridir.

5. Məhkəmə gəldiyi nəticəni "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" ## ###### 2024-cü il tarixli ** nömrəli Qərarı ilə ## ####### 2011- ci il tarixli */**** nömrəli Qərara əlavə edilmiş 3.1-ci bəndinə və 3.2-ci bəndinə istinadla əsaslandırmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

6. Borclu Borclu həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək Tələbkar övladı - ##.##.2017-ci il təvəllüdlü X2 ilə hər həftənin bazar günü saat 11:00-dan 20:00-dək, uşağın ad günündə saat 14:00-dan 17:00dək eləcə də bayram günlərində, yəni bayram və dövlət tərəfindən qeyri-iş günü elan edilmiş günlər 2 gün və çox davam etdikdə, onların 2-ci günlərində 11:00-dan 20:00-dək görüşüb ünsiyyətdə olması müəyyən edilmişdir. Göründüyü kimi icra üsulunun dəyişdirilməsi tələb edilən qətnamə ilə uşaqla görüş vaxtı konkret olaraq müəyyən edilmiş, hər həftənin bazar günü saat 11:00-dan 20:00-dək, uşağın ad günündə saat 14:00-dan 17:00-dək eləcə də bayram günlərində, yəni bayram və dövlət tərəfindən qeyri-iş günü elan edilmiş günlər 2 gün və çox davam etdikdə, onların 2-ci günlərində 11:00-dan 20:00-dək görüşüb ünsiyyətdə olması müəyyən edilmişdir. Hazırda mübahisələndirilən qərardadla isə birinci instansiya məhkəməsi qətnamə ilə müəyyən edilən vaxtdan əlavə hər gün axşam saat 19:00-dan 20:00dək (uşağa münasib olmaqla saat dəyişə bilər) telefon, video-əlaqə və digər texnoloji vasitələrlə uzaqdan ünsiyyət yolu ilə ünsiyyət qaydası müəyyən etmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə ataya uşaqla yalnız müəyyən olunmuş günlərdə şəxsi görüşmək yolu ilə ünsiyyət hüququ verilmişdir. Həmin qətnamədə ataya hər gün telefon, video-əlaqə və ya distant texnologiyalarla ünsiyyət saxlamaq hüququ verilməmişdir. Birinci instansiya məhkəməsi qərardad qəbul edərkən icra qaydasını dəyişdirməmiş, faktiki olaraq icra prosesi çərçivəsində ataya qətnamədə nəzərdə tutulmayan yeni hüquqlar şamil etmişdir. Qətnamədə olmayan "hər gün 1 saatlıq uzaqdan/distant ünsiyyət" hüququnun müəyyən edilməsi icra qaydasının dəyişdirilməsi deyil, məhkəmə qətnaməsinin mahiyyətcə dəyişdirilməsi və atanın iddia tələblərindən əlavə yeni ünsiyyət rejiminin müəyyən olunmasıdır. Göründüyü ərizəçi (ata) iş yerinin Hacıqabula dəyişməsini əsas gətirərək həftə sonları gələ bilmədiyini iddia edir. Lakin məhkəmə atanın bu iddialarını nəzərə alaraq icra qaydasını onun xeyrinə dəyişməklə yanaşı, əlavə olaraq hər gün 19:00-dan 20:00-dək video-əlaqə vaxtı müəyyən etmişdir. Bu qərar ananın və uşağın hüquqlarını ağırlaşdırır. Hər gün saat 19:00-dan 20:00-dək uşağın telefon/video zəng gözləməyə və ya danışmağa məcbur edilməsi ananın üzərinə qətnamədə nəzərdə tutulmayan əlavə gündəlik öhdəlik qoyur. Məhkəmə atanın çətinliyini aradan qaldırmaq əvəzinə, ananın və uşağın şəxsi həyatına və gündəlik rejiminə müdaxilə edən əlavə yük yaratmışdır Məhkəmə nəzərə almamışdır ki, 2017-ci il təvəllüdlü uşaq məktəblidir. Hər gün axşam saat 19:00-20:00 arası uşağın dərslərini hazırladığı, şam yeməyi yediyi və istirahət etdiyi vaxtdır. Məhkəmənin uşağın gündəlik rejimini nəzərə almadan "hər gün 1 saat uzaqdan əlaqə" kimi əlavə və məcburi qayda müəyyən etməsi uşağın psixoloji və fiziki rejimini pozur. Məhkəmə uşağın mənafeyini deyil, yalnız atanın subyektiv arzusunu üstün tutmuşdur. Digər tərəfdən ərizəçi Tələbkar ərizəsində göstərmişdir ki, o, ##.##.2025-ci il tarixindən Hacıqabul Rayon İcra və Probasiya Şöbəsində böyük icra məmuru vəzifəsinə təyin edilib və hazırda Hacıqabul şəhərində yaşayır. Lakin ərizəçi iş yerinin və yaşayış yerinin dəyişməsi ilə bağlı məhkəməyə heç bir mötəbər, rəsmi və yazılı sübut (əmr, arayış, əmək müqaviləsi və s.) təqdim etməmişdir. Məhkəmə müəyyən etdiyi halları proses iştirakçılarının sadəcə fərziyyələrinə və şifahi bəyanatlarına əsaslandıra bilməz. Hüquqi faktlar yalnız qanunla müəyyən olunmuş aidiyyəti sübutlarla təsdiq edilməlidir. Məhkəmə tərəfindən heç bir sübut araşdırılmadan ərizəçinin iddialarının əsaslı hesab olunması MPMnin 77.1-ci və 88-ci (sübutlara qiymət verilməsi) maddələrinin tələblərinin birbaşa pozulmasıdır. Halbuki, ərizəçi Tələbkar cavabdeh ilə nikahda olduğu dövrdən, habelə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsinin çıxarıldığı vaxtda da Hacıqabul Rayon İcra və Probasiya Şöbəsində çalışmışdır. Birinci instansiya məhkəməsi tərəfindən ərizəçinin əvvəllər harada çalışması, iş yerinin həqiqətən dəyişib-dəyişməməsi araşdırılmadan, Hacıqabul Rayon İcra və Probasiya Şöbəsinə müvafiq sorğu göndərilərək xidmət illəri və iş yeri barədə məlumatlar dəqiqləşdirilmədən sübutsuz ərizənin təmin edilməsi MPM-in 77.1-ci və 88-ci maddələrinin tələblərinin məhkəmə tərəfindən birbaşa və kobud şəkildə pozulmasıdır.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı ## #### 2026-cı il tarixli borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.

9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

11. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

12. 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər.

13. 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

14. 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər.

15. 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

16. 231.4-cü maddəsinə əsasən, qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər.

17. 267-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun

18. 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

19. 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədləri sayılır.

20. 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.

21. 10.2-ci maddəsinə görə borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur.

22. 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

23. “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il ## ###### tarixli, * №-li Qərarının 3-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilsin.

24. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtlərinin) dəyişdirilməsində ifadə olunur.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011-ci il ## ####### tarixli */**** nömrəli Qərarının 3.2-ci bəndində qeyd edilir ki, bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Buna dair müstəqil iddia ilə müraciət edildiyi halda Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi artıq icraata qəbul edildiyi halda isə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.

26. 2.6-cı bəndində görə məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyət forması kimi şəxsi görüşdən əlavə, mümkün olduğu hallarda digər ünsiyyət formalarının (yazışma, telefon danışıqları, videoəlaqə və texnologiyaların imkan verdiyi digər vasitələr) tətbiqini də nəzərdən keçirməlidirlər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Şikayətin məzmunundan görünür ki, borclu əvvəl müəyyən edilmiş görüş vaxtlarına əlavə olaraq atanın uşaqla hər gün saat 19:00-dan 20:00-dək telefon və videoəlaqə vasitəsilə ünsiyyətdə olmasının müəyyən edilməsinə etiraz edir. Şikayətçi bununla qətnamənin məzmununun dəyişdirildiyini, ananın üzərinə əlavə gündəlik öhdəlik qoyulduğunu, uşağın dərs, qidalanma və istirahət rejiminin, habelə üstün mənafelərinin nəzərə alınmadığını bildirir. Həmçinin atanın iş və yaşayış yerinin dəyişməsinin sübutlarla təsdiq edilmədiyi, məhkəmənin isə bu halları təsdiq edən sənədləri tələb etmədən ərizəni təmin etdiyi qeyd edilir.

29. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən tərəflərə icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət etmək hüququ, məhkəməyə də həmin müraciətlərə hər iki tərəfin diqqətəlayiq hallarını nəzərə almaqla, qətnamənin icrası üsulunu və qaydasını dəyişdirmək səlahiyyəti verilmişdir. Mülki Prosessual Məcəllənin 231-ci maddəsində də analoji məzmunlu tənzimləmə nəzərdə tutulmuşdur.

30. Beləliklə, icra sənədini vermiş məhkəmə tərəflərin və ya icra məmurunun müraciəti əsasında qətnamənin icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Nəzərə alınmalıdır ki, məhkəmə qətnaməsinin icra üsulu tələbkarın pozulmuş hüquqlarının bərpasına yönələn icra hərəkətlərinin məcmusunu, icra qaydası isə məhkəmə aktının icrası üçün müəyyən edilmiş metodun məzmununu təşkil edən hərəkətlərin müvafiq ardıcıllıqla və müəyyən edilmiş tələblərə uyğun həyata keçirilməsini ifadə edir.

31. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən artıq həll edilmiş mübahisəyə yenidən baxılması və ya müəyyən edilmiş hüququn başqa hüquqla əvəz olunması ilə nəticələnməməlidir. Belə dəyişiklik yalnız tanınmış hüququn həyata keçirilməsi mexanizminə aid olmalı və məhkəmə aktının mahiyyətini dəyişdirməməlidir.

32. Hazırkı iş üzrə müəyyən olunmuş hallardan göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsi ilə Tələbkar övladı - ##.##.2017-ci il təvəllüdlü X2 ilə hər həftənin bazar günü saat 11:00-dan 20:00-dək, uşağın ad günündə saat 14:00-dan 17:00-dək eləcə də bayram günlərində, yəni bayram və dövlət tərəfindən qeyri-iş günü elan edilmiş günlər 2 gün və çox davam etdikdə, onların 2-ci günlərində 11:00-dan 20:00-dək görüşüb ünsiyyətdə olmasının müəyyən edilməsi qət edilmişdir.

33. Göründüyü kimi, həmin qətnamə ilə atanın övladı ilə ünsiyyət hüququ tanınmış, bu hüququn həyata keçirilməsi üçün görüş günləri və saatları müəyyən olunmuşdur. Hazırkı ərizə isə həmin hüququn yenidən tanınmasına deyil, onun həyata keçirilməsi qaydasının dəyişdirilməsinə yönəlmişdir. Müvafiq ərizəyə baxan məhkəmə də, müraciət edən valideynin uşaqla ünsiyyətinin uşağın fiziki və psixi sağlamlığına uyğun formada həyata keçirilməsini təmin etmək məqsədilə artıq tanınmış hüququn icrası qaydasını Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən müəyyən etmişdir.

34. Belə ki, məhkəmə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” ## ###### 2024-cü il tarixli ** nömrəli Qərarla dəyişiklik edilmiş ## ####### 2011-ci il tarixli */**** nömrəli Qərarın müddəalarına əsaslanaraq, uşağın üstün mənafeləri naminə atası ilə müntəzəm ünsiyyətinin davam etdirilməsinin, o cümlədən müasir texnologiyalar vasitəsilə mütəmadi əlaqənin təmin edilməsinin zəruri olduğunu nəzərə almışdır. Bununla əlaqədar olaraq, məhkəmə Tələbkar övladı, ##.##.2017-ci il təvəllüdlü X2 ilə ünsiyyətinin hər gün saat 19:00-dan 20:00-dək (uşağa münasib olmaqla saat dəyişdirilə bilər) telefon, videoəlaqə və digər texnoloji vasitələrdən istifadə edilməklə məsafədən ünsiyyət formasında həyata keçirilməsini müəyyən etmişdir.

35. Bu baxımdan, məhkəmənin hazırda mübahisələndirilən qənaəti Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## ####### 2011-ci il tarixli */**** saylı Qərarına uyğun olmuşdur. Belə ki, həmin Qərarın məzmununa görə Bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir (3.2). Məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyət forması kimi şəxsi görüşdən əlavə, mümkün olduğu hallarda digər ünsiyyət formalarının (yazışma, telefon danışıqları, videoəlaqə və texnologiyaların imkan verdiyi digər vasitələr) tətbiqini də nəzərdən keçirməlidirlər (2.6).

36. Göründüyü kimi, MPM-in 231-ci maddəsində nəzərdə tutulmuş qaydada həmin məsələyə baxan məhkəmə görüş yerini və görüşün keçirilmə şəraitini, görüş gününü və saatını dəyişdirə, habelə ünsiyyət müddətini artıra və ya azalda bilər. Bu baxımdan, ünsiyyətin videoəlaqə və ya digər onlayn vasitələrlə həyata keçirilməsinin müəyyən edilməsi MPM-in 231-ci maddəsi əsasında həmin məsələyə baxılmasının mümkünlüyünə zidd deyildir. Həmçinin, əvvəllər müəyyən edilmiş şəxsi görüşlərlə yanaşı məsafədən ünsiyyət formasının nəzərdə tutulması özlüyündə qətnamənin mahiyyətinin dəyişdirilməsi hesab edilə bilməz. Belə halda ayrıca hüquq yaradılmır, artıq tanınmış ünsiyyət hüququnun həyata keçirilməsi qaydası müəyyənləşdirilir.

37. Bu səbəbdən, şikayətçinin məsələnin qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi çərçivəsində həll edilə bilməməsinə dair dəlili əsaslı deyildir. Şikayətçinin ananın üzərinə əlavə gündəlik öhdəlik qoyulması barədə dəlili də əsassızdır.

38. Beləliklə də, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, şikayətin dəlilləri ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, borclunun istinad etdiyi hallar hazırkı ərizənin mahiyyət etibarilə rədd edilməsi üçün əsas kimi qiymətləndirilə bilməz.

39. Atanın iş və yaşayış yerinin dəyişməsinin sübutlarla təsdiqlənməməsinə dair dəlilə münasibətdə kollegiya qeyd edir ki, həmin halların mövcudluğu ilə məsafədən ünsiyyətin uşağın mənafeyinə uyğunluğu ayrı-ayrılıqda qiymətləndirilməli məsələlərdir. Həmin halların sübuta yetirilməməsi də əlavə ünsiyyət formasının müəyyən olunmasını özlüyündə istisna etmir. Bu məsələdə həlledici olan tələb edilən ünsiyyət qaydasının iş üzrə müəyyən edilmiş digər hallar əsasında uşağın mənafeyinə uyğunluğudur.

40. Bununla əlaqədar isə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi ünsiyyət qaydası uşağın hüquq və mənafelərinə uyğundur və borclunun da valideyn hüquqlarına hər hansı formada xələl gətirmir. Ünsiyyət qaydası müəyyən edilərkən məhkəmə uşağın psixoloji rahatlığını, emosional bağlılığının qorunmasını, hər iki valideynlə sabit münasibət formalaşdırmaq imkanını qiymətləndirmişdir. Müəyyən edilmiş ünsiyyət qaydası uşağın həyat tərzini kəskin dəyişdirmir, onun gündəlik rejiminə uyğunlaşdırılmışdır.

41. Bu qaydanın uşaqda stress yaradacağına dair hər hansı sübut müəyyən edilməmişdir. Əksinə, müəyyən edilmiş məsafədən ünsiyyət forması uşağın yaşayış yerini tərk etməsini tələb etmir və onun atası ilə müntəzəm əlaqə saxlamasına imkan yaradır. Telefon və videoəlaqə vasitəsilə ünsiyyətin müəyyən edilməsi həm atanın valideynlik hüquqlarının həyata keçirilməsinə, həm də uşağın atası ilə əlaqələrinin qorunmasına xidmət edir. Bu əlaqə uşağın ehtiyaclarına uyğun təşkil edilməli, valideynlər arasındakı mübahisənin davam etdirilməsi və ya uşağa psixoloji təsir göstərilməsi vasitəsinə çevrilməməlidir.

42. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, valideynlərin hüquqlarının bərabərliyi onlardan hər hansı birinin istəyinə qeyd-şərtsiz üstünlük verilməsini nəzərdə tutmur. Bu qəbildən olan məsələlərin həllində əsas meyar uşağın üstün mənafeləridir. Valideynlər arasındakı ziddiyyətli münasibətlər uşağın onlarla sağlam və davamlı əlaqə saxlamaq imkanının əsassız məhdudlaşdırılmasına səbəb olmamalıdır.

43. Valideynlər müəyyən edilmiş ünsiyyət qaydasının uşağın mənafeyinə uyğun həyata keçirilməsi üçün qarşılıqlı əməkdaşlıq etməli, uşağı aralarındakı münaqişəyə cəlb etməməli və onda digər valideynə qarşı mənfi münasibət formalaşdırmaqdan çəkinməlidirlər. Ünsiyyətin təşkili zamanı yaranan gündəlik məsələlər uşağın təhsilinə, istirahətinə və emosional vəziyyətinə həssas yanaşılmaqla həll edilməlidir.

44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə düzgün qərardad qəbul olunmuşdur. Prosessual hüquq normalarının pozulması və ya maddi hüquq normalarının düzgün tətbiq edilməməsi halları müəyyən edilmədiyindən, qərardadın ləğvi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Borclu Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Abdıyev Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar