Məhkəmə qərarları › İş №8(3-8)-100/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-100/2026

13.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-100/2026 13.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Məmmədov Fuad Əli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X3 ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Işin halları:

1. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinə əsasən cavabdeh Borclu iddiaçı Tələbkar ASC-nin xeyrinə 3036.69 manat məbləğində pul tutulmalıdır.

2. Sumqayıt şəhəri üzrə Icra idarəsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.

3. Sumqayıt şəhəri üzrə Icra idarəsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, borclu Borclu 212.57 manat icra ödənişinin tutulması qərara alınmışdır.

4. Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadından borclu X1 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır.

5. Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri üzrə Icra idarəsinin icra məmuru Ramil Babayev tərəfındən qəbul edilmiş ##.##.2025-ci il tarixli “borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə” qərarın qanunsuz hesab edilərək ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı (hakim Pərvin Imamverdiyeva) ilə borclu Borclu Sumqayıt şəhəri üzrə Icra idarəsinin icra məmuru Ramil Babayev tərəfındən qəbul edilmiş ##.##.2025-ci il tarixli “borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə” qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi qərara alınmışdır.

7. Həmin qərardaddan borclu Borclu şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsini, borclu Borclu Sumqayıt şəhəri üzrə Icra Idarəsinin icra məmuru tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli “borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə” qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə şikayətinin təmin olunması və mübahisələndirilən qərarın qanunsuz hesab edilərək ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı (hakim Pərvin Imamverdiyeva) ilə şikayət təmin edilməmiş, borclu Borclu Sumqayıt Şəhər Məhkəməsinin 8(5-155)- ***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından verdiyi şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Şikayətin dəlilləri:

9. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi “Icra haqqında” Qanunun 8.2-ci maddəsini formal şəkildə tətbiq etmiş, lakin həmin normanın hüquqi mahiyyətini və məqsədini nəzərə almamışdır. Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icraata başlama haqqında qərarda borcluya könüllü icra üçün müddət müəyyən etməli və bu barədə borclunu məlumatlandırmalıdır. Qanunverici həmin normanı təsadüfi olaraq müəyyən etməmişdir. Bu norma borclunun məhkəmə qərarını dövlət məcburiyyəti tətbiq edilmədən, könüllü şəkildə icra etmək hüququnun təmin edilməsinə xidmət edir. Könüllü icra hüququ isə yalnız borclunun bu hüquqdan real istifadə etmək imkanı olduğu halda həyata keçirilə bilər. Hazırkı işdə isə iş materiallarında icraata başlama haqqında qərarın və könüllü icra müddətinin borcluya təqdim edilməsini təsdiq edən heç bir sübut mövcud olmadığı halda məhkəmə həmin hüquqi faktı sübut olunmuş hesab etmişdir. Beləliklə, maddənin tətbiqi üçün zəruri olan hüquqi fakt müəyyən edilmədən norma tətbiq edilmişdir ki, bu da maddi hüququn düzgün tətbiq edilməməsi deməkdir. Birinci instansiya məhkəməsi borclunun icraata başlanılması haqqında ##.##.2025-ci il tarixli qərardan və könüllü icra müddətindən xəbərdar olduğu nəticəsinə gəlsə də, iş materiallarında həmin qərarın və bildirişin borcluya təqdim edilməsini təsdiq edən heç bir sübut mövcud deyildir. Məhkəmə qərarda poçt göndərişi, elektron bildiriş, təhvil aktı və ya digər təsdiqedici sənədə istinad etməmişdir. Buna baxmayaraq, həmin hüquqi fakt sübut olunmuş hesab edilmişdir ki, bu da MPM-in 77.1 və 88-ci maddələrinin tələblərinə ziddir. Borclunun icraata başlanılması haqqında qərardan və könüllü icra müddətindən qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsi. “Icra haqqında” Qanunun 78.1-ci maddəsinə əsasən icra ödənişinin tutulması üçün borcluya əvvəlcə könüllü icra müddəti verilməli və bu müddət barədə o, lazımi qaydada məlumatlandırılmalıdır. Lakin məhkəmə həmin ilkin hüquqi şərtlərin mövcudluğunu müəyyən etmədən birbaşa borclunun könüllü icradan yayındığı qənaətinə gəlmişdir. Könüllü icra hüququnun yaranmasını təsdiq edən hüquqi faktlar sübut olunmadan onun həyata keçirilmədiyi barədə nəticə çıxarılması hüquqi cəhətdən əsassızdır. Məhkəmə icra məmurunun qanunvericilikdə nəzərdə tutulmuş bütün prosessual vəzifələri yerinə yetirdiyi qənaətinə gəlsə də, bu nəticəni təsdiq edən konkret sübutları göstərməmişdir. Xüsusilə, icraata başlama haqqında qərarın borcluya hansı tarixdə, hansı qaydada və hansı vasitə ilə təqdim olunması müəyyən edilməmişdir. Həmin hüquqi fakt sübut edilmədən icra məmurunun hərəkətlərinin qanuni hesab edilməsi MPM-in sübutetmə qaydalarına uyğun deyildir. Məhkəmə mübahisələndirilən qərarın qanuni olduğunu göstərsə də, həmin qərarın qəbul edilməsinə əsas verən hüquqi şərtlərin mövcudluğunu təsdiq edən sübutları araşdırmamışdır. Icra ödənişinin tutulmasının qanuniliyi yalnız icraata başlanılması, könüllü icra müddətinin verilməsi, borclunun bu barədə məlumatlandırılması və həmin müddətin nəticəsiz başa çatmasının sübut edilməsi ilə mümkündür. Bu hüquqi faktlar sübuta yetirilmədiyi halda qərarın qanuni hesab edilməsi sübutlarla təsdiqlənmir. Məhkəmə yalnız borclunun mülki iş üzrə məhkəmə bildirişini qəbul etməsinə istinad edərək onun sonrakı icra icraatından da məlumatlı olduğu qənaətinə gəlmişdir. Halbuki iş materiallarında icra icraatı üzrə ayrıca bildirişlərin təqdim edilməsini təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə iki fərqli hüquqi faktı eyniləşdirmiş və bunu sübut olunmuş hal kimi qəbul etmişdir. Bu nəticə işdə olan sübutlardan irəli gəlmir və hüquqi baxımdan əsaslandırılmış hesab edilə bilməz. Birinci instansiya məhkəməsi borclunun icra sənədindən xəbərdar olmasını əsas götürərək onun icraata başlanılması haqqında qərardan və könüllü icra müddətindən də xəbərdar olduğu qənaətinə gəlmişdir. Lakin bu nəticə işin faktiki hallarına uyğun deyildir. Mülki iş üzrə məhkəməbildirişinin və ya qətnamənin mövcudluğu borclunun sonrakı icra icraatı barədə məlumatlandırılması anlamına gəlmir. Icra sənədinin verilməsi, icraata başlanılması, borcluya könüllü icra müddətinin müəyyən edilməsi və həmin müddətin ona bildirilməsi ayrı-ayrı hüquqi mərhələlərdir. Iş materiallarında isə icraata başlanılması haqqında qərarın və könüllü icra müddətinin borcluya təqdim edilməsini təsdiq edən sübut mövcud deyildir. Məhkəmə icra məmurunun hərəkətlərində hər hansı qanun pozuntusunun olmadığını göstərsə də, bu nəticə də işin hallarına uyğun gəlmir. Şikayət ərizəsində icraata başlama haqqında qərarın, könüllü icra müddətinin və ##.##.2025-ci il tarixli icra ödənişi barədə qərarın borcluya təqdim edilmədiyi, həmin sənədlərin təqdim edilməsini təsdiq edən poçt qəbzi, elektron bildiriş, təhvil aktı və ya digər sübutların mövcud olmadığı göstərilmişdir. Məhkəmə isə bu dəlilləri təkzib edən konkret sübut göstərmədən icra məmurunun hərəkətlərini qanuni hesab etmişdir. Beləliklə, məhkəmənin nəticəsi işdə olan sübutlardan deyil, sübut olunmamış ehtimallardan irəli gəlmişdir. Məhkəmənin borclunun könüllü icra müddətində üzrsüz səbəbdən icra sənədini icra etməməsi barədə nəticəsi də işin faktiki hallarına uyğun deyildir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinin tətbiqi üçün ilk növbədə borcluya könüllü icra müddətinin verilməsi və həmin müddət barədə onun qanuni qaydada məlumatlandırılması sübuta yetirilməlidir. Bu ilkin hüquqi şərtlər müəyyən edilmədən şəxsin könüllü icradan yayındığı barədə nəticəyə gəlmək mümkün deyildir. Hazırkı halda isə məhkəmə həmin ilkin şərtləri müəyyən etmədən borclunun üzrsüz səbəbdən icra etmədiyi qənaətinə gəlmişdir. Məhkəmə ##.##.2025-ci il tarixli 7 faiz icra ödənişinin tutulması barədə qərarın qanunvericiliyin tələblərinə uyğun olduğunu göstərsə də, həmin qərarın qəbul edilməsinin əsasını təşkil edən hüquqi şərtlərin mövcudluğunu araşdırmamışdır. Icra ödənişinin qanuni tutulması üçün təkcə icra sənədinin mövcudluğu kifayət etmir. Bunun üçün icraata başlanılması, könüllü icra müddətinin verilməsi, borclunun bu barədə məlumatlandırılması və həmin müddətin nəticəsiz başa çatması sübuta yetirilməlidir. Bu hallar müəyyən edilmədiyi halda icra ödənişinin qanuni hesab edilməsi işin faktiki hallarına uyğun deyil. Bundan əlavə, məhkəmə borclunun sonradan əsas borcun restrukturizasiyası barədə tələbkarla razılığa gəlməsini onun əvvəlki dövrdə könüllü icradan yayındığını təsdiq edən hal kimi qiymətləndirmişdir. Halbuki restrukturizasiya faktı icraata başlanılması haqqında qərarın və könüllü icra müddətinin borcluya vaxtında və qanuni qaydada təqdim edildiyini sübut etmir. Bu hal yalnız tərəflərin sonrakı mərhələdə borcun ödənilməsi ilə bağlı razılığa gəldiyini göstərə bilər və icra ödənişinin tətbiqi üçün zəruri olan ilkin hüquqi şərtlərin mövcudluğunu əvəz edə bilməz. Beləliklə, birinci instansiya məhkəməsinin qərardadda göstərdiyi əsas nəticələr işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə icra icraatının başlanılması və könüllü icra hüququnun təmin olunması ilə bağlı zəruri hüquqi faktları müəyyən etmədən, yalnız icra sənədinin mövcudluğu və sonrakı restrukturizasiya faktı əsasında şikayətin təmin edilməməsi barədə nəticəyə gəlmişdir. Bu isə qərardadın ləğvi üçün müstəqil prosessual əsas yaradır.

Hüquqi məsələlər:

10. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

11. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur.

12. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir.

13. Iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni əsaslı hesab edir.

15. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. (icra sənədinin icraya yönəldiyi vaxt qüvvədə olan redaksiya)

16. Işdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə Borclu Tələbkar ASC-nin xeyrinə 3036,69 manat məbləğində pul tutulması qət edilmiş və həmin qətnamə əsasında icra sənədi icraya yönəldilmişdir. Sumqayıt Şəhəri üzrə Icra idarəsində ##.##.2025-ci il tarixdə icraata başlanılmış və borcluya icra sənədini könüllü icra etmək üçün qanunla müəyyən edilmiş müddət verilmişdir.

17. Lakin iş materiallarından müəyyən olunur ki, borclu icra sənədində göstərilən tələbi könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra etməmişdir. Borclunun həmin müddət ərzində icra sənədini icra etməsinə mane olan üzrlü səbəbin mövcudluğunu təsdiq edən hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. Əksinə, icra sənədinin icra edilməməsi səbəbindən məcburi icra tədbirləri görülmüş, o cümlədən borclunun əmək haqqına tutma yönəldilmiş və icra məmurunun məktubuna əsasən əmək haqqından tutulmalar həyata keçirilmişdir.

18. Borclu icra məmurunun icraata başlama haqqında qərarının və könüllü icra müddəti barədə bildirişinin ona təqdim edilməsinin sübut edilmədiyinə istinad etmişdir.

19. Kollegiya qeyd edir ki, belə halın mövcudluğu eyni zamanda, borclunun icra sənədindən və ödəməli olduğu pul öhdəliyinin varlığından məlumatsız olmasını, əgər məlumatlı olsa idi icra sənədini könüllü icra müddətində icra edəcəyini və əlavə olaraq 7 faiz icra ödənişinin tutulması ilə nəticələnməyəcəyini göstərir.

20. Lakin işin hallarından görünür ki, borclu icra etməli olduğu pul öhdəliyindən, məhkəmənin bu barədə icra sənədindən və icra tədbirlərindən məlumatlı olmuşdur.

21. Belə ki, borclunun əməkhaqqısını alan zaman icra sənədi üzrə icra tədbirlərinin həyata keçirildiyindən məlumatlı olduğunun ##.##.2026-cı il tarixli ərizəsində göstərməsi, icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında ##.##.2025-ci il tarixli qərarı əldə etməsi, həmin qərarın icra üsulu və qaydasının dəyişdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət etməsi kimi hallar onun icra sənədindən və icra hərəkətlərindən məlumatlı olduğunu təsdiq edir.

22. Birinci instansiya məhkəməsi həmçinin göstərmişdir ki, borclunun sonradan tələbkarla razılığa gələrək qalıq borcun restrukturizasiyasına nail olması da icra sənədinin könüllü icra edilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, restrukturizasiya icra sənədinin könüllü icra müddəti başa çatdıqdan və artıq icra icraatına başlanıldıqdan təxminən 1 il 3 ay sonra həyata keçirilmişdir. Bu hal borclunun əvvəlki dövrdə icra sənədini könüllü icra etmədiyi faktını aradan qaldırmır və həmin dövrdə yaranmış icra ödənişinin tutulmasına mane olmur. Bu baxımdan, ##.##.2025-ci il tarixli qərarla 3036,69 manat məbləğində tutulmalı pulun 7 faizi, yəni 212,57 manat məbləğində icra ödənişinin müəyyən edilməsi əsaslıdır.

23. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir.

24. Kollegiya hesab edir ki, icra ödənişinin tutulması üçün əsas, borcun sonradan hansı qaydada ödənilməsi deyil, icra sənədinin könüllü icra üçün müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən icra edilməməsidir.

25. Bundan əlavə, borclunun əmək haqqından məcburi tutulmaların aparılması və sonradan qalıq borcun restrukturizasiya edilməsi icra sənədinin məhz könüllü icra müddətində icra edilməsi anlamına gəlmir. Işdən görünür ki, ümumiyyətlə icra sənədi “Icra haqqında” Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə borclu tərəfindən icra edilməmişdir və nəticədə icra sənədinin məcburi icrasına zərurət yaranmışdır.

26. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Borclu Borclu şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar