Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(3-8)-27/2026 10.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Tələbkar yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X1 üçün tutulmuş alimentin indeksasiya edilməsi barədə ərizəsinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(5-155)-68/2026 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında iclasında baxaraq MÜƏYYƏNETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3279/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamə ilə Borclu xx.xx.2010-cu il təvəllüdlü X2 üçün Tələbkar xeyrinə tutulan alimentin miqdarının sonrakı artımlar nəzərə alınmaqla cari il üçün ölkə üzrə müəyyən olunmuş minin əmək haqqına nisbətdə hər uşaq üçün (400 x 0.68) indeksasiya edilərək müəyyən edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3279/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1249/2018 saylı, 05 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilərək cavabdeh tutulan alimentin məbləği bir uşağa görə 154 manat olmaqla, ümumilikdə 308 manat məbləği müəyyən edilmişdir. Hal-hazırda övladının biri, yəni oğlu Ülvi yetkinlik yaşına çatmışdır. Bildirmək istəyir ki, hazırda övladlarının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Hesab edir ki, uşaqların böyüməsi ilə əlaqədar onların ehtiyaclarını ödəmək üçün uşağa 154 manat aliment kifayət etmir. Sumqayıt Şəhər Məhkəməsinin 8(5-155)-68/2026 saylı, 30 yanvar 2026-cı il tarixli qərardadı ilə (hakim Pərvin İmamverdiyeva) ərizə qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3279/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində tutulan alimentin məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3279/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə hər ay 154 manat məbləğdə müəyyən edilmişdir. 2018-ci il üçün ölkə üzrə minimum əmək haqqı 130 manat müəyyən edilmişdir. 154 manat məbləğdə aliment 2018-ci il üçün minimum əmək haqqının 1.18 misli (154 : 130 = 1.18) həddində olmuşdur. Borclu xx.xx.2026-cı il tarixdə elektron kabinet vasitəsilə şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(5-155)-68/2026 saylı, 30 yanvar yanvar 2026-cı il tarixli qərardadının ləğv olunaraq, ərizənin təmin olunmaması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mən bu iş üzrə qəbul olunmuş qərardadddan narazıdır. Belə ki, işləmir, təsadüfi qazanclar hesabına dolanır. Digər bir yerdən qazancı yoxdur. Onun maddi durumunda heç bir dəyişiklik olmamışdır. Təyin olunmuş aliment məbləği həddən artıq yüksəkdir. Əvvəlki təyin olunmuş 154 manat sabit pul məbləğində alimenti ödəməkdə çətinlik çəkib. Hal-hazırda aliment borcu vardır. Alimenti hər zaman anası ödəmişdir. Uşağının xatirinə aliment borcunu vaxtlı-vaxtında ödəməyə çalışır. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 30 yanvar 2026-cı il tarixli, 8(5-155)-68/2026 saylı qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 8(5-155)-68/2026 saylı, 13 fevral 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(5-155)-68/2026 saylı, 30 yanvar 2026-cı il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3279/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X2 üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 25 dekabr 2017-ci il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2018-ci il yanvar ayının 1-dən 130 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndi: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Hazırki işdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3279/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə alimentin məbləği 154 manat müəyyən edilərkən minimum aylıq əmək haqqının məbləği 130 manat olmuşdur. Yuxarıda istinad olunan qanunvericilik normaların və Ali Məhkəməinin Plenum qərarında əsasən sadə riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 1,18 (154:130=1,18) həddində müəyyən edilmiş olur. Belə olan halda birinci instansiya məhkəməsinin gəlidiyi nəticə əsaslı hesab olunur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qərar qəbul edilən zaman prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(5- 155)-68/2026 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vaxtadək uşaq üçün 154 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin birdən-birə hazırki minimum əmək haqqının 1,18 misli həddində artırılması onun vəziyyətinin həddən artıq ağırlaşacağına, qeyri-mütənasib dərəcədə yüklənməsinə səbəb olacağı təqdirdə alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(5-155)-68/2026 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-8)-27/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-27/2026
10.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver