Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-81/2026 23.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X4 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Alimentin miqdarının indeksasiyası barədə iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından borclu X1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ##.##.2011-ci il təvəllüdlü X2 və ##.##.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X1 onun xeyrinə tutulan 100 manat, cəmi 200 manat aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə ərizənin təmin edilməsi, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə X1 ##.##.2011-ci il təvəllüdlü X2 və ##.##.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə tutulan 100 manat məbləğində aliment qərardad qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa görə 0,95 misli həddində indeksasiya olunaraq, X1 Ərizəni verən şəxs xeyrinə tutulması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan borclu X1 nümayəndəsi (atası) Nümayəndə şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsini, icraatına həmin Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməsini, əks halda şikayətinin baxılıb həll edilməsi üçün aidiyyəti üzrə apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərardadla övladı Yusif Qocayevdən Ərizəni verən şəxs xeyrinə uşaqları Yunis və Hüseyn Qocayevlerin saxlanılmaları üçün hər ay 100 manat miqdarında tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli miqdarında indeksasiya edilmişdir. Bu o deməkdir ki, övladı Yusif 2 uşağının saxlanılması üçün Ərizəni verən şəxs hər ay 780 (390+390) manat aliment ödəməlidir. Qanun 2 uşaq üçün aliment verməyə borcu olan şəxsin qazancının 1/3-nin tutulmasını nəzərdə tutur. Övladı Yusifin 2340 (780 x 3 2340) manat qazancı olmasına dair sübut təqdim edilmədiyi halda məhkəmə hansı məntiqdə ondan 780 manat aliment tutulması qərarına gəlmişdir? Belə qərardad hər hansı sübutla əsaslandırılmadığı üçün qanunsuzdur. Məhkəmə unutmuşdur ki, 2026-cı il üçün bir uşağa ödənilən alimentin son həddi 260 manatdır. Məhkəmənin bu qanunsuz qərardadında məntiq yoxdur. 780 manat məbləğ çox iri məbləğdir. Azərbaycanda bir ayda 100 ailədən birinin evinə bu qədər məbləğ daxil olmur. Bu miqdarda aliment müəyyən etmək aliment alana cənnət, aliment verənə cəhənnəm həyatı yaşatmaq, aliment ödəyicisini məhv etməkdir. Övladı Yusifin işləyib, işləməməsi, qazancı olub-olmaması, varsa, miqdarı məhkəməyə məlum deyildir. Belə olduğu halda məhkəmənin yuxarıda qeyd edilən 0,95 rəqəmini haradan götürməsi, bu rəqəmi hansı qanunla, hansı sübutla əsaslandırması məlum deyildir. Ali Məhkəmə Plenumunun ##.##.2024-cü il tarixli qərara gəlincə, həmin qərarda Ailə Məcəlləsinin 76. 1. və 76.2-ci maddələrini inkar etmək tövsiyə edilməmişdir, yalnız tövsiyə edilmişdir ki, aliment hər il dəyişən minimum əmək haqqı ilə hesablanmalıdır. Bu zərurət ona görədir ki, hər il minimum əmək haqqı dəyişir (artır). Belə halda ziyan çəkən aliment verən yox, aliment alan olur. Ədalətli qərardır, lakin Ailə Məcəlləsinin qeyd edilən maddələrini dəyişdirən deyil. O maddələri yalnız qanunverici orqan dəyişdirə bilər. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və ilk növbədə borclunun şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, borclu şikayətində yalnız indeksasiya edilmiş alimentin miqdarını mübahisələndirmiş və azaldılmasını xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** saylı qətnamənin surətindən görünür ki, iddiaçı Yusif Qocayevdən ##.##.2011-ci ildə anadan olmuş X2 və ##.##.2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün ##.##.2016-cı il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin Ərizəni verən şəxs xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi indeksasiya edilməli olan alimentin Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə təyin olunmasını və minimum aylıq əmək haqqının məbləğinin 2016-ci ildə 105 manat həddində müəyyən edilməsini nəzərə alaraq, hesab etmişdir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi, habelə ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2016-ci il üçün 105 manat, 2026-cı il üzrə isə 400 manat müəyyən edildiyi nəzərə alınmaqla ərizəçinin indeksasiya tələbi təmin edilməli, 2016-cı ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edildiyindən və tutulmuş alimentin miqdarı 2016-cı il üzrə müəyyən edilmiş (100:105=0,95) manat məbləğində minimum əmək haqqının 0,95 (sıfır doxsan beş) mislini təşkil etdiyindən, qərardad qanuni qüvvəyə mindiyi vaxtdan ##.##.2011-ci il təvəllüdlü X2 və ##.##.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 Ərizəni verən şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, mübahisənin maddi və prosessual hüquqi əsasları, o cümlədən hesablamalar düzgün müəyyən edilmiş, uşaqların mənafeyi üstün tutulmaqla, onların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təmin edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli № ** Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *- */**** nömrəli Qərarında dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli № ** Qərardakı hüquqi mövqeyinə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir) (Qərarın 8.4-1-ci bəndi). Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir) (Qərarın 8.4-2-ci bəndi). Minimum aylıq əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2013-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2013-cü il ########ın #-dən 105 manat məbləğində müəyyən edilmiş, 2016-cı il üçün Azərbaycan Respublikasında minimum aylıq əmək haqqı 105 manat olaraq saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği ## ###### 2017-ci il tarixdə 116 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmiş, 2026-cı il üçün Azərbaycan Respublikasında minimum aylıq əmək haqqı 400 manat olaraq saxlanılmışdır. Məhkəmə kollegiyası Yusif Qocayevin maddi imkanının aşağı olması, işsiz olması bağlı şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *-*/**** nömrəli, ## #### 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası maraqlı şəxsin alimenti ödəyə bilməyəcəyi ilə bağlı şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəçinin (tələbkar) aliment məbləğinin indeksasiya olunması barədə ərizəsinə baxılmışdır. Hazırki işdə alimentin məbləğinin artırılması və ya azaldılması istisna edilir. Maraqlı şəxs alimentin miqdarının dəyişdirilməsi ilə bağlı müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *-*/**** nömrəli, ## #### 2016cı il tarixli Qərarının 8.4-3-cü bəndinə əsasən, Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Qanunvericilik nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2, Azərbaycan Respublikası MPM-nin 232.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından borclu X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-7)-81/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-7)-81/2026
23.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver