Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(3-9)-23/2026 05.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əsədli Mahir Abdulla oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(017)-182/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Əliyeva X1 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(017)-134/2019 nömrəli qətnaməsi əsasında 22 avqust 2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş aliment miqdarının bu günə olan minimum əmək haqqı əməkhaqqı məbləğinə indeksasiya edilərək minimum əməkhaqqının 0,60 misli miqdarında aliment təyin edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, 8(017)-182/2025 saylı qərardadı ilə (hakim Sulduz Ləzimov) ərizə təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(017)-134/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması və 22 avqust 2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmasıı üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 (sıfır tam yüzdə altmış doqquz) misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət verərək Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(017)-182/2025 saylı qərardadının ləğv edilməsinə dair qərar qəbul edilməsini və ya əks təqdirdə işi baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ağcabədi Rayon Kəhrizli Kənd İnzibati Ərazi X2 ailə tərkibi haqqında arayışından da, göründüyü kimi onlar ailədə 7 nəfərdirlər və ailədə yeganə rəsmi əmək haqqı alan odur. Onun himayəsində qardaşları (subaydılar) və yaşlı baxıma ehtiyacı olan xəstə anası var. Şikayətinə əlavə etdiyi Nikah şəhadətnaməsindən də, göründüyü kimi o, xx.xx.2021-ci il tarixdə rəsmi nikaha girməklə ikinci dəfə ailə həyatı qurmuşdur. İkinci nikahından onun xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X5 adlı iki övladı vardır. Ağcabədi Rayon Məhkəməsi tələbkarın ərizəsi əsasında alimenti indeksasiya edərkən bir uşağın haqqını müdafiə etmiş ancaq onun ikinci nikahdan olan ailəsinə, xəstə anasına və digər iki övladına necə baxacağını nəzərə almamışdır. O, ilkin kəsilən alimenti yəni 90 manatı onsuzda hər ay əlavə ödənişlərlə ödəyirdi. Bunu ərizəçi də etiraf edər ki, o, hər ay minumum 130-150 manat civarında aliment ödəmiş və tələbkara bundan artığına gücü çatmadığını gələcəkdə maddi vəziyəti düzələrsə əlavə ödənişlər edəcəyini bildirmişdir. Onun 14500 manat Kapital Banka kredit borcu vardır və hər ay 585 manat kredit ödəyir. İndi ərizəçi Tələbkar gücü çatmayacağını bildiyi halda alimentin artırılmasını tələb etmişdir. Burdan belə çıxır ki, tələbkarın dərdi ondan aliment almaq yox onun ikinci ailəsi ilə olan münasibətinə xələl gətirməkdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2026-cı il tarixli, 8(3-9)- 2/2026 saylı qərardadı ilə şikayət qeyri-mümkün hesab edilmiş, mülki işin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə müvafiq olaraq baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(017)-182/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdıraraq hesab edir ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(017)-134/2019 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin indeksasiya olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə tərkibi gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2-ci yarımbəndi əlavə edilmişdir. Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.4- 2-ci yarımbəndində qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə tərkibi qeyd edir ki, minimum aylıq əmək haqqının məbləği qətnamə çıxarılan dövr üçün 130 manat olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamə çıxarılan dövr üçün minimum əmək haqqının 130 manat olmasını və Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(017)-134/2019 nömrəli qətnaməsi ilə bir uşağa görə 90 manat məbləğində olmasını nəzərə alaraq, alimentin indeksasiyasını (90:130=0,69) minimum əmək haqqına uyğun olaraq hesablamış və yeni minimum əmək haqqına uyğun olaraq sonrakı artımları da nəzərə almışdır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyinə əsasən birinci instansiya məhkəməsinin Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(017)-134/2019 saylı qətnaməsinə əsasən bir uşaq üçün tutulan 90 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,69 misli həddində indeksasiya olunması barədə mövqeyi qanuni və əsaslıdır. Məhkəmə tərkibi həmçinin hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, borclu alimentin artırılmasının onun maddi vəziyyətinə, ikinci nikahdan olan ailəsinə və digər ailə üzvlərinə mənfi təsir göstərəcəyini bildirsə də, hazırkı iş üzrə mübahisə alimentin artırılması ilə deyil, əvvəllər müəyyən edilmiş aliment məbləğinin qanunvericiliyin tələblərinə uyğun olaraq indeksasiya olunması ilə bağlıdır. İndeksasiya isə məhkəmənin mülahizəsindən asılı olan yeni aliment müəyyən edilməsi deyil, əvvəlki məbləğin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının dəyişməsinə uyğunlaşdırılması məqsədi daşıyan hüquqi mexanizmdir. Qanunvericiliyə əsasən alimentin indeksasiyası zamanı borclunun maddi vəziyyətinin, ailə tərkibinin və ya digər şəxslər qarşısında öhdəliklərinin qiymətləndirilməsi məsələsi mübahisənin predmeti hesab edilmir. Bu səbəbdən borclunun ikinci nikahdan olan övladlarının mövcudluğu, ailə üzvlərinin sayının çoxluğu, kredit öhdəliklərinin olması və ya digər şəxslərin himayəsində olması barədə göstərdiyi hallar alimentin indeksasiya olunmasına maneə yaradan hüquqi əsas kimi qəbul edilə bilməz. Məhkəmə tərkibi onu da qeyd edir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Bu baxımdan, Borclu alimentin azaldılması ilə bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, Borclu tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(017)-182/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(017)-182/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-9)-23/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-23/2026
05.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver