Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(3-6)-61/2026 20.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, borclu X2 “qərardadın icrasına möhlət verilməsi barədə” ərizəsinə dair iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-752/2025 nömrəli qərardadından X2 şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları 1.Nərimanov RM-nin xx.xx.2025-ci il tarixli 2(005)-105/2023 nömrəli qərardad ilə qərara alınıb ki, iddiaçı Zülqiyyə İsmayılovanın cavabdeh Jalə İsmayılovaya qarşı “mənzilin bölünməsi barədə” iddiası üzrə tərəflərin arasında bağlanmış barışıq sazişi göstərilən şərtlərlə təsdiq olunsun: 1) Nərimanov rayonu Ə.Rəcəbəli küçəsi, ev 13-də yerləşən 108 nömrəli mənzil hərraca çıxarılmadan satılsın və satış pulu paylara müvafiq bölünsün; 2) satış pulunda Zülqiyyə İsmayılovaya aid olan pay hesabına Jalə İsmayılovanın övladları ilə birgə mənzildən istifadə hüququna xitam verilməsi üçün 20.000 manat kompensasiya Jalə İsmayılovaya onun payından əlavə ödənilsin; 3) mənzilin qiyməti tərəflər arasında bazar qiymətinə uyğun razılaşdırılaraq müştərək qaydada satışa çıxarılır, müştərinin evə baxışına Zülqiyyə İsmayılova tərəfindən maneəsiz şərait yaradılır; 4) mənzilin satışı ilə əlaqədar xərcləri Zülqiyyə İsmayılova öz üzərinə götürür. Barışıq sazişi bağlandığına və təsdiq olunduğuna görə həmin qərardadla həm də qərara alınıb ki, mülki iş üzrə icraata xitam verilsin. 2.Qərardadın barışıq sazişinə aid hissəsi üzrə icra vərəqəsi verilib. Birinci instansiya məhkəməsində icraat 3.Jalə İsmayılova xx.xx.2025-ci il tarixdə ərizə ilə Nərimanov RM-nə müraciət edərək xahiş edib ki, Nərimanov RM-nin xx.xx.2025-ci il tarixli 2(005)-105/2023 nömrəli qərardadının icrasına 6 ay möhlət verilsin. 4.Nərimanov RM-nin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, ərizə təmin edilməsin. 5.Jalə İsmayılova qərardaddan şikayət verərək xahiş edib ki, qərardad ləğv edilsin və ərizə təmin olunsun. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyib və onu baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 6.Şikayət təmin oluna bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə və “İcra haqqında” Qanunun 15-ci maddəsinə görə, hakim tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnaməni icrasına möhlət verməyə haqlıdır. Həmin maddələrdə qeyd olunan “borclunun əmlak vəziyyəti” və “digər hallar” elə hallardır ki, borcluya qətnaməni birdəfəyə və ya vaxtında icra etməsi üçün çətinlik yaradır, lakin tələbkarın məhkəmə müdafiəsi hüququnun mahiyyətinə xələl gətirmir. 8.Şikayətin aşağıda göstərilən iki dəlili var. 9.Birinci dəlil ondan ibarətdir ki, barışıq sazişinin təsdiq edilməsi barədə qərardadda mənzilin satışının icra orqanları vasitəsilə məcburi qaydada həyata keçirilməsi nəzərdə tutulmayıb. Məhkəmə qeyd edir ki, həmin dəlilin baxılan məsələ ilə əlaqəsi yoxdur. Belə ki, Jalə İsmayılova özü məhkəmə aktının icrasına möhlət verilməsi üçün müraciət edib, bununla da həmin aktın məcburi icra edilməli olması ilə razılaşıb, sadəcə 6 ay möhlət istəyib. X4 hesab edirsə ki, barışıq sazişinin təsdiq edilməsi barədə qərardada əsasən icra vərəqəsi verilməli deyil, belə halda o, müvafiq hüquqi müdafiə vasitəsindən istifadə etməli, möhlət tələb etməli deyil. 10.İkinci dəlil ondan ibarətdir ki, eyni mənzillə bağlı başqa mülki iş üzrə qəbul edilmiş qətnamənin icrasına 6 ay möhlət verilib. Məhkəmə qeyd edir ki, Nərimanov RM-nin xx.xx.2024-cü il tarixli 2(005)-1509/2024 nömrəli qətnaməsi ilə X1 rayonu Ə.Rəcəbəli küçəsi, ev 13-də yerləşən 108 nömrəli mənzilə köçürülməsi qət olunub. Həmin qətnamənin icrasına Nərimanov RM-nin xx.xx.2025-ci il tarixli 8(005)-453/2025 nömrəli qərardadı ilə 6 ay, yəni xx.xx.2026-cı il tarixədək möhlət verilib. Birinci, mənzilə köçürmə barədə qətnamənin icrası barışıq sazişinin icrasına mane olmur, ikinci, mənzilə köçürmə barədə qətnamənin icrasına verilmiş möhlətin müddəti artıq bitmək üzrədir. 11.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-752/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(3-6)-61/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-61/2026
20.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver