Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 8(3-6)-73/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, *(***)-***/**** saylı il üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərardaddan iş üzrə ərizəçi (tələbkar) Tələbkar verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: *(***)-****/**** saylı mülki işə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2022-ci il tarixli qətnamə ilə qət etmişdir ki, cavabdeh Borclu iddiaçı Tələbkar olan borcun ödənilməsi məqsədi ilə 170.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 295 manat, cəmi 179.295 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Hazırda tələbkar (iddiaçı) ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, bildirmişdir ki, qeyd edilən qətnamə qanuni qüvvəyə minib, icraya yönəldilsə də, cavabdeh (borclu) yalnız 2025-ci ildə ümumilikdə 14.530 məbləğində ödəniş etmiş, lakin əsas borcun 155.470 manat məbləğində hissəsini ona ödəməmişdir. Buna görə də, o, həmin qətnamə əsasında borcludan onun xeyrinə tutulmalı olan pul vəsaitinin 2022, 2023, 2024 və 2025-ci illər üzrə indeksasiya edilməsi və indeksasiya məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkarın hesabına görə, 2022-ci il üzrə indeksasiya məbləği 23.630 manat, 2023-cü il üzrə indeksasiya məbləği 17.039 manat, 2024-cü il üzrə indeksasiya məbləği 4.635 manat, 2025-ci il üzrə indeksasiya məbləği 11.444 manat, cəmi isə 56.748 manat təşkil edir. Buna görə də o xahiş edir ki, borcludan onun xeyrinə (qalıq borc olaraq 155.470 manat + indeksasiya məbləği olaraq 56.748 manat =) 212.218 manat məbləğində pul tutulsun. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardad ilə ərizənin qismən təmin edilməsini, borcludan tələbkarın xeyrinə tutulması qət edilmiş 170.295 manat məbləğində pulun, ərizədə qeyd müddət üzrə indeksasiya edilməsi və indeksasiya məbləği olaraq 14.645,37 manat məbləğində pulun borcludan tələbkarın xeyrinə tutulmasını qərara almışdır. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet saytından əldə edilmiş məlumata əsasən müəyyən olunur ki, 2025-ci ilin mart ayında 2023-cü ilin yanvar ayına nisbətən istehlak qiymətləri indeksi 108,6% təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 8,6 faiz artmışdır. Ona görə də yuxarıda qeyd edilən mülki iş üzrə qəbul edilmiş ##.##.2022-ci il tarixli qətnamə əsasında verilmiş icra sənədi üzrə tutulmalı olan 170.295 manat pul qətnamə qanuni qüvvəyə mindiyi 2023-cü ilin yanvar ayından 2025-ci ilin mart ayınadək indeksasiya olunmalı, istehlak qiymətləri indeksləri barədə məlumatlar nəzərə alınmaqla borcludan tələbkarın xeyrinə (170.295 x 108,6 % = 184.940,37 manat; 184.940,37 – 170.295 =) 14.645,37 manat məbləğində pul tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, tələbkar, məhkəməyə verdiyi ərizədə borcludan onun xeyrinə tutulmalı olan məbləğin həm də 2022-ci il üzrə indeksasiya edilməsini tələb etsə də, bu hissədə ərizə təmin edilə bilməz. Belə ki, indeksasiya həmin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən etibarən, yəni 2023-cü ilin yanvar ayında həyata keçirilə bilər. Tələbkar, həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin tam təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi indeksasiya hesablamasını apararkən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet saytında göstərilən və yalnız 2025-ci ilin yanvar ayına nisbətən istehlak qiymətləri indeksinin 108,6% təşkil etməsini əsas götürmüşdür. Bu yanaşma metodoloji baxımdan yanlışdır və indeksasiya institutunun hüquqi-iqtisadi mahiyyətinə ziddir. Belə ki, pul öhdəliklərinin indeksasiyasının məqsədi borcun uzun müddətli icra edilməməsi nəticəsində onun alıcılıq qabiliyyətində yaranmış real azalmanı kompensasiya etməkdir. Bu isə bir ay və ya qısa dövr üzrə deyil, borcun icrasının gecikdiyi bütün dövr ərzində istehlak qiymətlərinin dəyişməsi nəzərə alınmaqla müəyyən edilməlidir. Rayon Məhkəməsi tərəfindən tətbiq edilmiş 108,6% göstəricisi yalnız 2025-ci ilin yanvar ayına nisbətən hesablanmışdır, borcun 2023-cü və 2024-cü illər ərzində inflyasiya nəticəsində dəyər itirməsini əks etdirmir, Dövlət Statistika Komitəsinin illik rəsmi inflyasiya göstəricilərinin tətbiq edilməsini faktiki olaraq istisna edir. Halbuki, ərizəçi tərəfindən təqdim edilmiş hesablamalarda indeksasiya ardıcıl illər üzrə, DSK-nin rəsmi illik göstəriciləri əsasında aparılmışdır: 2023-cü il – 108,8% (170.295 × 8,8% = 14.986 manat, yeni məbləğ 185.281 manat); 2024-cü il – 102,2% (185.281 × 2,2% = 4.076 manat, yeni məbləğ 189.357 manat). Məhkəmənin yalnız 108,6% göstəricisini tətbiq