Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-43/2026 31.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI QƏRARDAD Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Rəhimli Lalə Elxan qızından ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Borclu Xudaverdiyev Aslan Əlyar oğlunun məcburi gətirilməsi barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına dair iş üzrə Şamaxı Rayon Məhkəməsinin 8(5-157)-20/2026 nömrəli, 23.02.2026-cı il tarixli qərardadından borclu Xudaverdiyev Aslan Əlyar oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: MÜƏYYƏN ETDİ: Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Babək İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, borclu Xudaverdiyev Aslan Əlyar oğlunun məcburi gətiriməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 547/2021 nömrəli, 21.01.2022-ci il tarixli icra sənədinə əsasən borclu Xudaverdiyev Aslan Əlyar oğlundan 1000 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınıb Vəliyev Xudaverdi Gülümxan oğluna ödənilməlidir. İcra sənədi 09.03.2022-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu Xudaverdiyev Aslan Əlyar oğlunun icra sənədində göstərilən Şamaxı şəhəri, N.Nərimanov küçəsi, ev 16 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi tam təmin etməmişdir. Qeyd edilən qərar 19.12.2025-ci il tarixdə qəbul edilərək borclu Xudaverdiyev Aslan Əlyar oğlunun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir Şamaxı Rayon Məhkəməsinin 8(5-157)-20/2026 nömrəli, 23.02.2026-cı il tarixli qərardadı ilə (hakim Qürur Abasov) təqdimat təmin edilmiş, Şamaxı rayonu, Şamaxı şəhəri, N.Nərimanov küçəsi 16 ünvanında qeydiyyatda olan 09 noyabr 1977-ci il təvəllüdlü Xudaverdiyev Aslan Əlyar oğlunun Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi, qərardadın icrasının Şamaxı Rayon Polis Şöbəsinə və Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Xudaverdiyev Aslan Əlyar oğlu Şamaxı Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(074)-547/2021 nömrəli icra vərəqəsi üzrə tələbin könüllü icrası barədə bildirişə, məsuliyyətə cəlb olunma barədə xəbərdarlıqlara baxmayaraq, Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən, eləcə də məhkəmə qərarı ilə müəyyən edilmiş borcunu ödəməkdən üzrsüz səbəbdən yayındığından, o, Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Borclu Xudaverdiyev Aslan Əlyar oğlu şikaytə verərək Şamaxı Rayon Məhkəməsinin 8(5-157)-20/2026 nömrəli, 23.02.2026-cı il tarixli qərardadının ləğv edilməsi, 430 manat pulun ödənilməsi üçün ona 3-4 ay vaxt verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 14 may 2020-ci ildə 4 il 3 ay müddətinə məhkəmə hökmünə əsasən azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, cəzasını PX-nin 9-saylı cəzaçəkmə müəssiəsində çəkmişdir. Həbs olunduğu barədə də icra məmurunun xəbəri olmuşdur. Belə olan halda hansı səbəbə qərarın surətini və bildirişi onun cəza çəkdiyi müəssiyə yox, heç kimin yaşamadığı ünvanına göndərməklə kifayətlənmişdir? İcra ödənişlərinin həyata keçirilməsi üçün əmlakını sorğulayaraq çıxarmasına baxmayaraq, icranın ödənilməsini həyata keçirmək üçün hansı səbəbə həbs qoymamışdır. İcra məmurunun hətta məhkəməyə ünvanladığı təqdimatda barəsində məcburi gətirilməyi barədə qərar qəbul edilməsi qeyd edilmişdir. Halbuki, sonuncu dəfə o, icra şöbəsində ödəniş etmək üçün gedib orada onlayn Vəliyev Xudaverdi Gülümxan oğluna borcundan ödəniş etdikdən sonra barəsində məcburi gətirmə qərarı qəbul edir. Həbsdən çıxdıqdan sonra hər dəfə icra şöbəsində icra şöbəsinin rəisi Cavid müəllimin yanına gedərək, sənəd imzalamışdır. Bir sözlə demək olar ki, üç ay gecə-gündüz orda olmuşdur. Hansı səbəbdən Babək İsmayılov ödəməli olduğu borc ilə əlaqədar ona bir kəlmə də olsun söz və nə də bununla əlaqədar rəsmi sənəd ünvanlamamışdır. Həbsdən çıxdıqdan 3 ay sonra İcra və Probasiya şöbəsinin rəisi Cavid müəllim ona söyləmişdir ki, barəsində Babək İsmayılovun icraatında borc tələbi barədə icra işi var və bundan sonra özü Babək İsmayılovun iş otağına gedərək, barəsində hansı işin olduğunu soruşmuşdur. Orada İcra məmuru Babək İsmayılova söyləmişdir ki, baxmayaraq ki, Xudaverdi Vəliyev ondan haqqsız olaraq pul tələb edir, bu barədə məhkəmə qətnaməsi var, hər bir Azərbaycan Respublikasının vətəndaşı kimi məhkəmənin bütün qərarlarına hörmətlə yanaşır. Hal-hazırda həbsdən çıxmışdır. Heç bir yerdə işləmir, işlə təmin olunmağı üçün Şirvan Regional Məşğulluq İdarəsinə iş axtaran kimi qeydiyyata durmuşdur. İşləyib, borcunu ödəyər. Borcunu ödəməkdən də boyun qaçırmır. Lakin buna baxmayaraq çalışacdır ki, iş tapınca kimdənsə borc pul istəsin.Tapa bilərsə daha tez bir zamanda ödənişi ödəyər. Həmin vaxtdan da bu günədək heç bir işlə təmin olmamışdır. Himayəsində üç xəstə müayinə və müalicəyə ehtiyacı olan olan uşaqları var. Hansı ki, Ailə Qadın Uşaq Probləmləri üzrə Dövlət Komitəsinin köməkliyi ilə onların müalicə və müayinəsi üçün Şamaxı rayon xəstəxanasından göndərişlə Bakı şəhərinə aparmalıdır. İmkansızlıq üzündən apara bilmir. Övladlarının müalicəsi üçün ondan bundan diləndiyi pulları 300 manat bir, 300 manatda bir məhkəmə qərarına hörmət etdiyi üçün Vəliyev Xudaverdiyə ödəmişdir. Bu işlə əlaqədar ümumilikdə 20-25 dəfə İcra və Probasiya şöbəsində Babək İsmayılovun yanında olmuşdur. Sonuncu dəfə İcra və Probasiya şöbəsinin icra məmuru Babək İsmayılova bildirmişdir ki, çalışacaq qalan pulu da tapıb ödəsin. Lakin qeyd etdiyinə baxmayaraq, Babək İsmayılov ona bu sözləri İcra şöbəsində söylədiyindən sonra elə həmin günü barəsində məcburi gətirmə qərarı qəbul etmişdir. Onun bu hərəkətlərindən tam aydın olur ki, bu işdə hansısa maraqları var. Kimlərinsə sifarişlərini yerinə yetirməklə onunla şəxsi prinsiplər apararaq, barəsində məhkəməyə təqdimat ünvanlayır. Məhkəmədə İcra şöbəsinin icra məmuru Babək İsmayılov təqdimat verməsinə baxmayaraq, özünün iştirak etməməsidə onun qərəzli olduğunu bir daha sübut edir. İcra və Probasiya şöbəsinin icra məmuru Babək İsmayılov bu hərəkətləri ilə çalışır ki, 430 manat borcuna görə məcbur olub sosial şəbəkələrə çıxıb dilənçilik etsin, dövlətdən narazı qalsın. Narazı kütləni çoxaltmaqla xırda bir məsələni siyasiləşdirmək məqsədi güdür. Qeyd etdiklərindən sonra barəsində məcburi gətirilməyi barədə qərarların qəbul edilməsindən belə anlayır ki, 430 (dörd yüz otuz) manat pula görə ya quldurluq etməlidir, ya da oğurluq. Bir daha qeyd edir ki, heç bir çağırışdan boyun qaçırmamışdır. Çalışacaq ki, qalan borcunu da bir iki ay ərzində tapıb ödəsin. Şamaxı Rayon Məhkəməsinin 8(5-157)-20/2026 nömrəli, 05.03.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 8(5-157)-20/2026 nömrəli, 23.02.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(074)-547/2021 nömrəli icra vərəqəsindən görünür ki, cavabdeh Xudaverdiyev Aslan Əlyar oğlundan 1000 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq, iddiaçı Vəliyev Xudaverdi Gülümxan oğluna ödənilməlidir. İş materiallarında olan Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin 09 mart 2022-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(074)-547/2021 saylı icra sənədi üzrə icraata başlanılmış və borclu Xudaverdiyev Aslan Əlyar oğluna tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan “borclunun məcburi gətirilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli qərardan görünür ki, icra məmuru tərəfindən borclu Xudaverdiyev Aslan Əlyar oğlunun məcburi qaydada Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmış, həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan 11.02.2026-cı il tarixli elelktron bildirişdən görünür ki, borcluya məcburi gətirilmə barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilməklə, icra şöbəsinə çağırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında“ Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur Həmin qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş materiallarından görünür ki, borclu 23.10.2024-cü il tarixdə icra şöbəsində izahat yazaraq qeyd etmişdir ki, həbsdə olduğu vaxt məhkəmə qətnaməsi qəbul olunub, qətnamədən şikayət verməsi üçün ona 10 müddətində vaxt verilməsini xahiş edir. İşə əlavə edilmiş qəbzlərdən görünür ki, borclu tərəfindən 29.05.2025-ci il tarixdə 300 manat, 08.10.2025-ci il tarixdə 300 manat ödəniş edilmişdir. Göründüyü kimi borclu tərəfindən sonuncu dəfə 08.10.2025-ci il tarixdə ödəniş edilmiş, həmin tarixdən sonra məhkəmə qərarının icrası ilə bağlı hər hansı hərəkət etməmiş, icra məmurunun çağırışlarını getməmiş, bununla bağlı borcluun məcburi gətirilməsi barədə icra məmuru tərəfindən 19.12.2025-ci il tarixdə qərar qəbul edilərək borcluya göndərilsə də borclu çağırışlardan yayınmışdır. Məhkəmə kollegiyası şikayətdə qeyd edilən borcun ödənilməsi üçün 2-3 ay vaxt verilməsi barədə dəlilinə qiymət verərək qeyd edir ki, borclunun məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi ilə bağlı müvafiq qətnaməni qəbul etmiş məhkəməyə müraiət etmək hüququ vardır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 8(5-157)-20/2026 nömrəli, 23.02.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I: Şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 8(5-157)-20/2026 nömrəli, 23.02.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-8)-43/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-43/2026
31.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver