Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-107/2026 14.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Tələbkar Tələbkar borclu Borclu İsbi oğluna qarşı “ödənilməli pul məbləğinin indeksasiyası” barədə ərizəsinə dair (Açar sözlər: prosessual hərəkətlərin edilməsi) Hakimlər Məmmədov Tural Nurulla oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızından və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Tələbkar Tələbkar borclu Borclu İsbi oğluna qarşı “ödənilməli pul məbləğinin indeksasiyası” barədə ərizəsinə dair Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat
1. Tələbkar Tələbkar borclu Borclu İsbi oğluna qarşı “ödənilməli pul məbləğinin indeksasiyası barədə” ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş, Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2016-cı il tarixli məhkəmə qərarı üzrə ödənilməmiş cəmi 614,64 pul məbləğini indeksləşdirilərək 2016-cı il mart ayından 2026-cı il may ayınadək 185,60 faiz artımı (614,64 AZN x 185,60 % = 1140,77 AZN) nəzərə alaraq cəmi 1755,41 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməyini xahiş etmişdir.
2. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (hakim N.A.Heydərova) ərizə təmin edilməmişdir.
3. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tələbkar Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2016-cı il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə müəyyən edilmiş pul məbləğinin indeksasiya olunmasını xahiş etsə də, həmin icra sənədinin hazırkı icra vəziyyətini, borcun tam və ya qismən ödənilmədiyini, ödənilməmiş qalıq məbləğin mövcudluğunu və indeksasiyanın hansı məbləğ üzərindən hesablanmalı olduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
4. Həmçinin qeyd etmişdir ki, iş üzrə təqdim olunmuş materiallar məhkəməyə Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2016-cı il tarixli məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin hazırkı icra vəziyyətini, borcun tam və ya qismən ödənilib-ödənilmədiyini, qalıq borcun məbləğini və indeksasiya hesablanmalı olan dövrü müəyyən etməyə imkan vermir. İş materiallarında bu halları təsdiq edən mötəbər sübutlar olmadığından məhkəmə ərizəçi tərəfindən təqdim edilmiş indeksasiya hesablamasının düzgünlüyünü yoxlamaq və indeksasiya olunmalı məbləği müəyyən etmək imkanına malik deyildir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
Tələbkar Tələbkar şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli,
5. *(*-***)-***/**** saylı qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi özü də qərardadında qeyd etmişdir ki, pul məbləğinin indeksasiyası məhkəmə aktı ilə müəyyən edilmiş pul öhdəliyinin uzun müddət icra edilməməsi nəticəsində pulun inflyasiya səbəbindən dəyərdən düşməsinin qarşısının alınmasına xidmət edir və həmin indeksasiya borcluya əlavə mülki-hüquqi məsuliyyət tədbiri tətbiq edilməsi deyil, məhkəmə aktı ilə müəyyən edilmiş pul vəsaitinin real iqtisadi dəyərinin qorunmasına yönəlmiş hüquqi mexanizmdir. Deməli, indeksasiyanın hüquqi mahiyyəti borclunun məsuliyyətinin artırılmasından deyil, məhkəmə aktının qəbul edildiyi vaxt tələbkara verilməli olan pul vəsaitinin sonradan yaranmış inflyasiya nəticəsində dəyərdən düşməsinin kompensasiya edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli Qərarında da məhz bu yanaşma əsas götürülmüş və qətnamə çıxarıldıqdan sonra həmin qətnamənin icrasının təmin edilməsinə yönəlmiş, o cümlədən ödənilməli pul məbləğlərinin indeksasiyası ilə bağlı məsələlərin qətnamənin səmərəli icrasını təmin etmək məqsədi daşıdığı müəyyən edilmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qarşısında duran əsas məsələ ərizəçinin indeksasiya hüququnun mövcud olub olmamasının müəyyən edilməsi ilə yanaşı, həmin hüququn real və effektiv şəkildə həyata keçirilməsini təmin etmək olmuşdur. Hazırkı işdə isə məhkəmə indeksasiyanın tətbiq edilməsinin hüquqi əsaslarının mövcudluğunu faktiki olaraq inkar etməmiş, əksinə, onun tətbiqinin mümkünlüyünü qəbul etmiş, lakin yalnız icra sənədinin icra vəziyyəti barədə əlavə məlumatların təqdim edilmədiyini əsas gətirərək ərizəni rədd etmişdir. Halbuki qeyd olunan hal ərizənin tamamilə rədd edilməsinə əsas ola bilməz. Çünki iş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2016-cı il tarixli məhkəmə qərarı ilə Borclu İsbi oğlundan Tələbkar xeyrinə 614,64 manat məbləğində pul tutulması müəyyən edilmişdir. Ərizəçinin bildirdiyinə görə, həmin məhkəmə aktı qanuni qüvvəyə minmiş, lakin icra edilməmişdir. Beləliklə, mübahisənin əsasını təşkil edən məhkəmə aktı, tutulmalı olan ilkin pul məbləği və indeksasiyanın tətbiq edilməsi tələb olunan dövr müəyyən edilə bilən hallardır. İcra sənədinin tam və ya qismən icra edilib-edilməməsi, habelə icra edilmişdirsə, hansı tarixlərdə və hansı məbləğlərdə ödənişlərin aparılması isə indeksasiyanın hüquqi əsasının mövcudluğunu deyil, indeksasiya olunmalı məbləğin dəqiq hesablanmasını müəyyən edən hallardır. Başqa sözlə, icra sənədinin hazırkı vəziyyətinə dair məlumatların olmaması ərizəçinin indeksasiya hüququnun avtomatik olaraq aradan qalxması demək deyildir. Əgər məhkəmə hesab edirdisə ki, təqdim edilmiş sənədlər indeksasiya olunmalı məbləğin dəqiq müəyyən edilməsi üçün kifayət deyildir, həmin hal ərizənin rədd edilməsini deyil, müvafiq məlumatların əldə edilməsini və iş üzrə halların tam araşdırılmasını zəruri edirdi. Məhkəmə qərardadında özü qeyd etmişdir ki, icra sənədinin icra vəziyyəti barədə icra qurumunun rəsmi arayışı, qalıq borcun məbləği barədə məlumat və icra icraatına dair digər sənədlər indeksasiya məsələsinin düzgün həlli üçün mühüm sübutlardır. Bu halda həmin sübutların mövcud olmamasının nəticəsi ərizəçinin hüququnun həyata keçirilməsindən imtina edilməsinə çevrilməməlidir. Əksinə, məhkəmə indeksasiyanın düzgün məbləğdə müəyyən edilməsi üçün zəruri olan məlumatların əldə olunmasına şərait yaratmalı və iş üzrə həqiqi halları müəyyən etməli idi. Xüsusilə nəzərə alınmalıdır ki, söhbət məhkəmənin özünün qəbul etdiyi və icrası təmin edilməli olan məhkəmə aktından irəli gələn pul öhdəliyinin indeksasiyasından gedir. Bu səbəbdən məhkəmə aktının icra vəziyyətinin müəyyən edilməsi indeksasiya məsələsinin mahiyyətindən ayrı və tamamilə ərizəçinin üzərinə qoyulmalı olan formal sübut yükü kimi qiymətləndirilməməlidir. Digər tərəfdən, birinci instansiya məhkəməsi ərizəçinin təqdim etdiyi indeksasiya hesablamasını da mahiyyəti üzrə qiymətləndirməmişdir. Halbuki ərizədə 2016-cı ilin mart ayından 2026-cı ilin may ayınadək olan dövr üzrə istehlak qiymətləri indeksinin 185,60 faiz artdığı əsas götürülməklə 614,64 manat əsas borca 1.140,77 manat indeksasiya məbləği hesablanmış və nəticədə 1.755,41 manat müəyyən edilməsinin xahiş edildiyi göstərilmişdir. Məhkəmə həmin hesablamanın hansı hissəsinin hüquqa və ya faktiki hallara uyğun olmadığını göstərməmiş, hesablamanın özünün yanlışlığını müəyyən etməmiş, yalnız onu yoxlamaq üçün zəruri hesab etdiyi icra vəziyyətinə dair sənədlərin təqdim edilmədiyini əsas götürmüşdür. Belə yanaşma isə indeksasiya institutunun məqsədi ilə uzlaşmır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən indeksasiya məhkəmə aktının qəbul edildiyi vaxt mövcud olan pulun alıcılıq qabiliyyətinin bərpasına yönəlmişdir. Bu səbəbdən indeksasiya məhkəmə aktının qanuni qüvvəyə minməsi ilə deyil, məhz məhkəmə aktının qəbul edildiyi tarixdən onun tam icra edildiyi tarixədək olan müddətlə əlaqələndirilir. Birinci instansiya məhkəməsinin qərardadında da həmin hüquqi mövqe öz əksini tapmışdır. Deməli, məhkəmə aktının uzun müddət icra edilməməsi nəticəsində yaranmış inflyasiya itkisi yalnız icra sənədinin formal olaraq mövcud olması ilə aradan qalxmır. Əksinə, MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş indeksasiya məhz həmin iqtisadi itkinin kompensasiya edilməsinə xidmət edir. Əks yanaşma, yəni icra sənədinin icra vəziyyətinə dair əlavə sənədlərin ərizəçi tərəfindən təqdim edilməməsini indeksasiya ərizəsinin tamamilə rədd edilməsinə əsas kimi qəbul etmək, məhkəmə aktının uzun müddət icra edilməməsinin nəticələrini kreditorun üzərinə qoymaqla nəticələnir. Bu isə məhkəmə aktının səmərəli icrası və məhkəmə müdafiəsinin effektivliyi prinsipləri ilə uzlaşmır. Üstəlik, məhkəmə qərardadında indeksasiyanın tətbiqi üçün əsas olan dövrün və borcun qalıq məbləğinin müəyyən edilməsinin zəruri olduğu göstərilmişdir. Lakin məhz bu halların müəyyən edilməməsi səbəbindən ərizənin rədd edilməsi məhkəmənin özünün müəyyən etdiyi prosessual yanaşma ilə də ziddiyyət təşkil edir. Çünki məhkəmənin qarşısında duran vəzifə həmin halların müəyyən edilməsini təmin etməklə indeksasiya məsələsini həll etməkdən ibarət olmuşdur. Bu baxımdan, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli halları tam araşdırmadan, icra sənədinin faktiki vəziyyətini müəyyən etmədən və indeksasiya məbləğinin hesablanmasını mahiyyəti üzrə qiymətləndirmədən ərizənin rədd edilməsi barədə nəticəyə gəlmişdir. Nəticə etibarilə, mübahisələndirilən qərardadın əsaslandırıcı hissəsində göstərilən hallar ərizənin rədd edilməsini deyil, indeksasiya olunmalı məbləğin müəyyən edilməsi üçün əlavə araşdırmanın aparılmasını zəruri edirdi. Odur ki, Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 8(5- ***)-***/**** saylı qərardadı qanuni və əsaslı hesab edilə bilməz, ləğv edilməli və ərizəçinin hüquqi tələbi Azərbaycan Respublikası MPM-in 232.1-ci maddəsinin məqsədinə uyğun olaraq təmin edilməlidir. Bundan əlavə, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə əsasən ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizə həmin məhkəmə aktını qəbul etmiş məhkəmə tərəfindən həll edilir. Bu isə, ilk növbədə, indeksasiya məsələsinə baxan məhkəmənin iş üzrə əsas məhkəmə aktına, onun qanuni qüvvəyə minməsinə, həmin akt əsasında icra sənədinin verilməsinə və iş materiallarında olan digər məlumatlara birbaşa çıxış imkanının mövcud olması deməkdir. Hazırkı halda Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2016-cı il tarixli məhkəmə aktı məhz həmin məhkəmə tərəfindən qəbul edilmişdir. Buna görə də həmin məhkəmə aktının məzmunu, qanuni qüvvəyə minməsi, onun əsasında icra sənədinin verilməsi və iş üzrə digər prosessual məlumatların müəyyən edilməsi üçün ərizəçinin üzərinə əlavə və formal sübutetmə yükünün qoyulması yolverilməzdir. İcra sənədinin sonrakı icra vəziyyətinə, o cümlədən borcun tam və ya qismən icra edilməsinə, ödənişlərin hansı tarixlərdə aparılmasına və qalıq borcun məbləğinə dair məlumatların isə müvafiq icra orqanından əldə edilməsi mümkündür. Birinci instansiya məhkəməsi özü də qeyd etmişdir ki, belə məlumatlar indeksasiya məsələsinin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Belə olan halda, həmin məlumatların ərizəçinin təqdim etdiyi sənədlər arasında olmamasını ərizənin tamamilə rədd edilməsinə əsas kimi qəbul etmək düzgün deyildir. Əgər məhkəmə hesab edirdisə ki, icra sənədinin faktiki icra vəziyyətinə dair məlumatlar indeksasiya olunmalı məbləğin müəyyən edilməsi üçün zəruridir, həmin məlumatların aidiyyəti icra orqanından tələb edilməsi və iş üzrə həqiqi vəziyyətin müəyyənləşdirilməsi mümkün idi. Başqa sözlə, icra sənədinin faktiki icra vəziyyətinə dair məlumatların təqdim edilməməsi indeksasiyanın hüquqi əsasının mövcudluğunu aradan qaldırmır; bu hal yalnız indeksasiya olunmalı məbləğin və dövrün dəqiqləşdirilməsi ilə bağlı məsələdir. Belə məsələlər isə ərizənin rədd edilməsi ilə deyil, işin tam və hərtərəfli araşdırılması yolu ilə həll edilməlidir.
7. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (hakim N.A.Heydərova) şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları
10. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.1.8. cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə; Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli və ərizəçinin ərizəsinə baxılması ilə əlaqədar növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir.
13. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, tələbkar Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2016-cı il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə müəyyən edilmiş pul məbləğinin indeksasiya olunmasını xahiş etsə də, həmin icra sənədinin hazırkı icra vəziyyətini, borcun tam və ya qismən ödənilmədiyini, ödənilməmiş qalıq məbləğin mövcudluğunu və indeksasiyanın hansı məbləğ üzərindən hesablanmalı olduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin “Elektron Məhkəmə” İnformasiya Sisteminin texniki imkanlarından və digər qanuni üsullardan istifadə etməklə məhkəmə aktının icra vəziyyəti ilə bağlı zəruri məlumatların əldə edilməsi imkanı vardır. Belə ki qanunvericiliyin tələblərinə əsasən, məhkəmə aktının icra icraatı çərçivəsində məhkəmə icra sənədinin vaxtında və düzgün icra edilməsinə öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirir. Prosessual qanunvericiliyin icra icraatını tənzimləyən normaları məhkəmə aktının icra vəziyyəti ilə bağlı sübutların təqdim edilməsini ərizəçiyə aid etməmişdir.
15. Belə olan halda, “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizənin icra vəziyyəti ilə bağlı sübutların təqdim edilməməsinə görə təmin edilməməsi prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir.
17. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ləğv edilsin və tələbkar Tələbkar borclu Borclu İsbi oğluna qarşı “ödənilməli pul məbləğinin indeksasiyası” barədə ərizəsinə baxılması ilə əlaqədar növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.