Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(3-8)-6/2026 22.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəsi üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X2 ibarət tərkibdə, X18 qızının katibliyi ilə, Borclu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4073/2025 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1250/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-4073/2025 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi və həmin qətnamə ilə tutulmuş 7000 manat məbləğində borcun hər ay 300 manat məbləğində olmaqla tərəfindən ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-4073/2025 saylı qətnaməsi ilə cavabdehdən iddiaçı Tələbkar xeyrinə 7000 manat məbləğində pul vəsaitinin, habelə 90 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və hazırda onun icrası üçün sənəd aidiyyəti üzrə Sumqayıt şəhər İcra Şöbəsinə göndərilmişdir. Ailənin mövcud maddi vəziyyəti çox ağır olduğundan borcu bir dəfəyə ödəyə bilmir. Hal-hazırda heç bir daimi iş yeri yoxdur, səhhəti ilə bağlı qazanc və gəlir imkanından məhrumdur. X1, onun övladları X7 və X9, oğlu X5, həyat yoldaşı və övladları X6 və X8 onunla birlikdə eyni evdə yaşayırlar. Ailədə qazancı olan tək şəxs oğlu Kənandır. O da bütün gəliri ilə ailənin, uşaqların maddi məsrəflərini qarşılamağa çalışır. İddiaçı Roza Sərdar qızının sələmçiliklə məşğul olduğu, yüksək gəlirli fəaliyyət göstərdiyi və kifayət qədər əmlaka malik olduğu məlumdur. Onun borcunu hissə-hissə ödəməyi onun üçün maddi cəhətdən heç bir real çətinlik və ya zərər yaratmır. Borclu borcun ödənilməsindən yayınmaq niyyətində deyildir. Əksinə, borcun tam şəkildə ödənilməsində maraqlıdır. Lakin birdəfəyə bu məbləği ödəmək mümkün olmadığından, hər ay 300 manat olmaqla ödəniş etməyi barədə qərar qəbul edilməsi ədalət və vicdan prinsiplərinə, həmçinin məhkəmə qətnamələrinin məqsədinə ədalətli icraya tam uyğundur.
3. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1250/2025 nömrəli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) ərizənin rədd edilməsi qərara alınmışdır.
4. Borclu xx.xx.2025-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1250/2025 nömrəli qərardadından şikayət verərək, sözügedən qərardadın ləğv olunması və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)- 4073/2025 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə və həmin qətnamə ilə tutulmuş 7000 manat məbləğində borcun hər ay 300 manat məbləğində olmaqla tərəfindən ödənilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1250/2025 nömrəli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
6. Şikayət onunla əsaslandırılmışdır ki, o, qətnamənin icrasından yayınmaq niyyətində olmadan, ailəsinin son dərəcə ağır maddi vəziyyətini nəzərə alaraq, qətnamənin hissə-hissə icra edilməsi, yəni borcun hər ay 300 manat olmaqla ödənilməsi ilə bağlı müraciət etmişdir. Belə ki, hal-hazırda daimi iş yeri yoxdur, səhhətilə bağlı gəlir əldə etmək imkanı məhduddur. Onunla birlikdə eyni evdə çoxsaylı ailə üzvləri, o cümlədən azyaşlı uşaqlar yaşayır və ailədə qazancı olan yeganə şəxs oğludur. Buna baxmayaraq xx.xx.2025-ci il tarixli qərardadla ərizəsı əsassız olaraq rədd edilmişdir. Həmçinin icra mərhələsində dəfələrlə icra məmurunun qəbulunda olmuş, real imkanları daxilində 300– 500 manat məbləğində ödəniş təklif etmiş, lakin icra məmuru bu ödənişləri qəbul etməmiş, barəsində məhkəməyə təqdimat vermişdir. Halbuki bu hallar onun borcun icrasından yayınmadığını, əksinə imkanları çərçivəsində icra etmək istədiyini açıq şəkildə sübut edir. Hissə-hissə ödəməkdən başqa əlindən heç nə gəlmir, borc-xərc içində yaşayır. Həyat yoldaşı X3 adına bir neçə kredit borcu vardır. Borcu tam şəkildə icra etmək qəti olaraq mümkünsüzdür. Yeganə çıxış yolu borcun hissə-hissə icrasıdır.
b) Şikayətə qarşı etirazın dəlilləri
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
9. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. (...)
“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:
10. Maddə 15. Məhkəmə və digər orqanların qərarlarının icrasına möhlət verilməsi və ya onların hissə-hissə icrası Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
11. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. (...)
12. Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
13. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
15. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
17. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir.
20. Borclu borcun hissə-hissə icra edilməsinə dair ərizəsində göstərilən hallar hər hansı bir dəlilə və əsaslandırmaya malik olmamış, həmin halları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir.
21. Digər tərəfdən, məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hisə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.
22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün MPM-in 385.1-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olmadığından, şikayət təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1250/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1250/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.