Məhkəmə qərarları › İş №8(3-9)-16/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-16/2026

12.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(3-9)-16/2026 12.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(5-113)-1/2026 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Tələbkar şikayət ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv olunması, Beyləqan Rayon Məhkəməsinin 16(020)-2/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin təkrar icraya yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(5-113)-1/2026 saylı qərardadı ilə (hakim Xatın Cabbarlı) şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan Tələbkar şikayət verərək, Beyləqan Rayon Məhkəməsinin 8(5-113)-1/2026 sayılı xx.xx.2026-cı il tarixli qərardadının ləğv olunmasını, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv olunması, Beyləqan Rayon Məhkəməsinin 16(020)-2/2025-002 saylı xx.xx.2025-ci il tarixli icra sənədinin təkrar icraya yönəldilməsini xahiş etmişdir, Şikayət onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 16(020)- 2/2025-002 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə “xx.xx.2016-ci il tarixdə anadan olmuş Rəsul adlı uşaqla onun yəni Tələbkar hər ayın 2-ci və 4-cü həftəsində bir gün şənbə günü 6 saat saat 11:00-dan saat 18:00-dək görüşüb ünsiyyətdə olması təmin edilsin, uşaqla ünsiyyətə ata tərəfindən olan maneə qadağan edilsin. Bir ay müddətində Tələbkar uşaqla ünsiyyət hüququna dair məhkəmədə iddia qaldırılmazsa 07 fevral 2025-ci il tarixdə müvəqqəti təminat tədbiri haqqında qərardad qüvvədən düşmüş hesab edilsin. Qərardadın icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin” deyə müəyyən edilmiş və qərardadda icra müdəti 1 ay müddət qoyulmuş və qərardadda qeyd edilmişdir ki 1 ay ərzində Beyləqan Rayon Məhkəməsinə tərəflər mübahisə ilə bağlı yenidən müraciət etməsə 1 aylıq qüvvədən düşür. O, yenidən ərizə ilə Beyləqan Rayon Məhkəməsinə 1 ay ərzində müraciət etmişdir. Həmin mübahisə ilə bağlı artıq məhkəmə qərarları da mövcuddur. Lakin məhkəmə tərəfindən icra şöbəsinə heç bir məlumat verilməmişdir.Hazırda qətnamə onların xeyrinədir. Yenidən Beyləqan Rayon Məhkəməsinə uşaqla ünsiyyət tələbinə dair müvəqqəti təminat tədbirlərinə dair ərizə ilə müraciət edir. Onlara bildirilir ki, əvvəlki qərardad qüvvədədir. İcra şöbəsi ilə əlaqə saxlayan zaman onlara məlum olur ki, Beyləqan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə işin icraata xitam verilmişdir. İcra məmurunun xitam qərarından həmin vaxtı məlumatı olmuş və həmin qərarı da onlara vhatsapp vasitəsilə atılmışdır. Məhkəmə qeyd edir ki, icra məmurunun sözügedən qərarının surətini alınması ilə bağlı sübutu yoxdur. O, icra məmurunun qanunsuz qərarından şikayət etmiş məhkəmədə icra məmurunu çağırmamış, icra işini istəməmiş və icra məmurunun qərarının ləğv olunması ilə bağlı şikayətini geri qaytarmışdır. İndi o uşağı ilə necə görüşə bilər, bilmir. Məhkəmə işə səthi yanaşmış, məhkəmə qətnamələri onun xeyrinə olsa belə nəzərə almamış və icra məmurunun xitam qərarının ona göndərilməsini onun sübut etməyini qeyd etmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(5-113)-1/2026 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin işlə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(5- 113)-1/2026 saylı qərardadı ləğv edilməli və mülki iş qərardadın təsviri-əsaslandırıcı hissəsindəki halların yenidən araşdırılması üçün Beyləqan Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 16(020)-2/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elgiz Rzayev tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan şikayət onun surəti alındıqdan sonra 10 gün müddətində verilə bilməsinə baxmayaraq, borclu tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixdə qəbul edilmiş mübahisələndirən qərarın rəsmi qaydada nə vaxt alınmasına dair sübutlar şikayətə əlavə edilməmişdir. Məkhəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Tələbkar tərəfindən Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elgiz Rzayevin xx.xx.2025-ci il tarixli "icra sənədinin icraatına xitam verilməsi barədə qərar"ından verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmiş, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.1-ci maddəsinə əsasən, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; qanun əsasında borclunun dövlətə olan borcu silindikdə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə və icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən şikayətin geri qaytarılması zamanı işin halları tam və obyektiv araşdırılmamış, sübutetmə yükü düzgün bölüşdürülməmişdir. Belə ki, icra məmurunun xx.xx.2025-ci il tarixli xitam qərarının tələbkara qanunla müəyyən edilmiş qaydada təqdim olunub-olunmaması məhkəmə tərəfindən yoxlanılmamış, icra işi tələb edilməmiş və icra məmurundan müvafiq izahat alınmamışdır. Halbuki icra sənədinin tərəfə lazımi qaydada göndərilməsi icra orqanının vəzifəsidir və bu halın sübut edilməsi də həmin orqanın üzərinə düşür. Belə ki, icra məmurunun qərarının tələbkara qanunla müəyyən edilmiş qaydada təqdim olunubolunmaması yalnız icra materiallarının araşdırılması ilə müəyyən edilə bilərdi. Məhkəmə bu istiqamətdə zəruri prosessual hərəkətləri etmədən, sübutetmə yükünü formal qaydada tələbkarın üzərinə qoymaqla işin hərtərəfli və obyektiv araşdırılması prinsipinə əməl etməmişdir. Tələbkarın qərarın mövcudluğu barədə sonradan qeyri-rəsmi qaydada məlumat əldə etməsi onun qanuni şəkildə məlumatlandırılması kimi qiymətləndirilə bilməz. Bu səbəbdən məhkəmənin yalnız qərarın surətinin nə vaxt əldə edilməsi barədə sübutun təqdim edilməməsinə istinad edərək şikayəti geri qaytarması işin faktiki hallarının səthi araşdırılmasına və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, şikayət qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(5-113)-1/2026 saylı qərardadı ləğv edilməli və mülki iş qərardadın təsviri-əsaslandırıcı hissəsindəki halların yenidən araşdırılması üçün Beyləqan Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərara aldı: Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(5-113)-1/2026 saylı qərardadı ləğv edilsin. Mülki iş qərardadın təsviri-əsaslandırıcı hissəsindəki qeyd edilən halların yenidən araşdırılması üçün Beyləqan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar