Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-461/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər X2 Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-***/**** saylı qərardadından borclu Ağa-zadə İqbal Fehruz oğlunun nümayəndəsi-vəkili X1 tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:
1. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinov borclunun mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri ** saylı Notariat Kontorunun *i-**** nömrəli ##.## 2026-cil tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu Ağa-zadə İqbal Fehruz oğluna məxsus “LEXUS ES300 Hibrid” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri ** saylı Notariat Kontorunun *i- **** nömrəli, ## ## 2026-cil tarixli icra qeydi üzrə Ağa-zadə İqbal Fehruz oğlundan cəmi 150000 manat pul və 25 manat dövlət rüsumu tutularaq tələbkar Tələbkar İbrahim oğlunun xeyrinə ödənilməlidir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı uçun borclu Borclu məxsus “LEXUS ES300 HIBRID” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar ediərək "İcra Haqqında" Azərbaycan Respublikasının Qanununun 50.2-ci maddəsı ilə həbs qoyulması zərurəti yaranmışdır.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə təqdimat təmin edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tələbin borclunun əmlakına yönəldilməsi zamanı əmlak üzərinə həbs qoyulmasını məhkəmənin səlahiyyətinə aid edildiyini və borcun ödənilməsini təmin etmək məqsədilə hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri ** saylı Notariat Kontorunun *i-**** nömrəli, ##.##.2026-cı il tarixli icra qeydinin icrasını təmin etmək məqsədi ilə borclu Ağa-zadə İqbal Fehruz oğluna məxsus “LEXUS ES300 Hibrid” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Birinci instansiyası məhkəməsi qərardadını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1, 45.6, 50.2 və 50.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ və BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ:
4. Borclu Ağa-zadə İqbal Fehruz oğlunun nümayəndəsi-vəkili X1 “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət ilə məhkəməyə müraciət edərək, şikayətin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırımışdır ki, ##.##.2026-cı il tarixli icra qeydinin əsasını təşkil edən 150.000 manatlıq borcun həqiqətən ayrıca və müstəqil borc olub-olmaması barədə tərəflər arasında ciddi mübahisə mövcuddur və bu məsələ başqa məhkəmə icraatında tədqiq edilmiş materiallarla da təsdiq olunur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydi yalnız təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparıla bilər. Bu səbəbdən notarial sənəddə ayrıca borc kimi rəsmiləşdirilmiş 150.000 manatın həqiqi hüquqi mahiyyəti ayrıca mübahisənin predmetidir. Ciddi faktiki və hüquqi ziddiyyətlər olduğu halda, birinci instansiya məhkəməsi yalnız ##.##.2026-cı il tarixli notarial icra qeydinin formal mövcudluğuna əsaslanaraq İqbal Ağa-zadənin əmlakı üzərinə həbs qoyulması barədə nəticəyə gəlməməli idi. Hazırkı şikayət çərçivəsində borc müqaviləsinin etibarlılığı və ya 150.000 manatlıq öhdəliyin mövcudluğu barədə mahiyyəti üzrə yekun qərar qəbul edilməsi tələb edilmir. Lakin icra məmurunun təqdimatına əsasən şəxsin mülkiyyət hüququnu birbaşa məhdudlaşdıran həbs tədbirinin tətbiqi zamanı məhkəmə təqdimatın həqiqətən əsaslandırılmış olubolmadığını, tədbirin zəruriliyini və mütənasibliyini qiymətləndirməyə borcludur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədinin icrası zamanı əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Lakin mübahisələndirilən qərardadda icra məmurunun təqdimatının hansı konkret faktlarla əsaslandırıldığı açıqlanmamışdır. Qərardaddan görünmür ki, İqbal Ağa-zadənin pul vəsaitlərinin olubolmaması və həmin vəsaitlər hesabına icranın təmin edilməsinin mümkünlüyü əvvəlcədən araşdırılmışdır. “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borclunun digər əmlakına yönəldilir. Deməli, qanun digər əmlaka yönəlməni borclunun yetərli pul vəsaitinin olmaması ilə əlaqələndirir. Mübahisələndirilən qərardadda isə borclunun bank hesablarının, pul vəsaitlərinin və digər daha az məhdudlaşdırıcı icra vasitələrinin araşdırılması barədə hər hansı hal göstərilməmişdir. Bundan əlavə, “İcra haqqında” Qanunun 45.7-ci maddəsinə əsasən tələb borclunun əmlakına yalnız icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilməlidir. Halbuki qərardadda “LEXUS ES300 Hybrid” markalı avtomobilin bazar dəyəri ümumiyyətlə müəyyən edilməmiş, avtomobilin dəyəri ilə 150.000 manatlıq tələb arasında mütənasiblik qiymətləndirilməmişdir. Məhkəmə avtomobilin məhz nə üçün seçildiyini, onun dəyərinin tələbə uyğun olub-olmadığını və borclunun hüquqlarına daha az müdaxilə edən başqa icra vasitəsinin olub-olmadığını araşdırmadan birbaşa əmlak üzərinə həbs qoymuşdur. Halbuki əmlaka həbs sadəcə texniki qeydiyyat tədbiri deyil. “İcra haqqında” Qanunun 50.2-ci maddəsinə əsasən əmlak üzərinə həbs həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasını, zəruri hallarda istifadə hüququnun məhdudlaşdırılmasını, əmlakın götürülməsini və saxlanmağa verilməsini əhatə edə bilər. Bundan sonra həmin əmlakın satılması və ya tələbkara təklif edilməsi kimi daha ağır hüquqi nəticələr də yarana bilər. Bu səbəbdən mülkiyyət hüququna belə müdaxilənin formal yanaşma ilə deyil, konkret zərurət və mütənasiblik meyarları üzrə əsaslandırılması tələb olunur. Hazırkı halda isə 150.000 manatlıq tələbin müstəqil borc olub-olmaması ciddi şəkildə mübahisəlidir. Məhkəmə icra qeydinin və borcluya məxsus avtomobilin mövcudluğunu müəyyən etməklə kifayətlənmiş, həbs kimi ciddi icra tədbirinin konkret halda həqiqətən zəruri və mütənasib olub-olmadığını əsaslandırmamışdır.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından borclu Ağa-zadə İqbal Fehruz oğlunun nümayəndəsivəkili X1 tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARI VƏ APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsini, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü, 44-cü və 45-ci maddələrini nəzərə alaraq, şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
8. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri ** saylı Notariat Kontorunun *i-**** nömrəli, ##.##.2026-cı il tarixli icra qeydinin icra olunması üçün Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinə göndərilmişdir. İcra qeydinə əsasən Ağa-zadə İqbal Fehruz oğlundan cəmi 150.000 manat pul və 25 manat dovlet rüsumu tutularaq tələbkar Tələbkar İbrahim oğlunun xeyrinə ödənilməlidir. Həmçinin Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi ##.##.2026-cı il tarixdə şöbənin icraatına daxil olmuş və icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borcluya göndərilmişdir və borcludan borcunu 10 gün müddətində könüllü ödənilməsi xahiş edilmiş, edilmədiyi təqdirdə qanunvericiliklə müəyən olunmuş qaydalar izah olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, “Elektron icra” İnformasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, 2022-ci il buraxılışlı “Lexus ES300” Hibrid minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil Ağa-zadə İqbal Fehruz oğluna məxsusdur.
9. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. - 44-cü maddəsi, bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra vərəqəsinin icra məmuruna təqdim olunmasını, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul olunmasını və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsini məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi müəyyən etmişdir. - 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 45.7-ci maddəsinə tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra vərəqəsinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra vərəqəsi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra vərəqəsinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.
10. Məhkəmə kollegiyası qeyd edir ki, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir və bu tədbirin tətbiqinin mümkünlüyünə müvafiq əsasların mövcud olub-olmadığı, habelə, icra məmuru tərəfındən “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq icra sənədinin icrası məqsədilə icra hərəkətlərinin yerinə yetirilib-yetirilmədiyi və tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı prosedur qaydalarına əməl olunub-olunmadığı kontekstində qiymət verilməlidir. Bu mənada, bu tədbirin tətbiqi əsası, icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi ilə şərtləndirilmişdir (“İcra haqqında” Qanunun 43-cü və 44-cü maddələri).
11. İşin faktiki hallarından göründüyü kimi daşınar əmlakın (avtomobilin) üzərinə həbs qoyulması zərurəti məhz icra sənədi üzrə borclunun öz öhdəliklərini könüllü icra müddətində icra etməməsidir. Belə ki, icra vərəqəsi üzrə icra məmuru ##.##.2026-cı il tarixdə icraata başlamış, bu barədə qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş, borclu bildirişi və qərarı əldə etməsinə baxmayaraq tələb bu müddət ərzində icra olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məcburi icra tədbirinin tətbiqi üçün əsas yaranmışdır. Belə ki, icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da qətnamənin sabit pul şəkilində olan pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimat əsaslıdır.
12. Borclu şikayətində göstərmişdir ki, 150.000 manat məbləğində tələbin hüquqi mahiyyəti mübahisəlidir, həmin məbləğ Tələbkar Elnur Həşimova vurduğu ziyanın qalan hissəsi ilə əlaqələndirilmişdir, cinayət işi üzrə ziyanın ödənilməsi ilə bağlı müəyyən məbləğlər və əmlak verilmişdir, buna görə də eyni 150.000 manatın ayrıca borc kimi icraya yönəldilməsi mümkün deyildir. Həmçinin borclu avtomobilin bazar dəyərinin müəyyən edilmədiyini, 150.000 manatlıq tələbə münasibətdə həbs tədbirinin mütənasibliyinin əsaslandırılmadığını və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.7-ci maddəsinin tələblərinin pozulduğunu bildirmişdir.
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir.
14. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan edilməsindən, zəruri hallarda isə istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Eyni normaya əsasən, icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə qoyulur. Hazırkı işdə icra məmurunun təqdimatının əsasını qüvvədə olan ## ##### 2026-cı il tarixli ****** nömrəli notariat icra qeydi təşkil etmişdir. İş materiallarından həmin icra sənədinin ləğv edilməsi və ya onun icrasının dayandırılması barədə qüvvədə olan məhkəmə aktının mövcudluğu müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsi icra sənədinin mövcudluğunu və onun icra edilməməsini nəzərə alaraq icra hərəkətinin təmin edilməsi məqsədilə borclunun əmlakına həbs qoyulması barədə təqdimatı təmin etməkdə haqlı olmuşdur.
15. Şikayətinin əsas dəlillərindən biri 150.000 manatlıq tələbin müstəqil borc olubolmamasının mübahisəli olmasıdır. Məhkəmə kollegiyası bu dəlilə qiymət verərək qeyd edir ki, təqdim olunmuş materiallardan görünən mübahisə ilk növbədə notariat icra qeydində göstərilmiş pul tələbinin hüquqi əsasına aiddir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsi icra qeydinin aparılması ilə bağlı hüquqi əsasları müəyyən edir. Həmin qanunun tətbiqi ilə bağlı Təlimata əsasən icra qeydinin təqdim olunan sənədlərin borcun mübahisəsizliyini təsdiq etdiyi hallarda aparılması nəzərdə tutulmuşdur. Lakin hazırkı şikayətin birbaşa predmeti notariat icra qeydinin etibarlılığının mahiyyəti üzrə həll edilməsi deyil, həmin icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun əmlakı üzərinə həbs qoyulmasının qanuniliyidir. Ona görə də borclunun 150.000 manatın Tələbkar cinayət işi üzrə vurduğu ziyanın qalan hissəsi olub-olmaması, həmin məbləğin başqa ödənişlərlə əhatə edilib-edilməməsi barədə dəlilləri icra qeydinin özünün hüquqi əsaslarına aid mübahisə yaratmaqla, hazırkı mərhələdə avtomobilə həbs qoyulmasını avtomatik olaraq qanunsuz hesab etməyə əsas vermir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, əmlaka həbs qoyulması 150.000 manatın artıq tutulması demək deyildir. Həbs tədbirinin məqsədi mövcud icra sənədinin gələcəkdə icrasını təmin etmək və borclunun əmlakı özgəninkiləşdirməklə icranı mümkünsüz etməsinin qarşısını almaqdır.
16. Şikayətdə həmçinin “LEXUS ES300 Hybrid” markalı avtomobilin bazar dəyərinin müəyyən edilmədiyi və buna görə də 150.000 manatlıq tələbə münasibətdə həbs tədbirinin mütənasib olmadığı göstərilmişdir. “İcra haqqında” Qanunun 50.2-ci maddəsi əmlak üzərinə həbs qoyulmasının hüquqi mahiyyətini müəyyən edir. İş materiallarından görünür ki, həbs qoyulmuş avtomobil borclunun mülkiyyətindədir və icra məmurunun təqdimatı icra sənədinin icrasının təmin edilməsinə yönəlmişdir. Avtomobilin bazar dəyərinin həbs qoyulmasından əvvəl müəyyən edilməməsi həmin tədbirin özlüyündə qanunsuz olması nəticəsini doğurmur. Əmlakın qiymətləndirilməsi və sonrakı realizə mərhələsində tələbin faktiki məbləği ilə əmlakın dəyəri arasında uyğunluğun təmin edilməsi icra qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilməlidir. Başqa sözlə, həbs qoyulması ilə əmlakın sonradan satılması eyni icra hərəkəti deyildir və avtomobilin dəyərinin müəyyən edilməsinə dair məsələnin həbs tədbirinin qanuniliyindən ayrıca qiymətləndirilməsi mümkündür. 17.Şikayətdə Bakı Ağır Cinayətlər Məhkəməsinin cinayət işi üzrə müəyyən etdiyi 350.200 manat maddi ziyan, 100.000 manat pul vəsaitinin ödənilməsi, habelə daşınmaz əmlakın Tələbkar mülkiyyətinə verilməsi barədə hallar da göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin halların mövcudluğu özü-özlüyündə ## ##### 2026-cı il tarixli notariat icra qeydinin icrasının dayandırılması və ya onun təmin edilməsi üçün görülmüş tədbirin ləğv edilməsi nəticəsini doğurmur. Əgər həmin ödənişlərin 150.000 manatlıq notariat icra qeydində göstərilən borcun tam və ya qismən ödənilməsinə aid olması barədə hüquqi əhəmiyyətli hal mövcuddursa, bu hal müvafiq sübutlarla təsdiq edilməli və icra sənədinin icrası zamanı nəzərə alınmalıdır. Lakin təqdim olunmuş materiallarda həmin halların məhz ## ##### 2026-cı il tarixli ****** nömrəli icra qeydində göstərilən 150.000 manatlıq borcun tam icra edilməsi nəticəsini doğurduğu qənaətinə gəlməyə imkan verən kifayət qədər müəyyənlik yoxdur.
18. Beləliklə, birinci instansiya məhkəməsinin icra məmurunun təqdimatını təmin etməsi üçün qanuni əsasların mövcud olmadığı müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının elə bir pozuntusuna yol verilməmişdir ki, bu pozuntu qərardadın ləğv edilməsinə səbəb olsun. Bu səbəbdən şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslı hesab edilmir. 19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov