Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(3-6)-77/2026 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X7 və X6 ibarət tərkibdə, X2 tərəfindən verilmiş İsmayıllı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Aqil Məmmədovun icra sənədinin geri qaytarılmasına dair qərarından şikayətə dair Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 8(005)-903/2025 saylı, 30 dekabr 2025-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: Tələbkar X1 Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Aqil Məmmədovun hərəkətlərindən məhkəməyə şikayət ərizəsi verərək, icra sənədinin geri qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarın ləğv olunması, icra sənədinin icra olunması üçün İsmayıllı Rayon İcra Şöbəsinə yenidən geri qaytarılması, icra hərəkətlərinin davam etdirilməsi, icra prosesində şəffaflıq və qanunvericiliyin tələbləri pozulduğundan, bu səbəbdən icra məmuru Aqil Məmmədovun icra işlərindən kənarlaşdırılmasını və icra işlərinin başqa icra məmuruna həvalə olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Məhkəməsinin 2(005)- 448/2022 saylı qətnaməsi ilə övladları X9 xx.xx.2017-ci il, X13 xx.xx.2018-ci il, X12 xx.xx.2018-ci il onun himayəsinə verilmişdir. Görüş əsnasında Borclu xx.xx.2024-cü il X13, Mövlayev Yusifi yaşadığı ünvandan zor tətbiq edərək qaçırmışdır. Dəfələrlə yazılı, şifahi müraciət etməyinə baxmayaraq, icra məmuru uşaqlarının geri qaytarılması ilə bağlı heç bir tədbir görməmişdir. İcra məmurunun bu etinasız hərəkətləri nəticəsində o, yenidən məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1390/2025 qətnaməsi ilə övladları onun himayəsinə verilmişdir. Onun barəsində məhkəmə qərarının icrası İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Məmmədov tərəfindən həyata keçirilir. Lakin qeyd olunan icra məmurunun səlahiyyətli qanunvericiliyin tələblərinə uyğun aparılmır və azyaşlı uşaqlarının hüquqları kobud şəkildə pozulur. Həmin Qətnamə qanunsuz və əsassız olaraq İsmayıllı rayon İcra Şöbəsi tərəfindən icra edilmir. Körpə uşaqları qanunsuz olaraq ona verilmir. Belə ki, icra məmuru Aqil Məmmədov tərəfindən formal Aktlar tərtib olunur. Görüşlər zamanı heç bir psixoloq iştirak etmir. Buna baxmayaraq sənədlərdə, aktlarda ekspert rəyinin olduğu qeyd edilmişdir ki, bu da reallığa uyğun deyil. Onun adından imzası olmadan imzalar çəkilir, hansı ki bir çox aktlara o imza çəkmir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 8(005)-903/2025 saylı, 30 dekabr 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan X2 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmiş, şikayətini ərizənin məzmununa uyğun əsaslandırmışdır. Əlavə olaraq, qeyd edilmişdir ki, tərəfindən aidiyyatı qaydada İsmayıllı Rayon Məhkəməsinə də müraciət olunmasına baxmayaraq, şikayət müvafiq məhkəmə tərəfindən geri qaytarılmışdır. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 8(005)-903/2025 saylı, 06 fevral 2026cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 8(005)- 903/2025 saylı, 30 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi: - tələbkarın ərizəsi əsasında; - borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; - borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; - tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; - tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir... Lakin nəzərə alınmalıdır ki, Qanunun həmin maddəsinə dəyişiklik edilsə də, icraatın dayandırılması və ya ona xitam verilməsi məsələlərini tənzimləyən 21-ci maddəsinə dəyişiklik edilməmişdir. Göründüyü kimi, qanunverici icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş əsaslandırılmış qərarın məhz icra sənədini vermiş məhkəməyə göndərilməsini müəyyən etmişdir... İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab etmişdir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Qeyd olunanları nəzərə alaraq kollegiya belə hesab edir ki, aidiyyat qaydaları ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Belə ki, iş materiallarına əsasən xx.xx.2025-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1143/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi icra olunması üçün İsmayıllı Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə xx.xx.2025-ci il tarixli qərarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar görülmüş tədbirlər zamanı psixoloqların, ekspertlərin iştirakı təmin edilmiş, uşaqların psixoloji vəziyyətləri öyrənilmiş, dəfələrlə görüş keçirilməsinə baxmayaraq uşaqlar anaları X4 ilə getməkdən aqressiv şəkildə imtina etdiyindən icra sənədinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarından da göründüyü kimi icra sənədini icrası mümkün olmaması səbəbilə geri qaytaran orqan İsmayıllı rayon icra şöbəsi olmuşdur və bu halda hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən orqan da məhz İsmayıllı rayon icra şöbəsidir. Bu halda icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən (qərarından) icra məmurunun olduğu yer üzrə müvafiq məhkəməyə şikayət verilməlidir. X8 tərəfindən dəlil kimi təqdim olunmuş İsmayıllı Rayon Məhkəməsinə ünvanlandığı eyni məzmunlu şikayətin geri qaytarılmasına dair qərardada münasibətdə isə qeyd edir ki, İsmayıllı Rayon Məhkəməsinin müvafiq qərarla apelyatorun ərizəsini geri qaytarması, tərəfin müvafiq qərarı mübahisələndirmək hüququnu aradan qaldırmır. Belə ki, məhkəmə müvafiq prosessual imkanı X3 tanısa da, şəxs bu səlahiyyətindən öz mülahizəsinə uyğun olaraq istifadə etməmişdir. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 8(005)-903/2025 saylı, 30 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №8(3-6)-77/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-77/2026
25.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver