Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(3-8)-14/2026 12.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Tələbkar tərəfindən verilmiş qətnaməyə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyasına dair iş üzrə QƏRARDAD Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X8 qızının katibliyi ilə, Ərizəçi Tələbkar Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)- 236/2020 nömrəli qətnaməsinə əsasən qət edilmiş aliment məbləğinin indeksasiyasına dair ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-736/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Tələbkar ərizə ilə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqının indeksasiyasına uyğun olaraq və sonrakı artımlar nəzərə alınmaqla qanunamüvafiq formada alimentin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-236/2020 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, xx.xx.2019-cu il tarixdən başlayaraq Borclu xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq ərizəçiyə ödənilməsi, Borclu onunla faktiki ər-arvad münasibətlərindən doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 onun yanında qalmaları barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Ərizəçi himayəsində olan iki yetkinlik yaşına çatan övladları ilə birlikdə Masazır kəndində yaşayır. Övladlarının bütün tələbatını ödəyir və maddi cəhətdən çətinlik çəkir. Borclu kifayət qədər qazancı var, lakin ərizəçiyə olan kinli və qərəzli münasibəti səbəbindən övladlarına baxmır və əlavə maddi yardım göstərmir.
3. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-736/2025 nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) ərizə təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-236/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü Şəldiyev (Nəbizadə) Emil Elməddin oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün Borclu tutulan 130 manat məbləğində alimentin miqdarı xx.xx.2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində indeksasiya olunması qərara alınmışdır.
4. Borclu həmin qərardaddan xx.xx.2026-cı il tarixdə şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-736/2025 nömrəli qərardadının ləğv edilməsi və ərizənin rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(012)-736/2025 nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
6. Şikayət onunla əsaslandırılmışdır ki, minimum əmək haqqının 0.52 misli hazırki dövr üçün 208 manat təşkil edir. O isə qətnamə əsasında hər ay 130 manat ödəyirdi. İşə baxan məhkəmə tərəfindən onun hazırki maddi vəziyyəti nəzərə alınmadan aliment indeksasiya edilmişdir. Hər ay hər uşaq üçün 78 manat, ümumilikdə 156 manat təşkil edir. Bu da əvvəl iki uşaq üçün ödədiyi alimentin yarısından çox təşkil edir. Yəni alimentin qərardadla faktiki olaraq belə bir böyük məbləğdə artması onun maddi vəziyyətinə uyğun deyil və ödənilməsi imkanları xaricindədir. Qanunvericiliyin mənasına əsasən də məhkəmə qərarı icra olunması üçün çıxarılır. Belə bir qərardad da tərəfindən icra olunmadığı təqdirdə, formal bir qərar olmaqla onun əlavə məsuliyyətə cəlb olunmasına səbəb olacaqdır. Xüsusən də qeyd etmişdir ki, alimentlə bağlı 2(012)-236/2020 nömrəli qətnamədən sonra alimentin miqdarı Abşeron Rayon Məhkəməsinin 2(012)-3168/2021 nömrəli qətnaməsi ilə artırılmış və hər ay hər uşaq üçün 150 manat müəyyən edilmişdir. Hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-236/2020 nömrəli qətnaməsinin indeksasiya edilməsi əsassızdır. Bu səbəbdən də Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-736/2025 nömrəli qərardadı ləğv edilməlidir.
b) Şikayətə qarşı etirazın dəlilləri
7. Ərizəçi tərəfindən şikayətə qarşı yazılı etiraz verilməmişdir.
Tətbiq edilən hüquq
Ailə Məcəlləsi
8. Maddə 110. Alimentin indeksasiyası 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
9. Maddə 5. Uşaq mənafelərinin üstünlüyü Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
11. Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
12. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; (...)
14. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
17. Şikayətə əlavə edilmiş sənədlərən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3168/2021 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)- 236/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Tələbkar verilməsi, qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qət edilmişdir.
18. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi aliment məbləğinin indeksasiyasını Abşeron Rayon Məhkəməsinin 2(012)-236/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qət edilən aliment məbləğinə uyğun həyata keçirmişdir. Halbuki, həmin qətnamə ilə tutulan alimentin məbləği məhkəmənin xx.xx.2021-ci il tarixli digər qətnaməsi ilə dəyişdirilmişdir. Göstərilən hal şikayətdə mübahisələndirilmiş, lakin məhkəmə şikayətə baxarkən də bu hala diqqət yetirməmiş, şikayətin bu dəlilinə qiymət verməmişdir.
19. Kollegiya qeyd edir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması MPM-in 385.1-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
20. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-736/2025 nömrəli qərardadı ləğv edilərək, qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-736/2025 nömrəli qərardadı ləğv edilsin. Qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.