Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(3-6)-72/2026 02.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və Səmədov Rəşid oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(5-95)-1/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində müəyyən edilmiş alimentin miqdarını indeksasiya edərək, Borclu xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 150 manat olmaqla cəmi 300 manat məbləğində aliment tutulması məhkəmə tərəfindən müəyyən olunmuş hazırda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının sonrakı artımları nəzərə alınmaqla hər bir uşağa 0.62 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Lerik rayon məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(048)-455/2021 saylı qətnaməsi ilə ərizəçinin xeyrinə hər bir uşaq üçün 120 manat ödəməklə 240 manat məbləğində onun xeyrinə aliment tutulması qət edilmişdir. Daha sonra Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-1194/2024 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmaqla qətnamə qanuni qüvvə mindiyi tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 18 yaşınadək saxlanması üçün hər ay bir uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində cavabdeh Borclu onun xeyrinə tutulması qət edilmişdir. Cababdeh Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)- 1194/2024 saylı qətnaməsində narazı qalaraq Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya məhkəməsinin 2(103)-2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(003)-1194/2024 saylı, saylı qətnaməsi alimentin miqdarı hissəsində dəyişdirilməklə xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Borclu tutulmalı olan alimentin məbləği hər ay bir uşağa görə 150 manat, ümumilikdə 300 manat məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(5-95)-1/2026 saylı, xx.xx.2026-ci il tarixli qərardadına əsasən, ərizənin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3303/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşaq üçün 0,434 misli, cəmi 0.868 misli həddində indeksasiya olunması qərara alınmışdır. Həmin qərardaddan borclu şikayət verərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hər ay hər uşağa 120 manat aliment ödəməyə maddi imkanı olmaması səbəbindən aliment üzrə borcları yaranmışdır, aliment borclarına görə məhkəmədə icra məmurunun təqdimatına baxılmış və inzibati məsuliyyətə cəlb edilməklə 500 manat cərimə edilmişdir. Bu da məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini maddi imkansızlıqdan icra edə bilmədiyini göstərir. Hazırda işə baxan birinci instansiya məhkəməsi isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 112.1-ci maddəsini və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddələri tətbiq etməmiş, uşaqlara münasibətdə hansı təlabatlarının artıgını, nə qədər artdıgını, istehlak olunan malların nədən ibarət oldugunu və qiymətlərin nə qədər dəyişdiyini araşdırmamışdır. Həmçinin alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin necə olduğunu araşdırmamışdır. Günəmuzd işləyir, ayda qazancı 250-300 manat məbləğ arası olur. Belə qazanc əldə etməyi iddiaçıya məlumdur. Başqa yerdən gəliri, qazancı yoxdur. Hər uşağa 120 manat belə ödəməyə maddi imkanı yoxdur. Odur ki, Lerik Rayon Məhkəməsinin 2(048)-455/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hər ay bir uşağa görə 120 manat müəyyən edilmiş aliment miqdarını ödəyə bilməmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini icra edə bilməməsinin səbəblərindən biri də avtoqəza nəticəsində kəllə-beyin travması almasıdır. Bu barədə tibbi sənədi məhkəməyə təqdim etmişdir. Maddi imkanı olmadığından kəlləbeyin travması ilə bağlı müalicəni davam etdirə bilmir. Səhhəti ağır işlərdə işləməsinə yol vermir, çətinliklər çəkir. Yüngül işlərdə günəmuzd işləməklə özü də az da olsa, qidalanmalı və ikinci nikahdan olan azyaşlı uşağı Ədalətin də yaşamasını təmin etməlidir. Maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir, iddiaçı da həmin halı sübuta yetirilməmişdir. Belə olan halda 120 manat aliment miqdarının ona münasibətdə hər bir uşaga görə 173 manat, cəmi 346 manat artırılması əsassız, qanunsuz və olduqca ədalətsiz olmuşdur. İddiaçının aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən və ya Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3303/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qət edildiyi (hər bir uşağa 150 manat) tarixdən hazırkı vaxta qədər maddi vəziyyətində yaxşılaşmağa doğru hansı dəyişiklik baş verdi ki, alimentin artırılaraq ondan cəmi 346 manat (minimum əmək haqqının hər uşaq üçün 0,434 misli, cəmi 0.868 misli həddində) tutulması qət edilmişdir?. Bundan başqa uşaq hüquqları, onların saxlanılması ilə bağlı ata-ana bərabər məsuliyyət daşıyırlar. Qanunla uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğin uşaqdan ayrı yaşıyan yalnız ata və ya ana tərəfindən ödənilməsi nəzərdə tutulmamışdır. Uşaqların qayğısına qalmaq, onları saxlamaq ananın da vəzifəsidir. Uşaqların saxlanması üçün zəruri olan pul vəsaitin ana, həm də ata tərəfindən sərf edilməlidir və uşaqların saxlanılması ilə bağlı xərcləri də bərabərdir. Nəzərə alınsa ki, “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat, 2024-cü il üçün isə 235 manat məbləgində müəyyən edilmişdir, həmin məbləğlərin yarı hissəsi 110-117,5 manat iddiaçı tərəfindən sərf edilməlidir. Bu, vaideynlərin uşaqları ilə bağlı hüquq və vəzifələrinin bərabərliyi prinsipindən irəli gəlir. Uşağın saxlanılması üçün zəruri olan pul vəsaitinin sərf edilməsini valideynlərindən yalnız atanın öhdəsinə qoyan məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olmaqla, həm də qanunsuz və ədalətsiz olardı. Belə məhkəmə aktları ilə hüquq və azadlıqların məhkəmədə müdafiəsinə təminat verilmir. Maddi vəziyyətində dəyişiklik olmayıb, hər bir uşağa görə hər ay 120-235 manat aliment məbləği ödəməyə həqiqətən də maddi imkanı yoxdur. Maddi imkanı olduğu halda uşaqlarına daha çox aliment ödəyər. Hər uşağa 120 manat aliment ödəməyə maddi imkanı olmasa da, atasının köməkliyi pensiya pulu ilə müəyyən məbləğlərdə uşaqlarına aliment ödəmişdir. Alimentin artırılması gələcəkdə alimenti ödəyə bilməməsi, nəticədə barəsində cinayət işinin başlanmasına və həbs edilməsinə gətirib çıxaracaqdır. Həmçinin ikinci dəfə ailə həyatı qurmuş, yeni ailəsindən uşaqları var və səhhəti imkan verdiyi qədər günəmuzd işdə çalışır. Məhkəmə cavabdehin rəsmi olaraq heç bir yerdə işləməməsini, nevroloji xəstəliyinin olmasını, gəlirlərinin qeyristabil olmasını, məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladının olmasını guya nəzərə aldığını bildirsə də, ondan hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat aliment tutulması müəyyən edilmişdir. Uşaqlarının geyimi, təhsili, sağlamlığı, normal qidalanması, tələb olunan ərzaq, meyvə-tərəvəz, qida məhsulları və sair üçün saxlanılması üçün hər ay müvafiq məbləğdə vəsait xərclənməsi tələb olunur. İddiaçı işləyib gəlir əldə etsə də, uzun müddətdir ki, uşaqların saxlanılması üçün vəsait xərcləmir. Bununla belə, o, utanmadan artırılmış məbləğdə aliment tutulması barədə qətnamə çıxarılmasına nail olmaq, valideyn hüquqlarından sui-istifadə etməklə yalnız yararlanmaq niyyətində olmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi tam və hər tərəfli araşdırmadan hər ay üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşaq üçün 0,434 misli, cəmi 0.868 misli həddində indeksasiya olunmasını qərara alınmışdır. Hər bir uşaga görə hər 173 manat cəmi 346 manat aliment məbləgi ödəməyə həqiqətən də maddi imkanı olduğu məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticə ilə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Eyni zamanda nümayəndəsi olan atası Nümayəndə tərəfindən məhkəmə iclasında ərizəyə yazılı etirazını və etirazının əsası kimi istinad etdiyi sənədlər - ikinci nikahdan olan oğlu Ədalətin doğumu haqqında şəhadətnamə və onun irsi hemolitik anemiya xəstəliyi barədə tibbi sənəd və onun xəstəliyi barədə Lənkəran RMX PHŞ-nin 28 iyul 2021-ci il tarixli arayış hakim tərəfindən “bu sənədlər mənə lazım deyil” deyə geri qaytarılmış, araşdırılmamışdır, iş materiallarına əlavə edilməmişdir. Lənkəran RMX PHŞ-nin 28 iyul 2021-ci il tarixli arayışından görünür ki, “keçirilmiş kəllə-beyin travmasının davamlı qalıqları. Postravmatik ensefalopatiya qıcolma tutmalarla, hipermetik sindrom” diaqnozu ilə nevroloji xəstədir və dispanser qeydiyyatındadır. Bundan başqa ikinci nikahdan olan oğlu Ədalət irsi hemolitik anemiya xəstəsidir və onun mütəmadi müalicəyə ehtiyacı var. Qeyd edilməlidir ki, ailə qanunvericiliyinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Hesab etmək olar ki, tutulan alimentin miqdarı hər uşaq üçün 150 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına uyğundur. İddiaçı onun maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişiklik olduğu barədə məhkəməyə sübut təqdim etmədiyi halda məhkəmə iddianı qismən təmin etməklə Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbini pozmuş, alimentin miqdarı ilə bağlı səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə obyektiv və hərtərəfli araşdırma aparmayaraq müdafiə hüququmun kobud pozulmasına yol vermişdir Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(5-95)-1/2026 saylı, xx.xx.2026-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, borclu tərəfindən şikayətində qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, borclu qərardadı ərizənin təmin edilən yəni məbləğin müəyyən olunan hissəsində mübahisələndirmişdir. Həmçinin qeyd olunan qərardad Tələbkar tərəfindən ərizənin təmin edilməyən hissəsində mübahisələndirilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, hazırda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(5-95)-1/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ərizənin təmin edilən yəni məbləğin müəyyən olunan hissəsində yoxlanılmalıdır. Məhkəmə Kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3303/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Borclu tutulmalı olan alimentin hər ay hər uşağa görə 150 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Hazırda tərəflərin birgə nikahından anadan olmuş uşaqları ərizəçinin himayəsindədir, ərizəçi məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləğinin 2025-ci il üçün indeksasiya olunmasını xahiş edir. Məhkəmə Kollegiyası işin müəyyən edilmiş hallarına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli, 3708 saylı Sərəncamına əsasən, minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 (üç yüz qırx beş) manat müəyyən edilmişdir. Eyni zamanda “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli № 15 qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). X5 8.4-2-ci maddəsinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Beləliklə işin faktiki hallarından göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3303/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında borcludan hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmuşdur. Bununla yanaşı müəyyən edilmişdir ki, qətnamənin qəbul edildiyi 2024-ci il üçün ölkə üzrə minimum əmək haqqı məbləği 345 (üç yüz qırx beş) manat təşkil etmişdir. Yuxarıda qeyd edilən hüquqi mövqeyə əsasən, qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2024-cü il üzrə müəyyən edilmiş minimum əmək haqqının bir uşaq üçün (150:345) 0,434 misli, cəmi (300:345) 0.868 mislini təşkil etmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qəanətə gəlmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3303/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşaq üçün 0,434 misli, cəmi 0.868 misli həddində indeksasiya olunmalıдыр. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi göstərilən nəticəyə gələrkən alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində minimum əmək haqqının müəyyən dərəcədə artmasını, respublikada 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqı məbləğini, hal-hazırda yetkinlik yaşına çatmayan uşaqların ərizəçinin himayəsində olmasını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər orta səviyyədə saxlanılması zəruriliyini nəzərə almışdır. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, Ali Məhkəmənin Plenum Qərarında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Bu baxımdan Məhkəmə Kollegiyası qeyd edir ki, hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutulması müəyyən edimiş sabit pul məbləğində alimentin indeksləşdirilməsi həyata keçirilmişdir və indiki vəziyyətdə Ailə Məcəlləsinin tələbləri pozulmamışdır. Belə ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, hazırki alimentin məbləği müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmışdır. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, hər uşaq üçün 150 manat sabit pul məbləğində müəyyən edilməsi əsassızdır. Belə ki, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Maddi vəziyyətinin aşağı olması və himayəsində başqa nikahdan uşağın olması barədə şikayətin dəlillərinə münasibətdə isə Məhkəmə Kollegiyası qeyd edir ki, bu hal Borclu övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, ərizəçinin işləyib-işləməsindən asılı olmayaraq Borclu bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının tələbatını təmin etməlidir. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir, lakin hazırki vəziyyətdə xx.xx.2012ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 ananın yanında qalması və uşaqların günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın Tələbkar üzərindədir. Bu baxımdan da Məhkəmə Kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsasızdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli (hər uşaq üçün 0,43 misli olmaqla, ümumilikdə 0.86 misli) həddində indeksasiya olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad mübahisələndirilən hissəsə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(5-95)-1/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-6)-72/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-72/2026
02.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver