Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-436/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 8(5-97) ***/**** saylı qərardadından borclu Abdullayev İsa Mahir oğlu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Borclu Abdullayev İsa Mahir oğlu “qətnamənin hissə-hissə icra edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə Tələbkar xeyrinə tutulması qət edilmiş 7.096 manat pul vəsaitinin və mülki iş üzrə ödənilmiş 93 manat dövlət rüsumunun onun tərəfindən 12 ay müddətində ödənilməklə qətnamənin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Tələbkar cavabdeh olaraq ona qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə edilən və iddiaçı tərəfindən təkbaşına ödənilən 14.462 manat kredit məbləğinin 1/2 hissəsini təşkil edən 7.231 manat pul vəsaitindən cavabdeh tərəfindən ödənilmiş 72 və 63 manat pul vəsaitləri nəzərə alınmaqla, 7.906 manat məbləğində pul vəsaitinin ondan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(005) ****/**** saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(005) ****/**** saylı qətnaməsi ilə iddiaçı Tələbkar ona qarşı (X1 mübahisə predməti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Belə ki, həmin qətnamə ilə ondan 7.096 manat pul vəsaitinin və mülki iş üzrə ödənilmiş 93 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamənin icrası ilə əlaqədar məlumat verərək bildirir ki, onun maddi və əmlak vəziyyəti qətnamə ilə tələbkarın xeyrinə tutulacaq pul vəsaitinin bir dəfəyə ödənilməsinə imkan vermir. Belə ki, doğrudur o, əmək fəaliyyəti ilə məşğuldur, lakin aylıq əmək haqqı qətnamənin bir dəfəyə icra olunması üçün yetərli deyil, əlavə gəlir yeri də yoxdur. Nəzərə almaq lazımdır ki, o, eyni zamanda hər ay 260 manat aliment ödəyir. Bu nöqteyi-nəzərdən bildirir ki, onun mövcud maddi vəziyyəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsi ilə tələbkarın xeyrinə tutulması qət edilmiş pul vəsaitinin 12 ay müddətində hissə-hissə ödənilməsinə imkan verir. O, qətnamənin icrasından yayınmır, sadəcə olaraq real maddi və əmlak imkanları qətnamənin bu şəkildə icrasına cavab verir. Buna görə də, qətnamənin hissə-hissə icrası ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026 cı il tarixli, e- *(***)-****/**** saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair borclu Abdullayev İsa Mahir oğlu tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan borclu Abdullayev İsa Mahir oğlu tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi, ərizənin təmin edilməsi, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizədə qeyd edildiyi kimi maddi və əmlak vəziyyəti qətnamə ilə tələbkarın xeyrinə tutulacaq pul vəsaitin birdəfəyə ödənilməsinə imkan vermir. Belə ki, əmək fəaliyyəti ilə məşğul olsa da, aylıq əmək haqqı qətnamənin birdəfəyə icra olunması üçün yetərli deyil, əlavə gəlir yeri də yoxdur. Eyni zamanda hər ay 256 manat aliment ödəyir. Buna görə də, təkrarən bildirir ki, mövcud maddi vəziyyəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə tələbkarın xeyrinə tutulması qət edilmiş pul vəsaitinin yalnız hissə-hissə ödənilməsinə imkan verir. Xüsusi olaraq bir daha bildirir ki, qətnamənin icrasından yayınmır, sadəcə olaraq real maddi və əmlak imkanları qətnamənin bu şəkildə icrasına cavab verir və bunun əksini nə tələbkar öz etirazında, nə də işə baxan hakim qərardadda əsaslandırmamışdır. Yalnız ümumi sözlər və subyektiv mülahizələr əsas götürülərək qərardad qəbul olunmuşdur. Hətta o da nəzərə alınmamışdır ki, qətnamə icra mərhələsindədir və əgər maddi imkanı qətnamənin birdəfəyə icrasına cavab verirsə bu xususat onun əmlak vəziyyətinin müəyyən olunması ilə öz təsdiqini tapmal idi və işə baxan hakim də öz qərardadını subyektiv mülahizələr əsasında deyil, icra məmurunun müəyyən etdiyi məlumatlarla əsaslandırardı. Tələbkar öz etirazında bildirir ki, “əmək haqqı barədə arayışın təqdim edilməsi onun maliyyə vəziyyətini tam əks etdirmir. Cavabdehin digər gəlirlərinin, bank hesablarının, daşınar və daşınmaz əmlakının, sahibkarlıq fəaliyyətinin və ya digər gəlir mənbələrinin olmaması sübuta yetirilməmişdir.” Bununla əlaqədar bildirir ki, əmlak vəziyyətini müəyyən etmək icra məmurunun vəzifəsidir. Tələbkarın onun əmlak vəziyyəti ilə bağlı arqumentlərini icra məmuru təsdiq edə bilər. Əgər maddi vəziyyəti tələbkarın mülahizələrinə uyğun olsa idi bu hal icra məmuru tərəfindən ortaya çıxacaqdı. Bununla belə, bütün məsuliyyəti və səmimiyyəti ilə bildirir ki, maddi vəziyyəti məhkəməyə bildirdiklərindən və təqdim etdiklərindən fərqli deyil. Əslində belə hallarda, yəni borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra qanunvericiliyinə uyğun şəkildə geri qaytarılmalıdır. Göründüyü kimi, qərardad qəbul olunarkən qanunvericiliyin qətnamənin hissə-hissə icrası ilə əlaqədar hər iki tərəfin mənafeyinin nəzərə alınması ilə bağlı tələbləri bir kənara qoyularaq yalnız tələbkarın mənafeyinə hesablanmış yanaşma nümayiş etdirilmişdir. Bunun başqa bir isbatı ondan ibarətdir ki, onun aliment öhdəliyinin olması qəbul edilsə də (bunu təkzib etmək mümkün deyil), bu öhdəliyin maddi vəziyyətinə təsirinin olmamasına dair absurd arqumentləşdirmə cəhdləri sərgilənir, halbuki, bununla razılaşmaq olmaz. Çünki, bütün qeyd etdikləri ilə yanaşı tələbkara ödədiyi alimentin miqdarı da onun əmlak vəziyyətinin göstəricisidir. Göründüyü kimi, onun əmlak vəziyyəti və bununla bağlı icra məmurunun araşdırması icra sənədinin məhkəməyə qaytarılması üçün əsas yaratsa da, icra sənədinin geri qaytarılmasının deyil, qətnamənin icrasının tərəfdarı olmuş, sadəcə olaraq icranın onun əmlak vəziyyətinə uyğun həyata keçirilməsini xahiş etmişdir. Lakin, məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra işinin qanunvericilik və faktiki vəziyyətini, yəni onun qətnamədə göstərilən məbləği birdəfəyə ödəməyə imkanının olmamasını nəzərə almadan, qətnamənin hissə-hissə icrası barədə ərizəni təmin etməməklə qətnamənin icrasında çətinliklər yaradan qərardad qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, onun əmlak vəziyyəti qətnamənin məhz hissə-hissə icrası ilə adekvatlıq təşkil etdiyindən mülki prosessual qanunvericiliyin istinad olunan tənzimləməsini rəhbər tutaraq məhkəməyə müraciət etmişdir. Yəni, real maddi durumu ilə bağlı təqdim etdiyi sübutları təkzib edən halların istisna olunmasına (nə tələbkar, nədə məhkəmə tərəfindən əks sübut təqdim edilməmişdir) baxmayaraq ərizə təmin edilməmişdir. Bununla da Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsi tətbiq edilməli olduğu halda əsassız olaraq tətbiq edilməmişdir ki, bu da qanunsuz məhkəmə aktının qəbulu ilə nəticələnmişdir. Məhkəməyə Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə uyğun istinad etdiyi hallara dair sübutlar təqdim etsə də, nəzərə alınmamışdır və ən başlıcası, maddi vəziyyəti ilə bağlı mövqeyi tələbkar tərəfindən əsaslı dəlillərlə deyil, subyektiv mülahizələrlə inkar olunur. Məhkəmə qərardad qəbul edərkən qeyd edilən xususatlar Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından hüquqi cəhətdən düzgün qiymətləndirilməmişdir. Əks təqdirdə, yəni düzgün qiymətləndirmə aparılsaydı hesab etmişdir ki, qətnamənin hissə-hissə icrasına dair ərizəsi təmin olunardı. Hesab etmişdir ki, qətnamənin hissə-hissə icrası ilə bağlı ərizəyə və təqdim etdiyi sübutlara işə baxan hakim tərəfindən Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılsaydı həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət veriləcəkdi və nəticə etibarı ilə qətnamənin real şərtlər daxilində icrasını təmin edən məhkəmə aktı qəbul ediləcəkdi. Hesab etmişdir ki, qətnamənin icrası ilə əlaqədar onun əmlak vəziyyəti ilə bağlı faktiki hallar, təqdim etdiyi sübutlar, həmin sübutlara qarşı tələbkarın və icra məmurunun mövqeyi tam aydınlaşdırılmamış, bununla da obyektiv araşdırmadan kənarda qalmışdır. Əgər tam aydınlaşdırma və obyektiv qiymətləndirmə aparılsa idi qətnamənin hissə-hissə icrasına dair ərizə təmin edilmiş olardı. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 8(5-97) ***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmişdir. Tələbkar Tələbkar tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Məhkəmə Kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qiyabi qətnaməsi ilə Abdullayev İsa Mahir oğlundan 7.096 manat pul vəsaiti və 93 manat dövlət rüsumunun Tələbkar xeyrinə tutulması qət edilmişdir. Borclu qətnamənin birdəfəlik icrasının maddi vəziyyətinə uyğun olmadığını, aylıq əmək haqqının 1.000 manat təşkil etdiyini və eyni zamanda aliment ödədiyini göstərərək qətnamənin 12 ay müddətində hissə-hissə icrasını xahiş etmişdir. İş materiallarında onun “xxxx” şirkətində sahə rəisi vəzifəsində işlədiyi və aylıq əmək haqqının 1.000 manat olduğu barədə arayış mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Eyni qayda “İcra haqqında” Qanunun 15-ci maddəsində də nəzərdə tutulmuşdur. Lakin həmin norma məhz borclunun tələbi əsasında hissə-hissə icra müəyyən edilməsini nəzərdə tutmur. Belə ki, Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 12 və 13-cü bəndlərinə əsasən, qətnamənin hissə-hissə icrası müstəsna xarakter daşıyır və qətnamənin icrasını çətinləşdirən və ya borclu üçün əlverişsiz hallar mövcud olduqda tətbiq edilə bilər. Bu zaman həm borclunun, həm də tələbkarın mənafeyi nəzərə alınmalıdır. Borclunun əmlak vəziyyəti elə səviyyədə olmalıdır ki, onun tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi birdəfəyə icra etməsi mümkün olmasın. Hazırkı işdə isə borclunun təqdim etdiyi məlumatlar onun yalnız aylıq əmək haqqının 1.000 manat olmasını göstərir. Lakin bu məlumat özlüyündə onun qətnamə üzrə məbləği birdəfəyə ödəməsinin obyektiv olaraq mümkünsüzlüyünü təsdiq etmir. Belə ki, borclunun digər gəlirlərinin, bank hesablarındakı vəsaitlərinin, daşınar və daşınmaz əmlakının, habelə digər əmlak və maliyyə imkanlarının olmaması barədə mötəbər sübutlar təqdim edilməmişdir. Digər tərəfdən, borclunun aliment öhdəliyinin olması da nəzərə alınmalı hal olsa da, aliment ödənişinin mövcudluğu özlüyündə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulan xüsusi hal kimi qiymətləndirilə bilməz. Aliment uşağın saxlanılması ilə bağlı qanuni öhdəlikdir və borclunun digər kreditor qarşısında olan öhdəliyindən fərqli hüquqi məqsəd daşıyır. Buna görə aliment ödəyən şəxsin digər məhkəmə aktı üzrə öhdəliyinin hissə-hissə icra edilməli olduğu nəticəsinə gəlmək olmaz. Birinci instansiya məhkəməsi də məhz bu mövqedən çıxış etmişdir. Bundan əlavə, hissə-hissə icra məsələsində yalnız borclunun mənafeyinin deyil, tələbkarın da mənafeyinin qorunması tələb olunur. Hazırkı halda tələbkar məhkəmə qətnaməsi ilə öz xeyrinə müəyyən edilmiş 7.096 manat əsas borc və 93 manat dövlət rüsumunun dərhal icrasını tələb edir və qətnamənin hissə-hissə icrasına etiraz edir. Birinci instansiya məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, hissə-hissə icra tələbkarın artıq tanınmış və maddi itki ilə bağlı olan hüququnun reallaşdırılmasını daha da gecikdirə bilər. Borclunun şikayətində istinad etdiyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 88-ci maddələri də bu nəticəni dəyişmir. Belə ki, sübutetmə yükünün tərəfin üzərinə düşməsi o deməkdir ki, hissə-hissə icranı tələb edən borclu həmin icranı zəruri edən konkret halları və öz əmlak vəziyyətini təsdiq edən yetərli sübutları təqdim etməlidir. Sadəcə əmək haqqının məbləğinin göstərilməsi isə onun bütün əmlak və maliyyə vəziyyətini müəyyən etməyə imkan vermir. Eyni zamanda, borclunun “əmlak vəziyyətinin müəyyən edilməsi icra məmurunun vəzifəsidir” barədə dəlili də əsaslı hesab edilə bilməz. Çünki hazırkı ərizənin predmetini icra sənədinin icrası zamanı icra məmurunun hərəkətlərinin qanuniliyi deyil, məhkəmə qətnaməsinin Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən hissə-hissə icra edilməsinin zəruriliyi təşkil edir. Bu məsələnin həlli üçün məhkəmə borclunun təqdim etdiyi sübutları və tərəflərin digər hallarını qiymətləndirməlidir. Beləliklə, borclunun maddi vəziyyətinin qətnamənin birdəfəlik icrasını faktiki və obyektiv olaraq mümkünsüz etdiyini, habelə hissə-hissə icranı zəruri edən müstəsna halların mövcudluğunu təsdiq edən kifayət qədər sübutlar iş materiallarında müəyyən edilmir. Əksinə, onun qeyd edildiyi kimi aylıq 1.000 manat əmək haqqının olması müəyyən edilmişdir. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsini düzgün tətbiq etməklə borclunun ərizəsini təmin etməməkdə haqlı olmuş və hazırkı iş üzrə icra vərəqəsinin hissə-hissə icra edilməsinə əsas verən hallar müəyyən edilmədiyindən, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Borclu Abdullayev İsa Mahir oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-6)-436/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-436/2026
21.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver