Məhkəmə qərarları › İş №8(3-8)-71/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-8)-71/2026

16.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(3-8)-71/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Borclu Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimata dair iş üzrə (Açar sözlər: əmlakın üzərinə həbsin qoyulması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə Quba Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından tələbkar Tələbkar MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatla müraciət edərək, Quba Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2012-ci il tarixli icra sənədinə əsasən X4 mülkiyyətində olan daşınar əmlakın üzərinə həbs qoyulmasını xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-****/**** saylı ##.##.2012-ci il tarixli icra sənədinə əsasən X4 Mirabbas oğlundan 1736 ABŞ dolları, 10 azn dövlət rüsumu məbləğində pul vəsaiti tutularaq tələbkar Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə ******/**** saylı icra işi açılmış, ##.##.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, borcluya "İcra Haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə əsasən icra sənədinin könüllü icrasını təmin etməsi üçün vaxt verilmişdir. X4 hal-hazırda 1240 ABŞ dolları və 20 manat dövlət rüsumu qalıq borcu mövcuddur. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi ilə bağlı aidiyyəti üzrə sorğular verilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları nəticəsində adına olan "MERCEDES BENZ C200 MİNİK" markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin qeydiyyata alınması məlum olmuşdur. Ona görə də tələbin avtonəqliyyat vasitəsinin üzərinə yönəldilməsi məqsədəmüvafiqdir.

3. Quba Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim İ.Qazıbəyov) təqdimat təmin edilməmişdir.

4. Qərardaddan narazı qalan tələbkar Tələbkar MMC şikayət verərək Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadının tamamilə ləğv edilməsini, işə yenidən baxılmasını xahiş etmişdir.

5. Quba Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı halda borcluya məxsus “MERCEDES BENZ C200” markalı avtomobil üzərinə həbs qoyulması qanuni məqsəd daşısa da, tətbiq olunacaq müdaxilə mütənasiblik prinsipinin tələblərinə uyğun hesab edilə bilməz. Hazırkı iş üzrə icra sənədinə əsasən borcludan tutulmalı olan qalıq borc məbləği 1240 ABŞ dolları təşkil edir. Bununla yanaşı, üzərinə həbs qoyulması tələb edilən “MERCEDES BENZ C200” markalı avtomobilin bazar dəyərinin həmin borc məbləğindən əhəmiyyətli dərəcədə artıq olduğu açıq şəkildə görünür. Məhkəmə hesab edib ki, borcun nisbətən az məbləğ təşkil etdiyi halda yüksək dəyərə malik əmlak üzərinə həbs qoyulması, xüsusilə həmin əmlak borclunun əsas yaşayış və fəaliyyət vasitələrindən biri olduqda, icra tədbirinin məqsədi ilə müqayisədə ölçüsüz müdaxilə xarakteri daşıyır. İş materiallarından və borclunun izahatından müəyyən olunur ki, qeyd edilən avtomobil borclunun yalnız mülkiyyət obyekti deyil, eyni zamanda onun sərbəst hərəkət etməsi, gündəlik həyat fəaliyyətini həyata keçirməsi və gəlir əldə etməsi üçün istifadə etdiyi əsas vasitədir. Borclunun insult xəstəsi olması və hərəkət qabiliyyətində problemlərin mövcudluğu şəraitində avtomobil onun gündəlik sosial və fiziki ehtiyaclarının təmin edilməsində xüsusi əhəmiyyət daşıyır. Həmçinin müəyyən edilmişdir ki, borclu telefon satışı fəaliyyəti ilə məşğul olur və bu fəaliyyətin həyata keçirilməsi bilavasitə avtomobildən istifadəyə bağlıdır. Belə olan halda, avtomobil üzərinə həbs qoyulması təkcə borclunun mülkiyyət hüququna deyil, eyni zamanda onun sərbəst hərəkət etmək, əmək fəaliyyəti ilə məşğul olmaq, gəlir əldə etmək və normal həyat şəraitini davam etdirmək hüquqlarına da əhəmiyyətli müdaxilə yaradır. Məhkəmə hesab edib ki, şəxsin əmək fəaliyyəti üçün zəruri olan vasitənin məhdudlaşdırılması nəticə etibarilə onun gəlir imkanlarını zəiflədə və gələcəkdə məhkəmə qərarının icrasını daha da çətinləşdirə bilər. Bu isə icra tədbirinin mahiyyəti ilə ziddiyyət təşkil edir. Çünki məcburi icra institutunun məqsədi şəxsi tam iqtisadi və sosial çətin vəziyyətə salmaq deyil, qərarın ağlabatan və hüquqi balans çərçivəsində icrasını təmin etməkdir. Göstərilənlərə əsasən məhkəmə hesab edib ki, qeyd olunan avtomobil üzərinə həbs qoyulması mütənasiblik və ədalətli balans prinsiplərinə uyğun hesab edilə bilməz.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1, 45.2, 45.6, 45.7 və 50.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

8. Şikayət onunla əsaslandırılmışdır ki, təqdimatı təmin etməyən məhkəmə öz qərarını borclunun səhhəti, gəlir mənbəyi və mütənasiblik iddiaları ilə əsaslandırmışdır. Lakin bu arqumentlər yeni əldə edilmiş rəsmi sənədlər və faktlarla tamamilə təkzib olunur. Məhkəmə qərardadda avtomobilin borclunun "telefon satışı fəaliyyəti üçün zəruri gəlir mənbəyi" olduğunu əsas gətirmişdir. Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin ##.##.2026-cı il tarixli rəsmi portal çıxarışına əsasən, X4 Mirabbas oğlu (VÖEN: 4500694902) "Passiv" statusdadır. Bu o deməkdir ki, o, qanuni heç bir ticarət fəaliyyəti göstərmir, gəlir əldə etmir. Məhkəməyə təqdim etdiyi "telefon satışı" arqumenti saxtadır, sadəcə əmlakına həbs qoyulmasının qarşısını almaq üçün uydurulmuşdur. Məhkəmə avtomobilin borclunun səhhəti (insult xəstəsi) üçün vacib olduğunu qeyd etmişdir. Lakin borclunun heç bir rəsmi əlillik qrupu yoxdur, pensiya almır. Əliliyi təsdiq edən sənəd təqdim edilməmişdir. "MERCEDES BENZ C200" markalı bahalı minik avtomobili, xəstə daşınması üçün nəzərdə tutulmuş xüsusi nəqliyyat vasitəsi deyil. Sağlamlıq vəziyyətinə görə hərəkət etməkdə çətinlik çəkən şəxs varsa, borcun ödənilməsindən sonra qalan vəsait hesabına daha ucuz, praktiki və real ehtiyaclarını ödəyə biləcək avtomobil ala bilər. Məhkəmə borc məbləğinin (1240 ABŞ doları) avtomobilin dəyərindən az olduğunu vurğulamışdır. Lakin qanunvericilik bu halda əmlaka həbs qoyulmasını qadağan etmir. Əksinə, satışdan sonra borc məbləği və icra xərcləri çıxıldıqdan sonra yerdə qalan bütün məbləğ borcluya qaytarıldığı təqdirdə, mütənasiblik prinsipi tam qorunmuş olur. Məhkəmə bu yanaşmanı nəzərə almayıb. Borclunun alternativ ödəmə mənbəyi yoxdur, əmlakın üzərinə həbs qoyulmasa, borc heç vaxt ödənilməyəcək. 2012-ci ildən bəri davam edən bu borc məsələsində borclu məhkəməni yanıltmağa cəhd göstərir: vergi orqanına qarşı "Passiv" görünür, lakin realda ticarət fəaliyyəti ilə məşğul olduğunu iddia edir. Belə olan halda, məhkəmənin borcludan yana mövqe tutması kreditorun mülkiyyət hüququnun açıq şəkildə pozulmasına gətirib çıxarır. Məhkəmə "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 87-ci maddəsini düzgün tətbiq etməmişdir. Həmin maddə borclunun əmlakına həbs qoyulması üçün yeganə şərtin "digər ödəmə mənbəyinin olmaması" olduğunu nəzərdə tutur. Məhkəmə isə qanunda olmayan əlavə məhdudiyyətlər (avtomobilin şəxsi ehtiyaclar üçün zəruriliyi) yaradaraq, kreditorun tələb hüququnu məhdudlaşdırmışdır. Məhkəmə yalnız borclunun heç bir sənədlə təsdiq olunmamış ifadələrinə əsaslanaraq, həmin faktları sübut edilmiş hesab etmişdir. Bu, məhkəmənin tərəflərin bərabərliyi və çəkişmə prinsipini pozmasıdır. Məhkəmə öz qərarını ehtimallar üzərində deyil, yalnız təsdiqlənmiş sübutlar əsasında qurmalı idi. Məhkəmə, avtomobilə həbs qoyulmadığı təqdirdə, borcun hansı mənbədən ödəniləcəyini müəyyən etməmişdir. 2012-ci ildən bəri borcun könülü ödənilməməsi faktı, digər gəlir və ya əmlakın olmadığını göstərir. Məhkəmə bu mühüm faktı nəzərə almamışdır. Məhkəmə icra məmurunun borclunun bank hesabları, daşınar və daşınmaz əmlakı barədə tam araşdırma aparıb-aparmadığını yoxlamamış, yalnız bir əmlak növünə (avtomobil) dair təqdimata baxaraq ümumi nəticə çıxarmışdır. Halbuki, digər əmlakın olmaması, məhz bu avtomobilə həbsin zəruriliyini təsdiq edə bilərdi. Göründüyü kimi məhkəmə yalnız borclunun mənafeyini nəzərə almaqla, işin bütün hallarını ərtaflı araşdırmamış və yanlış nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayətə qarşı etirazın dəlilləri

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 45.7-ci maddəsinə əsasən tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir.

12. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyətinə malikdir 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

13. Şikayətdən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

14. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadının tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli və iş icra məmurunun təqdimatına mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün yenidən Quba Rayon Məhkəməsinə qaytarılmalıdır.

16. Belə ki, hazırkı təqdimatın mahiyyətindən görünür ki, tələb icra sənədi üzrə borcluya məxsus olan avtomobil üzərinə həbs qoyulması barədədir.

17. Baxılan işdən görünür ki, Quba Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2012-ci il tarixli icra sənədinə əsasən X4 Mirabbas oğlundan 1736 ABŞ dolları, 10 azn dövlət rüsumu məbləğində pul vəsaiti tutularaq tələbkar Tələbkar MMC-nin xeyrinə ödənilməlidir.

18. Hazırkı təqdimatdan isə müəyyən edilir ki, icra şöbəsində icra sənədi üzrə ******/**** saylı icra işi açılmış və ##.##.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq borcluya "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 8ci maddəsinə əsasən icra sənədinin könüllü icrasını təmin etməsi üçün vaxt verilmişdir. Borclu tərəfindən icra sənədinin icrası dərhal təmin edilməmiş, icranın təmin edilməməsi ilə bağlı isə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir.

19. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borclunun əmlak və gəlir yerlərinin axtarışı nəticəsində borclunun adına "MERCEDES BENZ C200 MİNİK" markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin qeydiyyata alındığı müəyyən edilmişdir. Bundan sonra icra məmuru borcluya məxsus sözügedən avtomobil üzərinə həbs qoyulması barədə hazırkı təqdimatla məhkəməyə müraciət etmişdir.

20. Qeyd olunduğu kimi işə baxan məhkəmə təqdimatı təmin etməmiş və mövqeyini əsasən onunla əsaslandırmışdır ki, icra sənədi üzrə ödənilməli pul tələbinə münasibətdə təqdimatda üzərinə həbs qoyulması xahiş edilən borcluya məxsus avtomobilin dəyəri əhəmiyyətli dərəcədə yüksəkdir. Habelə məhkəmə hesab etmişdir ki, borclunun səhhəti, sosial vəziyyəti, əmək fəaliyyəti, avtomobilin onun gündəlik həyatında funksional əhəmiyyəti, borcun məbləği ilə əmlakın dəyəri arasındakı açıq uyğunsuzluq, eləcə də borclunun borcun ödənilməsi istiqamətində hissə-hissə ödəniş etməsi birlikdə qiymətləndirildikdə, qeyd olunan avtomobil üzərinə həbs qoyulması mütənasiblik və ədalətli balans prinsiplərinə uyğun hesab edilə bilməz.

21. Məhkəmə kollegiyası təqdimatı, qərardaddan verilən şikayətin dəlillərini iş materialları ilə birgə təhlil edərək belə qənaətə gəlir ki, hazırkı halda işə baxan birinci instansiya məhkəməsinin təqdimatın rədd edilməsi ilə bağlı gəlmiş olduğu nəticə əsaslı hesab edilə bilməz.

22. Apellyasiya kollegiyası qeyd edir ki, hazırkı qərardadda sadalanan xüsusatlar nəzərə alınmaqla işə baxmış birinci instansiya məhkəməsi təqdimata yenidən baxmalı, yalnız həmin hallar araşdırıldıqdan sonra təqdimatın təmin yaxud rədd edilməsi barədə əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.

23. MPM-in 15.2-ci maddəsinin tələbinə əsasən məhkəmənin qanuni qüvvəyə qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

24. Yenə həmin məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.

25. Birinci instansiya məhkəməsi qərarı tərəflərə münasibətdə balanslaşdırılmış, mütənasiblik prinsipinə uyğun nəticəyə köklənməsi istiqamətində əsaslandırmış və konkret vəziyyətdə göstərib ki, borc məbləği əmlakın real dəyərindən əhəmiyyətli dərəcədə aşağı həddə olduğundan, eyni zamanda borclunun yaşayış və dolanışıq xərclərini qarşılamaq üçün daimi olaraq avtomobilə ehtiyac duyduğu nəzərə alınmalı və təqdimat təmin edilməməlidir.

26. Lakin təqdimatı göstərilən əsasla təmin etməyən məhkəmə öz qərarında icra sənədi üzrə tələbin borclu tərəfindən hansı alternativ vasitələrlə icra edilə biləcəyi, habelə yenə də icra edilmədiyi təqdirdə borcluya məcburi icra tədbirlərinin tətbiq imkanları, yaxud bu tədbirlərin təsir imkanlarına da hər hansı münasibət bildirməmişdir.

27. Kollegiya qeyd etməyi vacib bilir ki, mübahisələndirilən icra sənədinin verilmə tarixi 2012-ci ilə təsadüf edir və müvafiq icra tədbirlərinin həyata keçirilməsinə, cavabdehin həmin icra tədbirlərindən xəbərdar olmasına baxmayaraq, sonuncu həmin qətnamənin çıxarıldığı vaxtdan 14 ildən çox müddət keçməsinə baxmayaraq, bugünə kimi ödənişlər etməmiş və hər dəfə ödənişlərin həyata keçirilməsindən yayınmışdır. Bu cür hallar isə kredit verənin mənafeyinə zərər vurmaqla yanaşı, dövlətin adından çıxarılmış məhkəmə qərarlarının uzun müddət ərzində tam icra olunmamasına görə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirən hallardandır.

28. Yuxarıda sadalanan qanunvericilik normalarının məqsədi ondan ibarətdir ki, dövlətin adından çıxarılmış məhkəmə qərarları mütləq şəkildə icra edilməlidir. Əks halda məhkəmə qərarları faktiki vəziyyətdə nəticəvi əhəmiyyətə malik olmayan hesab edilə bilər ki, bu yolverilməzdir.

29. Qeyd olunanları ümumiləşdirərək, kollegiya hesab edir ki, iş üzrə Quba Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı və onunla əlaqəli *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı tam ləğv edilməli, qərardadda sadalanan hallar nəzərə alınmaqla təqdimata yenidən baxılması üçün iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır.

30. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.2, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı

Qərara aldı:

Tələbkar Tələbkar MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli və onunla əlaqəli *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadları tam ləğv edilsin. Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 borclu Borclu mülkiyyətində olan daşınar əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına yenidən baxılması üçün iş Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar