Məhkəmə qərarları › İş №8(3-7)-112/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-112/2026

24.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-112/2026 24.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ödənilməli pul məbləğinin indeksasiya olunması barədə iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Ərizəni verən şəxs məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2013-cü il tarixli məhkəmə qərarı üzrə ödənilməmiş, cəmi 2376 manat pul məbləğinin indeksləşdirilərək, 2013-cü il dekabr ayından 2026-cı il iyun ayınadək 212,20 manat faiz artımı (2376,00 manat x 212,20% = 5041,87 manat) nəzərə alaraq cəmi 7417,87 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadına əsasən tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizə geri qaytarılmışdır. Həmin qərardaddan tələbkar Ərizəni verən şəxs şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəni onun mahiyyəti üzrə araşdırılmasına imkan vermədən, MPM-in 149 və 152-ci maddələrinə istinad etməklə geri qaytarmışdır. Halbuki, MPM-in 149-cu maddəsi iddia ərizəsinin məzmununa, 152-ci maddəsi isə həmin iddia ərizəsinin geri qaytarılması əsaslarına aiddir. İndeksasiya barədə ərizə isə yeni iddia tələbi olmayıb, əvvəl qəbul edilmiş məhkəmə aktının icrası zamanı tutulmalı pul məbləğinin dəyərinin qorunmasına yönəlmiş xüsusi prosessual müraciətdir. Bu səbəbdən həmin ərizənin avtomatik olaraq iddia ərizəsi kimi qiymətləndirilməsi və MPM-in 152-ci maddəsi əsasında geri qaytarılması əsaslı hesab edilə bilməz. Məhkəmənin ərizənin geri qaytarılmasına əsas kimi ərizəçi tərəfindən məhkəmə əmrinin qüvvədə olub-olmaması, icraya yönəldilibyönəldilməməsi, borcun ödənilib-ödənilməməsi və icra vəziyyətini təsdiq edən sənədlərin təqdim edilməməsini göstərməsi də əsassızdır. Belə ki, göstərilən hallar ərizənin məhkəmə icraatına qəbul edilməsinə mane olan formal tələblər deyil, indeksasiya məsələsinin həlli zamanı məhkəmə tərəfindən müəyyən edilməli olan işin faktiki hallarıdır. MPM-in 232.2-ci maddəsinin birbaşa göstərişinə əsasən belə məsələlər məhkəmə iclasında araşdırılmalıdır. Başqa sözlə, ərizəçinin təqdim etdiyi sənədlərin indeksasiya üçün kifayət edib-etməməsi, məhkəmə əmri üzrə öhdəliyin icra vəziyyəti, borcun tam və ya qismən ödənilib-ödənilməməsi, habelə pul məbləğinin hansı dövr ərzində dəyərdən düşməsi məsələləri ərizənin geri qaytarılması üçün deyil, onun mahiyyəti üzrə həlli üçün əhəmiyyət kəsb edən hallardır. Bu halların araşdırılması üçün məhkəmə tərəfindən müvafiq sübutlar tələb edilə, icra sənədinin icra vəziyyəti araşdırıla və işdə iştirak edən şəxslər məhkəmə iclasına dəvət edilə bilərdi. Digər tərəfdən, MPM-in 13.4-cü maddəsinə əsasən hüquq münasibətini tənzimləyən hüquq norması olmadıqda məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Lakin hazırkı halda ödənilməli pul məbləğlərinin indeksasiyası ilə bağlı münasibət MPM-in 232-ci maddəsi ilə birbaşa və xüsusi şəkildə tənzimlənmişdir. Buna görə də indeksasiya barədə ərizəyə baxılması zamanı iddia ərizəsinin qaytarılmasını nəzərdə tutan 149 və 152-ci maddələrin analogiya qaydasında tətbiq edilməsinə zərurət mövcud deyildir. Bundan əlavə, məhkəmənin istinad etdiyi MPMin 152.1.1ci maddəsi iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş forma və məzmun tələblərinə cavab verməməsi və ya müəyyən sənədlərin əlavə edilməməsi halında tətbiq edilir. Halbuki, indeksasiya barədə ərizənin geri qaytarılmasının xüsusi əsası MPM-in 232ci maddəsində müəyyən edilməmiş, əksinə, həmin maddənin 232.2-ci hissəsində belə ərizəyə məhkəmə iclasında baxılması açıq şəkildə nəzərdə tutulmuşdur. Belə olan halda xüsusi normanın tətbiqindən yayınaraq ümumi xarakterli iddia icraatına aid normanın tətbiq edilməsi prosessual qanunvericiliyin sistemli tətbiqi baxımından düzgün deyildir. Məhkəmə həmçinin nəzərə almalı idi ki, MPM-in 232.1-ci maddəsində indeksasiyanın məqsədi borclunu əlavə məsuliyyətə cəlb etmək deyil, məhkəmə aktı ilə tutulmalı olan pul məbləğinin icra zamanı dəyərdən düşməsinin qarşısını almaq və ya yaranmış dəyər itkisini kompensasiya etməkdir. Bu baxımdan, ərizəçinin göstərdiyi 2013-cü ilin dekabr ayından 2026-cı ilin iyun ayınadək olan dövr və həmin dövr üzrə istehlak qiymətləri indeksinin dəyişməsi indeksasiya məsələsinin həlli üçün hüquqi əhəmiyyət daşıyır. Məhkəmə tərəfindən ərizənin geri qaytarılması nəticəsində isə indeksasiyanın tətbiq edilib-edilməməsi barədə məsələyə ümumiyyətlə hüquqi qiymət verilməmiş, məhkəmə aktı üzrə tutulmalı pul məbləğinin inflyasiya nəticəsində dəyərdən düşübdüşmədiyi müəyyən edilməmiş və ərizəçinin MPM-in 232-ci maddəsindən irəli gələn hüququ faktiki olaraq həyata keçirilməmişdir. Hazırkı işdə tələbkar tərəfindən indeksasiya tələb edilən 2376 manat məbləğində pulun Gəncə Şəhər Məhkəməsinin 2(044)- ****/**** saylı, ## ###### 2013- cü il tarixli məhkəmə aktı əsasında tutulmalı olduğu göstərilmiş, habelə həmin məbləğin 2013-cü ilin dekabr ayından 2026-cı ilin iyun ayınadək inflyasiya nəticəsində dəyərdən düşdüyü əsaslandırılmışdır. Bu halların mövcud olub-olmamasının müəyyən edilməsi üçün ərizənin məhkəmə iclasında araşdırılması zəruri olduğu halda, birinci instansiya məhkəməsi bunu etmədən ərizəni geri qaytarmışdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı tam ləğv edilərək, iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, işə baxan birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, ərizənin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünü yoxlayarkən müəyyən olunmuşdur ki, tələbkar Ərizəni verən şəxs hazırkı ərizəsinə yalnız məhkəmə əmrinin kserosurətini əlavə etmiş, həmin əmrin qüvvədə olub-olmaması, icraya yönəldilibyönəldilməməsi, borcun ödənilibödənilməməsi, yaxud əmrdə qeyd olunan borcun icrası vəziyyətini əks etdirən sübutları təqdim etməmişdir. Yəni, ərizə qanunvericilikdə nəzərdə tutulmuş tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlillərini əsaslı hesab edərək, qeyd edir ki, ərizəçinin təqdim etdiyi sənədlərin indeksasiya üçün kifayət edib-etməməsi, məhkəmə əmri üzrə öhdəliyin icra vəziyyəti, borcun tam və ya qismən ödənilib-ödənilməməsi, habelə pul məbləğinin hansı dövr ərzində dəyərdən düşməsi məsələləri ərizənin geri qaytarılması üçün deyil, onun mahiyyəti üzrə həlli üçün əhəmiyyət kəsb edən hallardır. Bu halların araşdırılması üçün məhkəmə tərəfindən müvafiq sübutlar tələb edilə, icra sənədinin icra vəziyyəti araşdırıla və işdə iştirak edən şəxslər məhkəmə iclasına dəvət edilə bilərdi. Azərbaycan Respublikası MPM: 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə kollegiyası izah edir ki, qanunvericilik nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. İndeksasiyanın məqsədi borclunu əlavə məsuliyyətə cəlb etmək deyil, məhkəmə aktı ilə tutulmalı olan pul məbləğinin icra zamanı dəyərdən düşməsinin qarşısını almaq və ya yaranmış dəyər itkisini kompensasiya etməkdir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizədə göstərilən halların mövcud olub-olmamasının müəyyən edilməsi üçün ərizə məhkəmə iclasında araşdırılmalı, ərizəyə əlavə edilmiş sənədlərə hüquqi qiymət verilməli, əlavə sübutların təqdim edilməsinə zərurət yaranarsa onların əldə edilməsi üçün müvafiq hərəkətləri etməli, ərizənin əsaslı olmasını təsdiq edən sübutlar kifayət etmədikdə isə birinci instansiya məhkəməsi ərizənin mahiyyəti üzrə təmin edilib-edilməməsi barədə əsaslandırılmış nəticəyə gəlməlidir. Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” ## ######## 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində pozulmuş hüquq və azadlıqların qorunmasına, həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində qeyd olunur ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin qeyd olunan normasına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qətnaməni qəbul etmiş məhkəmə Mülki Prosessual Məcəllənin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə İnzibati Prosessual Məcəlləyə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Beləliklə, şikayətin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Bu isə qərardadın ləğv edilməsinə hüquqi əsasdır. Ona görə də, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 232.1, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı tam ləğv edilsin. Tələbkar Ərizəni verən şəxs Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2013-cü il tarixli məhkəmə qərarı üzrə ödənilməmiş pul məbləğinin indeksasiya olunması barədə ərizəsinin icraata qəbul edilməklə sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar