Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(3-6)-78/2026 02.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-776/2025 saylı, 24 dekabr 2025-ci il tarixli qərardadından X1nun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: X1 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Babək Qarayevin hərəkətlərinin qanunsuz sayılması və onun qanunsuz hərəkətlərinin dayandırılması vəzifəsinin Bakı şəhəri, Nərimanov rayonu İcra Şöbəsinin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş edib. Ərizədə göstərib ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 avqust 2019cu il tarixli 2(005)-464/2019 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilərək, ilk iddiaçı Tələbkar məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi 112 nömrəli fərdi yaşayış evinin cavabdehlərə tərəf (111 saylı ev) olan divarı (otaqların və həyətin divarları) boyunca aparılan qanunsuz tikintinin sökülməsi, ilk iddiaçı Tələbkar məxsus evin cavabdehlərə tərəf olan iki ədəd pəncərələrinin ağzına hörülmüş divarın sökülərək açılması və həmin pəncərələrə və evin həyətinə təbii işiğın düşməsini və təbii havalandırmanı təmin etmək məqsədi ilə evin cavabdehlərə tərəf olan divarının (otaqların və həyətin divarlarının) bayır sərhəddindən ən azı 120 sm (1 metr 20 santimetr) məsafədə və qeyd olunan məsafədə göstərilən ölçü üzrə evin 2-ci mərtəbəsində və daha yuxarı hissəsində hər-hansı tikinti, quraşdırma işlərinin aparılmasının cavabdehlər Əliyev Əbdül-lətif Mustafa oğluna, X5, X6 və digər şəxslərə qadağan edilməsi, ilk iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun cavabdehlər Əliyev Əbdül-lətif Mustafa oğlundan, X2 və X4 iddiaçının xeyrinə tutulması, iddiaçı Əliyev Əbdül-lətif Mustafa oğlunun cavabdeh Tələbkar qarşı "qanunsuz tikilinin sökülməsi və yaşayış sahəsindən istifadə edilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Əliyev Əbdül-lətif Mustafa oğlu apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005) 464/2019 saylı qətnaməsini ləğv edərək, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Nəticədə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-567/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli 2(005)- 464/2019 nömrəli qətnaməsi qismən-ilk iddianın təmin olunmuş hissəsində ləğv olunması, ilk iddianın qismən təmin olunması, ilk iddiaçı Tələbkar məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi 112 nömrəli fərdi yaşayış evinin cavabdehlərə tərəf (111 saylı ev) olan divarı (otaqların və həyətin divarları) boyunca aparılan qanunsuz tikintinin sökülməsi, ilk iddiaçı Tələbkar məxsus evin cavabdehlərə tərəf olan iki ədəd pəncərələrinin ağzına hörülmüş divarın sökülərək açılması və həmin pəncərələrə və evin həyətinə təbii işığın düşməsini və təbii havalandırmanı təmin etmək məqsədi ilə evin cavabdehlərə tərəf olan divarının (otaqların və həyətin divarlarının) bayır sərhəddindən en azı 105 sm (1 metr 05 santimetr) məsafədə və qeyd olunan məsafədə göstərilən ölçü üzrə evin 2-ci mərtəbəsində və daha yuxarı hissəsində hər-hansı tikinti, quraşdırma işlərinin aparılması cavabdehlər Əliyev Əbdül-lətif Mustafa oğluna, X5, X6 və digər şəxslərə qadağan edilməsi, ilk iddia qalan hissədə və apellyatorlara münasibətdə rədd olunması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Belə ki, onun hər iki valideyni vəfat etdikdən sonra fərdi yaşayış evi verilmiş yeni çıxarışa və qanunverciliyə uyğun olaraq 5 varis arasında bölüşüdürülmüşdür. Həmin vaxtdan mənzil onların mülkiyyətində və istifadəsindədir. Atasının hələ sağlığında mülkiyyətində olan ünvan 1 ünvanındakı yaşayış sahəsi ilə bağlı bir müddət icra prosesi aparılmışdır. Həmin proses üzrə 2022-ci ildə rəsmi qaydada xitam qərarı qəbul edilmiş, işin tam icra olunduğu təsdiqlənmişdir. Buna baxmayaraq, 2025-ci ildə eyni icra sənədi əsasında yenidən icra hərəkətlərinin başlanması qeydə alınmışdır. Bu hal hüquqi baxımdan həm icra prosedurunun əsas prinsiplərinə, həm də hüquqi sabitlik və vətəndaşın mülkiyyət hüququnun qorunması prinsiplərinə ziddir. Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında aparılmış icra işinə xx.xx.2022-ci il tarixində Nərimanov Rayon İcra Şöbəsi tərəfindən xitam verilmişdir. Qərar icra məmuru Zamiq Kazımov tərəfindən imzalanmış, şöbə rəhbəri Zaur Abdullayev tərəfindən təsdiqlənmişdir. Qərarda qeyd edilmişdir ki, məhkəmə qərarı tam şəkildə yerinə yetirilib, işin məqsədi başa çatıb və icraat bağlanıb. Sonradan yəni xx.xx.2025-ci il tarixində Ədliyyə Nazirliyinin Nərimanov Rayon İcra Şöbəsindən yeni sənəd daxil olmuşdur. Həmin sənəddə eyni məhkəmə qərarına istinad edilərək, icra prosesinin yenidən başladıldığı və xx.xx.2025-ci il tarixində, saat 11:00-da söküntü tədbirlərinin aparılacağı göstərilmişdir. Bu sənədlər icra məmuru Babək Qarayev tərəfindən tərtib və imzalanmışdır. Belə ki, icra məmuru qeyd olunan tarixdə vəzifə səlahiyyətlərini aşaraq icra sənədində sökülməsi nəzərdə tutulmayan hissələri sökmüşdür. O paylı mülkiyyətçilərə məxsus əmlakı sökməklə şəxsi əşyalara ciddi ziyan vurmuşdur. Yəni 2025-ci ildə eyni sənəd əsasında icra prosesinin yenidən bərpa edilməsi nəticəsində ailənin mülkiyyət hüquqlarının müdafiəsi prinsipi pozulmuş, yaşayış sahəsinə qanunsuz təsərrüfat və inzibati müdaxilələr həyata keçirilmişdir. Bu addımlar qanuni şəkildə bağlanmış işin nəticələrini etibarsız vəziyyətə salmış, mövcud hüquqi münasibətlərin balansını pozmuşdur. Əvvəldən qüvvədə olan xitam qərarının nəticələrinin ləğv edilməsi faktiki olaraq vətəndaşın mülkiyyət toxunulmazlığını zəiflətmiş, hüquq sisteminin sabitliyinə zərbə vurmuşdur. Qeyd etmək lazımdır ki, icraata xitam verildiyi tarixdən artıq üç il keçmişdir və bu müddət ərzində tərəflər arasında hər hansı yeni məhkəmə qərarı qəbul edilməmiş, heç bir yeni hüquqi əsas yaranmamışdır. Bu qədər vaxtdan sonra, tam icra olunmuş və bağlanmış bir işin yenidən gündəmə gətirilməsi həm qanunvericiliyin tələblərinə, həm də ədalət və hüquqi sabitlik prinsiplərinə ziddir. Üç il ərzində ailə həmin qərarın yekun xarakter daşıdığını əsas götürərək yaşayışını və məişət şəraitini qurmuş, lakin indi qanunsuz şəkildə bərpa edilən icra prosesi nəticəsində ailənin sakitliyi, mülkiyyət toxunulmazlığı və dövlət orqanlarına olan etimadı sarsıdılmışdır. Belə bir addım, faktiki olaraq, artıq hüquqi nəticəsini vermiş qərarın aradan qaldırılması və vətəndaşın sabit hüquqi vəziyyətinin pozulması deməkdir. Mövcud vəziyyət onu göstərir ki, icra məmuru tərəfindən həyata keçirilmiş bu yeni hərəkətlər əvvəlki icra sənədinin hüquqi nəticələrini dəyişdirmiş, qanuni qərarın qüvvəsini faktiki olaraq aradan qaldırmış və vətəndaşın hüquqlarının müdafiəsini təmin edən mexanizmləri pozmuşdur. Bu, həm qanunların aliliyi prinsipinə, həm də vətəndaşın dövlət orqanlarına olan hüquqi etimadına ziddir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-776/2025 saylı, 24 dekabr 2025-ci il tarixli qərardadı ilə (hakim Nərgiz Tağıyeva) Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun hərəkətlərindən X1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qənaətində göstərib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Nəzərə alınmalıdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 3.1-ci maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 8.1-ci maddəsinə görə, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra sənədində “cavabdehlərə tərəf (111 saylı ev) olan divarı (otaqların və həyətin divarları) boyunca aparılan qanunsuz tikintinin sökülməsi” anlayışı icra sənədinin məzmununa, iş üzrə müəyyən edilmiş faktiki hallara, eləcə də apellyasiya instansiya məhkəməsinin qətnaməsində əks olunmuş hallara əsasən yalnız ayrı-ayrı elementləri deyil, həmin divar boyunca yerləşən və bir-biri ilə funksional və konstruktiv bağlı olan bütün tikililəri əhatə edir. Bu tikililər ikinci mərtəbəni, onun döşəmə, tavan (dam örtüyü) və divar hissələrini, eləcə də pəncərələrin qarşısını bağlayan bütün konstruksiyaları əhatə edir. Qeyd edilməlidir ki, icra sənədində sökülməsi tələb olunan tikililərin sərhədləri və həcmi kifayət qədər aydın müəyyən edilmişdir. Belə ki, sökülməsi tələb olunan tikintilər tələbkara məxsus evin pəncərələrinin qarşısını bağlayan, təbii işıq və havalandırmanı məhdudlaşdıran və divar boyunca aparılmış qanunsuz tikililər kimi müəyyən edilmişdir. İcra sənədinin mahiyyəti və iş üzrə mövcud olan məhkəmə aktları icra olunacaq hərəkətlərin həcmini dəqiq müəyyən etməyə imkan vermişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. Hazırki iş üzrə xüsusi bilik tələb olunan hər hansı bir hal olmadığından mütəxəssisin dəvət edilməsi zərurəti yaranmamışdır. Məhkəmə həmçinin nəzərə alır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 3.1 və 44.1-ci maddələrinə əsasən icra məmuru məhkəmə qərarlarının icrasını təmin etmək üçün zəruri məcburi icra tədbirlərini görməyə səlahiyyətlidir və bu tələblər bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmuru icra sənədində nəzərdə tutulmuş tələblərdən kənara çıxmamış, əksinə, məhkəmə qətnaməsində göstərilən qanunsuz tikintilərin faktiki olaraq mövcud olduğunu müəyyən edərək onların sökülməsini həyata keçirmişdir. İcra məmuru tərəfindən görülmüş tədbirlər məhkəmə qətnaməsinin mahiyyətinə, məqsədinə və nəticə hissəsinə tam uyğun olmuş, qanunsuz tikintilərin sökülməsi və tələbkarın evinə təbii işıq və havalandırmanın bərpası məqsədinə xidmət etmişdir. Bu səbəbdən icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və ya onların dayandırılması üçün hüquqi əsaslar mövcud deyildir. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Hazırki iş üzrə isə icra sənədinin tam şəkildə icra edilməsi, icra sənədi üzrə icraata xitam verilməsi halı müəyyən edilmədiyindən məcburi icra tədbirlərinin həyata keçirilməsi qanunidir, bu baxımdan məhkəmə borclunun şikayətini əsassız hesab edir. X1 (nümayəndəsi və vəkili Vəkil) şikayət verərək qərardadın ləğv edilməsini və Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin İcra məmuru Babək Qarayevin hərəkətlərinin qanunsuz sayılması və onun qanunsuz hərəkətlərinin dayandırılması vəzifəsinin Bakı şəhəri Nərimanov rayonu İcra Şöbəsinin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-776/2025 saylı, 06 fevral 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qənaətində göstərib ki, icra məmuru icra sənədində nəzərdə tutulmuş tələblərdən kənara çıxmamış, əksinə, məhkəmə qətnaməsində göstərilən qanunsuz tikintilərin faktiki olaraq mövcud olduğunu müəyyən edərək onların sökülməsini həyata keçirmişdir. İcra məmuru tərəfindən görülmüş tədbirlər məhkəmə qətnaməsinin mahiyyətinə, məqsədinə və nəticə hissəsinə tam uyğun olmuş, qanunsuz tikintilərin sökülməsi və tələbkarın evinə təbii işıq və havalandırmanın bərpası məqsədinə xidmət etmişdir. Bu səbəbdən icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və ya onların dayandırılması üçün hüquqi əsaslar mövcud deyildir. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Hazırki iş üzrə isə icra sənədinin tam şəkildə icra edilməsi, icra sənədi üzrə icraata xitam verilməsi halı müəyyən edilmədiyindən məcburi icra tədbirlərinin həyata keçirilməsi qanunidir, bu baxımdan məhkəmə borclunun şikayətini əsassız hesab edir. Məhkəmə həmçinin şikayətin icra sənədi üzrə icraata xitam verilməsi barədə dəlilinə münasibətdə bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-567/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımovun icra sənədi üzrə xitam verilməsi barədə 12 may 2022-ci il tarixli qərarı ləğv edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-567/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. X1 elektron kabinet vasitəsilə vəsatət təqdim edərək hazırki şikayətə şifahi məhkəmə iclasında baxılmasını xahiş edib. Tələbkar isə şikayətə yazılı etiraz təqdim edərək təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş edib. Məhkəmə tərkibi şikayətə şifahi icraat qaydasında baxılmasına əsas və zərurət müəyyən etmədi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Qanunun 8.1-ci maddəsinə görə, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək, icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxmaq, müvafiq qərar qəbul etmək, onlardan şikayət vermək müddətini və qaydasını izah etmək icra məmurunun vəzifəsidir. Həmin Qanunun 11-ci maddəsinə görə icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Məhkəmə tərkibi hesab edir ki, şikayət üzrə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Başqa sözlə, məhkəmə tərəfindən şikayətin təmin edilməməsinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına uyğun olmuş, hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Demək ki, birinci instansiya məhkəməsinin şikayətin təmin edilməməsi ilə bağlı apardığı hüquqi dəyərləndirmə düzgün olduğundan qərardadın apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qərardad ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə aktı icra edilməyəcəydisə, onda niyə çıxarılır. Çıxarılmışdırsa, niyə icra olunmamalıdır. Əlbəttə ki, bu ritorik sual olsa da, qanunla üzərinə icra sənədinin icra etmək vəzifəsi qoyulmuş icra məmuru borclunun əsassız dəlillərinə görə dövlətin adından çıxarılmış icra sənədinin icra edilməsinə süni əngəllər yarada bilməz. Nəticədə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gələcək, şəxslərin bu hakimiyyət növünə inamı və etibarı azalacaqdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-776/2025 saylı, 24 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-776/2025 saylı, 24 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-6)-78/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-6)-78/2026
02.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver