Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(3-8)-28/2026 05.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar sabit pul məbləğində ödənilən alimentin indeksasiyası barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: aliment məbləğinin indeksasiyası) X1 (sədrlik edən və məruzəçi), X7 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-558/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İcra sənədi üzrə ərizəçi (tələbkar) Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqının indeksasiyasına uyğun olaraq qanunamüvafiq formada alimentin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1397/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1257/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Borclu hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Məcburi köçkün ailəsi kimi övladı Turan ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən 63 saylı evdə məskunlaşmışdır. Övladını bu günə qədər tək böyüdüb, özü təkbaşına baxmağa çalışmışdır. Tələbkara maddi cəhətdən atası kömək etmişdir. Borclu hazırda tələbkara 193 manat məbləğində aliment pulu ödəyir. Borclunun maddi imkanı yaxşıdır və aralarında kinli münasibət olduğu üçün öz doğma övladına alimenti 2025-ci il üçün nəzərdə tutulmuş məbləğlə ödəmək istəmir. Turan Hümbətzadə məktəblidir və onun kifayət qədər məsrəfi var. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etmişdir.
3. Abşeron Rayon Məhkəməsinin 8(012)-558/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim M.Mirhəsənli) ərizə təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1397/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Borclu tutulan 193 manat məbləğində alimentin miqdarı xx.xx.2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində indeksasiya edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi qeyd edib ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1397/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət edilən alimentin məbləği 2022-ci ilin minimum əmək haqqının (300 manat) 0.64 mislini təşkil etməsi nəzərə alınarsa, hazırda alimentin məbləğinin 2025-ci ilin mimimum əmək haqqına münasibətdə qalxması (təqribən 256 manat) müəyyən olunur. Məhz bu səbəbə görə məhkəmə ərizənin əsaslı olması və onun təmin edilməsi nəticəsinə gəlib.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2, 110.1, 110.2-ci maddələri, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1, 232.2-ci maddələri, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1, 8.4-2, 8.11-1-ci maddələrinə istinadla əsaslandırmışdır.
6. Qərardaddan narazı qalan icra sənədi üzrə Borclu şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 8(012)-558/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
7. Abşeron Rayon Məhkəməsinin 8(012)-558/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslanıb ki, məhkəmənin alimentin indeksasiya edilməsi barədə qərardadından narazıdır. Qərardad MPM-nin 4, 9, 14, 88-ci, MM-nin 14.1, 386.1, 389.1, 390.1 və 399.1-ci maddələrinin tələblərini pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Bildirir ki, işləmir, təsadüfi qazanclar hesabına dolanır. Digər bir yerdən qazancı yoxdur. Yenidən rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. İkinci rəsmi nikahından 1 övladı anadan olmuşdur. Digər övladına da hər ay aliment ödəyir. Onun maddi durumunda heç bir dəyişiklik olmamışdır. Təyin olunmuş aliment məbləği həddən artıq yüksəkdir. Əvvəlki təyin olunmuş 193 manat sabit pul məbləğində alimenti ödəməkdə çətinlik çəkir və halhazırda 3 ay üçün ödənilməyən qalıq aliment borcu vardır. Uşağının xatirinə aliment borcunu vaxtlı-vaxtında ödəməyə çalışır. Hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, 8(012)-558/2025 saylı qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikas Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2.-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının
8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
Apellyasiya baxışının hədləri
14. Apellyatorun hazırkı şikayəti Abşeron Rayon Məhkəməsinin 8(012)-558/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasına yönəlmişdir.
15. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin 8(012)-558/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası verilmiş şikayəti iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-558/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq mübahisənin həlli ilə bağlı aşağıdakıları qeyd edir.
18. Abşeron Rayon Məhkəməsinin 2(012)-1397/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1257/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Borclu hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar verilməsi qət edilmişdir.
19. Hazırda ərizəçi (tələbkar) Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqının indeksasiyasına uyğun olaraq qanunamüvafiq formada alimentin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
20. İşə baxan məhkəmə ərizə üzrə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Apellyasiya kollegiyası da həmin nəticə ilə razışır və mövqeyini bu cür şərh edir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
22. Şikayətin dəlilləri ilə razılaşmayan kollegiya bildirir ki, 2022-ci ilin yanvar ayından 2023-cü ilin yanvarınadək ölkə üzrə minimum əmək haqqı 300 manat təşkil etmişdir. Əgər yuxarıda qeyd olunan Plenum Qərarının tələblərindən çıxış edərək sadə riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 0,64 misli (193:300=0,64) həddində müəyyən edilmiş olur.
23. İşə baxan məhkəmə də tərəflərin əmlak vəziyyətini, yetkinlik yaşına çatmayanın mənafeyini və digər diqqətəlayiq halları nəzərə alaraq xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Borclu tutulan 193 manat məbləğində alimentin miqdarının xx.xx.2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində indeksasiya edilməsi qənaətinə gəlmişdir.
24. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-558/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-558/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.