etməsi faktiki olaraq indeksasiya mexanizmini simvolik xarakterə salmış, borclunun uzun müddət ərzində pul vəsaitindən istifadə etməklə əldə etdiyi haqsız iqtisadi üstünlüyü aradan qaldırmamışdır. Bu yanaşma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1 və 440cımaddələrinin məqsədinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2022-ci il tarixli qərarında əks olunmuş mövqeyə ziddir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsinin qərardadı apellyasiya baxışının predmeti olan hissədə, yəni borcludan (cavabdehdən) tələbkarın (iddiaçının) xeyrinə tutulmalı olan indeksasiya məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, apellyasiya baxışı zamanı Məhkəmə şikayətin dəlillərinin yoxlanılması və iş üzrə indeksasiya məbləğinin düzgün müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğunu nəzərə alaraq iş üzrə ##.##.2026-cı il tarixli məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş **/**** saylı, ##.##.2026-cı il tarixli rəydə aşağıdakılar göstərilmşdir: - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən Yasamal Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi üzrə borcludan tutulmalı olan olunan 170.000 manat məbləğində pul vəsaitinin 2023-cü ilin yanvar ayından 2025-ci ilin dekabr ayınadək (istehlak qiymətləri indeksinin 16,60% artması nəzərə alınmaqla) tələb olunan məbləğin indeksasiyası 28.220 manat (170.000 x 16,60% = 28.220) məbləğində; - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən Yasamal Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi üzrə borcludan tutulmalı olan olunan 170.295 manat məbləğində pul vəsaitinin 2023-cü ilin yanvar ayından 2025-ci ilin dekabr ayınadək (istehlak qiymətləri indeksinin 16,60% artması nəzərə alınmaqla) tələb olunan məbləğin indeksasiyası 28.268,97 manat (170.295 x 16,60% = 28.268,97) məbləğində müəyyən edilməklə ümumilikdə 170.295 + 28.268,97 = 198.563,97 manat təşkil edir. Qeyd olunanlara əsasən Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tələbkarın ərizəsi qismən əsaslıdır. Belə ki, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa görə, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir (maddə 1.). Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır (maddə 2.). İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. İndeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin. Birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər (uşaqlı ailələrə, işsizliyə görə, ştatların ixtisarı, müvəqqəti əmək iqtidarsızlığı ilə, hamiləliklə əlaqədar verilən və başqa müavinətlər) indeksləşdirilməlidir (maddə 3.). Qeyd edilən maddi və prosessual hüquq normalarının tələbləri baxımından işin hallarına hüquqi qiymət verən Məhkəmə kollegiyası hesab edir ki, Rayon Məhkəməsi tələbkarın indeksasiya hüququnun mövcudluğu barədə düzgün nəticəyə gəlsə də, indeksasiya məbləğini müəyyən edərkən apellyasiya baxışı zamanı əldə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində müəyyən olunmuş halları nəzərə almamışdır. Məhkəmə ekspert rəyini iş üzrə digər sübutlarla birlikdə qiymətləndirərək hesab edir ki, həmin rəy Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi məlumatları əsasında aparılmış hesablamalara söykənir, aydın, əsaslandırılmış olmaqla iş materialları ilə ziddiyyət təşkil etmir. İş materiallarında ekspert rəyinin düzgünlüyünü təkzib edən hər hansı mötəbər sübut müəyyən edilmədiyindən Məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul edir. Ekspertiza tərəfindən verilmiş rəyə əsasən, ##.##.2022-ci il tarixli qətnamə üzrə tutulmalı olan 170.295 manat məbləğində pul vəsaitinin 2023-cü ilin yanvar ayından 2025ci ilin dekabr ayınadək istehlak qiymətləri indeksinə uyğun hesablanmış indeksasiya məbləği 28.268,97 manat təşkil edir. Bu səbəbdən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qərardadı apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilməli və cavabdehdən tələbkarın xeyrinə tutulmalı olan indeksasiya məbləği 28.268,97 manat müəyyən edilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Ərizəçi (tələbkar) Tələbkar verdiyi şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qərardad qismən, yəni cavabdeh (borclu) Borclu iddiaçı (tələbkar) Tələbkar xeyrinə tutulmalı olan indeksasiyanın məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin və 28.268,97 (iyirmi səkkiz min iki yüz altmış səkkiz) manat 97 (doxsan yeddi) qəpik məbləğində müəyyən edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(3-6)-73/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-73/2026
23.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver