Məhkəmə qərarları › İş №8(3-6)-66/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-66/2026

24.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(3-6)-66/2026 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Xətai Rayon Məhkəməsinin 8(011)-1021/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Tələbkar Bakı Apellyasiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 2(103)- 4377/2023 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, övladı ilə hər həftənin şənbə günləri saat 10:00-dan gecə qalmaqla bazar günü saat 16:00-dək, uşağın ad günündə saat 11:00- dan 17:00-dək eləcə də bayram günlərində, yəni bayram və dövlət tərəfindən qeyri-iş günü elan edilmiş günlər 2 gün və çox davam etdikdə, onların 2-ci günlərində 11:00-dan 20.00- a dək görüşüb ünsiyyətdə olmağı və gündəlik təhsili (dərsləri), təlim tərbiyəsi, sağlamlığı ilə bağlı məlumat ala bilməyi üçün uşaqa münasib olan axşam 19:00-dan 20:00-dək müddətlərdə yazışma, telefon danışıqları, video-əlaqə və texnologiyaların imkan verdiyi digər vasitələrlə ünsiyyət saxlamağı (bu məqsəd üçün onun hesabına övladına internetlə təchiz olunmuş mobil telefon alınıb verilməklə) barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, tələbkar borclu ilə 04 avqust 2015-ci il tarixində nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2017-cı ıl təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2432/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulan uşağın ananın himayəsinə verilməsi, uşağın saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Uşaq doğulduqdan 6-7 ay sonra tələbkarın anası X1 yanında qalmışdır. Onlar birlikdə ailə ünvan 1 ünvanında yaşasalar da, uşaq tələbkarın anası X3 ilə birlikdə Tovuz rayonu, Köhnəqala kəndində yaşamışdır. Bu səbəbdən uşaq nənəsinə çox bağlıdır. Cavabdeh tərəfindən məhkəmədə iddia qaldırılarkən 2022-ci ilin fevral ayında müvəqqəti təminat tədbiri qismində uşağın atadan alınaraq ona verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etdikdən sonra, Xətai rayon Məkəməsi tərəfindən e- MTT(011)-94/2022 saylı qərardad qəbul edilərək, uşağın hər həftənin cümə axşamı günündən (cümə axşamı günü daxil olmaqla) bazar gününə qədər (bazar gunü daxil olmaqla) anasının yanında qalması müəyyən edilmiş, həmin qərardad uşağın iddiaçıdan və nənəsindən ayrılmaq istəməməsi səbəbindən uzun müddət icra edilə bilməmiş, bu barədə Xətai rayon İcra Şöbəsi tərəfindən çox saylı aktlar tərtib edilərək, icra prosesləri təxirə salınmışdır. Həmin müvəqqəti təminat tədbiri barədə qərardadın icrası zamanı tələbkar övladının anası ilə ünsiyyətdə olmaq və onunla birgə qalması üçün demək olarki hər həftə icra məmurunun göstərişi ilə övladını Xətai rayon İcra Şöbəsinə aparıb gətirmiş, lakin uşaq özü istəmədiyi üçün anası ilə getməmiş, bu səbəbdən həmin qərardadı uzun müddət icra etmək mümkün olmamışdır. Daha sonra, bir neçə dəfə uşaqla anasının icra şöbəsindən kənarda, parkda və sair yerlərdə görüşü təşkil edilmiş, yalnız bu proseslərdən sonra 07 iyul 2022-ci il tarixdə anası ilə qalmaq üçün onunla birlikdə getmişdir. Uşağı anasının himayəsinə verərkən, cavabdehlə aralarında onun özünün könüllü olaraq, sivil qaydada övladı ilə görüşmək və onunla hər həftə ünsiyyətdə olmağı üçün şərait yaradacağı, onun övladı ilə görüşməyinə mane olmayacağı və övladımın həftədə 1-2 gün yenə də gəlib tələbkarla və valideynləri ilə (uşağın öz nənə və babaları ilə) görüşüb, yanında qalacağı barədə razılığa gəlmişdirlər. Lakin, aralarında razılıq olmasına baxmayaraq, uşaq onun yanına getməsi günündən bugünə qədər cavabdeh qeyriadekvat və yanlış mövqe tutaraq, bir ata kimi onun öz övladı ilə görüşməyinə icazə vermir, dəfələrlə həftə sonları övladım ilə görüşmək üçün borcluya müraciət etsə də, o, müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Övladı tələbkarla görüşmək, onu görmək, gəlib onun evində, nənə və babası ilə qalmaq istəsə də, ona təzyiq göstərərək, icazə verməmişdir. Bütün bunlara görə uşaqla ünsiyyət hüququnun təmin edilməsi üçün müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16(011)-106/2022 saylı 28.09 2022-ci il tarixli qərardadına əsasən ərizə qismən təmin edilmiş, ovladı ilə hər həftənin şənbə günləri saat 11:00-dan gecə qalmaqla bazar günü saat 14:00-dək, Yeni il və Novruz bayramı günləri 1 gün saat 11:00-dan 20:00dək ünsiyyətdə olmağım müəyyən edilmiş, qərardadın xx.xx.2022-ci il tarixədək qüvvədə olması müəyyən edilmişdir. Tələbkar uşaqla ünsiyyət tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-428/2023 saylı, 10 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Tələbkar övladı - xx.xx.2017-ci il təvəllüdlü X4 ilə 3 ay müddətində hər həftənin şənbə günləri saat 15:00-dan saat 18:00-dək Xətai rayonu İcra şöbəsində psixoloqun iştirakı ilə, hər həftənin bazar günləri, Borclu və digər şəxlərin iştirakı olmadan, sərbəst şəkildə saat 11:00-dan saat 17:00-dək, hər il Yeni İl və Novruz bayramlarında, bayramın ikinci günü saat 11:00dan saat 18:00-dək, X2 hər il ad günlərində, ad günündən sonrakı gün saat 11:00-dan saat 18:00-dək görüşüb ünsiyyətdə olması müəyyən edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qaldıqları üçün hər iki tərəf apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4377/2023 saylı qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-428/2023 saylı, 10 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddia tələbi qismən təmin edilmiş, Tələbkar övladı - xx.xx.2017-ci il təvəllüdlü X4 oğlu ilə hər həftənin bazar günü saat 11:00-dan 20:00-a dək, uşağın ad günündə saat 14:00-dan 17:00-dək eləcə də bayram günlərində, yəni bayram və dövlət tərəfindən qeyri- iş günü elan edilmiş günlər 2 gün və çox davam etdikdə, onların 2-ci günlərində 11:00-dan 20:00-a dək görüşüb ünsiyyətdə olması müəyyən edilməsi qət edilmişdir. Tələbkar uşaqla ünsiyyətdə olmaq istəsə də cavabdeh və onun anası ünsiyyətdə olmasına maneçiliklər törədirlər, artıq 3 ildir ki, tələbkar uşağı ilə məhkəmə qətnaməsinə uyğun ünsiyyət saxlaya bilməmiş, 3 ildə bir dəfə də olsun uşağı özü ilə gəzməyə və ya evlərinə apara bilməmiş və uşağı ilə ünsiyyət saxlamağına şərait yaradılmamışdır. Borclu məhkəmə qətnaməsinin icrasından yayınmışdır. 2024-cü ilin sonlarında Xətai İcra şöbəsində Bakı şəhəri Xətai rayon İH-nin Qəyyumluq və Himayəçilik komissiyasının əməkdaşlarının iştirakı ilə övladı ilə söhbət aparılarkən “niyə ata ilə söhbət eləmək istəmirsən, gəzməyə getmək istəmirsən” sualına uşaq “atam məni öldürər” deyə cavab vermişdir ki bu da uşağın hansı psixoloji təsir və qorxu altında saxlanılmasını aydın şəkildə göstərir.

3. Xətai Rayon Məhkəməsinin 8(011)-1021/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

4. Tələbkar qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə uşaqın hüquqlarını və qanuni mənafelərini nəzərə almamış, uşaqın mənafeyinə zidd qərar qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticə uşaqın mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırarkan tərəflərin qarşılıqlı münasibətini nəzərə almamış və iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır.

6. Rayon məhkəməsinin eyni saylı, xx.xx.2026-cı il qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilirMəhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

9. Məhkəmə kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4377/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Tələbkar övladı xx.xx.2017-ci il təvəllüdlü X4 oğlu ilə hər həftənin bazar günü saat 11:00-dan 20:00-a dək, uşağın ad günündə saat 14:00-dan 17:00-dək eləcə də bayram günlərində, yəni bayram və dövlət tərəfindən qeyri- iş günü elan edilmiş günlər 2 gün və çox davam etdikdə, onların 2-ci günlərində 11:00-dan 20:00-a dək görüşüb ünsiyyətdə olması müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə icra edilməsi üçün Xətai rayon İcra Şöbəsinə göndərilmiş və icra məmurunun icraatındadır.

11. Hazırkı iş materiallarına əlavə edilmiş icra məmuru tərəfindən tərtib olunmuş müxtəlif tarixli aktlardan müəyyən olur ki, icra sənədi üzrə Borclu övladı V.Məmmədov ilə icra şöbəsinə gəlməmişdir.

12. Xətai rayon İcra şöbəsinin böyük icra məmuru Türkay Yusifli tərəfindən qeydə alınan xx.xx.2024-cü il tarixli telefonoqrammadan müəyyən olur ki, telefon əlaqəsi zamanı Borclu övladı V.Məmmmədovu atası Tələbkar ilə görüşdürməyəcəyini təsdiq etmişdir.

13. Məhkəmə qeyd edir ki, tələbkarın ərizəsindən də müəyyən olduğu kimi, o, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı “uşaqla ünsiyyətdə olma hüququnun müəyyən edilməsi” tələbinə dair qanuni qüvvəyə minmiş qətnamə olmasına baxmayaraq, həmin qətnamə ilə müəyyən edilmiş vaxtlarda övladı ilə görüşə bilmir, borclu tərəfindən buna maneələr yaradılır. Buna görə də tələbkar uşaqla ünsiyyət qaydasının və üsulunun dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Tələbkar əslində 3 ilə yaxın müddətdir ki, övladı ilə görüşə bilməməsindən narazıdır, buna görə də Məhkəmə hesab edir ki, hazırkı halda qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi halında belə borclu tərəfindən tələbkarın övladı ilə görüşməsinə maneələrin yaradılacağı istisna edilmir. Belə olan halda tələbkar yenə də qətnamənin icrasına nail ola bilməyəcəkdir.

14. «İcra Haqqında» Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

15. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

16. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

17. Məhkəmə eyni zamanda qeyd edir ki, rayon məhkəməsi haqlı olaraq, tələbkarın ərizəsinin uşağa mobil telefon alıb verməklə onunla hər gün telefonla əlaqə saxlamağı hissəsində təmin etməyərək, uşağın azyaşlı olduğunu nəzərə almış və telefonun onun sağlamlığı üçün təhlükəli ola biləcəyinə əsaslanaraq, uşağın mənafeyinə uyğun hesab etməmişdir.

18. Beləliklə, Məhkəmə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

19. Məhkəmə eyni zamanda qeyd edir ki, tələbkar özü də ərizəsində aydın şəkildə bildirir ki, uşaqla ünsiyyətə dair qərar qüvvədə olsa da, üç ildir uşaqla ünsiyyət saxlaya, onunla vaxt keçirməyə nail ola bilmir, demək ki, hazırda ərizəçiyə qətnamənin icra üsulunun dəyişdirilməsi deyil, qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən müəyyən olunmuş ünsiyyətin icrasının təmin olunmasını tələb etmək lazımdır. Bunun üçün yetərincə qanuni əsaslar və imkanlar mövcuddur.

20. Mülki Prosessual Məcəllənin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

21. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

22. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 8(011)-1021/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar