Məhkəmə qərarları › İş №8(3-7)-23/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-23/2026

17.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(3-7)-23/2026 17.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, X1 Tərtər Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli 2(061)-486/2025 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə dair iş üzrə Tərtər Rayon Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli 8(061)-267/2025 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Tərtər Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli 2(061)-486/2025 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, X3 70000 manat və ödənilmiş 300 manat dövlət rüsumu alınaraq Tələbkar verilməlidir. Qətnamə əsasında verilmiş icra sənədi icra olunması üçün aidiyyəti icra orqanına göndərilmiş və icra orqanı tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək zəruri icra hərəkətləri həyata keçirilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Tərtər Rayon Məhkəməsinin 06 may 2025ci il tarixli 2(061)-486/2025 nömrəli qətnaməsinin hər ay onun tərəfindən 1000 manat ödəniş edilməklə hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Tərtər Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli 2(061)-486/2025 saylı qətnaməsi ilə ondan 70000 manat alınaraq Tələbkar verilməlidir. Maddi imkanı ilə bağlı həmin qətnamə üzrə borcu birdəfəyə ödəyə bilməmişdir. Tərtər Rayon Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli 8(061)-267/2025 nömrəli qərardadı ilə (hakim Kamil Rzayev) X1 Tərtər Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli 2(061)-486/2025 saylı qətnaməsini 1000 manat olmaqla hissə-hissə icra etməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan X2 şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ailə və həyat tərzi 70000 manat vəsaitin birdəfəlik ödənilməsi üçün zəmin və şərait yaratmır. Həmin məbləği ödəmək iqtidarında deyil. Ailəlidir, yoldaşı xəstədir, çətin və kritik vəziyyətdə yaşayır. Ailənin yeganə qazanc gətirənidir. Müəyyən olunmuş 70000 manatın hər ay 1000 manat həddində ödəməklə borc məbləğini azaltmaq istəyir. İcradan yayınmamışdır, əksinə tələbkara hər ay 1000 manat ödəmək istədiyini bildirmişdir. Tərtər Rayon Məhkəməsinin 12 yanvar 2026-cı il tarixli 8(061)-267/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Ərizənin hüquqi həlli ilə bağlı kollegiya göstərir ki, borclunun tələbinin əsasını təşkil edən «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. MPM-nin 231.1-ci maddəsində də göstərilmişdir ki, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Lakin, iş materiallarında olan sübutlar əsasında bu qənaətə gəlmək mümkün deyildir; belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququ təkcə işə baxılıb yekun qərarın çıxarılması mərhələsini deyil, həm də yekun qərarın icrası başa çatanadək olan dövrü əhatə edir. Yəni şəxsin hüquqlarının bərpa edilməsi haqqında qərarın çıxarılması hələ özlüyündə səmərəli məhkəmə müdafiəsi demək deyildir. İş üzrə sadəcə məhkəmə qərarının çıxarılması və bu qərarın icra olunmaması pozulmuş hüququn xəyali müdafiəsi olardı. Bu mənada şəxsin səmərəli məhkəmə müdafiəsi hüququ onun işinə ədalətli baxılması ilə yanaşı, çıxarılan qərarın da vaxtında icra olunmasını ehtiva edir. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Avropa Məhkəməsi Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərarında da göstərmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Məhkəmə bu qəbildən olan işlərə baxarkən hər bir konkret halda Konstitusiyanın 60cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin hissə-hissə icrasının mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Qətnamənin hissə-hissə icrası tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə qərarın çıxarılması müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Baxılan iş üzrə tələbkarın pul vəsaitinin qaytarılması barədə qətnamənin qanuni qüvvəyə minib icraya yönəldilməsindən sonra borclu tərəfindən hər hansı məbləğin ödənilməsi iş materiallarından görünmür. Eyni zamanda, borclu qətnamənin hissə-hissə icra olunmasını tələb etsə də, aylıq 1000 manat ödəməyi təklif edir ki, bu da qətnamənin 5 ildən artıq müddət ərzində icra olunması deməkdir. Belə olan halda qətnamənin icrası tələbkar üçün əhəmiyyətini itirmiş olacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyəti vardır. Şərh olunanlara əsasən və MPM-nin 231, 263-264 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli 8(061)-267/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar