Məhkəmə qərarları › İş №8(3-8)-21/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-21/2026

23.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(3-8)-21/2026 23.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 (sədrlik edən və məruzəçi), X13 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, X1 Maraqlı şəxs Masazır Bələdiyyəsinin nümayəndəsi X4 iştirakı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə borclu X6 icra sənədi üzrə icraatın dayandırılması barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi X3 məhkəməyə ərizə ilə müraciət edərək icra sənədi üzrə icra hərəkətlərinin dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılıb ki, Masazır qəsəbəsində yerləşən 10 sot torpaq sahəsi üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin 2010-cu il tarixli qıətnaməsi ilə tanınmışdır. Hazırda icra olunan məhkəmə qətnaməsinin məzmunu və icra predmeti aydın deyil. Xüsusilə qətnamə ilə Əmlak Məsələləri Dövlət Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulan öhdəlik tam icra edilməmişdir. Belə ki, ona məxsus olan 10 sot torpaq sahəsinə dair plan və ölçü sənədi ləğv edilmiş, lakin alternativ ünvan-ünvan 1erilməsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, həmin qətnaməyə izah verilməsi barədə ərizəyə baxılanadək qeyd olunan icra sənədi üzrə icra hərəkətləri dayandırılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş X3 ərizənin dəlillərini müdafiə edərək bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin ərizəyə münasibət bildirilənədək qeyd olunan icra sənədi üzrə icraatın dayandırılması zəruridir. Ona görə də ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Masazır Bələdiyyəsinin nümayəndəsi X7 ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası ərizənin dəlillərini, iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki prosessual qanunvericilik hakimə qanunla müəyyən edilmiş halların mövcudluğu halında, çıxardığı qərarın icrasına möhlət vermək hüququ verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 yanvar 2003-cü il tarixli qərarına əsasən qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Apellyasiya kollegiyası ərizəçinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, hazırkı ərizənin əsaslı olub-olmaması yuxarıda qeyd olunan işin (qətnaməyə izah verilməsi barədə ərizənin) nəticəsindən asılı olsa belə, bu hal hazırkı vəziyyətdə verilmiş ərizə əsasında deyil, ən yaxşı halda icra icraatı çərçivəsində həll oluna bilər. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərindən göründüyü kim icra sənədi üzrə icraatın dayandırılmasının iki növü mövcuddur. Birinci, icra üzrə icraatın dayandırılmasının məcburu olduğu hallar (İHQ-n 17-ci maddəsi), ikincisi icraatın dayandırılmasının mümkün olduğu hallar (İHQ-n 18-ci maddəsi) “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: 21.1-ci maddəsinin tələbinə görə bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. 21.2-ci maddəsinin tələbinə görə bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Beləlilkə yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, icra sənədi üzrə icraatın dayandırılması məsələsi yalnız icra məmurunun təqdimatı əsasında müvafiq birinci instansiya məhkəməsi tərəfindən həll edilən məsələdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı qərardaddan kassasiya şikayəti hüququ qanunvericilikdə nəzərdə tutulmadığından, mövcud mülki prosessual prinsiplərə uyğun şəkildə vətəndaşların konstitusion hüququnun geniş mənada təsbiti baxımından hazırkı müraciətə müvafiq birinci instansiya məhkəməsində baxılması, nəticəsindən narazı qalan tərəfin yuxarı instansiya məhkəməsinə şikayətlə müraciət hüququnun tanınması qəbul edilmiş məhkəmə aktının ədalətli və qanuniliyini təmin edəcəkdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda ərizə geri qaytarılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1691/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə borclu X6 icra sənədi üzrə icraatın dayandırılması barədə ərizəsi geri qaytarılsın. X2 eyni məzmunlu ərizəylə icra sənədinin olduğu icra qurumuna müraciət etmək hüququ izah olunsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar