Məhkəmə qərarları › İş №8(3-8)-7/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-7/2026

29.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(3-8)-7/2026 29.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Tələbkar qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyasına dair iş üzrə QƏRARDAD Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Əliağa oğlu və X1 ibarət tərkibdə, X13 qızının katibliyi ilə, Ərizəçi Tələbkar qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barədə ərizəsi üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)-151/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. AZ-İ seriyalı, 132388 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 və Tələbkar arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 58 nömrə ilə qeyd edilmişdir.

2. Şabran Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(031)-704/2012 nömrəli icra vərəqəsindən görünür ki, X5 hər ay 60 manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2009-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Tələbkar verilməsi müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. Ərizəçi Tələbkar qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barədə ərizə ilə müraciət edərək Şabran Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(031)- 704/2012 nömrəli qətnaməsi ilə müəyyən olunmuş 60 manat aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir

4. Ərizə onunla əsaslandırılmışdır ki, o, X10 ilə rəsmi qaydada ailəli olmuşdur. Birgə nikahdan xx.xx.2009-cu ildə Rəvan adlı övladı olmuşdur. Daha sonra Tural ilə arasında olan nikah rəsmi qaydada pozulmuşdur. X10 övladı ilə maraqlanmadığından, maddi tələbatlarını qarşılamadığından, o, aliment tələbi ilə məhkəməyə müracət etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(031)-704/2012 nömrəli qətnaməsinə əsasən xx.xx.2009-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 hər ay 60 sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamənin icra edilməsi üçün icra vərəqəsi Şabran Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda 60 manat aylıq aliment ilə uşağın qida, geyim və s. xərclərini tam şəkildə qarşılaya bilmir. X7 maddi imkanı yaxşıdır və yüksək məbləğdə aliment ödəməyə qadirdir. X10 ilə arasında alimet miqdarının artırılmasına dair razılaşma yoxdur. Bu səbəbdən müəyyən olunmuş aliment məbləği minimum əmək haqqına uyğun olaraq indeksləşdirilməlidir.

5. Ərizəçi Tələbkar xx.xx.2025-ci il tarixdə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(031)-704/2012 nömrəli qətnaməsi ilə müəyyən olunmuş 60 manat aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)-151/2025 nömrəli qərardadı ilə (hakim Könül Mirzəfərova) Şabran Rayon Məhkəməsinin 2(031)-704/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2009-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 hər ay tutulan 60 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək X5 Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində müəyyən edilməsi qərara alınmışdır.

7. Borclu həmin qərardaddan xx.xx.2025-ci il tarixdə şikayət verərək, qərardadın ləğv edilməsini və Tələbkar tələbinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)-151/2025 nömrəli qərardadı ilə (hakim Könül Mirzəfərova) şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

9. Şikayət onunla əsaslandırılmışdır ki, onun heç bir rəsmi iş yeri yoxdur, iş olanda fərdi işlərlə məşğul olur və aylıq qazancı təxminən 250-300 manat təşkil edir. Ona görə də alimentin müəyyən edilmiş məbləğinin indeksləşdirilməsi üçün heç bir əsas mövcud deyildir. O, 2018-ci ilə qədər hər ay Tələbkar övladı Rəvana görə 60 manat, 2018-ci ildən isə hər ay 100 manat aliment ödəmişdir. Hal-hazırda onun Tələbkar artıq ödənilmiş aliment pulları mövcuddur. Tələbkar ilə ayrılandan sonra ikinci dəfə X3 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan 11 yaşlı bir övladı var. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(031)-722/2025 saylı qətnaməsinə əsasən X3 ilə arasında bağlanmış nikah pozulmuş, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində tutulması qət edilmişdir. Bununla əlaqədar o, artıq Tələbkar hər ay 100 manat aliment ödəmək iqtidarında deyildir. Tələbkar ancaq 60 manat aylıq aliment pulu ödəməyə maddi imkanı çatar. Ödədiyi aliment Şabran Rayon Məhkəməsinin 8(031)-151/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən minimum əmək haqqının 0,64 misli həddində indeksləşdirildikdə, ondan tutulacaq alimentin məbləği bu il üçün 256 manat təşkil edəcək ki, onun maddi vəziyyəti ərizəçi Tələbkar tələb etdiyi aliment məbləğini ödəməyə imkan vermir. Ərizəçi qeyd edir ki, Borclu maddi imkanı yaxşıdır və yüksək məbləğdə aliment ödəməyə qadirdir. Əgər həqiqətən maddi imkanı yaxşıdırsa və yüksək məbləğdə aliment ödəməyə qadirdirsə, Tələbkar məhkəməyə dediyini təsdiq edən sübut təqdim etməli idi. Şabran Rayon Məhkəməsində işə baxılarkən “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarı“ əsas tutulmaqla qərardad qəbul olunmuşdur. Həmin Qərarda qeyd olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsində isə qeyd olunur ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göründüyü kimi Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsində tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi məcburi şərt kimi nəzərdə tutulmamışdır. Ümumiyyətlə, Ali Məhkəmənin Plenumunun qərarları məhkəmələr üçün məcburi xarakter daşımır, sadəcə tövsiyə xarakterini özündə əks etdirir. Həmçinin, Ali Məhkəmənin qərarları heç bir normativ hüquqi akta zidd ola bilməz. Göründüyü kimi məhkəmədə işə baxılarkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinin adı çəkilərək həmin maddəyə formal şəkildə istinad olunsa da, həmin maddənin tələbləri tətbiq edilməmiş, bununla da, maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri

10. Ərizəçi tərəfindən şikayətə qarşı yazılı etiraz verilməmişdir.

Tətbiq edilən hüquq Ailə Məcəlləsi

11. Maddə 110. Alimentin indeksasiyası 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

12. Maddə 5. Uşaq mənafelərinin üstünlüyü Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 15. Məhkəmə aktlarının məcburiliyi (...) 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

14. Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

15. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

17. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyası verilmiş tələb üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt (2012-ci il) tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunması şəklində qeyd olunmalıdır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

22. Həmin Qərarın 8.4-2-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

23. Məhkəmə kollegiyası uşağın saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının, həm uşağın, həm də uşağın valideynlərinin mənafeləri arasında balanslaşdırmanın zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

24. Kollegiya şikayətin dəlilləri ilə bağlı həmçinin edir ki, aliment məbləğinin indeksasiya olunması, sonradan alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsini istisna etmir.

25. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)-151/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar