Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(3-6)-8/2026 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Xətai Rayon Məhkəməsinin 8(011)-1103/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Borclu ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7101/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına 10 aylıq möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir
2. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 65/2022 saylı, 01 mart 2022-ci il tarixli qətnaməsi ilə Borclu Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən 20 nömrəli evin 3 nömrəli mənzilinin təmir xərclərinin dəyəri olaraq 21.150 manat məbləğində pul vəsaitinin, mütəxəssis rəyinə görə ödənilmiş 300 manatın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq Tələbkar ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7101/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-65/2022 saylı, 01 mart 2022 ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia qismən təmin edilərək Borclu Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerəşən 20 nömrəli evin 3 nömrəli mənzilinin təmir xərclərinin dəyəri olaraq 21.150 manat, mütəxəssis rəyinə görə ödənilmiş 300 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Tələbkar ödənilməsi, X1 iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 300 manat alınaraq "xxxx" MMC-nin hesabına, ekspertiza tədqiqatının dəyəri – 50 manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin ödənilməsi qət edilmişdir. Hazırda məhkəmə qətnaməsilə tələb olunan məbləğin yerinə yetirilməsi məsuliyyətini, qanunverilciyin müvafiq maddələrini nəzərə alaraq MPM-nin 231-ci maddəsinin tələbləri baxımından məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Uzun müddətdir heç yerdə işləmir, maliyyə vəziyyəti çox ağırdır. Qətnamədə nəzərdə tutulan 21.150 manat təmir xərclərinin Tələbkar ödənilməsinin yerinə yetirilməsi faktiki olaraq hazırkı maddi durumu ilə bağlı olaraq qeyri-mümkündür.
3. Xətai Rayon Məhkəməsinin 8(011)-1103/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə borclunun ərizəsi təmin edilməmişdir.
4. Həmin qərardaddan borclu şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
5. Rayon məhkəmə eyni nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
8. Məhkəmə kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
9. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun icrasına möhlət verilməsi, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
10. MPM-in 231.1-ci maddəsinin tələbinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
11. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində təsbit olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, habelə məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur.
12. “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 14 yanvar tarixli, 1 №-li Qərarının 3-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilsin.
13. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, § 35)
14. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40).
15. Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.)
16. Məhkəmə hesab edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Lakin qeyd edilən məsələlər həll edilərkən təkcə borclunun deyil, habelə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Hazırkı ərizədə qətnamənin icrasına möhlət verilməsinə səbəb ola biləcək əsaslı hallar müəyyən edilməmişdir.
17. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Məhkəmə qeyd edir ki, ərizənin təmin edilməsi tələbkarın mənafeyinə ciddi xələl gətirməklə, məhkəmə aktlarının vaxtında icra edilməməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin də bir çox qərarlarında dəfələrlə vurğuladığı kimi ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi prinsipini də pozur.
18. Beləliklə, Məhkəmə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq, borclunun qətnamənin icrasına möhlət verilməsi ilə bağlı gətirdiyi dəlilləri əsassız sayır və hesab edir ki, borclunun ərizəsində göstərilən hallar hazırkı iş üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası üçün mane olan hal kimi qiymətləndirilə bilməz. Odur ki, şikayət əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
20. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
21. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 8(011)-1103/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı onun şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.