Məhkəmə qərarları › İş №8(3-8)-35/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-35/2026

31.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-35/2026 31.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI QƏRARDAD Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Rəhimli Lalə Elxan qızından ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi (borclu) İsmayılov Yasin Teymur oğlunun Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6989/2022 saylı, 21.12.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1382/2025 nömrəli, 12.01.2026-cı il tarixli qərardadından ərizəçi (borclu) İsmayılov Yasin Teymur oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 21.12.2022-ci il tarixli, 2(060)-6989/2022 saylı qətnaməsi (hakim E.Hüseynov) ilə ilk iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İsmayılov Yasin Teymur oğlundan 53000 (əlli üç min) ABŞ dolları məbləğində vəsait ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə iddiaçı Ramazanov Mürvət Xankişi oğlunun xeyrinə tutulması, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı İsmayılov Yasin Teymur oğlunun cavabdeh Ramazanov Mürvət Xankişi oğluna qarşı 127200 manat əsas borc və 4492.8 manat dəbbə borcunun tutulmasına dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. Borclu İsmayılov Yasin Teymur oğlu məhkəməyə ərizə ilə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6989/2022 saylı, 21.12.2022-ci il tarixli qətnaməsinin (icra sənədinin) icra üsulunun dəyişdirilməsi və həmin qətnamə ilə tutulmuş 53000 ABŞ dolları məbləğində borcun hər ay 1500 manat məbləğində olmaqla ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6989/2022 saylı 21.12.2022-ci il tarixli qətnaməsi ilə ondan 53000 (əlli üç min) ABŞ dolları məbləğində vəsaitin iddiaçı Ramazanov Mürvət Xankişi oğlunun xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və hazırda onun icrası üçün sənəd aidiyyəti üzrə Sumqayıt şəhər İcra Şöbəsinə göndərilmişdir. Bildirmək istəyir ki, ailəsinin mövcud maddi vəziyyəti ağır olduğundan borcu bir dəfəyə ödəyə bilmir. Hal-hazırda səhhəti ilə bağlı qazanc və gəlir imkanından məhrumdur. İddiaçının yüksək gəlirli fəaliyyət göstərdiyi və kifayət qədər əmlaka malik olduğu məlumdur. Onun borcunu hissə-hissə ödəməyi onun üçün maddi cəhətdən heç bir real çətinlik və ya zərər yaratmır. O, borcun ödənilməsindən yayınmaq niyyətində deyil. Əksinə, borcun tam şəkildə ödənilməsində maraqlıdır. Hazırda ona məxsus pensiya kartından 209 manat ödəniş tutularaq tələbkara ödənilir. Lakin birdəfəyə bu məbləği ödəmək mümkün olmadığından, hər ay aldığı 800 manat əmək haqqı və 460 manat pensiya ödənişi olmaqla ümumilikdə 1500 manat pul vəsaitini aylıq ödəniş kimi tələbkara ödəməyə razıdır. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1382/2025 nömrəli, 12.01.2026-cı il tarixli qərardadı ilə (hakim Aynur Behbudova) ərizə rədd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, borclu İsmayılov Yasin Teymur oğlunun qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinin təmin edilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiə müddətinin uzadılmasına səbəb olur. Qərardadından narazı qalan borclu İsmayılov Yasin Teymur oğlu şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1382/2025 nömrəli, 12.01.2026-cı il tarixli qərardadının ləğv olunmasını və ərizənin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, ərizədə göstərmişdir ki, ailəsinin mövcud maddi vəziyyəti ağır olduğundan borcu bir dəfəyə ödəyə bilmir. Hal-hazırda səhhəti ilə bağlı qazanc və gəlir imkanından məhrumdur. İddiaçının yüksək gəlirli fəaliyyət göstərdiyi və kifayət qədər əmlaka malik olduğu məlumdur. Borcunu hissə-hissə ödəməyi onun üçün maddi cəhətdən heç bir real çətinlik və ya zərər yaratmır. Borcun ödənilməsindən yayınmaq niyyətində deyil. Əksinə, borcun tam şəkildə ödənilməsində maraqlıdır. Hazırda ona məxsus pensiya kartından 209 manat ödəniş tutularaq tələbkara ödənilir. Lakin bir dəfəyə bu məbləği ödəmək mümkün olmadığından, hər ay aldığı 800 manat əmək haqqı və 460 manat pensiya ödənişi olmaqla ümumilikdə 1500 manat pul vəsaitini aylıq ödəniş kimi tələbkara ödəməyə razıdır. Borcu hissə-hissə ödəməkdən başqa əlindən heç nə gəlmir, borcun tam şəkildə icra edilməsi qəti olaraq mümkünsüzdür. Yeganə çıxış yolu borcun hissə-hissə icrasıdır. Qərardadda borclunun qətnamənin icrasını gecikdirdiyi göstərilsə də, faktiki olaraq o, icradan yayınmamış, əksinə real ödəniş təklifləri ilə çıxış etmişdir. Bu səbəbdən məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1382/2025 nömrəli, 10.02.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1382/2025 nömrəli, 12.01.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli, 4 saylı qərarının 12-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafəisi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 6-cı bəndinin 5-ci abzasında qeyd olunur ki, «…. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi ilə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar……» Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 21.12.2022-ci il tarixli, 2(060)-6989/2022 saylı qətnaməsindən görünür ki, icra sənədi üzrə borcludan tutulmalı məbləğ 53000 (əlli üç min) ABŞ dolları məbləğində pulun hər ay 1500 manat manat olmaqla hissə-hissə ödənilməsini xahiş edir. Tələbkar məhkəmə iclasında borclunun borcundan 3000 manat pul ödədiyini, 90000 manat borcunun qaldığını bildirmişdir ki, həmin məbləğin hissə-hissə olmaqla hər ay 1500 manatdan ödənilməsi təxminən 60 ay müddətində il ərzində tam ödənilməsi anlamına gəlir ki, bu da ağlabatanlılıq və ədalətlilik meyarlarına cavab verməməklə, tələbkarın qanuni mənafelərinin kobudcasına pozulmasına səbəb ola və əmlak mənafelərinə əhəmiyyətli zərər vura bilər. Həmçinin borclu qətnamənin icrasından yayınmadığını bildirsə də işdən görünür ki, məhkəmə qətnaməsi 21.12.2022-ci il tarixdə qəbul edilməsinə baxmayaraq borclu küçən 3 ildən çox müddət ərzində hansı məbləğdə ödəniş etdiyini qeyd etməmiş, tələbkar isə borclunun yalnız 3000 manat ödəniş etdiyini bildirmişdir. Digər tərəfdən tələbkar məhkəmədə verdiyi izahatında iddiaçının torpaq sahəsinin mövcud olduğunu, hətta birlikdə torpaq sahəsinə baxış keçirildiyini, borclunun torpağını satıb borcunu ödəməsinə dair öhdəlik götürdüyünü bildirsə də borclu tələbkarın bu izahatına da hər hansı bir münasibət bildirməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1382/2025 nömrəli, 12.01.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I: Borclu İsmayılov Yasin Teymur oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1382/2025 nömrəli, 12.01.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar