Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(3-8)-25/2026 05.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Tələbkar Novruzova (Həsənova) Kamalə Nüsrət qızının yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün tutulmuş alimentin indeksasiya edilməsi barədə ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2026cı il tarixli, 8(5-155)-19/2026 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Tələbkar Novruzova (Həsənova) Kamalə Nüsrət qızı ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2151/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2013- cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş 175 manat sabit pul məbləğində aliment miqdarının 2025-ci il üçün Azərbaycan Respublikası ərazisində müəyyən olunmuş minimum əmək haqqının 0,507 misli miqdarında (hazırda bir uşaq üçün 400x0,507=202.8 manat) və uşağa görə müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar da nəzərə almaqla indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2151/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddianın qismən təmin edilməsi, iddiaçı X4 ilə cavabdeh Borclu arasında xx.xx.2012-ci il tarixində bağlanmış nikahın pozulması, xx.xx.2016-cı ildə doğulmuş X8 və xx.xx.2013-cü ildə doğulmuş X7 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin cavabdeh Borclu tutularaq iddiaçı X3 ödənilməsi, alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Hesab edir ki, hazırda bu məbləğ indiki reallıqda uşağın saxlanılması üçün kifayət deyildir. Belə ki, təyin olunmuş məbləğ uşağın geyimi, qidalanması, təhsili və s. bu kimi işlərin aparılması üçün faktiki olaraq kifayət etmir. Ona görə də, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2151/2023 saylı, xx.xx.2023-cü il qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunması zərurəti yaranmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 8(5-155)-19/2026 saylı, 16 yanvar 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2151/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Borclu xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində tutulan alimentin məbləğinin hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.51 misli həddində indeksasiya olunması qərara alınmışdır (hakim Pərvin İmamverdiyeva). Borclu etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(5-155)-19/2026 saylı, 16 yanvar 2026-cı il tarixli qərardadının ləğv olunaraq, ərizənin təmin olunmaması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tələbkar Novruzova (Həsənova) Kamalə Nüsrət qızı ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək həmin Məhkəmənin 2(060)- 2151/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə birgə nikahdan xx.xx.2013- cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşınaçatana qədər saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş 175 manat sabit pul məbləğində aliment miqdarının 2025-ci il üçün Azərbaycan Respublikası ərazisində müəyyən olunmuş minimum əmək haqqının 0,507 misli miqdarında (hazırda bir uşaq üçün 400x0,507=202.8 manat) və uşağa görə müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 8(5-155)- 19/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2151/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Borclu xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində tutulan alimentin məbləğinin hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.51 misli həddində indeksasiya olunması qərara alınmışdır. Qeyd etmək istəyir ki, tələbkar Novruzova (Həsənova) Kamalə Nüsrət qızının ərizəsinə maddi və prosessual normaların pozulması ilə, eləcə də işin faktiki hallarının tam müəyyən edilməməsi ilə baxılmışdır. Bunun da məntiqi nəticəsi olaraq ərizənin təmin edilməsinə dair xx.xx.2026-cı il tarixli 8(5- 155)-19/2026 saylı qanunsuz və əsassız qərardad qəbul edilmişdir. Bu hal isə borclu olaraq hüquqlarını əhəmiyyətli şəkildə pozduğundan və reallıqda baş verənlər qərardadda təhrif olunduğundan apellyasiya qaydasında ləğv edilməlidir. İşin faktiki halları ilə bağlı məhkəməyə bildirilir ki, o, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsində anbardar vəzifəsində işləyir və bütün vergi ödənişləri çıxıldıqdan sonra aldığım xalis (net) əmək haqqı 365.64 manat təşkil edir. Eyni zamanda “qazanc əldə etmək qabiliyyətinə malik olan, lakin buna təşəbbüs göstərməyən şəxs” hesab edilə bilməz, çünki sağlamlığı, hərəkət məhdudiyətli olmağı əlavə işlərlə məşğul olmağına imkan vermir. Bundan əlavə, qeyd edir ki, xx.xx.2025-ci tarixində rəsmi qaydada nikaha daxil olmuşdur. Bu nikahdan iyun ayında övladı dünyaya gələcək. Göründüyü kimi, hər ay 408 manat ödəməyi mümkünsüzdür. Lakin Məhkəmə 8(5-155)-19/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı qəbul edərkən aylıq əmək haqqının 367.90 manat olmasını, hərəkət məhdudiyətli olduğundan gəlir əldə etmək üçün başqa fəaliyyətlə məşğul olmaq imkanından məhrum olduğunu, eyni zamanda müalicə xərclərinin olduğunu, qazancının isə bütün bunlara kifayət etmədiyini nəzərə almamışdır. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(5-155)-19/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadının ləğv edilərək Novruzova (Həsənova) Kamalə Nüsrət qızının yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün tutulmuş alimentin indeksasiya edilməsi barədə ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini, əks halda şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2026-cı il tarixli, 8(5-155)-19/2026 nömrəli qərardadı ilə Borclu etibarnamə üzrə nümayəndəsi Nümayəndə Sumqayıt Şəhər Məhkəməsinin 8(5-155)-19/2026 saylı, 16 yanvar 2026-cı il tarixli qərardadından xx.xx.2026-cı il tarixdə verdiyi şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Pərvin İmamverdiyeva). Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(3-8)-25/2026 nömrəli qərardadı ilə şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2151/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 saylı Qərarının 1.2.1-ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.4-2-ci bəndinə aşağıdakı məzmunda 8.4-2 yarımbəndlər yarımbənd əlavə edilmişdir: 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). xx.xx.2023-cü il tarixdə, yəni birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı vaxt ölkə üzrə minimum əmək haqqı 345 manat müəyyən edilmişdir. 175 manat məbləğdə aliment 2023-cü il üçün minimum əmək haqqının 0.51 misli (175 : 345 ≈ 0.51) həddində olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda da, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilir. Bu halda sabit pul məbləğində tutulan alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınır. Hazırkı halda da birinci instansiya məhkəməsi uşağın saxlanması üçün borcludan tələbkarın xeyrinə tutulan alimentin məbləğinin konkret rəqəmlə deyil, məbləğin sonrakı indeksasiyası nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının misli həddində ifadə edilməli olması qənaətinə gəlmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarından müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2151/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. X6 (Həsənova) alimentin indeksasiyasının həyata keçirilməsini xahiş edir. Göründüyü kimi alimentin indeksasiya olunması üçün maddi hüquqi əsas vardır və indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2151/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hər ay hər uşağa görə 175 manat məbləğdə müəyyən edilmişdir. 2023-cü il üçün ölkə üzrə minimum əmək haqqı 345 manat müəyyən edilmişdir. 175 manat məbləğdə aliment 2023-cü il üçün minimum əmək haqqının 0.51 misli (175 : 345 ≈ 0.51) həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.51 misli həddində indeksasiya olunmalıdır. Məhkəmə borclunun nümayəndəsinin izahatında göstərilən hallara münasibətə qeyd etmişdir ki, yuxarıda sadalanan qanuni əsaslarla indeksasiya sabit pul məbləğində alimentin tutulmasını yox, artıq sabit məbləğində tutulmuş alimentin hazırkı vaxtda ölkə üzrə minimum əmək haqqına uyğunlaşdırılmasını ehtiva edir. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, hazırkı vaxtadək hər uşaq üçün 175 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin birdən-birə hazırkı minimum əmək haqqının 0.51 misli həddində artırılması onun vəziyyətinin həddən artıq ağırlaşacağına səbəb olacağı təqdirdə alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşsa da, qeyd edir ki, hazırkı məhkəmə qərardadı ilə indeksasiya olunan aliment məbləğinin hansı tarixdən hesablanmalı olmasına məhkəmə münasibət bildirməmişdir. Aliment məbləğinin hansı tarixdən hesablanmalı olmasına münasibətdə kollegiya qeyd edir ki, yuxarıda istinad edilmiş “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının 8.11-1-ci bəndinə əsasən, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təyin olunmuş alimentin məbləğinin indeksasiyası ərizə ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 07 yanvar 2026-cı il tarixdən hesablanmalıdır. Şikayətin dəlilləri ilə bağlı isə kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırki icraat artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutulan sabit pul məbləğində alimentin qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına uyğun olaraq indeksasiyası ilə bağlıdır, aliment miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) ilə bağlı deyil. Kollegiya həmçinin izah edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsininin tələblərinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması məhkəmə tərəfindən alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsinə əsas ola bilər. Bu məqsədlə tərəflərdən istənilən biri məhkəməyə iddia ilə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2026-cı il tarixli, 8(5-155)-19/2026 nömrəli qərardadı dəyişdirilsin. 07 yanvar 2026-cı il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2151/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,51 (sıfır tam yüzdə əlli bir) misli həddində sabit pul məbləğində indeksasiya edilməklə Borclu tutularaq Novruzova (Həsənova) Kamalə Nüsrət qızına ödənilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-8)-25/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-25/2026
05.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver