Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-116/2026 24.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ödənilməli pul məbləğinin indeksasiya olunması barədə iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Ərizəni verən şəxs məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2013-cü il tarixli məhkəmə qərarı üzrə ödənilməmiş, cəmi 2991 manat pul məbləğinin indeksləşdirilərək, 2013-cü il noyabr ayından 2026-cı il iyun ayınadək 216,30 manat faiz artımı (2991 manat x 216,30% = 6469,53 manat) nəzərə alaraq cəmi 9460,53 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadına əsasən tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizə geri qaytarılmışdır. Həmin qərardaddan tələbkar Ərizəni verən şəxs şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı işdə məhkəmə ərizənin mahiyyəti üzrə araşdırılmasına imkan vermədən, onu MPM-in 149 və 152-ci maddələrində nəzərdə tutulmuş iddia ərizəsinin forma və məzmun tələblərinə uyğun olmadığı qənaətinə gələrək geri qaytarmışdır. Halbuki, indeksasiya barədə ərizə mahiyyət etibarilə yeni iddia tələbi deyil və müstəqil iddia icraatı qaydasında baxılan mübahisə xarakteri daşımır. Bu ərizə artıq qəbul edilmiş məhkəmə aktı üzrə tutulmalı olan pul məbləğinin icrası zamanı həmin məbləğin dəyərinin qorunmasına yönəlmiş xüsusi prosessual müraciətdir. Bu baxımdan MPM-in 149 və 152-ci maddələrinin indeksasiya barədə ərizəyə tətbiq edilməsi üçün hüquqi əsas mövcud deyildir. MPM-in 232-ci maddəsində indeksasiya barədə ərizəyə baxılması üçün xüsusi prosessual qayda müəyyən edildiyindən, həmin münasibətin tənzimlənməsi üçün MPM-in 13.4-cü maddəsində nəzərdə tutulmuş analogiyaya müraciət edilməsinə də zərurət yoxdur. Digər tərəfdən məhkəmənin ərizənin geri qaytarılmasına əsas kimi göstərdiyi hallar– məhkəmə əmrinin qüvvədə olub-olmaması, icraya yönəldilib-yönəldilməməsi, borcun ödənilibödənilməməsi və icra vəziyyəti– ərizənin məhkəməyə qəbul edilməsinə mane olan formal hallar deyil, əksinə indeksasiya məsələsinin həlli zamanı araşdırılmalı olan faktiki hallardır. MPM-in 232.2-ci maddəsində qanunverici məhz bu səbəbdən indeksasiya barədə ərizəyə məhkəmə iclasında baxılmasını nəzərdə tutmuşdur. Məhkəmə həmin iclasda təqdim edilmiş sübutları araşdırmaqla məhkəmə aktının icra vəziyyətini, borcun tam və ya qismən ödənilibödənilmədiyini, ödənilməmiş məbləğin mövcudluğunu və həmin məbləğin indeksasiya edilməsinə əsasların olub-olmadığını müəyyən edə bilərdi. Başqa sözlə, ərizəyə əlavə edilmiş sübutların indeksasiyanın tətbiqi üçün kifayət edib-etməməsi məsələsi ərizənin geri qaytarılması mərhələsində deyil, MPM-in 232.2-ci maddəsinə uyğun olaraq onun mahiyyəti üzrə baxılması zamanı müəyyən edilməlidir. Eyni zamanda indeksasiya institutunun məqsədi borclunu əlavə məsuliyyətə cəlb etmək və ya kreditorun əsassız varlanmasını təmin etmək deyil, məhkəmə aktı ilə tutulmalı olan pul məbləğinin inflyasiya nəticəsində dəyərdən düşməsi ilə əlaqədar yaranan itkini kompensasiya etməklə məhkəmə aktının real və səmərəli icrasını təmin etməkdir. Hazırkı işdə tələbkar Ərizəni verən şəxs Gəncə Şəhər Məhkəməsinin *(***)- ****/**** saylı, ## ###### 2013-cü il tarixli məhkəmə aktı üzrə ödənilməmiş 2991 manat məbləğinin 2013-cü ilin noyabr ayından 2026- cı ilin iyun ayınadək indeksasiya edilməsini xahiş etmişdir. Beləliklə, tələbkar konkret məhkəmə aktına, konkret pul məbləğinə və konkret indeksasiya dövrünə istinad etmişdir. Məhkəmə isə həmin halların mövcud olub-olmamasını araşdırmadan ərizəni geri qaytarmaqla indeksasiyanın tətbiqi üçün qanunla nəzərdə tutulmuş əsasların olub-olmamasına mahiyyəti üzrə qiymət verməmişdir. Məhkəmə aktının icra vəziyyətinin müəyyən edilməsi zəruri hesab edildiyi halda belə, bu hal ərizənin geri qaytarılması üçün əsas təşkil etmir. Məhkəmə işə baxarkən müvafiq icra sənədinin icra vəziyyətini araşdıra, zəruri sənədləri tələb edə və iş üzrə əhəmiyyətli halları müəyyən edə bilər. Bu isə MPM-in 232.2ci maddəsində nəzərdə tutulmuş məhkəmə iclasında həyata keçirilməlidir. Əks yanaşma MPMin 232.2-ci maddəsinin faktiki olaraq tətbiq dairəsini daraldır. Belə ki, indeksasiya barədə ərizə yalnız məhkəmənin əvvəlcədən tələb etdiyi bütün icra sənədləri və digər sübutlarla birlikdə təqdim edilmədiyi halda geri qaytarılarsa, həmin ərizəyə məhkəmə iclasında baxılması və işin halları üzrə araşdırma aparılması barədə qanunvericinin müəyyən etdiyi xüsusi prosessual mexanizmin tətbiqinə ehtiyac qalmır. Bu isə qanunvericinin MPM-in 232-ci maddəsində müəyyən etdiyi hüquqi tənzimləmənin məqsədinə uyğun deyildir. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan ##.##.2015-ci il tarixli Qərarında indeksasiyanın məhkəmə aktının səmərəli icrasını təmin edən mexanizmlərdən biri olduğu xüsusi olaraq vurğulanmışdır. Məhkəmə aktının səmərəli icrası isə yalnız onun nominal məbləğinin müəyyən edilməsindən və formal olaraq icra sənədinin mövcudluğundan ibarət olmayıb, həmin məbləğin icra zamanı real iqtisadi dəyərinin də qorunmasını nəzərdə tutur. Uzun müddət ərzində icra edilməmiş pul tələbinin inflyasiya nəticəsində real dəyərini itirməsi kreditorun məhkəmə aktı ilə tanınmış hüququnun faktiki olaraq zəifləməsinə səbəb ola bilər. Məhz belə halların qarşısının alınması məqsədilə qanunverici MPM-in 232-ci maddəsində ödənilməli pul məbləğlərinin indeksasiyası institutunu müəyyən etmişdir. Bu səbəbdən, hazırkı iş üzrə tələbkarın ərizəsinin məhkəmə icraatına qəbul edilmədən geri qaytarılması onun MPM-in 232-ci maddəsi ilə nəzərdə tutulmuş hüququnun həyata keçirilməsinə əsassız maneə yaratmışdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı tam ləğv edilərək, iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, işə baxan birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, ərizənin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünü yoxlayarkən müəyyən olunmuşdur ki, tələbkar Ərizəni verən şəxs hazırkı ərizəsinə yalnız məhkəmə əmrinin kserosurətini əlavə etmiş, həmin əmrin qüvvədə olub-olmaması, icraya yönəldilib-yönəldilməməsi, borcun ödənilibödənilməməsi, yaxud əmrdə qeyd olunan borcun icrası vəziyyətini əks etdirən sübutları təqdim etməmişdir. Yəni, ərizə qanunvericilikdə nəzərdə tutulmuş tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlillərini əsaslı hesab edərək, qeyd edir ki, ərizəçinin təqdim etdiyi sənədlərin indeksasiya üçün kifayət edib-etməməsi, məhkəmə əmri üzrə öhdəliyin icra vəziyyəti, borcun tam və ya qismən ödənilib-ödənilməməsi, habelə pul məbləğinin hansı dövr ərzində dəyərdən düşməsi məsələləri ərizənin geri qaytarılması üçün deyil, onun mahiyyəti üzrə həlli üçün əhəmiyyət kəsb edən hallardır. Bu halların araşdırılması üçün məhkəmə tərəfindən müvafiq sübutlar tələb edilə, icra sənədinin icra vəziyyəti araşdırıla və işdə iştirak edən şəxslər məhkəmə iclasına dəvət edilə bilər. Azərbaycan Respublikası MPM: 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə kollegiyası izah edir ki, qanunvericilik nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. İndeksasiyanın məqsədi borclunu əlavə məsuliyyətə cəlb etmək deyil, məhkəmə aktı ilə tutulmalı olan pul məbləğinin icra zamanı dəyərdən düşməsinin qarşısını almaq və ya yaranmış dəyər itkisini kompensasiya etməkdir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizədə göstərilən halların mövcud olub-olmamasının müəyyən edilməsi üçün ərizə məhkəmə iclasında araşdırılmalı, ərizəyə əlavə edilmiş sənədlərə hüquqi qiymət verilməli, əlavə sübutların təqdim edilməsinə zərurət yaranarsa onların əldə edilməsi üçün müvafiq hərəkətləri etməli, ərizənin əsaslı olmasını təsdiq edən sübutlar kifayət etmədikdə isə birinci instansiya məhkəməsi ərizənin mahiyyəti üzrə təmin edilib-edilməməsi barədə əsaslandırılmış nəticəyə gəlməlidir. Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” ## ######## 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində pozulmuş hüquq və azadlıqların qorunmasına, həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində qeyd olunur ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin qeyd olunan normasına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qətnaməni qəbul etmiş məhkəmə Mülki Prosessual Məcəllənin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə İnzibati Prosessual Məcəlləyə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Beləliklə, şikayətin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Bu isə qərardadın ləğv edilməsinə hüquqi əsasdır. Ona görə də, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı tam ləğv edilsin. Tələbkar Ərizəni verən şəxs Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2013-cü il tarixli məhkəmə qərarı üzrə ödənilməmiş pul məbləğinin indeksasiya olunması barədə ərizəsininicraata qəbul edilməklə sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-7)-116/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-116/2026
24.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver