Məhkəmə qərarları › İş №8(3-8)-67/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-67/2026

09.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-67/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin təqdimatına dair iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından borclu Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin *-(***)-***/****-*** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən borclu Borclu və X2 müştərək qaydada 39000 manat, vəkil üçün ödənilmiş 900 manat və 207 manat dövlət rüsumunun tutularaq, tələbkar Əliyev İlkin Əlihüseyn oğlunun xeyrinə ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin *-(***)- ***/****-*** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən ##.##.1996-cı ildə anadan olmuş və borclu Borclu və X2 müştərək qaydada 39000 manat, vəkil üçün ödənilmiş 900 manat və 207 manat dövlət rüsumunun tutularaq tələbkar Əliyev İlkin Əlihüseyn oğlunun xeyrinə ödənilməsi qərara alınmışdır. Qeyd olunan icra sənədi ##.##.2024-cü il tarixində Abşeron rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş olunmuşdur. Borclu Borclu tərəfindən təqdimata qarşı yazılı etiraz təqdim edilərək qeyd edilmişdir ki, təqdimatda borcluya icraata başlama haqqında qərarın göndərildiyi qeyd edilsə də həmin sənədin borcluya real qaydada təqdim edildiyini, onun könüllü icra müddəti barədə lazımi qaydada məlumatlandırıldığını və buna baxmayaraq icradan üzrsüz yayındığını təsdiq edən sübutlar mövcud deyildir. “Göndərilmişdir” ifadəsi hüquqi baxımdan “təqdim edilmiş və alınmışdır” anlamına gəlmir. Konstitusion hüququn məhdudlaşdırılması üçün isə məhz borclunun məlumatlandırıldığı və buna baxmayaraq öhdəliyi yerinə yetirməkdən qəsdən boyun qaçırdığı sübut olunmalıdır. İş materiallarından görünür ki, borclu tərəfindən ##.##.2026-cı il tarixdə 3000 manat, daha sonra isə əlavə olaraq 1000 manat məbləğində ödəniş edilmişdir. Bu ödənişlər təqdimat verilməzdən əvvəl həyata keçirilmişdir. Həmin fakt borclunun icra sənədinə tam etinasız yanaşmadığını, əksinə öhdəliyin icrasına faktiki başladığını göstərir. Belə olan halda borclunun icradan üzrsüz yayınması barədə qəti nəticəyə gəlmək hüquqi baxımdan əsassızdır. Bundan başqa, borclu icra icraatında verdiyi izahatında icra sənədindən yeni xəbərdar olduğunu, bundan sonra isə hər ay 1000 manat olmaqla borcun mərhələli şəkildə ödənilməsini üzərinə götürdüyünü bəyan etmişdir. Bu hal borclunun öhdəlikdən boyun qaçırmadığını, icra sənədinin real icrasına yönəlmiş davranış nümayiş etdirdiyini və məhkəmənin müdaxiləsi olmadan belə icranın təmin olunmasının mümkün olduğunu göstərir. Təqdimata əlavə olunmuş sorğuların nəticələrindən borclunun adına əmək haqqı, pensiya, daşınmaz əmlak və nəqliyyat vasitəsinin müəyyən olunmadığı görünür. Bu hal borclunun obyektiv maliyyə çətinliyi içində ola biləcəyini göstərir və borcun dərhal tam ödənilməməsini avtomatik olaraq icradan qəsdən yayınma kimi qiymətləndirməyə hüquqi əsas vermir. Konstitusion hüququn məhdudlaşdırılması yalnız son vasitə (ultima ratio) kimi tətbiq olunmalıdır. İcra icraatının məqsədi borclunu cəzalandırmaq deyil, icra sənədinin real icrasını təmin etməkdir. Borclu artıq qismən ödəniş etmiş və davamlı ödəniş planı təqdim etmişdirsə, belə halda daha yüngül icra tədbirləri mövcud olduğu halda ən sərt tədbirin tətbiqi mütənasiblik prinsipinə zidd hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması yalnız icradan qəsdən yayınma, gizlənmə və ya icranın təmin olunmasını qeyri-mümkün edən hallarda tətbiq edilməlidir. Qismən ödənişlərin edilməsi və borcun mərhələli qaydada ödənilməsi niyyətinin bildirilməsi hallarında belə məhdudiyyətin tətbiqi əsassız hesab edilə bilər. Beləliklə, təqdimatda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün tələb olunan zəruri hüquqi elementlərbildirişin sübutu, qəsdən yayınma, fərdiləşdirilmiş əsaslandırma və mütənasiblik-tam sübuta yetirilməmişdir. Odur ki, barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı əsassız hesab edilərək təmin edilməməsi xahiş olunmuşdur. Abşeron rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə (hakim Habil Əhmədov) təqdimat təmin edilmiş, ##.##.1996-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan borclu Borclu borc məbləği tam ödənilənə kimi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Məhkəmə müəyyən etmişdir ki, borclu Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. Eyni zamanda, təqdimata əlavə olunmuş borclu şəxs barəsində kompüter məlumat çıxarışından məlum olur ki, borclu Borclu adına hər hansı bir əmlak qeydiyyata alınmamışdır. Göründüyü kimi icra məmuru icra hərəkətlərinin ardıcıllığını yerinə yetirmiş və növbəti, yəni, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra hərəkətlərinin edilməsinə əsas yaranmışdır. Borclu Borclu Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından elektron kabinet vasitəsilə ##.##.2026-cı il tarixdə şikayət verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının ləğv edilməsi, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən verilmiş borclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin faktiki halları tam araşdırılmamış və nəticədə borclunun konstitusion hüquqlarına qeyri-mütənasib müdaxilə edilmişdir. Belə ki, iş materiallarından görünür ki, borclu tərəfindən təqdimat verilməzdən əvvəl ##.##.2026-cı il tarixdə 3000 manat, daha sonra isə əlavə olaraq 1000 manat məbləğində ödəniş edilmişdir. Bu hal borclunun icradan yayınmadığını, əksinə öhdəliyin icrasına faktiki başladığını göstərir. Bundan əlavə borclu icra icraatında verdiyi izahatında icra sənədindən yeni xəbərdar olduğunu, bundan sonra isə hər ay 1000 manat olmaqla borcun mərhələli şəkildə ödənilməsini üzərinə götürdüyünü bəyan etmişdir. Bu hal borclunun öhdəlikdən boyun qaçırmadığını, icra sənədinin real icrasına yönəlmiş davranış nümayiş etdirdiyini göstərir. Həmçinin məhkəmə yalnız “qərarın göndərilməsi” halına istinad etmiş, lakin icraata başlama haqqında qərarın borcluya faktiki təqdim olunmasını təsdiq edən sübutları araşdırmamışdır. “Göndərilmişdir” ifadəsi hüquqi baxımdan “təqdim edilmiş və alınmışdır” mənasına gəlmir. Bundan başqa, iş materiallarından görünür ki, borclunun adına hər hansı daşınmaz əmlak, nəqliyyat vasitəsi və ya rəsmi gəlir müəyyən edilməmişdir. Bu isə onun obyektiv maliyyə çətinliyi içində olduğunu göstərir və borcun tam ödənilməməsini avtomatik olaraq icradan qəsdən yayınma kimi qiymətləndirməyə əsas vermir. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması yalnız icradan qəsdən yayınma, gizlənmə və ya icranın təmin olunmasını qeyri-mümkün edən hallarda tətbiq edilməlidir. Qismən ödənişlərin edilməsi və borcun mərhələli qaydada ödənilməsi niyyətinin bildirilməsi hallarında belə məhdudiyyətin tətbiqi əsaslı hesab edilə bilməz.Beləliklə, təqdimatda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün tələb olunan zəruri hüquqi elementlər — bildirişin sübutu, qəsdən yayınma, fərdiləşdirilmiş əsaslandırma və mütənasiblik — tam sübuta yetirilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququ yalnız icra sənədi könüllü icra müddətində üzrsüz səbəbdən icra edilmədikdə məhdudlaşdırıla bilər. Lakin iş materiallarında borclunun icradan qəsdən yayınmasını təsdiq edən mötəbər sübut yoxdur. Əksinə, borclu tərəfindən ödənişlər edilmişdir. Birinci instansiya məhkəməsi borclunun icradan qəsdən yayınması nəticəsinə gəlmişdir. Halbuki işin faktiki hallarından görünür ki, borclu öhdəliyin icrasına başlamış, qismən dəniş etmiş və gələcək ödənişlərlə bağlı iradə nümayiş etdirmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin *-(***)-***/****-*** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən ##.##.1996-cı ildə anadan olmuş və borclu Borclu və X2 müştərək qaydada 39000 manat, vəkil üçün ödənilmiş 900 manat və 207 manat dövlət rüsumunun tutularaq tələbkar Əliyev İlkin Əlihüseyn oğlunun xeyrinə ödənilməsi qərara alınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 84-1-ci maddəsinə əsasən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il ## ##### tarixli, * saylı Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında" Təlimatın 2.1ci maddəsinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. 2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İşin hallarından görünür ki, borclu Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmiş, borclu Borclu adına hər hansı bir əmlak qeydiyyata alınmamışdır. Göründüyü kimi icra məmuru icra hərəkətlərinin ardıcıllığını yerinə yetirmiş və növbəti, yəni, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra hərəkətlərinin edilməsinə əsas yaranmışdır. Borclunun icra sənədinin icrası ilə əlaqədar təxminən 1 il 6 ay ərzində hərəkətsizlik göstərməsi, yalnız müvafiq icra tədbirlərinin görülməsi ərəfəsində icra sənədinin qismən icrası halı da təqdimatın təmin edilməməsi üçün əsas olmamışdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu Borclu şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar