Məhkəmə qərarları › İş №8(3-9)-142/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-142/2026

24.09.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-142/2026 24.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əsədli Mahir Abdulla oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından tələbkar Tələbkar verdiyi şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2010-cu il tarixli, *(***)-**/**** saylı icra vərəqəsi üzrə tələbkar Tələbkar Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Maraqlı şəxs şikayət edərək, icra məmurunun icra sənədinə münasibətdə hərəkətsizliyini qanunsuz hesab edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (hakim Nurəddin Bağırov) ərizə təmin edilməmişdir. Tələbkar Tələbkar həmin qərardaddan şikayət verərək qərardadın tam ləğv olunmasını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından verilmiş şikayət onunla əsaslandırılmışdır ki, borclu bu günə qədər 107000 manatdan bir manat belə ödəməmiş və icra və probasiya şöbəsi tərəfindən də borclu X1 1 manat da ala bilməmişdir. Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qətnaməsi qəsdən icra olunmur və icra və probasiya şöbəsi isə borclu barəsində İnzibati Xətalar Məcələsində nəzərdə tutulmuş tədbirlərdən heç bir tədbir görmür. Borclunun heç bir əmlakı olmadığını əsas gətirərək məhkəmə qətnaməsi icra olunmur. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinə görə, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 43.1, 43.1.1-43.1.5-ci maddələrinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər 44.1, 44.1.1-44.1.3-cü maddələrinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Məhkəmə tərkibi şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, tələbkarın əsas etirazı icra sənədi üzrə müəyyən edilmiş 107.000 manat məbləğin bu günədək ödənilməməsi və icra məmuru tərəfindən borclu barəsində inzibati məsuliyyət tədbirlərinin görülməməsi ilə əlaqədardır. Qeyd edilməlidir ki, icra icraatında icra məmurunun vəzifəsi borclunun əvəzinə məhkəmə aktında müəyyən edilmiş pul məbləğini ödəmək və ya həmin məbləğin mütləq qaydada tutulmasını təmin etmək deyil, məhkəmə aktının icrasını təmin etmək məqsədilə qanunla ona verilmiş səlahiyyətlər çərçivəsində bütün zəruri icra hərəkətlərini həyata keçirməkdən ibarətdir. İcra məmuru borclunun iradəsindən asılı olmayan hallarda belə, məcburi icra tədbirlərindən istifadə etməklə tələbin icrasına nail olmağa çalışmalı, lakin borclunun faktiki olaraq əmlakının, gəlirlərinin və ya tələbin yönəldilə biləcəyi digər aktivlərinin olmaması şəraitində məhkəmə qərarının faktiki icrasına zəmanət verən subyekt kimi çıxış etməməkdədir. Dövlət icra məmurunun funksiyası məhz məhkəmə qərarlarının qanunla müəyyən edilmiş qaydada icrasını təmin etməkdir. İş materiallarından müəyyən olunur ki, icra sənədi üzrə borclu X1 icra sənədini qərəzli olaraq icra etməməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət təqibi həyata keçirilmiş, nəticədə o, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Borclu cəzadan azad edildikdən sonra isə icra məmurunun tərtib etdiyi inzibati xəta haqqında protokol əsasında Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə onun barəsində 10 gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Bununla yanaşı, icra işi materiallarından görünür ki, icra məmuru tərəfindən aidiyyəti dövlət orqanlarına və təşkilatlara sorğular göndərilməklə borclunun əmlakının, gəlirlərinin və tələbin yönəldilə biləcəyi digər əmlak hüquqlarının müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülmüş, həmin tədbirlər nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlakın və ya gəlirin mövcudluğu müəyyən edilməmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Göründüyü kimi borclunun əvvəlcə cinayət, daha sonra isə inzibati məsuliyyətə cəlb edilməsi, habelə onun əmlakının və gəlirlərinin müəyyən edilməsi istiqamətində icra tədbirlərinin həyata keçirilməsi icra məmurunun icra sənədinin icrasını təmin etmək məqsədilə faktiki hərəkətlər etdiyini göstərmişdir. Tələbkarın “borclu 107.000 manat məbləğdən bir manat belə ödəməmişdir” dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, məhkəmə aktının icra edilməməsi ilə icra məmurunun hərəkətsizliyi eyni anlayışlar deyildir. Borclunun üzərinə qoyulmuş pul öhdəliyinin yerinə yetirilməməsi ilk növbədə borclunun icra davranışı ilə bağlı məsələdir və yalnız həmin nəticənin baş verməsi icra məmurunun qanunsuz hərəkətsizliyinin mövcudluğu barədə nəticəyə gəlməyə əsas verə bilməz. İcra məmurunun qanunsuz hərəkətsizliyindən söhbət gedə bilməsi üçün konkret olaraq onun qanunla həyata keçirməli olduğu icra hərəkətini həyata keçirmədiyi və ya həmin hərəkəti əsassız olaraq gecikdirdiyi müəyyən edilməlidir. Başqa sözlə, icra məmurunun üzərinə borclunun əmlakının mövcudluğundan asılı olmayaraq hər hansı vasitə ilə 107.000 manat məbləğin tələbkara ödənilməsini təmin etmək kimi nəticə öhdəliyi qoyulmamışdır. İcra məmurunun öhdəliyi nəticənin mütləq əldə olunmasına deyil, nəticəyə nail olmaq üçün qanunla nəzərdə tutulmuş icra mexanizmlərindən istifadə edilməsinə yönəlmişdir. Həmçinin şikayətdə borclu barəsində İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin görülmədiyi qeyd edilsə də, bu dəlil də iş materialları ilə təkzib olunur. Belə ki, borclunun icra sənədini icra etməməsi ilə əlaqədar onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə inzibati tənbeh tətbiq edilmişdir. Həmin tədbirin borclunu öhdəliyi könüllü icra etməyə sövq etməməsi isə icra məmurunun həmin tədbiri qanunsuz və ya natamam tətbiq etdiyini göstərə bilməz. Eyni zamanda, inzibati və cinayət məsuliyyəti tədbirlərinin tətbiqi borcun ödənilməsini təmin edən mexanizm olmamışdır, həmin tədbirlərin məqsədi borclunun qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etməməsinə görə qanunla müəyyən edilmiş məsuliyyətə cəlb edilməsidir. Bu tədbirlərin tətbiqindən sonra da borclunun öhdəliyi yerinə yetirməməsi həmin tədbirlərin icra məmuru tərəfindən görülmədiyi nəticəsini doğurmur. Nəticə etibarilə, icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüldüyü, o cümlədən borclunun məsuliyyətə cəlb olunmasının təmin edildiyi və onun əmlakının və gəlirlərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq icra hərəkətlərinin həyata keçirildiyi müəyyən olunduğundan, icra məmurunun hərəkətsizliyi barədə tələbkarın şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Şərh edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərara aldı: Tələbkar Tələbkar tərəfindən verilmiş şikаyət təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar