Məhkəmə qərarları › İş №8(3-8)-130/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-130/2026

21.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-130/2026 21.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəni verən şəxs icra qeydi üzrə tutulmuş pul məbləğinin indeksasiya olunması barədə ərizəsinə dair iş üzrə (icra qeydi əsasında tutulmuş pul məbləğinin indeksasiyası) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Ərizəçi Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraçiət edərək, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu Hikmət Süleymanlı tərəfindən ## ###### 2017-ci il tarixli kredit müqaviləsi üzrə ## #### 2019-cu il tarixdə aparılmış icra qeydi ilə Borclu tutulmuş 13000 ABŞ dolları (ödəniş gününə olan Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) pul məbləğinin indeksləşdirilərək 2019-cu ilin iyul ayından 2026-cı ilin iyun ayınadək 154,4 faiz artımı (13000 ABŞ dolları x 1.70 = 22100 AZN x 154,4 % = 34122,4 AZN) nəzərə alınmaqla, cəmi 56222,4 (22100 AZN +34122,4 AZN) manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

2. Ərizəçi Ərizəni verən şəxs ərizəsini onunla əsaslandırılmışdır ki, Xaçmaz şəhər * nömrəli tam orta məktəbdə müəllim işləyən Borclu ondan ## ###### 2017-ci il tarixli kredit müqaviləsinə əsasən ## ###### 2018-ci il tarixədək qaytarmaq şərti ilə 15000 ABŞ dolları məbləğində borc pul götürmüşdür. Borclu əlyazma yazaraq özünə məxsus olan Xudat şəhərində yerləşən “Anar” şadlıq evinin çıxarışının əslini ona verərək pulu qaytarmadığı halda “Anar” şadlıq evinin satılıb borca yönəldilməsinə etiraz etməmişdir. Əgər borcu ödəmədən “Anar” şadlıq evini satarsa, bağışlayarsa və ya girov qoyarsa Azərbaycan Dövlət Qanunvericliyinə əsasən əməlinin dələduzluq əməli kimi hesab olunmasını və buna görə məsuliyyətə cəlb olunmasına etiraz etməmişdir. Borclu borcu ödəmədiyindən Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu Hikmət Süleymanlı tərəfindən ## ###### 2017-ci il tarixli kredit müqaviləsi üzrə ## #### 2019-cu il tarixdə icra qeydi aparılmışdır. Sonradan Borclu “müqavilənin ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda o,(ərizəçi) pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2019cu il tarixli qətnaməsinə əsasən Borclu ilk iddiası təmin edilməmiş, onun qarşılıqlı iddiası təmin olunaraq Borclu 13000 ABŞ dolları məbləğində (ödəniş gününə olan Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) və ödənilmiş dövlət rüsumuna görə 26 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3013/2020 nömrəıli, ## #### 2020-ci il tarixli qətnaməsi ilə Borclu apellyasiya şikayəti qismən təmin edilməmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilmiş və həmin hissədə mülki iş üzrə icraata tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə icra sənədinin olması əsası ilə xitam verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2019-cu il tarixli qətnaməsi ilk iddiaya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- ****/**** nömrəli, ## ###### 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Artıq 9 ildən çox vaxt keçməsinə baxmayaraq Borclu ona olan borcunu ödəmir. Sonradan icra məmuru tələbi borclunun əmək haqqısına yönəltsə də, borclunun əmək haqqından banka olan borc tutulduğundan, onun xeyrinə çox az məbləğdə tutulma aparılır ki, bunun üçün illərlə gözləməlidir. Hazırda icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq məhkəmə qərarı tam icra olunmamışdır (ödənilməmişdir). Borclu icra qeydində müəyyən olunmuş məbləği zamanında ödəyərək icra etsəydi pulu başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borclunun öhdəliyini icra etməməsi səbəbindən və həmin məbləği vaxtında geri qaytarılmadığına görə həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, icra qeydi üzrə ona ödənilməli olan 13000 ABŞ dolları məbləğində pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən anda mövcud olan səviyyədə bərpasına yönəldildiyindən, həmçinin bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla, məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasına əsasən, 2026-cı ilin iyun ayında 2019-cu ilin iyul ayına nisbətən istehlak qiymətləri indeksi 154,4 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 54,4 faiz artmışdır. Qeyd olunanlara əsasən ərizə təmin edilməlidir.

3. Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim A.Qayıbov).

4. Bu qərardaddan ərizəçi Ərizəni verən şəxs şikayət verərək, Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsini və pul məbləğinin indeksasiyası barədə ərizəsinin təmin olunmasını xahiş etmişdir.

5. Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2019-cu il tarixli qətnaməsindən, Bakı Apellyasiya Məhkəməsinin ## #### 2020-ci il tarixli qətnaməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2020-ci il tarixli qərarından müəyyən edilir ki, 13.000 ABŞ dollarının tutulmasına dair qarşılıqlı iddia üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, həmin hissədə tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə icra sənədinin mövcudluğu ilə əlaqədar iş üzrə icraata xitam verilmişdir. Ərizəçi indeksasiyanı notariat orqanı tərəfindən ## #### 2019-cu il tarixdə aparılmış icra qeydi əsasında tələb edir. MPM-in 232.1-ci maddəsinə əsasən indeksasiya işə baxmış məhkəmə tərəfindən qətnamənin icrası zamanı tutulmalı pul məbləğləri üzrə həyata keçirilə bilər. Notariat orqanının icra qeydi məhkəmə aktı olmadığından onun birbaşa indeksasiyası qanunvericilikdə nəzərdə tutulmamışdır.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2007-ci il tarixli qərarına, «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikasinin Qanununun 2-ci maddəsinə və Azərbaycan Respublikası MPM-in 15.2, 232.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Şikayətin dəlilləri

8. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə ərizənin rədd edilməsi barədə əsassız və qanunsuz qərardad qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. MPM-in 232.1-ci maddəsinə əsasən indeksasiyanın işə baxmış məhkəmə tərəfindən qətnamənin icrası zamanı tutulmalı pul məbləğləri üzrə həyata keçirilməsi nəzərdə tutulsa da, Bakı Apellyasiya Məhkəməsinin ## #### 2020-ci il tarixli qərardadına əsasən 13.000 ABŞ dollarının tutulmasına dair qarşılıqlı iddia üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, həmin hissədə tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə icra sənədinin mövcudluğu ilə əlaqədar iş üzrə icraata xitam verilmişdir. Göründüyü Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu Hikmət Süleymanlı tərəfindən ## ###### 2017-ci il tarixli kredit müqaviləsi üzrə ## #### 2019-cu il tarixdə aparılmış icra qeydi məhkəmə qərarına bərabət tutulmuşdur. Bu səbədən eyni predmet və eyni əsaslar üzrə icra sənədinin mövcudluğu ilə əlaqədar iş üzrə icraata xitam verilmişdir, yəni tərəflər arasında qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olması qənaətinə gəlinmişdir. Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ## ###### 2019-cu il tarixli qətnaməsinin hansı səbəbə görə qarşılıqlı iddiaya aid hissədə ləğv edilməsi və həmin hissədə mülki iş üzrə icraata xitam verilməsini araşdırmamışdır. Məhkəmə notariat orqanının icra qeydi məhkəmə aktı olmadığından onun birbaşa indeksasiyasının qanunvericilikdə nəzərdə tutulmadığını qeyd etsə də, Bakı Apellyasiya Məhkəməsinin ## #### 2020-ci il tarixli qərardadı ilə tanış olmamış və qanunun analogiyasını tətbiq etməmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

9. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

12. «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikasinin Qanununun 2-ci maddəsinə əsasən vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin minimum istehlak büdcəsini hesablamaq üçün qəbul edilmiş istehlak malları və xidmətlər səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir.

13. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli Q Ə R A R İ

Apellyasiya baxışının hədləri

14. Şikayətdən görünür ki, şikayətçi Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

15. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadını tam həcmdə yoxlamağı vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası şikayətin dəlillərini və verilmiş etirazları iş materialları ilə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Məhkəmə kollegiyası verilmiş şikayəti əsassız hesab edərək, birinci instansiya məhkəməsinin ərizə üzrə gəldiyi nəticə ilə razılaşır və mövqeyini aşağıdakılarla əsaslandırır .

18. Araşdırılan işdən bəlli oldu ki, ərizəçi Ərizəni verən şəxs məhkəməyə müraciət edərək, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu Hikmət Süleymanlı tərəfindən ## ###### 2017-ci il tarixli kredit müqaviləsi üzrə ## #### 2019-cu il tarixdə aparılmış icra qeydi ilə Borclu tutulmuş 13000 ABŞ dolları pul məbləğinin indeksləşdirilərək 2019-cu ilin iyul ayından 2026-cı ilin iyun ayınadək 154,4 faiz artımı nəzərə alınmaqla, cəmi 56222,4 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

19. Yenə işin müəyyən edilmiş hallarından bəlli olur ki, Bakı Apellyasiya Məhkəməsinin ## #### 2020-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2019-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslar üzrə icra sənədinin olması əsası ilə xitam verilmişdir. Həmin qərardad yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

20. Göründüyü kimi ərizəçi məhkəmə qətnaməsi əsasında tutulan pul məbləğinin deyil, notariusun icra qeydi əsasında tutulan pul məbləğinin indeksasiya edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyası mübahisənin həllini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, II və III hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2025-ci il tarixli Qərarına istinadla əsaslandırmağı zəruri hesab edir.

22. Qeyd olunan Qərarın əsaslandırıcı hissəsində göstərilir ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası institutu qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən effektiv vasitədir. Belə ki, bu hüquq təkcə məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin ədalət mühakiməsi nəticəsində dövlətin adından çıxarılmış qərarın icrasının təmin olunmasını, pozulmuş hüquq və azadlıqların real bərpası imkanını ehtiva edir.

23. O da nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsi həmin Məcəllənin “birinci instansiya məhkəməsində icraat” adlı ikinci bölməsində yerləşməklə, məhz bilavasitə məhkəmənin özü tərəfindən baxılaraq həll olunmuş mübahisə üzrə qəbul edilmiş və Azərbaycan Respublikasının adından çıxarılan yekun məhkəmə aktı əsasında tutulmalı pul məbləğlərinin indeksasiyasını nəzərdə tutur.

24. Konstitusiya Məhkəməsinin Plenumu icra qeydinə əsasən öhdəliklərin yerinə yetirilməməsi, bununla da borcverənin məruz qaldığı zərərin aradan qaldırılması ilə bağlı qeyd edib ki, notariat orqanlarının icra qeydi icra sənədi hesab olunsa da, Azərbaycan Respublikasının adından çıxarılmamaqla məhkəmə aktı sayılmır və tutulmalı olan pul məbləği məhkəmədənkənar proses çərçivəsində müəyyənləşdirilir. Bu baxımdan kreditorun ərizəsi əsasında notariat orqanlarının icra qeydinin birbaşa indeksasiyası imkanı qanunvericilikdə nəzərdə tutulmamışdır. Lakin belə prosessual normanın mövcud olmaması kreditoru icra qeydinin icra edilməməsi nəticəsində yaranmış zərərin ödənilməsini tələb etmək hüququndan məhrum etmir.

25. Plenum Qərarda qeyd edib ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi barəsində verilmiş notariusun icra qeydi üzrə tutulmalı olan pul məbləği borcalan tərəfindən ödənilmədiyi təqdirdə, borcverənin Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən inflyasiya nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır (Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, II və III hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair ## ##### 2025-ci il tarixli Qərar).

26. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli Qərarının nəticə hissəsinin Bənd 1. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Bənd 2. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir.

27. Göründüyü kimi yuxarıda qeyd olunan Plenum Qərarı da məhkəmə qətnaməsi əsasında tutulmalı olan pul məbləğini nəzərdə tutur.

28. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı mövqeyə əsasən hazırkı halda ərizəçinin icra qeydi üzrə ödənilməli məbləğin ödənilməməsinə görə indeksasasiya qaydasında ərizəsi təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

29. Prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Ərizəçi Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Ərizəçi Ərizəni verən şəxs borcverən qismində borc müqaviləsi barəsində verilmiş notariusun icra qeydi üzrə tutulmalı olan pul məbləğinin borcalan tərəfindən ödənilmədiyi təqdirdə Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən inflyasiya nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ izah olunsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar