Məhkəmə qərarları › İş №8(3-7)-120/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-120/2026

24.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-120/2026 24.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ərizəçi Tələbkar ödənilməli pul məbləğinin indeksasiya olunması barədə tələbinə dair iş üzrə Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından ərizəçi Tələbkar tərəfindən tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2017-ci il tarixli məhkəmə qərarı üzrə ödənilməmiş cəmi 1066 pul məbləğini indeksləşdirilərək 2017-ci il aprel ayından 2026-cı il aprel ayınadək 161,60 faiz artımı (1066 AZN x 161,60 % = 1722,66 AZN) nəzərə alaraq, cəmi 1788,66 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qazax Rayon Məhkəməsinin 2(023)- ***/**** saylı, ## ##### 2017-ci il tarixli məhkləmə qərarına əsasən borclular borclu2 və borclu1 cəmi 1066 manat məbləğində pul müştərək qaydada tutularaq X1 xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almış və icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır. (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər, tələbkar başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin borcluların məhkəmə qərarı üzrə öhdəliyini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödənilməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasından görünür ki, 2026-cı il aprel ayında 2017-ci il aprel ayına nisbətən istehlak qiymətləri indeksi 161,60 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 1,6 dəfə artmışdır. Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan tələbkar Tələbkar şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi həm işin faktiki hallarını tam və obyektiv araşdırmamış, həm də prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə ərizənin təmin edilməsindən imtina edərkən bunu onunla əsaslandırmışdır ki, ərizəçi məhkəmə əmrinin qüvvədə olması, icraya yönəldilməsi və borcun ödənilməməsi barədə kifayət qədər sübut təqdim etməmişdir. Halbuki, bu nəticə iş materiallarına və qanunvericiliyin tələblərinə uyğun deyildir. İlk növbədə qeyd edilməlidir ki, ərizəçi məhkəməyə qanuni qüvvəyə minmiş məhkəmə əmrinin surətini təqdim etmiş, həmin məhkəmə aktına əsasən müəyyən edilmiş pul öhdəliyinin uzun müddət icra edilmədiyini bildirmişdir. Məhkəmə də qərardadında icra şöbələrinə sorğular göndərdiyini qeyd etmiş, lakin həmin sorğuların cavabsız qalmasını ərizənin rədd edilməsi üçün əsas hesab etmişdir. Halbuki, icra orqanlarının sorğuya cavab verməməsi və ya məhkəmənin tələb etdiyi məlumatların əldə olunmaması ərizəçinin hüquqlarının məhdudlaşdırılması üçün hüquqi əsas təşkil edə bilməz. Dövlət orqanları arasında informasiya mübadiləsinin təmin edilməməsinin mənfi nəticələri vicdanla hüququndan istifadə edən ərizəçinin üzərinə qoyula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübutetmə institutunu tənzimləyən normalarına əsasən, məhkəmə işin düzgün həlli üçün zəruri olan halların tam, hərtərəfli və obyektiv müəyyən edilməsini təmin etməlidir. Hazırkı halda məhkəmə icra vəziyyəti ilə bağlı zəruri məlumatların əldə edilməsini tam təmin etmədən, həmin məlumatların olmamasını ərizəçinin əleyhinə qiymətləndirmişdir. Bu isə çəkişmə və prosessual bərabərlik prinsiplərinə, habelə məhkəmənin işin hallarını hərtərəfli araşdırmaq vəzifəsinə ziddir. Bundan əlavə, məhkəmənin ərizəçinin əvvəllər analoji tələblə müraciət etməsini rədd qərarı üçün əsas kimi göstərməsi də hüquqi cəhətdən əsaslı hesab edilə bilməz. Çünki əvvəlki qərardadın mövcudluğu özü-özlüyündə yeni müraciətin mahiyyəti üzrə araşdırılmasını istisna etmir. Məhkəmə yeni ərizəyə onun təqdim olunduğu tarixə mövcud olan faktiki və hüquqi vəziyyət baxımından qiymət verməli, indeksasiya tələbinin qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını müəyyən etməli idi. Lakin məhkəmə bu məsələləri araşdırmadan əvvəlki qərardada istinad etməklə kifayətlənmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsində ödənilməli pul məbləğinin indeksasiyası institutunun tətbiqi üçün əlavə olaraq icra sənədinin icra vəziyyətinə dair xüsusi sənədin təqdim edilməsi barədə hər hansı tələb müəyyən edilməmişdir. Qanunda nəzərdə tutulmayan belə bir sübutetmə öhdəliyinin ərizəçinin üzərinə qoyulması qanunvericiliyin tələblərinə uyğun deyildir və məhkəmə tərəfindən əlavə prosessual şərtin yaradılması kimi qiymətləndirilməlidir. Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı tam ləğv edilərək, iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, işə baxan birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, ərizənin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünü yoxlayarkən müəyyən olunmuşdur ki, tələbkar Tələbkar təkrar məhkəməyə müraciət edərkən ərizəsinə yalnız məhkəmə əmrinin kserosurətini əlavə etmiş, həmin əmrin qüvvədə olub-olmaması, icraya yönəldilibyönəldilməməsi, borcun ödənilib-ödənilməməsi, yaxud əmrdə qeyd olunan borcun icrası vəziyyətini əks etdirən sübutları təqdim etməmişdir. Qazax Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2017-ci il tarixli məhkəmə əmrinin icra vəziyyəti barədə Qazax Rayon İcra və Probasiya Şöbəsinə və Bakı Şəhər Nizami Rayon İcra Şöbəsinə sorğular göndərilsə də, heç bir nəticə əldə etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlillərini əsaslı hesab edərək, qeyd edir ki, birinci instansiya məhkəməsi qərardadda gəldiyi nəticələri təsdiq edən kifayət qədər sübutlara istinad etməmişdir. Məhkəmə tərəfindən indeksasiya hüququnun həyata keçirilməsinə maneə kimi qiymətləndirilən halların mövcudluğu və həmin halların ərizənin rədd edilməsi üçün hüquqi əsas yaratması sübuta yetirilməmişdir. Qərardadda istinad edilən nəticələr iş materiallarında olan sübutlardan irəli gəlmir, həmin nəticələrlə sübutlar arasında səbəbli əlaqə göstərilmir və məhkəmə tərəfindən bu halların hansı sübutlarla müəyyən edildiyi əsaslandırılmır. Bundan əlavə, məhkəmə indeksasiya institutunun tətbiqinə maneə kimi qəbul etdiyi halların qanunvericilikdən irəli gəldiyini və ya ərizəçinin hüququnun məhdudlaşdırılması üçün kifayət qədər əsas təşkil etdiyini sübut etməmişdir. Nəticədə məhkəmənin gəldiyi nəticələr ehtimallara və normanın geniş təfsirinə əsaslanmış, lakin mötəbər və kifayət qədər sübutlarla təsdiq olunmamışdır. Azərbaycan Respublikası MPM: 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə kollegiyası izah edir ki, qanunvericilik nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. İndeksasiyanın məqsədi borclunu əlavə məsuliyyətə cəlb etmək deyil, məhkəmə aktı ilə tutulmalı olan pul məbləğinin icra zamanı dəyərdən düşməsinin qarşısını almaq və ya yaranmış dəyər itkisini kompensasiya etməkdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının 38 və 39-cü vərəqlərində olan “İcraata başlamaq haqqında” Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin ##.##.2018-ci il və Qazax rayon İcra şöbəsinin ##.##.2017-ci il tarixli qərarları iş materiallarına əlavə edilmişdir. İşə baxan məhkəmə Qazax Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2017-ci il tarixli məhkəmə əmrinin icra vəziyyəti barədə Qazax Rayon İcra və Probasiya Şöbəsinə və Bakı Şəhər Nizami Rayon İcra Şöbəsinə sorğular göndərsə də, həmin sorğuların cavabını əldə etmədən işə baxmışdır ki, kollegiya hesab edir ki, bu barədə haqlı olmamışdır. İcra orqanlarının sorğuya cavab verməməsi və ya məhkəmənin tələb etdiyi məlumatların əldə olunmaması ərizəçinin hüquqlarının məhdudlaşdırılması üçün hüquqi əsas təşkil edə bilməz. Məhkəmə ərizəyə əlavə edilmiş sənədlərə hüquqi qiymət verməli, əlavə sübutların təqdim edilməsinə zərurət yaranarsa onların əldə edilməsi üçün müvafiq hərəkətləri etməli, sübutlara qiymət verərək, birinci instansiya məhkəməsi ərizənin mahiyyəti üzrə təmin edilib-edilməməsi barədə əsaslandırılmış nəticəyə gəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübutetmə institutunu tənzimləyən normalarına əsasən, məhkəmə işin düzgün həlli üçün zəruri olan halların tam, hərtərəfli və obyektiv müəyyən edilməsini təmin etməlidir. Hazırkı halda məhkəmə icra vəziyyəti ilə bağlı zəruri məlumatların əldə edilməsini tam təmin etmədən, həmin məlumatların olmamasını ərizəçinin əleyhinə qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” ## ######## 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində pozulmuş hüquq və azadlıqların qorunmasına, həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində qeyd olunur ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin qeyd olunan normasına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qətnaməni qəbul etmiş məhkəmə Mülki Prosessual Məcəllənin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə İnzibati Prosessual Məcəlləyə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Beləliklə, şikayətin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Bu isə qərardadın ləğv edilməsinə hüquqi əsasdır. Ona görə də, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından ərizəçi Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı tam ləğv edilsin. Ərizəçi Tələbkar Qazax Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2017-ci il tarixli məhkəmə qərarı üzrə ödənilməmiş pul məbləğinin indeksasiya olunması barədə ərizəsinin yenidən baxılması üçün iş Qazax Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar