Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-447/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından borclu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Borclu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmurunun qərarından şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon icra Şöbəsinin ##.##.2026-cı ıl tarixli “icra məmuruna etirazın təmin edilməməsinə dair” qərarın qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, icra haqqında Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin tələblərinə uyğun olaraq icra məmuruna edilmiş etirazın əsaslı hesab edilərək təmin olunması, müvafiq icra sənədi üzrə icraatın başqa icra məmuruna verilməsini və icraat materiallarının hərtərəfli, obyektiv və qərəzsiz şəkildə yenidən araşdırılmasını, icra məmuru tərəfindən təqdim edilmiş sübut və hüquqi arqumentlərə mahiyyəti üzrə hüquqi qiymət verilməsinin təmin edilməsini, məhkəmə qərarının faktiki icrası ilə bağlı mövcud hüquqi və faktiki halların icraat çərçivəsində obyektiv şəkildə qiymətləndirilməsini və icra prosesinin bundan sonra obyektivlik, qərəzsizlik və qanunçuluq prinsipləri əsasında davam etdirilməsinin təmin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən ##.##.2026-cı il tarixində daxil olmuş e-*(***)-****/**** nömrəli icra vərəqəsi və Bakı şəhəri Yasamal rayon İcra şöbəsindən ##.##.2026-cı il tarixində daxıl olmuş icraata başlamaq haqqında qərar “DOST” Agentliyində icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi”nin 4.2-ci bəndinə əsasən Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir. Nizamnamənin 4.3-cü bəndinə əsasən X1 Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Həmçinin Nizamnamənin 4.7.3-cü yarımbəndinə əsasən, müəyyən edilmiş struktur və işçilərinin say həddi daxilində Agentliyin Aparatının, “DOST” mərkəzlərinin və digər struktur bölmələrinin strukturunu təsdiq etmək X1 vəzifələrindən biri kimi müəyyən edilmişdir. “DOST” X4 ##.##.2025-ci il tarixli * nömrəli Qərarına əsasən Agentliyin Aparatında, “DOST” mərkəzlərində və digər struktur bölmələrində strukturu optimallaşdırılması istiqamətində əsaslı institusional dəyişikliklər həyata keçirilmişdir. Həmir qərara uyğun olaraq, struktur vahidlərinin təkmilləşdirilməsi, funksional bölgünün yenidən təşkili və idarəetmənin səmərəliliyinin artırılması məqsədilə bir sıra şöbə və vəzifələr, o cümlədən “DOST” Agentliyinin * saylı Bakı “DOST” Mərkəzində fəaliyyət göstərən Səyyar xidmətlərin təşkili şöbəsi və həmin şöbə üzrə bütün vəzifələr (şöbə müdiri vəzifəsi daxil olmaqla) ləğv edilmişdir. Beləliklə, Borclu əmək müqaviləsinə xitam verildiyi vaxt mövcud olmuş struktur vahidi sonradan normativ əsaslı qərarla ləğv edilmiş və həmin vəzifənin ştat vahidi hüquqi cəhətdən aradan qalxmışdır. Bu hal əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, işəgötürənin struktur və ştat dəyişiklikləri aparmaq hüququnun realizəsi kimi qiymətləndirilməlidir. Bununla belə, məhkəmə qərarının icrasının təmin edilməsi, işçinin əmək hüquqlarının real və effektiv şəkildə bərpası, habelə icra haqqında Azərbaycan Respublikasının Qanununun ədalətli və vicdanlı icra prinsiplərinə uyğun davranılması məqsədilə Agentlik tərəfindən iddiaçıya əvvəl icra etdiyi əmək funksiyalarına uyğun, eyni fəaliyyət istiqamətini əhatə edən və analoji xarakter daşıyan vakant vəzifələr təklif edilmişdir. Belə ki “DOST” Agentliyinin #.##.2026-cı il tarixli *-**-*/*-M-****/**** nömrəli bildirişi ilə Borclu * saylı Bakı “DOST” Mərkəzində Xidmətlər şöbəsinin qrup koordinatoru (sosial xidmət məsələləri uzrə) vəzifəsi təklif edilmiş, o, ##.##.2026-cı il tarixində Agentliyə dəvət olunmuşdur. Lakin iddiaçı qeyd olunan vəzifəni qəbul etməkdən imtina etmişdir. Bundan əlavə, ##.##.2026-cı il tarixli *-**-*/*-M-****/**** nömrəli telefonoqram vasitəsilə iddiaçıya * saylı Bakı “DOST” Mərkəzində “Evdə səyyar sosial xidmətlərin göstərilməsi sektorunun müdiri” vəzifəsi təklif edilmişdir. Bu vəzifə də əvvəlki vəzifə ilə fəaliyyət istiqaməti (sosial xidmətlərin təşkili və icrası), idarəetmə funksiyası, tabelik münasibətləri, əmək funksiyaları, peşəkar ixtisas və səriştə tələbləri baxımından analoji mahiyyət daşımışdır. ##.##.2026-cı il tarixində keçirilmiş görüş zamanı Borclu bu vəzifədən də imtina etdiyini bildirmişdir. Xüsusilə vurğulanmalıdır ki, iddiaçı əvvəlki vəzifəsində Səyyar xidmətlərin təşkili şöbəsinin müdiri kimi vətəndaşlara sosial xidmətlərin, o cümlədən evdə (səyyar) sosial xidmətlərin göstərilməsinin təşkilinə rəhbərlik etmişdir. Ona təklif olunan hər iki vəzifə eyni sahəni (sosial xidmət), eyni funksional məqsədi və eyni peşəkar kompetensıya tələblərini əhatə etmişdir. Struktur optimallaşdırılması nəticəsində vəzifə öhdəliklərinin müəyyən hissəsinin yenidən bölüşdürülməsi həmin vəzifələrin hüquqi baxımdan analoji xarakterini dəyişdirmir, çünki əmək funksiyasının əsas məzmunu, idarəetmə mahiyyəti və peşəkar tələbləri dəyişməz qalmışdır. Beləliklə, işəgötürən tərəfindən məhkəmə qərarının icrası formal xarakter daşımamış, real işə bərpa imkanı yaradılmış, lakin işçinin öz iradəsi ilə təklif olunan vəzifələrdən imtina etməsi nəticəsində faktiki bərpa baş tutmamışdır. Bu hal işəgötürənin icradan yayınması kimi deyil, əksinə, vicdanlı və qanunauyğun davranışının göstəricisi kimi qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə qətnaməsinin maliyyə hissəsi də tam və vaxtında icra olunmuşdur. Belə ki, Borclu məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanarkən ##.##.2025-ci il tarixindən (işdən azad olunduğu tarix) ##.##.2026-cı ıl tarixinədək (ona əvvəlki vəzifəyə analoji vəzifənin təklif edildiyi tarix) olan dövr üzrə əvvəl tutduğu vəzifənin vəzifə maaşı, kollektiv mükafatlar, mediasıya xərci və hüquqi yardıma görə ödənilmiş məbləğlər tam şəkildə hesablanaraq bank hesabına köçürülmüşdür, “DOST” Agentliyi tərəfindən yaranmış huquqi vəziyyətin düzgün qiymətləndirilməsi və məhkəmə qətnaməsinin icrası mexanizminin hüquqi baxımdan aydınlaşdırılması məqsədilə ##.##.2026-cı il tarixli *-**-*/*- ****/**** nömrəli məktubla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə rəsmi müraciət edilmişdir. Həmin müraciətdə əvvəlki vəzifənin struktur optimallaşdırılması nəticəsində ləğv edilməsi, işçiyə analoji xarakterli vəzifələrin təklif olunması və məhkəmə qətnaməsinin faktiki icrası ilə bağlı yaranmış hüquqi vəziyyətin qiymətləndirilməsi xahiş olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli məktubunda isə müvafiq prosessual və maddi-hüquqi əsasların “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulduğu bildirilmişdir. Bu cavabdan göründüyü kimi, məhkəmə qərarının icrası ilə bağlı məsələlər icra qanunvericiliyinin çərçivəsində həll edilməlidir və “DOST” Agentliyi tərəfindən atılmış addımlar da məhz həmin qanunun tələbləri rəhbər tutulmaqla həyata keçirilmişdir. Bununla yanaşı, “DOST” Agentliyi tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(004) ****/**** nömrəli qətnaməsinə izah verilməsi barədə ərizə təqdim edilmiş və həmin ərizəyə ##.##.2026-cı il tarixində açıq məhkəmə iclasında baxılmışdır. Ərizə təmin edilməsə də, bu hal məhkəmə qərarının icrası istiqamətində görülmüş tədbirlərin qanunsuzluğunu və ya natamamlığını göstərmir, çünki qətnaməyə izah verilməsi prosessual institut olaraq qərarın məzmununun dəqiqləşdirilməsinə xidmət edir və icra prosesinin özündən fərqli hüquqi mexanizm hesab olunur. İcra icraatı çərçivəsində işçiyə alternativ vəzifələrin təklif olunması, məcburi iş buraxma dövrü üzrə ödənişlərin həyata keçirilməsi və icra sənədinin faktiki icra olunmuş hesab edilərək qaytarılması ilə bağlı ünvanlanmış müraciətlərə münasibətdə icra məmurunun mövqeyi isə obyektivlik və hüquqi əsaslandırma baxımından mübahisəli xarakter daşımışdır. Halbuki icra qanunvericiliyinin mahiyyəti məhkəmə qərarının formal deyil, real və faktiki icrasının təmin edilməsindən ibarətdir. Əvvəlki vəzifənin struktur baxımından mövcud olmaması şəraitində eyni funksional mahiyyət daşıyan vəzifələrin təklif olunması və maliyyə hissəsinin tam ödənilməsi məhkəmə qətnaməsinin mahiyyət üzrə icra edildiyini göstərir. Məhkəmə qərarının icrası prosesində yaranmış hüquqi və faktiki halların düzgün qiymətləndirilməsi, habelə görülmüş tədbirlərin qanunauyğunluğunun müəyyən edilməsi məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dəfələrlə rəsmi müraciətlər ünvanlanmışdır. Həmin müraciətlərdə əvvəlki struktur bölmənin və vəzifənin normativ əsaslarla ləğv edildiyi, işçiyə əmək funksiyasına tam uyğun və analoji xarakterli vəzifələrin təklif edildiyi, məcburi işburaxma dövrünə görə butun ödənişlərin həyata keçirildiyi və məhkəmə qərarının könüllü qaydada icrası üçün mümkün olan bütün tədbirlərin görüldüyü ətraflı hüquqi əsaslandırmalarla izah edilmişdir. Eyni zamanda ##.##.2026-cı il tarixli və ##.##.2026-cı il tarixli məktublarla Bakı şəhəri Yasamal Rayon icra Şöbəsinə icra sənədinin faktiki icra olunmuş hesab edilərək qaytarılması barədə əsaslandırılmış müraciətlər təqdim edilmişdir. Həmin müraciətlərdə açıq şəkildə göstərilmişdir ki, əvvəlki vəzifə struktur dəyişiklikləri nəticəsində mövcud deyil, işçiyə analoji vəzifələr təklif edilmiş, lakin o, həmin vəzifələrdən imtina etmiş, eyni zamanda məcburi işburaxma dövrü üzrə bütün ödənişlər həyata keçirilmişdir. Buna baxmayaraq, icra məmuru tərəfindən müraciətlərə mahiyyəti üzrə hüquqi qiymət verilməmiş, təqdim edilmiş sübutlar araşdırılmamış və qanunla nəzərdə tutulmuş qaydada əsaslandırılmış qərar qəbul edilməmişdir. “İcra haqqında” Qanunun 29.1-ci maddəsi tərəflərə icraat materialları ilə tanış olmaq, əlavə materiallar təqdim etmək, vəsatətlər vermək, dəlil və mülahizələrini bildirmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququ verir. Bu norma icraatın obyektiv, hərtərəfli və qərəzsiz aparılmasının təminatıdır. Lakin hazırkı halda icra məmuru tərəfindən təqdim edilmiş hüquqi arqumentlərə və sübutlara münasibət bildirilməmiş, faktiki hallar araşdırılmamış və icra sənədinin icra olunub olunmaması məsələsi mahiyyət üzrə qiymətləndirilməmişdir. Bu isə icraatın formal xarakter daşıdığını və qanunun məqsədinə zidd şəkildə aparıldığını göstərir. Qanunun 42.1-ci maddəsinə əsasən, icra məmurunun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsaslar olduqda o, icraatda iştirak edə bilməz. Hazırkı vəziyyətdə icra məmurunun təqdim olunmuş hüquqi əsaslara və sübutlara qiymət verməməsi, icra sənədinin faktiki icrası ilə bağlı halları araşdırmaması, müraciətlərə əsaslandırılmış qərar qəbul etməməsi, tərəfin huquqi arqumentlərini nəzərə almadan birtərəfli mövqe sərgiləməsi onun obyektivliyinə və qərəzsizliyinə ciddi və əsaslı şübhələr yaratmışdır. Bu hallar Qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş etiraz üçün kifayət qədər hüquqi əsas təşkil edir. Bununla belə, icra məmuruna etirazın təmin edilməməsinə dair ##.##.2026-cı il tarixli qərar qəbul edilmiş, lakin həmin qərarda irəli sürülmüş arqumentlərə və təqdim olunmuş sübutlara hüquqi qiymət verilməmiş, qərar formal və ümumi ifadələrlə əsaslandırılmışdır. Bu isə qərarın qanunauyğunluğunu və əsaslılığını şübhə altına alır. İcra qanunvericiliyinin mahiyyəti məhkəmə qərarlarının real və faktiki icrasını təmin etməkdir. Əvvəlki vəzifənin normativ qaydada ləğv edildiyi işçiyə əmək funksiyasına uyğun analoji vəzifələrin təklif olunduğu və məcburi işburaxma dövrü üzrə bütün ödənişlərin həyata keçirildiyi halda, icra məmurunun bu halları nəzərə almaması qanunun məqsədinin açıq şəkildə pozulmasıdır, icra prosesində formalizmə yol verilməsi və faktiki icranın görməməzliyə vurulması hüquqi müəyyənlik və ədalət prinsiplərinə ziddir. Yuxarıda göstərilənlərə əsasən, Bakı şəhəri Yasamal Rayon icra Şöbəsinin ##.##.2026-cı il tarixli “icra məmuruna etirazın təmin edilməməsinə dair” qərarı əsassız, qanunsuz və icra qanunvericiliyinin tələblərinə zidd olmaqla ləğv edilməlidir, icra məmuruna etiraz təmin edilməli, icraat başqa icra məmuruna verilməli və icra materialları hərtərəfli, obyektiv və qərəzsiz şəkildə yenidən araşdırılmalıdır. Əks yanaşma məhkəmə qərarının mahiyyət üzrə icrasına süni maneələrin yaradılması və icra prosesinin qanunsuz şəkildə uzadılması kimi qiymətləndirilməlidir ki, bu da hüquqi dövlət və ədalətli icraat prinsipləri ilə bir araya sığmır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Həmin qərardaddan borclu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən şikayət verilərək, qərardadının ləğv edilməsi və şikayətin təmin olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə icra məmurunun qərəzli mövqeyinin subyektiv və obyektiv meyarlar əsasında müəyyən edilmədiyini, buna dair hər hansı birbaşa sübut və ya tutarlı dəlil təqdim edilmədiyini vurğulamışdır. Lakin bu yanaşma “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin məzmunu ilə uyğunlaşmır. Belə ki, icra məmuru tərəflərdən birinin və ya onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşdursa, yaxud icraatın nəticəsində maraqlıdırsa yaxud onların obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsaslar vardırsa, icraatda iştirak edə bilməz. Bu halda icra məmuru özü-özünə etiraz etməyə borcludur. İcraatda iştirak edən tələbkar və ya borclu da həmin əsaslar üzrə icra məmuruna etiraz edə bilər. Beləliklə, norma icra məmurunun qərəzli olduğunun qəti müəyyən edilməsini deyil, onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsasların olub-olmamasının qiymətləndirilməsini tələb edir. Məhkəmə qərarının icrası məqsədilə Azərbaycan Respublikasının əmək və icra qanunvericiliyinin tələblərinə tam uyğun şəkildə bütün zəruri, mümkün və qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər həyata keçirilmişdir. Belə ki, işçinin əvvəlki əmək hüquqlarının təmin olunması, məhkəmə qərarının könüllü qaydada və vicdanla icrasının təmin edilməsi məqsədilə müvafiq struktur dəyişiklikləri nəzərə alınmaqla əmək funksiyasına uyğun oxşar analoji vəzifələr təklif edilmiş, məcburi işburaxma dövrü üçün hesablanmış əməkhaqqı və digər qanunvericiliklə müəyyən edilmiş ödənişlərin həyata keçirilməsi təmin olunmuşdur. İcra icraatı çərçivəsində işçiyə oxşar vəzifələrin təklif olunması, məcburi iş buraxma dövrü üzrə ödənişlərin həyata keçirilməsi və icra sənədinin faktiki icra olunmuş hesab edilərək qaytarılması ilə bağlı ünvanlanmış müraciətlərə münasibətdə icra məmurunun mövqeyi isə obyektivlik və hüquqi əsaslandırma baxımından mübahisəli xarakter daşımışdır. Halbuki icra qanunvericiliyinin mahiyyəti məhkəmə qərarının formal deyil, real və faktiki icrasının təmin edilməsindən ibarətdir. Əvvəlki vəzifənin struktur baxımından mövcud olmaması şəraitində eyni funksional mahiyyət daşıyan vəzifələrin təklif olunması və maliyyə hissəsinin tam ödənilməsi məhkəmə qətnaməsinin mahiyyət üzrə icra edildiyini göstərir. Bununla yanaşı məhkəmə qərarının icrası prosesində yaranmış hüquqi və faktiki halların düzgün qiymətləndirilməsi, habelə görülmüş tədbirlərin qanunauyğunluğunun müəyyən olunması məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə də müvafiq müraciətlər ünvanlanmışdır. Həmin müraciətlərdə əvvəlki struktur bölmə və vəzifənin ləğv edilməsi, əmək münasibətlərinin faktiki vəziyyəti, işçiyə əvvəlki vəzifəsinə oxşar vəzifələrin təqdim olunması, məcburi işburaxma dövrünə görə ödənişlərin həyata keçirilməsi, eləcə də məhkəmə qərarının könülü qaydada icrası istiqamətində atılmış digər tədbirlər barədə ətraflı hüquqi əsaslandırmalar təqdim edilmişdir. Əlavə olaraq tərəflərindən həyata keçirilən bütün tədbirlər həm əmək qanunvericiliyinin prinsiplərinə, həm də məhkəmə qərarlarının vaxtında və dürüst icrası ilə bağlı hüquqi öhdəliklərə uyğun şəkildə həyata keçirilmiş, işçinin hüquq və mənafelərinin qorunması məqsədilə mümkün bütün vasitələrdən istifadə olunmuşdur. Eyni zamanda, ##.##.2026-cı il tarixli və ##.##.2026-cı il tarixli məktublarla Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə icra sənədinin faktiki icra olunmuş hesab edilərək qaytarılması barədə əsaslandırılmış müraciətlər təqdim edilmişdir. Həmin müraciətlərdə açıq şəkildə göstərilmişdir ki, əvvəlki vəzifə struktur dəyişiklikləri nəticəsində mövcud deyil, işçiyə oxşar analoji vəzifələr təklif edilmiş, lakin o, həmin vəzifələrdən imtina etmiş, eyni zamanda məcburi işburaxma dövrü üzrə bütün ödənişlər həyata keçirilmişdir. Buna baxmayaraq, icra məmuru tərəfindən müraciətlərə mahiyyəti üzrə hüquqi qiymət verilməmiş, təqdim edilmiş sübutlar araşdırılmamış və qanunla nəzərdə tutulmuş qaydada əsaslandırılmış qərar qəbul edilməmişdir. Bununla belə, icra məmuruna etirazın təmin edilməməsinə dair ##.##.2026-cı il tarixli qərar qəbul edilmiş, lakin həmin qərarda tərəflərindən irəli sürülmüş arqumentlərə və təqdim olunmuş sübutlara hüquqi qiymət verilməmiş, qərar formal və ümumi ifadələrlə əsaslandırılmışdır. Bu isə qərarın qanunauyğunluğunu və əsaslılığını şübhə altına alır. İcra qanunvericiliyinin mahiyyəti məhkəmə qərarlarının real və faktiki icrasını təmin etməkdir. Əvvəlki vəzifənin normativ qaydada ləğv edildiyi, işçiyə əmək funksiyasına uyğun analoji vəzifələrin təklif olunduğu və məcburi işburaxma dövrü üzrə bütün ödənişlərin həyata keçirildiyi halda, icra məmurunun bu halları nəzərə almaması qanunun məqsədinin açıq şəkildə pozulmasıdır. İcra prosesində formalizmə yol verilməsi və faktiki icranın gözardı edilməsi hüquqi müəyyənlik və ədalət prinsiplərinə ziddir. Yuxarıda göstərilənlərə əsasən, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin ##.##.2026-cı il tarixli “İcra məmuruna etirazın təmin edilməməsinə dair” qərarı və həmin qərardan cavabdehin verdiyi şikayətin təmin olunmamasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı əsassız, qanunsuz və icra qanunvericiliyinin tələblərinə zidd olmaqla ləğv edilməlidir. İcra məmuruna etiraz təmin edilməli, icraat başqa icra məmuruna verilməli və icra materialları hərtərəfli, obyektiv və qərəzsiz şəkildə yenidən araşdırılmalıdır. “DOST” mərkəzlərində vakant olaraq hazırda oxşar (analoji) olan digər vəzifə mövcud deyildir və “DOST” X4 ##.##.2025-ci il tarixli * nömrəli Qərarına əsasən Agentliyin Aparatında, “DOST” mərkəzlərində və digər struktur bölmələrində strukturun optimalaşdırılması istiqamətində əsaslı institusional dəyişikliklər həyata keçirilmiş və “DOST” mərkəzlərində “Səyyar xidmətlərin təşkili şöbəsi” struktur bölməsi və buna müvafiq olaraq həmin struktur bölmə üzrə vəzifələr də ləğv edilmişdir. Bunu nəzərə alaraq qeyd edilən vəzifə mövcud olmadığından Borclu həmin vəzifəyə bərpası mümkün olmamışdır. Bu hal əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, işəgötürənin struktur və ştat dəyişiklikləri aparmaq hüququnun realizəsi kimi qiymətləndirilməlidir. Bununla belə, məhkəmə qərarının icrasının təmin edilməsi, işçinin əmək hüquqlarının real və effektiv şəkildə bərpası, habelə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun ədalətli və vicdanlı icra prinsiplərinə uyğun davranılması məqsədilə Agentlik tərəfindən iddiaçının əvvəl icra etdiyi əmək funksiyalarına uyğun, eyni fəaliyyət istiqamətini əhatə edən və analoji xarakter daşıyan vakant vəzifələrlə bağlı Borclu 0#.##.2026-cı il tarixli *-**-*/*- M-****/**** nömrəli işə bərpa edilmə haqqında bildiriş ünvanlanaraq, mövcud vakant vəzifə olaraq * saylı Bakı “DOST” Mərkəzində Xidmətlər şöbəsinin qrup koordinatoru (sosial xidmət məsələləri üzrə), ##.##.2026-cı il tarixində “DOST” Agentliyinə dəvət olunmaqla mövcud vakant vəzifə olaraq * saylı Bakı “DOST” Mərkəzində Xidmətlər şöbəsinin qrup koordinatoru (sosial xidmət məsələləri üzrə), ##.##.2026-cı il tarixli *-**-*/*-M-****/**** nömrəli telefonoqram ünvanlanaraq daha əvvəl icra edilən vəzifə ilə əmək funksiyalarının icrası baxımından oxşarlıq təşkil etməklə analoji xarakter daşıyan vəzifə kimi * saylı Bakı DOST Mərkəzində “Evdə səyyar sosial xidmətlərin göstərilməsi” sektorunun müdiri, ##.##.2026-cı il tarixində Əmək və məşğuluq altsistemi üzərindən müraciət ünvanlanaraq Qarabağ Regional “DOST” Mərkəzinin Qəbul şöbəsinin (İmişli rayonu üzrə) müdiri (aylıq vəzifə maaşı 3500 manat) vəzifəsi üzrə işə bərpa olunma imkanının nəzərdən keçirilməsi təklif olunmuşdur. Bundan əlavə qeyd edilmişdir ki, müxtəlif vaxtlarda Borclu və onun nümayəndəsi ilə görüşlər keçirilmiş, ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərində “DOST” Agentliyinə dəvət olunmuş, lakin təklif olunan vəzifələri də rədd etdiyini bildirmişdir. Sonuncu görüşdə Borclu əvvəlki vəzifəsinin Agentliyin qüvvədə olan təşkilati strukturunda mövcud olmaması, təklif olunan vəzifənin mövcud təşkilati struktur, ştat cədvəli və vakant vəzifələr nəzərə alınmaqla məhkəmə qərarının icrasının təmin edilməsi, habelə əmək münasibətlərinin davam etdirilməsi məqsədilə Borclu Qarabağ Regional “DOST” Mərkəzinin Qəbul şöbəsinin (İmişli rayonu üzrə) müdiri vəzifəsinə bərpa olunması təklif edilsə də, o, təklif olunan vəzifəni qəbul etməkdən imtina etmişdir. Həmçinin, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli icra sənədinin icrası zərurəti ilə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin Aparatında, eləcə də Bakı şəhəri və Abşeron rayonunda yerləşən “DOST” mərkəzlərində mövcud olan vakant şöbə müdiri vəzifələrinin siyahısının təqdim edilməsi ilə bağlı ##.##.2026-cı il tarixli 3-16-35-25/2-223354/2026 (İş nömrəsi: e*****/****-**-**) nömrəli məktub daxil olmuş, ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktubla cavablandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/** nömrəli Qərarının 27-ci hissəsində qeyd edilmişdir ki, “...cavabdehin sözügedən öhdəliyi oxşar vəzifənin təklif edilməsi ilə məhdudlaşır. Odur ki, məhkəmənin qiymətləndirməli olduğu əsas məsələlərdən biri cavabdeh tərəfindən təklif edilmiş vəzifənin iddiaçının əvvəlki işi ilə oxşarlığının müəyyən edilməsidir. Bu zaman, əvvəlki vəzifənin əmək funksiyaları ilə təklif olunan yeni vəzifənin əmək funksiyaları, eləcə də vəzifə üzrə ödənilən əməkhaqları müqayisə olunmalıdır. Əgər məhkəmə, apardığı dəyərləndirmənin nəticəsi olaraq qeyd edilən şərtlərə riayət olunmaqla oxşar vəzifənin təklif olunduğu qənaətinə gələrsə, iddiaçının həmin vəzifə ilə razılaşmamasına baxmayaraq cavabdeh iddiaçını əvvəlki vəzifəsinə bərpa etmək öhdəliyi üzrə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmiş hesab oluna bilər.” Borclu əvvəlki iş yerinin Bakı şəhərində olması səbəbindən digər inzibati ərazi vahidində yerləşən “DOST” mərkəzində şöbə müdiri vəzifəsinin təklif edilməsinin məhkəmə qətnaməsinin icrası hesab edilə bilməməsinə münasibətdə bildirilir ki, bu yanaşma “iş yeri” anlayışının qanunvericilikdə müəyyən edilmiş məzmunu ilə də uzlaşmır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcələsinin 3-cü maddəsinin 8-ci hissəsinə əsasən, “iş yeri” işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir. Göründüyü kimi, qanunvericilik “iş yeri” anlayışını onun yerləşdiyi inzibati ərazi vahidi ilə deyil, işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifəsi (peşəsi) üzrə əmək funksiyasını faktiki yerinə yetirdiyi yer kimi müəyyən edir. Başqa sözlə, iş yerinin Bakı şəhərində və ya digər inzibati ərazi vahidində yerləşməsi, öz-özlüyündə, həmin vəzifənin başqa inzibati ərazi vahidində yerləşən analoji vəzifə ilə ekvivalentliyini istisna edən hüquqi meyar kimi müəyyən edilməmişdir. Bu baxımdan, məhkəmə qətnaməsinin icrası məqsədilə əvvəlki vəzifəyə analoji vəzifənin müəyyən edilməsi zamanı vəzifənin yerləşdiyi inzibati ərazi vahidinin fərqli olması həlledici meyar kimi qəbul edilə bilməz. Ekvivalentlik, ilk növbədə, vəzifənin əmək funksiyası, vəzifə səviyyəsi, struktur aidiyyəti, əməkhaqqı və digər mühüm əmək şəraiti nəzərə alınmaqla qiymətləndirilməlidir. Hazırkı halda Borclu təklif edilmiş Qarabağ Regional “DOST” Mərkəzinin Qəbul şöbəsinin (İmişli rayonu üzrə) müdiri vəzifəsi əvvəlki vəzifə ilə eyni idarəetmə səviyyəsində olan, şöbəyə rəhbərliyin həyata keçirilməsini, şöbənin fəaliyyətinin təşkilini və əməkdaşların fəaliyyətinə rəhbərliyi nəzərdə tutan vəzifə olmaqla, əmək funksiyasının xarakteri və vəzifənin səviyyəsi baxımından əvvəlki vəzifəyə analoji xarakter daşıyır. Həmin vəzifə üzrə aylıq vəzifə maaşı 3.500 manat təşkil edir. Eyni zamanda, xüsusi olaraq qeyd edilməlidir ki, təklif olunan vəzifə mahiyyət etibarilə əvvələr filial statusunda fəaliyyət göstərmiş, ayrıca inzibati binası olan və daha geniş fəaliyyət spektrini əhatə edən struktur bölməyə rəhbərliyi nəzərdə tutur. Sonuncu struktur dəyişikliyi nəticəsində həmin struktur bölmənin təşkilati forması dəyişdirilərək qəbul şöbəsi kimi müəyyən edilmişdir. Bununla belə, şöbə müdiri vəzifəsi əvvəlki struktur bölmənin fəaliyyətinin təşkili və inzibati idarə edilməsi ilə yanaşı, əmək, məşğuluq, sosial müdafiə və təminat sahələrində xidmətlərin göstərilməsinin təşkili və əlaqələndirilməsi kimi daha geniş səlahiyyətləri də əhatə edir. Bu baxımdan, təklif olunan vəzifə əvvəlki vəzifədən aşağı səviyyəli deyil, əksinə, funksional və səlahiyyət dairəsinə görə daha geniş məzmun daşıyır. Əlavə olaraq qeyd edilir ki, hazırda Bakı şəhəri və Abşeron rayonunda yerləşən “DOST” mərkəzlərində vakant şöbə müdiri vəzifəsi mövcud deyildir. Bakı şəhəri və Abşeron rayonunda yerləşən “DOST” mərkəzlərində və “DOST” Agentliyinin Aparatında vakant şöbə müdiri vəzifələrinin təqdim edilməsi ilə bağlı ##.##.2026-cı il tarixli 3- 16-35-25/2-223354/2026 (İş nömrəsi: e*****/****-**-**) nömrəli məktub da nəzərə alınmaqla bildirilir ki, məhkəmə Borclu işə bərpa edilməsinə dair qərarında onun məhz həmin vəzifəyə təyin edilməsini qət etmişdir. Borclu isə Agentliyin * saylı Bakı “DOST” Mərkəzində şöbə müdiri vəzifəsində çalışmışdır və “DOST” mərkəzləri “DOST” Agentliyinin Aparatının struktur bölməsi deyil, onun tabeliyində olan yerli qurumudur. Bu baxımdan “DOST” Mərkəzinin Aparatında şöbə müdiri vəzifəsinin əməkhaqqı, əmək funksiyaları, vəzifənin aid olduğu qurumun statusu və səlahiyyət dairəsi baxımından “DOST” Agentliyinin Aparatında mövcud olan şöbə müdiri vəzifəsinə ekvivalent deyildir. Qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında ərizəçinin həmin məhkəmə qərarında nəzərdə tutulmuş vəzifəyə işə qəbul edilməsi yaxud ekvivalent vəzifəyə işə qəbul edilməsinin cavabdeh dövlətin qərarına aid olduğunu vurğulamışdır (Çiş Rumıniyaya qarşı, Tarverdiyev Azərbaycana qarşı). Eləcə də sonuncu işdə məhkəmə “ekvivalent təşkilatda ekvivalent vəzifə” anlayışından istifadə etmişdir. Göstərilənlərə əsasən bildirilir ki, “DOST” Agentliyinin Aparatında mövcud olan “şöbə müdiri” vəzifələri yalnız vəzifə adının eyni olması əsası ilə məhkəmə qərarı ilə bərpası tələb edilən vəzifənin struktur, funksional, təsnifat və maddi təminat xüsusiyyətlərinə görə əmək münasibətlərinin bərpası baxımından ekvivalent təşkilatda ekvivalenti hesab edilə bilməz. Digər tərəfdən xüsusi vurğulanmalıdır ki, hazırkı qətnamənin “DOST” Agentliyi tərəfindən guya icra edilməməsi iddiası əsaslı şübhələr doğurur. Belə ki, icra məmuru tərəfindən qətnamənin izah edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət olunması özü-özlüyündə qətnamənin icra qaydasının və məzmununun icra məmuru üçün aydın olmadığını göstərir. Bu hal, eyni zamanda, icra məmurunun qətnamənin konkret olaraq hansı qaydada icra edilməli olduğunu və hansı hallarda onun icra olunmuş və ya icra olunmamış hesab edilməli olduğunu dəqiq müəyyən edə bilmədiyini təsdiq edir. Belə olan halda isə qətnamənin “DOST” Agentliyi tərəfindən icra edilmədiyi qənaətinə gəlinməsi, xüsusilə də qətnamənin icra qaydasının məhkəmə tərəfindən əlavə izahına ehtiyac yarandığı bir şəraitdə, faktiki və hüquqi baxımdan əsaslandırılmış hesab edilə bilməz. Bundan başqa tərəflərindən məhkəmə qərarının icrası məqsədilə Azərbaycan Respublikasının əmək və icra qanunvericiliyinin tələblərinə uyğun olaraq bütün zəruri və mümkün tədbirlər (vəzifə təklifləri, məcburi işburaxma dövrü üçün ödənişlər və s.) həyata keçirilmişdir. Eyni zamanda məhkəmə qətnaməsinin maliyyə hissəsi də tam şəkildə icra olunmuşdur. Belə ki, Borclu məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanarkən ##.##.2025-ci il tarixindən (işdən azad olunduğu tarix) ##.##.2026-cı il tarixinədək (ona əvvəlki vəzifəyə analoji vəzifənin təklif edildiyi tarix) olan dövr üzrə əvvəl tutduğu vəzifənin vəzifə maaşı, kollektiv mükafatlar, mediasiya xərci və hüquqi yardıma görə ödənilmiş məbləğlər tam şəkildə hesablanaraq bank hesabına köçürülmüşdür. Hazırkı işdə məhkəmənin qarşısında həll edilməli olan məsələ icra məmurunun faktiki olaraq qərəzli hərəkət edib-etməməsi deyil, onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsasların mövcud olubolmamasıdır. Qanunvericilik icra məmuruna etiraz edilməsi üçün qərəzin birbaşa və qəti şəkildə sübuta yetirilməsini tələb etmir. Bu baxımdan, məhkəmə etirazı qiymətləndirərkən icra məmurunun hər bir hərəkətini ayrıca deyil, həmin hərəkətlərin icraatın bütün halları ilə birlikdə yaratdığı obyektiv təsəvvürü nəzərə almalı idi. Xüsusilə nəzərə alınmalıdır ki, icra sənədinin icrası ilə bağlı tərəflərindən həyata keçirilmiş tədbirlər, əvvəlki vəzifənin struktur dəyişiklikləri nəticəsində mövcud olmaması, alternativ vəzifələrin təklif edilməsi, ## #### 2026-cı il tarixində Borclu analoji olduğu əsaslandırılan vəzifənin təklif edilməsi və həmin təklifin qəbul edilməməsi barədə hallar icra məmurunun diqqətinə çatdırılmışdır. Buna baxmayaraq, həmin halların məcmu şəkildə qiymətləndirilmədən icra məmurunun mövqeyinin obyektiv və qərəzsiz hesab edilməsi Konstitusiyanın 60-cı maddəsinin II hissəsində təsbit edilmiş hüququn və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin məqsədinə uyğun deyildir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilməli olan əsas məsələ icra məmurunun qərəzli olduğunun sübuta yetirilib-yetirilməməsi deyil, konkret icraatın halları nəzərə alınmaqla onun obyektivliyinə və qərəzsizliyinə dair ağlabatan və kifayət qədər şübhənin yaranıb yaranmamasıdır. Bu hüquqi test tətbiq edilmədən icra məmuruna etirazın təmin edilməməsi əsassız hesab edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iş üzrə təqdim olunmuş sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi icra məmuruna etirazın təmin edilməməsi barədə qərardan verilmiş şikayəti təmin etməməklə bağlı nəticəyə gələrkən, icra məmurunun müraciətlərə mahiyyəti üzrə hüquqi qiymət verməməsi, təqdim olunmuş sübutları araşdırmaması, qəbul etdiyi qərarı əsaslandırmaması barədə sübutlara tam və hərtərəfli hüquqi qiymət verməmiş, bu dəlillərin nə üçün qəbul edilmədiyini və “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən nə üçün icra məmurunun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas hesab edilmədiyini qərardadda əsaslandırmamışdır Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Qanununun: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. - 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. - 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.5. icra sənədi tam icra olunduqda. - 42.1-ci maddəsinə əsasən icra məmuru, tərcüməçi və ya mütəxəssis tərəflərdən birinin və ya onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşdursa yaxud icraatın nəticəsində maraqlıdırsa yaxud onların obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsaslar vardırsa, onlar icraatda iştirak edə bilməzlər. Bu halda icra məmuru, tərcüməçi və mütəxəssis özü-özünə etiraz etməyə borcludur. İcraatda iştirak edən tələbkar və ya borclu da həmin əsaslar üzrə icra məmuruna, tərcüməçiyə və mütəxəssisə etiraz edə bilərlər. - 42.2-ci maddəsinə əsasən etiraz əsaslandırılmalı, yazılı formada ifadə olunmalı və icra hərəkətlərinin həyata keçirilməsinə başlanmazdan əvvəl bəyan edilməlidir. - 42.3-cü maddəsinə əsasən icra məmuruna etiraz etmə haqqında məsələ icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən on gün müddətində həll edilir. - 42.4-cü maddəsinə əsasən tərcüməçiyə və ya mütəxəssisə etiraz etmə haqqında məsələ icra məmuru tərəfindən həll edilir. Bu barədə icra məmuru tərəfindən on gün müddətində əsaslandırılmış qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. - 42.5-ci maddəsinə əsasən icra məmuruna etiraz təmin edildikdə, onun icraatında olan icra sənədləri icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən digər icra məmuruna verilir. - 42.6-cı maddəsinə əsasən icra məmuruna etiraz təmin edilmədikdə, tərəflər bu barədə qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” PHŞ-nin ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi, Borclu əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, eləcə də apellyasiya instansiyası məhkəməsinin sözügedən qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırkı mübahisənin predmeti isə həmin qətnamənin düzgün olub-olmaması və ya onun məzmununun dəyişdirilməsi deyil, qətnamənin icrası ilə bağlı icra məmuruna etirazın təmin edilməməsi barədə ##.##.2026-cı il tarixli qərarın qanuniliyinin yoxlanılmasıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin məzmunundan göründüyü kimi, etirazın təmin edilməsi üçün icra məmurunun faktiki olaraq qərəzli olduğunun sübuta yetirilməsi deyil, onun obyektivliyinə və qərəzsizliyinə dair kifayət qədər əsasların mövcudluğu tələb olunur. Lakin bu hal o demək deyildir ki, icra məmurunun qəbul etdiyi hər bir qərarla tərəfin razılaşmaması və ya onun hər hansı müraciəti fərqli qiymətləndirməsi avtomatik olaraq həmin şəxsin obyektivliyinə və qərəzsizliyinə şübhə üçün qanuni əsas yaradır. Hazırkı işdə şikayətçi əsasən həmin icra məmurunun məhkəmə qətnaməsinin icrası ilə bağlı mövqeyini düzgün hesab etməməsini qərəzsizlik şübhəsinin əsası kimi irəli sürür. Halbuki, icra məmurunun müəyyən hüquqi mövqedə olması, təqdim edilmiş sübutlara tərəfin istədiyi məzmunda qiymət verməməsi və ya icra sənədinin icra olunmuş hesab edilməsi barədə tərəfin mövqeyi ilə razılaşmaması, özlüyündə, onun icraatın nəticəsində şəxsi marağının və ya tərəflərdən hər hansı birinə münasibətdə qərəzinin mövcudluğunu təsdiq etmir. Məhkəmə Kollegiyası qeyd edir ki, icra məmurunun hərəkətlərinin və ya hərəkətsizliyinin qanuniliyinə dair mübahisə ilə həmin icra məmurunun obyektivliyinə və qərəzsizliyinə etiraz institutu bir-birindən fərqləndirilməlidir. Belə ki, icra məmurunun konkret hərəkətinin qanunsuz olduğu hesab edilirsə, həmin hərəkət və ya hərəkətsizlik qanunla müəyyən edilmiş qaydada ayrıca mübahisələndirilə bilər. Lakin bu hal avtomatik olaraq icra məmurunun qərəzli olduğu və ona etiraz üçün 42.1-ci maddədə nəzərdə tutulmuş əsasların mövcud olduğu anlamına gəlmir. Şikayətçinin istinad etdiyi hallar, o cümlədən əvvəlki vəzifənin struktur dəyişiklikləri nəticəsində ləğv edilməsi, müxtəlif vəzifələrin təklif olunması, həmin vəzifələrdən imtina edilməsi və məcburi işburaxma dövrü üzrə ödənişlərin həyata keçirilməsi ilk növbədə məhkəmə qətnaməsinin faktiki icra edilib-edilməməsi məsələsinə aiddir. Bu halların mövcudluğu icra məmurunun şəxsi marağının və ya tərəflərdən hər hansı birinə qarşı qərəzli münasibətinin mövcudluğunu göstərmir. Digər tərəfdən, iş materiallarından görünür ki, icra sənədinin icrası ilə bağlı yaranmış vəziyyət kifayət qədər mürəkkəb hüquqi və faktiki məsələlər ehtiva etmişdir. Əvvəlki vəzifənin struktur dəyişiklikləri nəticəsində mövcud olmaması, işçiyə müxtəlif vəzifələrin təklif edilməsi və həmin vəzifələrin əvvəlki vəzifəyə analoji olub-olmaması məsələsinin mübahisəli olması şəraitində icra məmurunun bu məsələlərə dair hüquqi mövqe formalaşdırması onun qərəzli olması nəticəsinə gəlmək üçün kifayət etmir. İş materiallarında da icra məmurunun borclu ilə qohumluq münasibətində olması, icraatın nəticəsində şəxsi marağının mövcudluğu və ya borcluya qarşı subyektiv tərəfkeşlik nümayiş etdirməsi barədə hər hansı konkret və mötəbər sübut müəyyən edilmir. Bununla yanaşı, birinci instansiya məhkəməsinin əsaslandırdığı kimi, icra məmurunun müraciətlərə münasibətinin tərəfin mövqeyinə uyğun olmaması və ya həmin müraciətlər üzrə fərqli hüquqi nəticəyə gəlməsi özlüyündə qərəzliliyin göstəricisi sayıla bilməz. Məhkəmə Kollegiyası hesab edir ki, icra məmurunun qərəzsizliyi prezumpsiyasını aradan qaldırmaq üçün konkret icraatın halları ilə bağlı obyektiv və kifayət qədər əsaslandırılmış şübhə mövcud olmalıdır. Məhkəmə Kollegiyası daha sonra hesab edir ki, şikayətçinin “İcra haqqında” Qanunun 1- 1-ci maddəsində nəzərdə tutulmuş obyektivlik və ədalətlilik prinsiplərinə istinad etməsi də fərqli nəticəyə gəlmək üçün əsas deyildir. Belə ki, həmin prinsiplər icra icraatının aparılması zamanı rəhbər tutulmalı ümumi prinsiplər olmaqla, 42.1-ci maddədə nəzərdə tutulmuş konkret etiraz əsaslarının mövcudluğunu əvəz etmir. Eyni zamanda, Məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmə qətnaməsinin icrasının tam olub-olmaması məsələsi ilə icra məmurunun qərəzsizliyinə dair məsələ eyni hüquqi məsələ deyildir. Belə ki, məhkəmə qətnaməsinin icrası zamanı əvvəlki vəzifənin ləğv edilməsi və başqa vəzifənin analoji olub-olmaması kimi məsələlərin həlli üçün ayrıca hüquqi qiymətləndirmə tələb olunsa da, həmin məsələlər üzrə icra məmurunun verdiyi qərarın tərəfin mövqeyinə uyğun olmaması onun dəyişdirilməsini zəruri etmir. Beləliklə, şikayətçinin istinad etdiyi hallar icra məmurunun obyektivliyinə və qərəzsizliyinə dair “İcra haqqında” Qanunun 42.1-ci maddəsində nəzərdə tutulan kifayət qədər əsaslı şübhənin mövcudluğunu təsdiq etmir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, icra məmurunun qərəzli mövqeyinin nə subyektiv, nə də obyektiv meyar əsasında müəyyən edilmədiyini, onun qərəzsizliyini şübhə altına alan birbaşa və tutarlı sübutların təqdim edilmədiyini nəzərə alaraq şikayəti təmin etməmişdir. Bu baxımdan, şikayətdə göstərilən dəlillər birinci instansiya məhkəməsinin nəticəsini təkzib edən əsaslar kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(3-6)-447/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-447/2026
21.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver