Məhkəmə qərarları › İş №8(3-8)-101/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-101/2026

11.08.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-101/2026 11.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim A.Behbudova) Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə borclu Borclu ərizəsi təmin edilməməsi qərara alınmışdır. Borclu Borclu həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, borclu Borclu Sumqayıt Şəhər Məhkəməsinin 8(5-155)- ***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından verdiyi şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARI Borclu Borclu ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icra üsulunun dəyişdirilərək uşağı ##.##.2017-ci il təvəllüdlü X1 üçün Borclu qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin 50 faizinin ##.##.2017-ci il təvəllüdlü X1 adına açılmış bank hesabına köçürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu Borclu Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə Ailə Məcəlləsinin 55.3-cü maddəsini tətbiq etməklə ərizəni təmin etməli idi. Hazırkı vəziyyətdə ##.##.2017-ci il təvəllüdlü X1 üçün Borclu qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin 50 faizinin ##.##.2017-ci il təvəllüdlü X1 adına açılmış bank hesabına köçürülməsi uşağın mənafeyinə zidd deyil. Əksinə onun gələcəyi üçün daha məqsədəmüvafiqdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. İş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, tətbiq edilməli olan qanunun normasını tətbiq etməmişdir. Bununla da borclu şəxsin hüquqlarını kobud şəkildə pozmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını və şikayətinin dəlillərini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsini tələbkar icra üsulunun dəyişdirilməsi kimi qeyd etmiş olduğu tələb qətnamənin icrası qaydasında həll edilməsi mümkün olan hal olmaması, məhkəmə aktının icrasının mümkünsüzlüyü müəyyən edilməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Həmin normadan göründüyü kimi, alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi aliment ödəyən valideynin qanunla nəzərdə tutulmuş hüququ olsa da, bu hüququn həyata keçirilməsi avtomatik xarakter daşımır və məhkəmənin müvafiq qərar qəbul etməsi üçün uşağın mənafeyinə uyğunluq da müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin mənasına görə, işə baxmış məhkəmə işdə iştirak edən şəxsin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icra üsulunu və qaydasını dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının # ###### 2023-cü il tarixli, **/**** nömrəli qərardadında da müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə tutulmuş alimentə münasibətdə Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan məsələ borclunun ərizəsi əsasında MPM-in 231.1-ci maddəsində müəyyən edilmiş icra icraatı qaydasında həll edilməlidir. Həmin qərardadda həmçinin vurğulanmışdır ki, alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmalı və bunu müvafiq sübutlarla təsdiq etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar və müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynin və ya onu əvəz edən şəxsin sərəncamına daxil olur və uşağın saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Bu baxımdan alimentin uşağın faktiki saxlanılması ilə bağlı gündəlik və zəruri xərclərə yönəldilməsi həmin vəsaitin təyinatına uyğundur. İş materiallarından görünür ki, ərizəçi alimentin 50 faizinin uşağın adına açılmış bank hesabına köçürülməsini xahiş etsə də, belə icra qaydasının müəyyən edilməsinin uşağın mənafeyinə daha çox cavab verdiyini təsdiq edən kifayət qədər mötəbər və konkret sübutlar təqdim etməmişdir. Ərizəçinin yalnız aliment məbləğinin uşağın saxlanılması üçün kifayət etdiyi və ya onun müəyyən hissəsinin yığılmasının məqsədəuyğun olması barədə mülahizələri özözlüyündə Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üçün kifayət hesab edilə bilməz. Qeyd olunmalıdır ki, ödənilən aliment məbləğinin yüksək olması və ya uşağın müəyyən yaşayış minimumundan artıq təmin olunması təkbaşına alimentin bir hissəsinin bank hesabına köçürülməsi üçün əsas deyildir. Bu məsələ həll edilərkən uşağın yaşı, təhsili, əlavə təhsil və məşğələlərə cəlb olunması, səhhəti, yaşayış şəraiti, habelə alimentin bir hissəsinin bank hesabında toplanmasının uşağın tam və hərtərəfli inkişafına təsiri nəzərə alınmalıdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarının 8.9-cu bəndində müəyyən edilmişdir ki, alimentin 50 faizdən çox olmayan hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi məsələsinə baxılarkən aliment alan valideynin münasibəti, belə qərarın uşağın gələcəkdə tam və hərtərəfli inkişafına, o cümlədən onun qidalanmasına, təhsilinə və tərbiyəsinə təsiri, uşağın saxlanması, tərbiyəsi və təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada istifadə olunub-olunmaması və digər əhəmiyyətli hallar nəzərə alınmalıdır. Hazırkı iş üzrə isə ərizəçi tərəfindən aliment alan valideynin aliment vəsaitini uşağın saxlanılması, tərbiyəsi və təhsili üçün təyinatından kənar xərcləməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Eyni zamanda, alimentin 50 faizinin bank hesabında saxlanılmasının uşağın mövcud və gələcək mənafelərinə daha çox uyğun olmasını təsdiq edən konkret hallar da müəyyən edilməmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, uşağın saxlanılması üçün alimentin təyin edilməsində əsas məqsəd vəsaitin yığılması deyil, uşağın cari və zəruri maddi ehtiyaclarının, o cümlədən qidalanma, geyim, təhsil, müalicə, yaşayış və tərbiyə xərclərinin təmin edilməsidir. Buna görə də alimentin yarısının uzun müddət uşağın bank hesabında saxlanılması yalnız uşağın həmin vəsaitə cari dövrdə ehtiyacının olmadığı və belə qaydanın onun üstün mənafeyinə uyğun olduğu sübuta yetirildiyi halda məqsədəuyğun hesab edilə bilər. Ərizəçinin alimentin müəyyən edilmiş miqdarda tutulması ilə bağlı qətnamənin icra üsulunun dəyişdirilməsi barədə müraciət etmək hüququ mövcud olsa da, bu hüquqdan istifadə edilməsi üçün qanunda nəzərdə tutulmuş şərtlərin mövcudluğu sübuta yetirilməlidir. Hazırkı işdə isə həmin şərtlərin mövcudluğu müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, gələcəkdə aliment vəsaitinin uşağın mənafeyinə zidd şəkildə və ya təyinatından kənar istifadə edilməsi, yaxud işin digər hallarının dəyişməsi nəticəsində alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsinin onun mənafeyinə uyğun olduğu əsaslandırılarsa, borclunun MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının dəyişdirilməsi barədə yenidən məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Beləliklə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin nəticəsini təkzib etmir, qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və ərizənin təmin edilməməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli və onunla bağlı ## #### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10-8.1., 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli və onunla bağlı ## #### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar