Məhkəmə qərarları › İş №8(3-8)-2/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-2/2026

22.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(3-8)-2/2026 22.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar Borclu qarşı iş üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, 8(060)-1238/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə şifahi icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5421/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş 155 manat sabit pul məbləğində aliment miqdarının 2025-ci il üçün Azərbaycan Respublikası ərazisində müəyyən olunmuş minimum əmək haqqının 0.84 misli miqdarında (336 manat) indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu qarşı nikahın ləğvi və aliment tələbinə dair mülki iş Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş və məhkəmənin 2(060)-5421/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Borclu ilə aralarında Ağcabədi rayon VVAQ şöbəsində xx.xx.2007-ci il tarixdə bağlanmış, 213 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş X5, X7 və X3 yetkinlik yaşına çatana qədər onun yanında qalması, 02 may 2018-ci il tarixdən etibarən xx.xx.2003-cü il təvəllüdlü X2, xx.xx.2004-cü il təvəllüdlü X7nun və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində hər birinə 155 manat, ümumilikdə 465 manat miqdarında alimentin Borclu tutularaq ona ödənilməsi qət edilmişdir. Bildirmək istəyir ki, hazırda xx.xx.2003-cü il təvəllüdlü X5 və xx.xx.2004-cü il təvəllüdlü X7 yetkinliş yaşına çatdığından xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 5421/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 155 manat sabit pul məbləğdə alimentin indeksasiya edilməsi zərurəti yaranmışdır. Belə ki, uşağın bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyacı və tələbatı artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5421/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay 155 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, 8(060)-1238/2025 nömrəli qərardadı ilə (hakim Pərvin İmamverdiyeva) ərizənin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5421/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 155 manat sabit pul məbləğində tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.19 misli həddində indeksasiya olunması qərara alınmışdır.

5. Borclu qeyd edilən qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(060)-1238/2025 saylı qərardadının ləğv edilməsi və Tələbkar məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş aliment miqdarının indeksasiya olunmasına dair ərizəsinin baxılmamış saxlanılmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli, 8(060)-1238/2025 nömrəli qərardadı ilə (hakim Aynur Behbudova) Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 1238/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından icra sənədi üzrə Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qət edilmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2026-cı il tarixli, 8(3-8)-2/2026 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2025ci il tarixli, 8(060)-1238/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır.

8. Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində məhkəmənin nəzərinə çatdırmışdır ki, qarşı tərəfə aliment qarşılığında pul, ev və torpaq sahəsi verərək alimenti əvəzləşdirmişdir. Bundan sonra tələbkar icra şöbəsində alimentdən imtina etmişdir. 2022-ci ildə həmin icra sənədinin icrasına xitam verilmişdir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi əsassız olaraq ərizəni qismən təmin etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, alimentin indeksasiyası məsələsi qətnamənin icrası qaydasında baxılan bir məsələ olduğundan bu halda qüvvədə olan icra sənədinin olması mütləqdir. Hazırda icra sənədinə 2022-ci il tarixində xitam verildiyindən həmin icra sənədi üzrə hazırda heç bir icra tədbiri həyata keçirilmir. Belə olduğu halda Sumqayıt Şəhər Məhkəməsinin yuxarıda adı çəkilən qətnaməsi ilə müəyyən edilmiş alimetin məbləği indeksasiya ediləcəyi təqdirdə onun gələcəkdə icrası mümkün olmayacaqdır. Ona görə də hesab edir ki, məhkəmə ərizəni qismən təmin etməkdə yanlışlığa yol vermiş, tələbkarın indeksasiya olunmasını tələb etdiyi məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icrasına xitam verildiyindən Tələbkar Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının indeksasiya olunmasına dair ərizəsi məhkəmə tərəfindən baxılmamış saxlanılmalı idi.

Şikayətə qarşı etirazın dəlilləri

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

11. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, 8(060)-1238/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş edərək qərardadı tam mübahisələndirmişdir. Kollegiya hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, 8(060)-1238/2025 nömrəli qərardadı tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (MPM): Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, 8(060)-1238/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd olunan Qərarda Ali Məhkəmə tərəfindən irəli sürülmüş hüquqi mövqeyə əsaslanaraq ərizənin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçi alimentin 0.625 misli həddində indeksasiya olunmasını xahiş etsə də, alimentin indeksasiyasının onun ilkin müəyyən edildiyi dövr üzrə əmək haqqı məbləği mislində müəyyən edilməsi qanunvericiliyin tələbidir. Yəni indeksasiya sabit pul məbləğində alimentin artırılmasını yox, artıq sabit məbləğində tutulmuş alimentin hazırkı vaxtda ölkə üzrə minimum əmək haqqına uyğunlaşdırılmasını ehtiva edir. Hazırda ərizədə göstərilən hallar indeksasiyanın həmin həddə aparılmasına əsas vermir.

17. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, uşaq üçün əvvəllər 155 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin birdən-birə hazırkı minimum əmək haqqının 1.19 misli həddində artırılması onun vəziyyətinin həddən artıq ağırlaşacağına səbəb olacağı təqdirdə alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir.

18. Məhkəmə qərardadı ilə razılaşmayan Borclu qərardadın ləğv edilməsi və Tələbkar məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş aliment miqdarının indeksasiya olunmasına dair ərizəsinin baxılmamış saxlanılmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyası şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, həmin dəlilləri mübahisələndirilən məhkəmə qərardadının ləğv edilməsi üçün əsas hesab etmir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır.

20. Kollegiya eləcə də apellyantın dəlillərinə münasibət bildirərək qeyd edir ki, alimentin öhdəliyinin minimum əmək haqqının 1,19 misli həddində indeksasiyası nəticəsində artması borclunun maddi vəziyyətində dəyişikliyə, əlverişsiz vəziyyətə düşməsinə səbəb olduğu təqdirdə sonuncunun alimentin azaldılmasına dair iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır.

21. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, 8(060)-1238/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Prosessual qanunvericiliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 360, 398.0.1, 399 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, 8(060)-1238/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar