Məhkəmə qərarları › İş №8(3-6)-68/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-68/2026

24.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(3-6)-68/2026 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X6və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(5-104)-9/2026 saylı qərardadından tələbkar X4 tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal rayon İcra şöbəsinin icra məmuru Samirə Mahmudova təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhəməsinə müraciət edərək, icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-1894/2025 saylı icra sənədinə əsasən, xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Borclu X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində, 3 uşağa görə 1,845 misli həddində aliment tutulmalıdır. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2025-ci il tarixində Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birlikdə icra sənədi üzrə Borclu göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(5-104)-9/2026 saylı qərardadı ilə (hakim Fuad Hüseynov) təqdimat təmin olunmamışdır. Həmin qərardaddan narazı qalan tələbkar şikayət verərək, qərardadın ləğv olunması və təqdimatın təmin olunması barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət – borclunun aliment borcunu ödəməkdən qəsdən və qərəzli şəkildə yayınması, onun maddi imkanı və gəlirləri barədə düzgün məlumat verməməsi, nəticədə məhkəmə qərarının vaxtında icra olunmaması, bununla da uşaqların hüquqlarının və qanunu mənafelərinin pozulması, təlabatlarının qarşılanmaması və s. kimi əsaslandırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(5-104)-9/2026 saylı qərardadı ilə şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, tərəflərin şikayətə qarşı etirazı və işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Kollegiya, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(5-104)-9/2026 saylı qərardadı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qeyd olunmalıdır ki, Konstitusiyanın 28-ci maddəsində təsbit olunmuş hər kəsin Azərbaycan Respublikasının ərazisindən kənara getmək hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan «İcra haqqında» Qanunun 84-1-ci maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılmasına yönəlmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Beləliklə, «İcra haqqında» Qanunun 84-1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbir məhkəmə müdafiəsi konstitusiya hüququnun real həyata keçirilməsinin təminatına yönəlmişdir və bu baxımdan konstitusiya əhəmiyyətli məqsədə çatmağa xidmət etdiyi üçün məqbul sayılmalıdır. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 1894/2025 saylı icra vərəqəsinə əsasən, X4 ilə Borclu arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 542 nömrəsi ilə bağlanmış nikah pozulmalı, xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X7 iddiaçı X2 yanında qalmalı, xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Borclu X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində, 3 uşağa görə 1,845 misli həddində aliment tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 819/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X1 “borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı təmin edilməmişdir. Qərardadda qeyd olunmuşdur ki, borclunun qərəzli yayınma halı olmadan, icra məmuru borclunun əmlakının axtarılması üçün tədbir görmədən, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakları müəyyən etmədən təqdimat vermişdir. İş materiallarında olan ödəniş qəbzlərinin surətlərindən görünür ki, Borclu tərəfindən icra sənədi üzrə 2025-ci ilin dekabr ayında 500 manat, 2026-cı ilin yanvar ayında 800 manat ödəniş edilmişdir. Göründüyü kimi, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırlması barədə icra məmuru tərəfindən əvvəldən də məhkəməyə müraciət olunmuş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmamış, lakin bundan qısa müddət sonra, yəni xx.xx.2026-cı il tarixdə (üzərindən iki ay keçməmiş) yenidən eyni icra vərəqəsinin icrası ilə bağlı analoji təqdimatla məhkəməyə müraciət olunmuşdur. Halbuki, iş materiallarından görünür ki, keçən bu zaman kəsiyində borcu tərəfindən icra sənədi üzrə ödənişlər edilmişdir (icra sənədi üzrə 2025-ci ilin dekabr ayında 500 manat, 2026-cı ilin yanvar ayında 800 manat). Bundan başqa, iş materiallarından görünür ki, eyni icra sənədinin icra olunmaması ilə bağlı müxtəlif vaxtlarda borclu barədəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibinin olmaması ilə (icra sənədinin üzrsüz səbəbdən icra olunmaması, əməllərində xətanın törədildiyinin sübuta yetirilməməsi və s.) bağlı xitam verilmişdir. Göründüyü kimi, icra məmuru borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair əsaslı sübutlar təqdim etməmişdir. Halbuki, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var. Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var. Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz. Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Bununla belə, qeyd olunanlara əsasən azadlıq hüququ mütləq hüquq olmamaqla, legitim məqsədlər üçün məhdudlaşdırmaya məruz qala bilər. Bu mədudlaşdırma, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə, eyni zamanda qanunçuluğun təmin olunmasına dair tələblərə cavab verməlidir. Belə ki, Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “X15 (X18) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2017-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən icra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. Nəzərə almaq lazımdır ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Qanunvericiliyin qeyd olunan tələblərindən də göründüyü kimi, icra məmuru məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Qeyd olunanlara baxmayaraq, borclu tərəfindən mütənasiblik prinsipinə riayət etməklə, icra məmuru tərəfindən borclunun icra sənədinin könüllü icrasından qəsdən, yəni heç bir üzrlü səbəb olmadan yayınmasına dair sübutlar təqdim olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(5-104)-9/2026 saylı qərardadından tələbkar X4 tərəfindən verilmiş şikayət təmin edilməsin, həmin qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar