Məhkəmə qərarları › İş №8(3-8)-59/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-59/2026

14.05.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-59/2026 14.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI tələbkar Ləğv prosesində olan Ərizəni verən şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun borclu "X1 LTD" MMC-yə qarşı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri Xəlilov Ramin Adilxan oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Abşeron rayon İcra və probasiya şöbəsinin ##.##.2025-ci il tarixli qərarından tələbkar Ləğv prosesində olan Ərizəni verən şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə dair Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından borclu “X1 LTD” MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı icra vərəqəsinə əsasən borclu “X1 LTD” MMC-dən ##.##.2013-cü il tarixli, **/**** saylı kredit müqaviləsi üzrə cəmi 254403,23 manat və ##.##.2013-cü il tarixli, **/**** saylı kredit müqaviləsi üzrə cəmi 3852311,94 manat olmaqla, ümumilikdə, 4106715,17 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar LPO Ərizəni verən şəxs ASC-nin xeyrinə ödənilməsi, tutmanın X2 “X1 LTD” MMC-nin nizamnamə kapitalında olan 67 faiz təşkil edən payına, X3 “X1 LTD” MMC-nin nizamnamə kapitalında olan 33 faiz təşkil edən payına, “X1 LTD” MMC-yə məxsus Xırdalan şəhəri, Masazır şossesinin şimalında istifadədə olan 1,033 ha torpaq sahəsində yerləşən 2 girişli, 2484,8 kv.metr ümumi, 2157,9 kv.metr əsas sahədən, 326,9 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına, X5 məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsində istifadədə olan 0,8324 ha torpaq sahəsində yerləşən *** nömrəli, 2 mərtəbəli binada 118,5 kv.metr yaşayış sahəsindən ibarət 7 otaqlı, **/**/** nömrəli və X3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsində istifadədə olan 0,0217 ha torpaq sahəsində yerləşən *** nömrəli, 2 mərtəbəli binada 146,7 kv.metr ümumi, 84 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı, 7, * nömrəli mənzillərə yönəldilməsi və qeyd olunan ipoteka predmeti olan əmlakların açıq hərrac vasitəsi ilə realizə edilməsi qərara alınmışdır.

2. Abşeron rayon İcra və probasiya şöbəsinin ##.##.2025-ci il tarixli icraatın yenilənməsi barədə qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)****/**** nömrəli, ##.##.2021-ci il tarixli icra sənədi üzrə icraatın təzələnməsi qərara alınmışdır.

3. Ərizəçi Ləğv prosesində olan Ərizəni verən şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 rayon İcra və probasiya şöbəsinin ##.##.2025-ci il tarixli qərarından şikayət verərək, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli “icraatın yenilənməsi” barədə qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Ərizəçi Ləğv prosesində olan Ərizəni verən şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə şikayəti onunla əsaslandırmışdır ki, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov tərəfindən ##.##.2025-ci il tarixində Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)- ***/**** saylı icra sənədi üzrə “icraatın yenilənməsi” barədə qərar qəbul edilmişdir. Bildirir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2023cü il tarixli, *(***)-***/**** saylı icra vərəqəsinə əsasən borclu “X1 LTD” MMC-dən ##.##.2013-cü il tarixli, **/**** saylı kredit müqaviləsi üzrə cəmi 254403,23 manat və ##.##.2013-cü il tarixli, **/**** saylı kredit müqaviləsi üzrə cəmi 3852311,94 manat olmaqla, ümumilikdə, 4106715,17 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar LPO Ərizəni verən şəxs ASC-nin xeyrinə ödənilməsi, tutmanın X2 “X1 LTD” MMC-nin nizamnamə kapitalında olan 67 faiz təşkil edən payına, X3 “X1 LTD” MMC-nin nizamnamə kapitalında olan 33 faiz təşkil edən payına, “X1 LTD” MMC-yə məxsus Xırdalan şəhəri, Masazır şossesinin şimalında istifadədə olan 1,033 ha torpaq sahəsində yerləşən 2 girişli, 2484,8 kv.metr ümumi, 2157,9 kv.metr əsas sahədən, 326,9 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasına, X5 məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsində istifadədə olan 0,8324 ha torpaq sahəsində yerləşən *** nömrəli, 2 mərtəbəli binada 118,5 kv.metr yaşayış sahəsindən ibarət 7 otaqlı, **/**/** nömrəli və X3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsində istifadədə olan 0,0217 ha torpaq sahəsində yerləşən *** nömrəli, 2 mərtəbəli binada 146,7 kv.metr ümumi, 84 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı, 7, * nömrəli mənzillərə yönəldilməsi və qeyd olunan ipoteka predmeti olan əmlakların açıq hərrac vasitəsi ilə realizə edilməsi qərara alınmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsi yalnız iş üzrə borclu “X1 LTD” MMCyə və Abşeron rayon inzibati ərazisində yerləşən əmlaka aid hissədə icra olunması üçün Abşeron rayon İcra və probasiya şöbəsinə göndərildiyini və digər borclu X3 və qeyrilərinə aid hissədə isə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmədiyini nəzərə alaraq tərəflərindən “İcra haqqında” AR Qanununun 17.1.10-cu maddəsinin tələbinə əsasən icraatın dayandırılmasına dair ##.##.2024-cü il tarixli məktubla Abşeron rayon İcra və probasiya şöbəsinə müraciət edilmiş və müvafiq qaydada icraata dayandırılmışdır. İcra sənədinin icraatının dayandırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinə müraciət etməkdə məqsədləri icra sənədi üzrə digər ipoteka predmetlərinə dair hissədə də icra sənədinin icra olunması olmuşdur. Bundan sonra tərəflərindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq davamlı müraciətlər əsasında iş üzrə digər əmlakların hərrac vasitəsi ilə realizə edilməsinə dair həmin hissədə yeni icra vərəqəsi verilərək aidiyyəti üzrə icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Hazırda Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən Nəsimi rayon inzibati ərazisində yerləşən əmlakların realizə edilməsi istiqamətində icra hərəkətləri davam etdirilir. Lakin buna baxmayaraq tələbkar tərəfin icraatın bərpası ilə bağlı təkrar müraciəti olmadan Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən mövcud qanunvericiliyin tələbinə zidd olaraq ##.##.2025-ci il tarixdə “icraatın yenilənməsi” barədə qərar qəbul edilmişdir. “İcra haqqında” AR Qanununun 19.2-ci maddəsinə icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir. Həmin maddənin tələbini şərh edəndə aydın görünür ki, icra məmuru o halda öz təşəbbüsü ilə icraatı təzələyir ki, icraatın dayandırılması həmin qanunun digər maddələrinin tələbinə əsasən icraat dayandırılmış olsun. Hansı ki icra qanunvericiliyində həmin hallarda icraatın dayandırılmasının müddətləri birbaşa göstərilmişdir. Bundan əlavə iş üzrə tələbkar və eyni zamanda ipoteka saxlayan olaraq, ilk növbədə borca mütənasib və eyni zamanda daha təsirli hesab olunan əmlakın açıq hərracdan realizə edilməsinə dair qanunla qorunan üstün hüquqa malikdirlər. Eyni zamanda bildirirlər ki, icra məmuru sözügedən qərarı qəbul edən zaman həmin qərardan şikayət etmə müddətini göstərməməklə mövcud qanunvericiliyin tələbini pozmuşdur. İcra məmuru icra sənədinin icrası ilə bağlı tələbkarın icraatın dayandırılmasına səbəb olmuş halların aradan qaldırılaraq icraatın yenilənməsi ilə bağlı ərizə və ya məktubu olmadan qanunsuz və əsassız olaraq ##.##.2025-ci il tarixində “icraatın yenilənməsi” barədə qərar qəbul etməsi və eyni zamanda qərardan şikayət etmə müddətini göstərməməsi ilə maraqlarına toxunaraq nəticədə hüquqlarının pozulmasına səbəb olmuşdur. Sözügedən qərarın mövcudluğundan Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən ünvanlanmış, ##.##.2025-ci il tarixdə daxil olmuş məktuba əsasən məlumatları olmuşdur. Yuxarıda qeyd etdiklərinə əsasən hesab edirlər ki, icra məmurunun “icraatın yenilənməsi” barədə qərarı ləğv edilməlidir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru icraatı təzələyərək ipoteka predmetini hərraca çıxarmışdır. Qeyd edir ki, borcun ümumi məbləği 4106715,017 manatdır. Qətnaməyə nəzər yetirdikdə görünür ki, iddia tələbinin məbləği 9000000 manat məbləğindədir, ipoteka predmeti isə 4000000 manat pul təşkil edir. Onlar əmlakın qiyməti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət vermişdirlər. İpoteka predmeti olan əmlak hərraca çıxarılmış, lakin indiyədək satılmamışdır. İcra sənədində qeyd edilən digər əmlakların dəyəri 210000 manat və 290000 manat təşkil edir. Onlar əmlakın ipotekada qalmaqla satılmasına etiraz etmirlər və müəyyən qədər ödəniş edilsə, əmlakın satılmasına razılıq verərlər. İcra məmuru tərəfindən icraat sadəcə əmlakın girovdan azad edilməsi məqsədi ilə yenilənmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun ##.##.2025-ci il tarixli “icraatın yenilənməsi” barədə qərarın ləğv edilməsi qərara alınmışdır.

6. Borclu “X1 LTD” MMC Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qərardadından şikayət verərək, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli “icraatın yeniləməsi” barədə qərarın ləğv olunmasına dair ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

7. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından «X1 LTD» MMC-nin verdiyi şikayət ərizəsinin təmin edilməməsi və şikayətin baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

8. Borclu «X1 LTD» MMC şikayəti onunla əsaslandırmışdır ki, “X1 LTD” MMC-dən ##.##.2013-cü il tarixli, **/**** saylı və ##.##.2013cü il tarixli, **/**** saylı kredit müqavilələri üzrə cəmi 254.403,23 manat və ##.##.2013cü il tarixli, **/**** saylı kredit müqavilələri üzrə cəmi 3.852.311,94 manat olmaqla, ümumilikdə, 4.106.715,17 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar LPO Ərizəni verən şəxs ASC-nin xeyrinə ödənilməsi, tutulmanın X2 “X1 LTD” MMC-nin nizamnamə kapitalında olan 67 faiz təşkil edən payına, X3 “X1 LTD” MMC-nin nizamnamə kapitalında olan 33 faiz payına, “X1 LTD” MMC-yə məxsus, Xırdalan şəhəri, Xırdalan-Masazır şosesinin şimalında yerləşən 2484,8 kv.metr sahəsi olan qeyri-yaşayış binasına yönəldilməsi və 9000000 manat dəyərində qiymətləndirilməsi və əmlakın açıq hərracda satılmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı icra vərəqəsi Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, müxtəlif icra hərəkətləri aparılıb açıq hərracda satılması üçün sifariş verilmişdir. Lakin, tələbkar tərəf heç bir əsas olmadan icraatın dayandırılması ilə bağlı icra şöbəsinə müraciət etmişdir. Maraqlıdır ki, nə üçün tələbkar ipoteka predmeti olan əmlakın hərrac vasitəsi ilə satılıb, əldə olunmuş vəsaitin borc əvəzinə tələbkarın xeyrinə ödənilməsinə maneçilik törədir. Artıq mövcud əmlakla bağlı iki dəfə hərrac keçirilib, satılmadığı üçün tələbkara təklif olunmuş, tələbkarda imtina etdiyi üçün əmlak borcluya qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsində yeni dəyişikliklə bağlı göstərilir ki, könüllü icra müddəti bitdikdən sonra üzərinə həbs qoyulub, qiymətləndirilmiş əmlak borclu tərəfindən satılması üçün ona iki ay vaxt verilir. Həmin müddətdə əmlak satılmadıqda isə icra məmuru tərəfindən elektron hərraca sifariş verilir. Göstərilənlərə əsasən o, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

10. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

11. 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrinin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliy ilə nəzərdə tutulmuş qadadad məsuliyyət daşıyırlar.

Maddə 10. İcra hərəkətlərinin həyata keçirildiyi yer 10.1. Borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. 10.2. Borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur.

Maddə 17. İcraatın dayandırılmasının məcburiliyi 1.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 1.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; 1.1.2. borclu fəaliyyət qabiliyyətini itirdikdə; 1.1.3. borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; 1.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; 1.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; 1.1.6. icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; 1.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; 1.1.8. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; 1.1.9. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; 1.1.10. tələbkarın müvafiq xahişi olduqda. Maddə 18. İcraatın dayandırılmasının mümkün olduğu hallar 18.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər: 2.1.2. borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; 3.1.3. borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; 4.1.4. icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; 5.1.5. borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda; Maddə 19. İcraatın dayandırılması müddətləri 19.1.Bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat aşağıdakı vaxtlara qədər dayandırılır: 19.1.1. borclu öldüyü, ölmüş elan edildiyi və ya xəbərsiz itkin düşmüş hesab edildiyi, fəaliyyət qabiliyyəti olmayan sayıldığı, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandığı halda - müvafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək, məhkəmə xəbərsiz itkin düşmüş şəxsin əmlakını idarə olunmaq üçün qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin olunan şəxsə verənədək və ya fəaliyyət qabiliyyəti olmayan borcluya qəyyum təyin edilənədək yaxud iş üzrə qərar qəbul edilənədək; 19.1.2. borclunun və ya tələbkarın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissələrində müddətli həqiqi hərbi xidmətdə olduğu, üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda, stasionar müalicə müəssisəsində olduğu və ya borclunun, onun əmlakının axtarışda olduğu və ya ondan alınmış uşağın axtarışda olduğu halda - müvafiq olaraq hərbi xidmətdən buraxılanadək və ya kontrakt üzrə hərbi xidmətə başlayanadək, icra hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək, müalicə müəssisəsindən çıxanadək yaxud borclunun, onun əmlakının və ya ondan alınmış uşağın axtarışı başa çatanadək; 19.1.3. icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda mübahisəyə mahiyyəti üzrə baxılanadək; 19.1.4. icra məmuruna etirazın təmin edilməməsindən şikayət verildiyi halda məhkəmə tərəfindən həmin şikayətə baxılanadək; 19.1.5. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayətə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qəbul olunanadək; 19.1.6. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək; 19.1.7. digər hallarda - icraatın dayandırılması səbəbləri aradan qalxanadək. 19.2. İcraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir.

Maddə 54. Bir neçə icra sənədi üzrə icraatın xüsusiyyətləri 54.1. İcra qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduqda, onlar ümumi icraatda birləşdirilir. Bu zaman borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur. 54.2. Bu Qanunun 75-ci maddəsinin tətbiqi zamanı icra sənədinin icraya yönəldilməsi vaxtına görə hər növbədən olan tələbkarların tələblərinin təmin edilməsinin vahid ardıcıllığı müəyyən edilir. 54.5. Eyni borclu barəsində dövlət icra məmurunun və xüsusi icra məmurunun icraatlarında olan bir neçə icra sənədi ayrılıqda icra olunur. Bu halda icra sənədlərinin səmərəli icrası üçün icra məmurları arasında məlumat mübadiləsi aparılır.

Maddə 87. İcra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. (...)

“İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu:

12. Maddə 1 . İcra məmurlarının funksiyaları İcra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasını, habelə probasiya nəzarətini həyata keçirirlər.

Maddə 7. İcra məmurlarının vəzifələri İcra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır; icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir; alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir; icra xidməti və ya qurumunun rəhbərinin göstərişlərini yerinə yetirir; tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeydlər aparır; icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət edir; icra sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə tələbkara məlumat verir; qanunla müəyyən edilmiş hallarda və müddətlərdə borclunun əmlakının mühafizəsini təmin edir.

Maddə 8. İcra məmurlarının hüquqları İcra xidməti icra məmurunun icra ilə əlaqədar aşağıdakı hüquqları vardır: öz səlahiyyətləri daxilində müəssisə, təşkilat, idarə və vətəndaşlardan icra ilə əlaqədar məlumat, arayış və izahat almaq; borclunun iş yerində icra sənədlərinin icrası vəziyyətini yoxlamaq; müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara icra ilə əlaqədar konkret tapşırıqlar vermək; zəruri hallarda borcluya məxsus mənzilə və ya otağa daxil olmaq, orada baxış keçirmək və bütün saxlama yerlərini açmaq və baxmaq, habelə müvafiq məhkəmənin qərarına əsasən bu hərəkətləri borcluya məxsus digər şəxslərin tutduqları mənzil və otaqlarda da həyata keçirmək; əmlaka həbs qoymaq, əmlakı götürmək, saxlanmağa vermək və üzərinə həbs qoyulmuş əmlakı realizə etmək (qanuna əsasən icra sənədləri üzrə tələb yönəldilə bilməyən əmlak növlərindən başqa); tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəltmək; tələbi borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəltmək; tələbi borclunun digər şəxslərdə olan pul məbləğinə və əmlakına yönəltmək; icra sənədlərində göstərilmiş predmetləri borcludan almaq və tələbkara vermək; borclunun yerinin, əmlakının, uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görmək; icra hərəkətləri ilə əlaqədar vətəndaşları və vəzifəli şəxsləri çağırmaq; icra sənədlərində göstərilən digər tədbirləri həyata keçirmək; Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq etmək; müvafiq icra hakimiyyəti orqanı və digər dövlət orqanlarından (qurumlarından) icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı onların səlahiyyətlərinə uyğun olaraq yardım almaq; icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar məlumatları müvafiq icra hakimiyyəti orqanının “Elektron icra” informasiya sistemi vasitəsilə əldə etmək; qanunda nəzərdə tutulmuş qaydada eyni vaxtda birdən çox məcburi icra tədbiri görmək. İcra xidməti icra məmurunun məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi ilə əlaqədar aşağıdakı hüquqları vardır: kömək üçün polis və təhlükəsizlik orqanlarının əməkdaşlarının, daxili qoşunların hərbi qulluqçularının dəvət olunması üçün icra qurumunun rəhbərinə müraciət etmək; Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq etmək.

Maddə 9. Fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin gözlənilməsi İcra məmurlarının onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar.

Maddə 10. İcra məmurlarının tələblərinin məcburiliyi İcra məmurlarının öz səlahiyyətləri hüququnda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: (...) 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

15. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir.

17. Hazırkı işdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)***/**** saylı icra vərəqəsinə əsasən borclu “X1 LTD” MMC-dən ##.##.2013-cü il tarixli, **/**** saylı kredit müqaviləsi üzrə cəmi 254403,23 manat və ##.##.2013-cü il tarixli, **/**** saylı kredit müqaviləsi üzrə cəmi 3852311,94 manat olmaqla, ümumilikdə, 4106715,17 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar LPO Ərizəni verən şəxs ASC-nin xeyrinə ödənilməsi, tutmanın X2 “X1 LTD” MMC-nin nizamnamə kapitalında olan 67 faiz təşkil edən payına, X3 “X1 LTD” MMC-nin nizamnamə kapitalında olan 33 faiz təşkil edən payına, “X1 LTD” MMC-yə məxsus Xırdalan şəhəri, Masazır şossesinin şimalında istifadədə olan 1,033 ha torpaq sahəsində yerləşən 2 girişli, 2484,8 kv.metr ümumi, 2157,9 kv.metr əsas sahədən, 326,9 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına, X5 məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsində istifadədə olan 0,8324 ha torpaq sahəsində yerləşən *** nömrəli, 2 mərtəbəli binada 118,5 kv.metr yaşayış sahəsindən ibarət 7 otaqlı, **/**/** nömrəli və X3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsində istifadədə olan 0,0217 ha torpaq sahəsində yerləşən *** nömrəli, 2 mərtəbəli binada 146,7 kv.metr ümumi, 84 kv.metr yaşayış sahəsindən ibarət 5 otaqlı, 7, * nömrəli mənzillərə yönəldilməsi və qeyd olunan ipoteka predmeti olan əmlakların açıq hərrac vasitəsi ilə realizə edilməsi qərara alınmışdır. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.

18. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan normalarda qeyd edildiyi kimi, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

19. Sadalanan normaların tələblərindən həmçinin göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə aktını icra etmək icra məmurunun vəzifəsidir və icra tədbirlərinin yekun nəticəsi olaraq icra olunmuş məhkəmə aktı üzrə müvafiq qərar qəbul edilməli və tərəflər həmin qərarla razı olmadıqları halda ondan şikayət vermək hüquqları vardır.

20. Yuxarıda sadalanan “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə aktlarının icrasınını təmin edən icra məmurları tərəfindən icraatın dayandırılmasının məcburiliyi həmin qanunun 17-ci maddəsində əksini tapan hallarda, icraatın dayandırılması müddətləri isə həmin qanunun 19cu maddəsində əks olunan hallarda həyata keçirilir.

21. Məhkəmə kollegiyası verilmiş şikayət əsasında işin hallarını araşdırarkən Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun ##.##.2025-ci il tarixli “icraatın yenilənməsi” barədə qərarın əsaslandırıcı hissəsindən müəyyən etdi ki, Ləğv prosesində olan Ərizəni verən şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ##.##.2024-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı icra vərəqəsinin icrasının dayandırılmasını xahiş etmiş, ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı icra sənədi üzrə icraat dayandırılmışdır.

22. Lakin iş materiallarında qeyd olunan icra sənədi üzrə icraatın hansı səbəb və ya əsas üzrə dayandırılmasını müəyyən etmək mümkün olmamışdır, çünki bu hal ilə bağlı ümumiyyətlə qərar aşkar olunmamışdır. Həmin qərarın məhkəməyə təqdim edilməsi barədə Abşeron rayon İcra və probasiya şöbəsinə müvafiq sorğu verilsə də, sorğu cavabsız qalmış, bu barədə qərar mövcud olmadığı bir daha öz təsdiqini tapmışdır.

23. Lakin ##.##.2023-cü il tarixli icra sənədi üzrə icra tədbirləri ilə əlaqədar ##.##.2025-ci il tarixədək icra məmuru tərəfindən heç bir icra tədbirləri görülməmiş, qanuni qüvvəsini almış məhkəmə qərarı uzun müddət hərəkətsiz və icrasız qalmışdır. Belə ki, hazırki şikayət verən Ərizəni verən şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu icra hərəkətlərinin dayandırılmasında maraqlı olduğundan icra məmuru tərəfindən qəbul edilmiş “icraatın yenilənməsi” barədə qərardan narazı olmuş və olmaqdadır (həmçinin daha geniş formada özünün şikayət ərizənin məzmununda qeyd edilmişdir).

24. Nəhəyət hazırki iş üzrə Ləğv prosesində olan Ərizəni verən şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ##.##.2025-ci il tarixdə verdiyi şikayət əsasında Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun ##.##.2025-ci il tarixli “icraatın yenilənməsi” barədə qəbul edilmiş qərar əsasında icra tədbirlərinin davam etdirilməsi qərara alınsa da, borclunun verdiyi şikayətlər əsasında icra tədbirləri uzun müddət yenə də məhkəmə mübahisəsinə çevrilmiş, məhkəmə qərarı icrasız qalmışdır.

25. Belə ki, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun ##.##.2025-ci il tarixli “icraatın yenilənməsi” barədə qəbul edilmiş qərardan verilmiş şikayət üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı qəbul edilmiş, həmin qərardaddan borclu “X1 LTD” MMC tərəfindən verilmiş şikayət Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

26. Sumqayıt Apellyasiya Məhkəməsin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə icra sənədi üzrə borclu “X1 LTD” MMC-nin işdə iştirak etməyə cəlb etmədən, onun iştirakı olmadan işə baxılması əsası ilə borclunun şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ləğv edilərək işə yenidən baxılması üçün material həmin məhkəməyə qaytarılmışdır.

27. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə şikayətə yenidən baxılaraq təmin edilmiş və Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli “icraatın yenilənməsi” barədə qərarın yenidən ləğv edilməsi qərara alınmışdır.

28. Borclu “X1 LTD” MMC yenidən həmin qərardaddan şikayət vermişdir.

29. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə borclunun şikayəti təmin edilmir, şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

30. Sumqayıt Apellyasiya Məhkəməsin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə borclu "X1 LTD" MMC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 07.07..2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ləğv olunmuş, Abşeron rayon İcra və probasiya şöbəsinin ##.##.2025-ci il tarixli qərarından ərizəçi Ləğv prosesində olan Ərizəni verən şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət ərizəsi yenidən müzakirə edilməsi üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır.

31. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun ##.##.2025-ci il tarixli “icraatın yenilənməsi” barədə qərarın ləğv edilməsi qərara alınsa da, borclu yenidən şikayət vermiş və Abşeron Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

32. Göründüyü kimi müxtəlif məhkəmə instansiyalarının (Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2026-cı il, ##.##.2026-cı il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il, ##.##.2025-ci il tarixli qərardadları) göstərir ki, icraat borclu tərəfindən verilmiş şikayətlər nəticəsində çoxsaylı məhkəmə mübahisələrinə səbəb olmuşdur.

33. Bu prosesin nəticəsi olaraq, qanuni qüvvəsini almış məhkəmə qərarı uzun müddət icrasız qalmış, icra məmurunun hərəkətsizliyi hüquqi təminatın pozulmasına səbəb olmuşdur. Tələbkar tərəfindən verilmiş şikayət əsasında icra işi üzrə icra hərəktlərinin davam etdirilməsi məhz Azərbaycan Respublikasının Konstitusiyasının 59-cu maddəsi ilə tanınmış “hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etmək” hüququnun reallaşdırılmasıdır. Bu hüquq icra prosesində yaranan gecikmələri və qanunsuz hərəkətləri mübahisələndirməyə imkan verir, tərəflərin hüquqlarının qorunmasını təmin edir.

34. Uzun müddət davam edən icra prosesi həm tərəflər arasında hüquqi qeyrimüəyyənlik yaratmış, həm də icra prosedurlarının şəffaf və qanunauyğun aparılmasını çətinləşdirmişdir. Bu hal göstərir ki, icra məmurlarının qərarlarının aydın, əsaslandırılmış və qanuna uyğun olması, məhkəmə müdafiəsindən istifadə hüququnun səmərəli tətbiqi, icraatın vaxtında aparılması və tərəflərin hüquqlarının balanslı qorunması zəruridir.

35. Nəticə etibarilə, hazırki işdə baş verən uzun müddətli məhkəmə mübahisəsi və icraatın ləngiməsi hüquqi prosedurların pozulması kimi qiymətləndirilir və bu cür hallar yalnız qanunvericiliklə təsbit olunmuş mexanizmlərlə, məhkəmə nəzarəti və müdafiə hüququnun effektiv həyata keçirilməsi ilə aradan qaldırıla bilər.

36. Baxmayaraq ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

37. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

38. Məhkəmə müdafiəsi hüququ əsas insan hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur.

39. Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında da qeyd edilir ki, həm milli, həm də beynəlxalq-hüquqi aktlarda hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş şəxslərin məhkəmə müdafiəsi hüququ hüquq və azadlıqların ən mühüm müdafiə vasitəsi kimi təsbit edilmişdir. Həmin hüquq yaranmış mübahisəyə məhkəmədə baxılması və həll olunması ilə realizə edilmiş olur. Bu baxımdan məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud vəziyyətdə uzun müddət məhkəmə araşdırılmalarının qarşısının alınması və qeyri-müəyyənliklərin yaranmaması üçün MPM-in 385.1-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yaratmışdır.

41. Bundan əlavə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müvafiq sorğu əsasında icra qurumu tərəfindən məhkəməyə elektron qaydada müxtəlif sayda barəsində başlanılmış icra vərəqələri təqdim edilmişdir. Bu isə onu deməyə əsas verir ki, icra şöbəsində borclu barəsində müxtəlif tələblərin (icra vərəqələrinin) olması icra məmuru tərəfindən icra işinin dayandırılması istər qərar əsasında istər dayanma ilə bağlı hərəkət və hərəkətsizliyinin olması əsassız olmuş və bu digər tələbkarların hüquqlarının pozulması ilə nəticələnmişdir. Həmçinin tələbkarın təmin edilmiş tələbinin məqsədi “verilmiş pulun qaytarılması” olduğundan icra şöbələrində icra işinin dayandırılması onun tələbinin təmin edilməsində də gecikməyə səbəb olan haldır. Bundan əlavə ilə tələbkarın tələbi üzrə verilmiş icra vərəqələri üzrə işlərin birinin digərinə münasibətdə üstünlük hüquqları mövcud deyildir. Burada əsas məqsəd tələbkar üçün icra işləri üzrə seçim hüququ yox verilmiş pulların geri qaytarılması olmalıdır.a

42. Məhkəmə kollegiyası bildirir ki, borclunun digər tələbkarlar qarşısında öhdəlikləri olduğundan, icra işi üzrə ##.##.2025-ci il tarixdə qəbul edilmiş “icraatın təzələnməsi” barədə qərardan verilmiş şikayətlər üzrə məhkəmələrdə uzun müddət çəkişmələrin qarşısının alınması, “icraatın dayandırlması” barədə qərarın olmaması səbəbi ilə “icraatın təzələnməsi” barədə qərarın ləğv edilməsi və bunun nəticəsində yenidən tərəflər arasında yarana biləcək qeyri-müəyyənliyin aradan qaldırılması, icra məmuru tərəfindən “icraatın dayandırlması” barədə qərarın faktiki mövcud olmamasına baxmayaraq real olaraq dayanmış bir hərəkət olduğundan və bu hərəkətə məhkəmə kollegiyası tərəfindən hüquqi qiymətin verilməsinə zərurət olduğundan (yeni məhkəmə çəkişmələrinin qarşısının alınması səbəbindən) Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, tələbkar Ləğv prosesində olan Ərizəni verən şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinin ##.##.2025-ci il tarixli “icraatın yeniləməsi” barədə qərarından verilmiş şikayət rədd edilməli və Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2021ci il tarixli *(***)****/**** nömrəli icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Tələbkar Ləğv prosesində olan Ərizəni verən şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli “icraatın yeniləməsi” barədə qərardan verilmiş şikayət rədd edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)****/**** nömrəli icra sənədi üzrə icra tədbirləri davam etdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar