Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 8(3-7)-89/2026 12.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X5 (məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından tələbkar Tələbkar İmran qızı (bundan sonra – tələbkar) tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları
1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli icra sənədinə əsasən ##.##.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Borclu ##.##.2021-ci il tarixdən hesablanmaqla hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkara ödənilməlidir. İcra sənədi icra olunması üçün ##.##.2023cü il tarixində Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəlmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün müddət müəyyən edilmişdir.
2. Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olan ##.##.2026-cı il tarixli ərizədən görünür ki, Borclu aliment borcu 2026-cı ilin iyun ayı daxil olmaqla 1927 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
3. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2021ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
4. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli icra sənədinə əsasən ##.##.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Borclu ##.##.2021-ci il tarixdən hesablanmaqla hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Tələbkar İmran qızına ödənilməlidir. İcra sənədi icra olunması üçün ##.##.2023-cü il tarixində Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəlmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün müddət müəyyən edilmişdir. Lakin borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
5. Məhkəmə iclasında tələbkar borclunun 2000 manat məbləğində borcunun olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, borclu xəstəliyi ilə bağlı ölkə xaricinə müalicəyə getmək istəyirsə borcunu ödəyib sonra getməlidir. Odur ki, təqdimatın təmin olunmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında borclu təqdimata etiraz edərək təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, onun borcu yoxdur, düzgün hesablama aparılmamışdır. Həmçinin xəstəliyi ilə bağlı müalicə üçün Rusiya Federasiyasına getməlidir. Odur ki, təqdimatın təmin olunmamasını xahiş etmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
8. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı (hakim – Nərgiz Məmmədova) ilə, təqdimatın təmin edilməməsi qərara alınmışdır.
9. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsasındırmışdır ki, borclunun ölkədən çıxması ilə icra sənədinin icrasının mümkünsüz olacağı nəticəsinə gəlmək mümkün deyil. Digər tərəfdən göstərilən məhdudiyyətin qoyulmasının icra sənədinin icrası üçün hansısa əsas yarada biləcəyi qeyri müəyyəndir.
10. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respubliksı Konstitusiyasının 28-ci maddəsinin III hissəsinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2 və 84-1.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2012-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267- 268-ci maddələrinə istinadən əsaslandırmışdır.
11. Qərardaddan narazı qalan tələbkar şikayət verərək, qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir.
12. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Qərardaddan şikayətinin dəlilləri
13. Qərardad qanunsuz və əsassızdır. Belə ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının əsası kimi icra sənədinin könüllü icra üçün müəyyən edilmiş vaxtda üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulsa da, borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi, icra sənədinin icra olunmasi üçün görülmüş digər məcburi icra tədbirlərinin nəticə verməməsi, icra sənədinin icra olunmasi üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının zəruriliyi əsaslandirilmamiş və həmin hallari təsdiq edən sənədlər təqdimata əlavə edilməmişdir. Şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması qarşıya qoyulan məqsədəmütənasib (demokratik cəmiyyətdə zərurilik testi) olmali, təxirəsalinmaz sosial ehtiyaca cavab verməlidir. Goranboy Rayon İcra və Probasiya şöbəsinin ##.##.2026-cı il tarixli qərarında göstərilmişdir ki, Borclu 2000 manat borcu vardır. Borclunun Goranboy Rayon İcra və Probasiya şöbəsinə vermiş olduğu ##.##.2023-cü il tarixli izahatından da aydın görünür ki, borclu həqiqətən də 2000 manat aliment borcu olduğunu etiraf edir. Bundan əlavə Gəncə Şəhəri üzrə İcra idarəsinin icra məmurunun borclunun əmlak və gəlir məlumatları barədə vermiş olduğu elektron sorğudan da aydın görünür ki, borclu Borclu adına heç bir daşınmaz və daşınar əmlak aşkar edilməmiş, əmək haqqı, pensiya, təqaüd və sair gəlirləri barədə məlumat aşkar edilməmişdir. Odur ki, hesab edir ki, icra məmurunun vermiş olduğu təqdimat əsaslı olduğundan təmin olunmalıdır.
b) Qərardaddan şikayətə qarşı etirazın dəlilləri
14. Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
15. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.
16. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
17. Maddə 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.1. Məhkəmələr tərəfindən : Azərbaycan Respublikası məhkəmələrinin qərarları; iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları; məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi; xarici və yerli arbitraj məhkəmələrinin qərarları; xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarları əsasında verilən icra vərəqələri. ...
18. Maddə 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi “Elektron icra” informasiya sistemi ilə inteqrasiya olunmuş “Elektron məhkəmə”, “Elektron notariat” və digər dövlət orqanlarının (qurumlarının) müvafiq informasiya ehtiyatları və sistemləri vasitəsilə icraya yönəldilir. İnformasiya ehtiyatları və sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) və bələdiyyələr icra sənədlərini “Elektron icra” informasiya sistemində həmin dövlət orqanları (qurumları) və bələdiyyələr üçün yaradılmış elektron kabinetlərdə yerləşdirməklə icraya yönəldirlər.
19. Maddə 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.
20. Maddə 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu
21. Maddə 5. Məhkəmələrin qərarları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
“Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2017-ci il tarixli Qərarı
22. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
24. Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.
25. Maddə 231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır.
26. Maddə 231.3-1. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır.
27. Maddə 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır.
28. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: ... 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; ...
Apellyasiya baxışının hədləri
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası MPM və ya MPM) 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
31. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
32. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – məhkəmə kollegiyası) qeyd edir ki, tələbkar qərardadın ləğv edilməsini xahiş edir. Odur ki, məhkəmə kollegiyası, MPM-in 372.6-ci maddəsinin tələbindən çıxış edərək qərardadın əsaslılığını tam şəkildə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad tam ləğv edilməli və təqimat təmin edilməlidir.
34. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin maddənin məzmunundan göründüyü kimi, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: -məhkəmənin qərarı əsasında verilmiş icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra sənədinin icra edilməməsi; -icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi; -borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruriliyinin icra məmurunun təqdimatında əsaslandırılması.
35. Bu əsaslardan hər hansı birinin olmaması borclunun ölkədən getmək hüququnun məhdudlaşdırması barədə tələbin kifayət qədər əsaslı olmadığı barədə nəticəyə gəlməyə əsas verir.
36. Baxılan təqdimatla bağlı işdə, borclu X2 ölkədən getmək hüququnun məhdudlaşdırması üçün qanunda göstərilən bu cür əsaslar vardır və birinci instansiya məhkəməsi təqdimatı təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
37. Belə ki, iş materiallarından müəyyən olunur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli icra sənədinə əsasən ##.##.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu ##.##.2021-ci il tarixdən hesablanmaqla hər ay 150 manat sabit pul məbləğində aliment tutulması və tələbkara ödənilməsi müəyyən edilmişdir. Həmin icra sənədi ##.##.2023-cü il tarixdə icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, icraata başlanılması haqqında qərar qəbul edilmiş və həmin qərarın surəti bildirişlə borcluya göndərilərək icra sənədində göstərilən tələbin könüllü icrası üçün müddət müəyyən edilmişdir.
38. Bununla belə, müəyyən edilmiş müddət ərzində borclu tərəfindən məhkəmə aktından irəli gələn öhdəlik icra edilməmişdir. İcra məmurunun təqdimatından görünür ki, icra sənədinin könüllü icrası təmin edilmədikdən sonra borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə aidiyyəti təşkilatlara müvafiq sorğular göndərilmiş, lakin icra sənədi üzrə tələbin yönəldilə biləcəyi borcluya məxsus əmlak və gəlirlər aşkar edilməmiş və həmin tarixdən təqdimatın verildiyi vaxtadək icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Eyni zamanda, Gəncə şəhəri üzrə İcra İdarəsinin ##.##.2026-cı il tarixli ərizəsinə əsasən, borclunun 2026-cı ilin iyun ayı daxil olmaqla aliment borcu 1927 manat təşkil etmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, aliment öhdəliyi öz mahiyyətinə görə borclunun şəxsi mülahizəsindən və ya iradəsindən asılı olan adi mülki öhdəlik deyil. Bu öhdəlik qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş və yetkinlik yaşına çatmayan şəxsin saxlanılması ilə bağlı yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə də qanuni qüvvəyə minmiş məhkəmə qərarları Azərbaycan Respublikasının bütün ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır.
40. Bu baxımdan, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasının uzun müddət təmin edilməməsi yalnız borclu ilə tələbkar arasındakı münasibətə aid məsələ olmayıb, həm də məhkəmə müdafiəsinin səmərəliliyi və məhkəmə aktlarının məcburiliyi prinsipi ilə birbaşa bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair ## ####### 2017-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir və onun vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz edə bilər.
41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “borclunun ölkədən çıxması ilə icra sənədinin icrasının mümkünsüz olacağı nəticəsinə gəlmək mümkün deyil” və “göstərilən məhdudiyyətin qoyulmasının icra sənədinin icrası üçün hansısa əsas yarada biləcəyi qeyri-müəyyəndir” məzmunlu nəticəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin məqsədi və tətbiq şərtləri ilə uzlaşmır. Belə ki, həmin normanın tətbiqi üçün borclunun ölkədən çıxmasının icra sənədinin icrasını mütləq və faktiki olaraq mümkünsüz edəcəyinin əvvəlcədən sübuta yetirilməsi tələb olunmur. Qanunun məqsədi məhkəmə aktının icrasının təmin edilməsi üçün borclunun ölkədən getmək imkanının müəyyən müddət ərzində məhdudlaşdırılması yolu ilə icradan yayınma riskinin aradan qaldırılması və icra prosesinin səmərəliliyinin təmin edilməsidir.
42. Əks yanaşma həmin hüquqi tədbirin tətbiqini yalnız o halda mümkün hesab etməyə gətirib çıxarardı ki, borclunun ölkədən çıxması nəticəsində icra sənədinin icrasının artıq faktiki olaraq qeyri-mümkün olduğu sübuta yetirilsin. Halbuki, qanunverici belə bir şərt müəyyən etməmiş, əksinə, icra sənədinin könüllü icra müddətində üzrsüz səbəbdən icra edilməməsini və icra məmurunun əsaslandırılmış təqdimatını ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün hüquqi əsas kimi müəyyən etmişdir.
43. Hazırkı işdə isə icra sənədinin könüllü icrası üçün borcluya müddət verildiyi, həmin müddətdə icra sənədinin icra edilmədiyi, icra sənədindən irəli gələn aliment öhdəliyinin uzun müddət ərzində tam yerinə yetirilmədiyi və 2026-cı ilin iyun ayı daxil olmaqla 1927 manat məbləğində aliment borcunun yarandığı iş materialları ilə təsdiq olunur. Bundan başqa, icra məmuru tərəfindən borclunun əmlak və gəlirlərinin müəyyən edilməsi istiqamətində tədbirlər görülsə də, tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Bu hallar məhkəmə qərarının icrasının təmin edilməsində faktiki çətinliklərin mövcud olduğunu göstərir.
44. Borclu birinci instansiya məhkəməsinin iclasında borcunun olmadığını və hesablamanın düzgün aparılmadığını bildirsə də, onun bu etirazını təsdiq edən hər hansı mötəbər sübut iş materiallarına təqdim edilməmişdir. Əksinə, icra sənədinin icrası ilə bağlı icra orqanında aparılmış hesablamaya əsasən borcun mövcudluğu müəyyən edilmişdir. Borclunun xəstəliyi ilə əlaqədar Rusiya Federasiyasına müalicə məqsədilə getmək niyyətində olması da özlüyündə məhkəmə qərarı ilə müəyyən edilmiş aliment öhdəliyinin icrasını aradan qaldırmır və “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsində nəzərdə tutulmuş hüquqi əsasların mövcudluğunu istisna etmir.
45. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması mütləq və daimi xarakter daşıyan qadağa olmayıb, icra sənədinin icrasının təmin edilməsinə yönəlmiş müvəqqəti icra tədbiridir. Bu tədbirin tətbiqi borclunun məhkəmə qərarı ilə müəyyən edilmiş öhdəliyi yerinə yetirməsi və icra sənədinin icrasının təmin olunması ilə bağlı olaraq aradan qalxa bilər. Buna görə də belə məhdudiyyət borclunun Konstitusiya ilə qorunan sərbəst hərəkət etmək və ölkədən getmək hüququna müdaxilə etsə də, qanunla nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda, məhkəmə aktının icrasının təmin edilməsi kimi legitim məqsədə xidmət edir.
46. Bu baxımdan, hazırkı iş üzrə məhdudiyyətin tətbiqi məqsədəuyğunluq, zərurilik və mütənasiblik baxımından da qiymətləndirilməlidir. İş materiallarından görünür ki, borclu məhkəmə qərarı ilə müəyyən edilmiş aliment öhdəliyini könüllü icra etməmiş, icra sənədinin icrası üçün həyata keçirilmiş tədbirlər nəticəsində onun adına tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmiş, buna görə də məhkəmə aktının icrasının təmin edilməsi üçün əlavə icra tədbirinin tətbiqinə zərurət yaranmışdır. Bu şəraitdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra sənədinin icrasını təmin etməyə yönəlmiş və mövcud hallarla şərtlənən tədbir kimi qiymətləndirilməlidir.
47. Qeyd olunmalıdır ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2006-cı il tarixli * nömrəli qərarının 6-cı bəndində deyilir ki, «mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən, Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar».
48. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı iş “də (## #### 1997-ci il) qeyd edilmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində tutulan “məhkəmə baxışına hüquq” xəyali xarakter alacaqdır.
49. Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» ## ### 2002-ci il tarixli qərarında da göstərmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur.
50. Bu müddəalar məhkəmə aktının vaxtında icrasını təmin etmək məqsədinə xidmət edən məcburiyyət tədbirlərinin tətbiq olunmasını şərtləndirir.
51. Lakin, eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının azadlıq hüququnu təsbit edən 28-ci maddəsinin III hissəsinə görə qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.
52. Göründüyü kimi, ölkədən getmək hüququnun məhdudlaşdırılması Konstitusiyada nəzərdə tutulmuş fundamental hüquq olan azadlıq hüququnun tərkib hissəsidir.
53. Həmin maddənin II hissəsində göstərilir ki, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.
54. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin ikinci hissəsinə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
55. Bu baxımdan borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması onun konstitusiya əhəmiyyətli hüquqlarına müdaxilə elementini özündə ehtiva edir. Bu cür müdaxilə isə qanunilik və ədalətli tarazlıq prinsiplərinə cavab verməlidir. Qanunilik prinsipi o deməkdir ki, məhdudlaşdırmanın qanuni əsasları olmalı, qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmalıdır. «Ədalətli balans» prinsipi özlüyündə müdaxilə edilən hüquqa nisbətdə ona bərabər marağın mövcudluğunu nəzərdə tutur. Ölkədən getmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, bu tədbir tətbiq edilərkən, tətbiq edilən vasitə ilə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır.
56. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmənin baxılan qərarı, bu prinsiplərə cavab verir. Çünki, borclu üçün tətbiq olunan məhdudlaşdırma uşaqların aliment hüquqlarının təmin olunması ilə bağlıdır.
57. Nəticə etibarilə, birinci instansiya məhkəməsi təqdimatın təmin edilməməsi barədə nəticəyə gələrkən iş üçün mühüm əhəmiyyət kəsb edən halları, o cümlədən icra sənədinin uzun müddət ərzində icra edilməməsini, borclunun yaranmış aliment borcunu, icra tədbirləri nəticəsində onun əmlak və gəlirlərinin aşkar edilməməsini və məhkəmə qərarının icrasının faktiki olaraq təmin olunmamasını lazımi qaydada qiymətləndirməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və tətbiq edilməli hüquq normalarına uyğun hesab edilə bilməz.
58. Beləliklə, məhkəmə kollegiyası iş materiallarının məcmu halında qiymətləndirilməsi nəticəsində belə qənaətə gəlir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1ci maddəsində müəyyən edilmiş hüquqi şərtlər hazırkı iş üzrə mövcuddur və icra məmurunun təqdimatı əsaslıdır. Birinci instansiya məhkəməsi həmin təqdimatı təmin etməməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Yuxarıda şərh olunan və qeyd edilən hallara əsasən, məhkəmə kollegiyası hesab edir ki, tələbkar tərəfindən verilmiş şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli,
59. *(*-***)-***/**** nömrəli qərardadı tam ləğv edilməli, yeni qərardad çıxarılmaqla təqdimat təmin edilməlidir.
60. Azərbaycan Respublikası MPM-in 398.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəmənin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır.
61. Eyni zamanda, məhkəmə qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir.
62. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
63. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 232, 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
Tələbkar Tələbkar İmran qızı tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı tam ləğv edilsin və iş üzrə yeni qərardad çıxarılsın. Təqdimat təmin edilsin. Goranboy rayonu, Baxçakürd kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.