Məhkəmə qərarları › İş №8(3-9)-17/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-17/2026

02.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(3-9)-17/2026 02.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), X4 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Tələbkar Hacıqabul Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qətnaməsi üzrə aliment məbləğinin indeksasiya olunması barədə ərizəsi üzrə Hacıqabul Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 8(071)-116/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 524/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin Borclu xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq Tələbkar verilməsi hissəsində pul məbləğinin indeksasiyası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 524/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Tələbkar ilə Borclu arasında xx.xx.2016- cı il tarixdə 5 saylı Bakı “ASAN XİDMƏT” X3 4938 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, xx.xx.2018-ci il təvəllüdlü X6 və 01,05.2020-ci il təvəllüdlü X5 iddiaçı Tələbkar yanında saxlanılması, Borclu xx.xx.2018-ci il təvəllüdlü X6 və 01,05.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq Tələbkar verilməsi, iddia qalan hissədə təmin edilməməsi və və qətnamənin alimentə dair hissəsi dərhal icra edilməsi qət edilmişdir. Hazırda istehlak mallarının və xidmətlərin qiymətlərinin artması nəticəsində övladı xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün cavabdeh Borclu ödədiyi hər ay, hər bir uşağa 180 manat olmaqla, cəmi 360 manat alimentin yetərsizliyindən yaranan itkilərin tam və ya qismən kompensasiyasına zərurət yaranmışdır. Qeyd olunan halların həlli üçün məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Hacıqabul Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 8(071)-116/2025 saylı (Hakim: Orxan Bayramov) qərardadı ilə ərizənin təmin olunması, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-524/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməli olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,04 misli həddində indeksasiya edilməsi, alimentin tutulmasının qərardad qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qərara alınmışdır. Borclu qərardadından şikayət verərək, qeyd edilən qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o qərardad tamamilə qanunsuz və ədalətsiz çıxarılmışdır. Aliment məbləğinin artımı ilə bağlı tələb borclunun şəxsi həyatında ciddi maliyyə və sosial gərginlik yaradar. Belə ki, hal-hazırda rəsmi olaraq işləmir əmək haqqı almır. İş olanda günəmuzd fəhlə işləyir. Gününə 15-20 manat iş olanda pul qazanır. Hal-hazırda Məhkəmənin kəsdiyi bu vəsaiti borclu heç özü 1 ay ərzində qazana bilmir. Belə olan halda belə çıxır ki, borclu gedib cinayət törədib, oğurluq edib bu alimenti ödəməlidir. Onsuz da alimenti ödəməyə çətinlik çəkirdi. Digər şəxslərdən borc xərc ödəməyə çalışırdı. Bu məbləğdə aliment ödəmək borclunun zəruri gündəlik xərclərini ödəmək imkanını məhdudlaşdırar, bu isə sağlamlığına, psixoloji vəziyyətinə və həyat tərzinə mənfi təsir göstərər. Alimentin əlavə olaraq indeksasiya yolu ilə artırılması real imkanlarını aşır və hüququn sosial balans prinsipinə uyğun deyil. Hacıqabul Rayon Məhkəməsinin 8(071)-116/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli, 8(071)-116/2025 saylı qərardadı ilə, şikayətin təmin edilməməsi, şikayətə baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, Hacıqabul Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimentin indeksasiya olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016- cı il 28 mart tarixli 8- 2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-2 yarımbəndində qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmiş və 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il yanvar ayının 1-dən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 400 manat olmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi qətnamə çıxarılan dövr üçün minimum əmək haqqının 345 manat olmasını və Hacıqabul Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə hər bir uşağa görə 180 manat aliment təyin edilməsini nəzərə alaraq, Ali Məhkəməsi Plenumun qərarına uyğun olaraq alimentin indeksasiyasını (180:345=0.52) minimum əmək haqqına uyğun olaraq hesablamış və yeni minimum əmək haqqına uyğun olaraq sonrakı artımlar da nəzərə almaqla hər uşağa görə 0.52 misli, ümumilikdə minimum əmək haqqının 1.02 misli həddində aliment hesablamışdır. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyinə əsasən birinci instansiya məhkəməsinin “Hacıqabul Rayon Məhkəməsinin 2(071)-524/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməli olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,04 misli həddində indeksasiya edilsin” mövqeyi qanuni və əsaslıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Borclu tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 8(071)-116/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 8(071)-116/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar