Məhkəmə qərarları › İş №8(3-9)-19/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-19/2026

25.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(3-9)-19/2026 25.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və Aytən Nazim qızı Novruzova ibarət tərkibdə, alimentin indeksasiyası barədə Sabirabad Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Borclu ilə Tələbkar birgə nikahından 2 uşaq- 29 aprel 2015-ci il təvəllüdlü X8 və 21 avqust 2018-ci il təvəllüdlü X5 doğulmuşdur. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(056)-1119/2019 saylı qətnaməsi ilə Borclu ilə X4 arasında 23 sentyabr 2015-ci il tarixdə Sabirabad regional Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsində 0493 sayla qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş 29 aprel 2015-ci il təvəllüdlü X8 və 21 avqust 2018-ci il təvəllüdlü X2 iddiaçının yanında qalması müəyyən olunmuş, cavabdeh Borclu 29 aprel 2015-ci il təvəllüdlü X8 və 21 avqust 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 110 (bir yüz on) manat, ayda cəmi 220 (iki yüz iyirmi) manat miqdarında alimentin X3 ödənilməsi, alimentin bu qaydada tutulmasının 20 iyun 2019- cu il tarixdən hesablanması qət edilmişdir. Tələbkar X4 ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(056)-1119/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği indeksasiya edilməklə Borclu 29 aprel 2015-ci il təvəllüdlü X6 və 21 avqust 2018- ci il təvəllüdlü X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.85 misli həddində sabit pul məbləğində aliment tutularaq ərizəçi Tələbkar verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, qətnamə ilə birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 110 (bir yüz on) manat, ayda cəmi 220 (iki yüz iyirmi) manat miqdarında aliment ona ödənilir. Qətnamənin qəbul edildiyi 2018-ci ildən istehlak səbətinin dəyəri dəfələrlə artmış, uşaq böyümüş, minimum tələbləri artmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı ilə minimum əmək haqqın 2018-cu ilin 01 yanvar tarixindən 130 manat olmuşdur. Beləliklə qətnamə qanunu olunan vaxt, yəni xx.xx.2019-ci ildə minimum əmək haqqının məbləği 130 manat olmuşdur. Qətnamə ilə müəyyən edilən sabit pul məbləğində aliment miqdarı (130 x 0.85)=110 manat, yəni həmin dövr üçün müəyyən olunmuş minimum əmək haqqının 0,85 misli təşkil edirdi. Hazırda minimum əmək haqqı 400 manatdır. Sabirabad Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(056)-1119/2019 saylı qətnaməsi ilə Borclu 29 aprel 2015-ci il təvəllüdlü X6 və 21 avqust 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 110 manat sabit pul məbləğində alimentin məbləği hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində indeksasiya olunması, ərizənin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Qərardaddan Borclu şikayət vermişdir. Borclu şikayətində qərardadın ləğv edilməsini xahiş etmişdir. Borclu şikayətində göstərmişdir ki, məhkəmə Sabirabad rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(056)-1119/2019 saylı qətnaməsi üzrə müəyyən olunmuş aliment məbləğinin indeksasiyası barədə qərardad əsaslı olmamışdır. Məhkəmə Sabirabad rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(056)- 1119/2019 saylı qətnaməsi üzrə müəyyən olunmuş aliment məbləğinin indeksasiyası barədə qəbul etdiyi qərardadı ilə müəyyən olunmuş aliment məbləğini artırarkən onun hazırki maddi vəziyyətini nəzərə almamışdır. Bununla əlaqədar olaraq bildirir ki, o, əlil olduğundan heç bir yerdə işləmir və heç bir yerdən qazancı yoxdur, adında əmlak yoxdur. Almış olduğu əlillik müavinəti məcburi müalicəyə kifayət etmir. Eyni zamanda, tələbkar hazırda Bakı şəhərində əmək fəaliyyəti ilə məşğuldur və yüksək məbləğdə, 600 manat əmək haqqı alır, özünə məxsus evi vardır. Hazırda səhhətində olan ciddi xəstəliklə bağlı Bakı şəhərində müalicə olunur. Məhkəmə onun işsizliyini, heç bir yerdən qazanc əldə etməməyini, səhhətində ciddi problemin olduğunu, tələbkarın əmək fəaliyyəti ilə məşğul olaraq yüksək məbləğdə, 600 manat əmək haqqı aldığını və özünə məxsus evinin olduğunu nəzərə almamışdır. O, uşağının saxlanılması üçün aliment verməkdən imtina etmir. Lakin məhkəmənin qəbul etmiş olduğu qərardadda qeyd edilmiş aliment məbləğini ödəmək iqtidarında deyildir. Masallı Rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə tərəflərə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. İşin hallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Borclu 29 aprel 2015-ci il təvəllüdlü X8 və 21 avqust 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 110 (bir yüz on) manat, ayda cəmi 220 (iki yüz iyirmi) manat miqdarında alimentin X3 ödənilməsi qərara alınmışdır. Qətnamə icraya yönəldilmişdir. Hazırki müraciətində ərizəçi yetkinlik yaşına çatmayan uşaqlara görə hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.85 misli həddində sabit pul məbləğində aliment indeksasiya edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Ərizə ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: MPM-in 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8- 2/2016 nömrəli Qərarında (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə dəyişiklik edilmişdir) göstərilir ki, Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər... Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin indeksasiyası ilə bağlı iş üzrə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, qərardad qanuni və əsaslıdır. Borclu şikayətində indeksasiya olunmuş alimentin miqdarının çox olduğunu, işsizliyini, heç bir yerdən qazanc əldə etməməyini, səhhətində ciddi problemin olduğunu bildirmişdir. Göstərilənlər borclunun şikayətinin təmin edilməsi, qərardaddın ləğv edilməsi üçün əsas deyil. Kollegiya qeyd edir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarını çox hesab etdiyi halda maraqlı şəxsin alimentin miqdarının dəyişməsi barədə ayrıca iddia vermək hüququ istisna edilmir. Beləliklə, Kollegiya şikayəti təmin etmək üçün əsas tapmır və hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Borclu şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, 8(056)-324/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar