Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(3-9)-28/2026 13.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Beyləqan Rayon Məhkəməsinin 10 fevral 2026-cı il tarixli, 8(020)-200/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Azər Quliyev məhkəməyə təqdimatla müraciət edərək, Xocavənd Rayon Məhkəməsinin 2(069)-64/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Xocavənd Rayon Məhkəməsinin 2(069)-64/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 180.000 manat və ödənilmiş 470 manat məbləğində dövlət rüsumu alınıb X2 verilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarxdə Beyləqan rayon İcra bölməsinin icraatına daxil olub, “icraata başlamaq haqqında” qərar qəbul olunaraq, “İcra haqqında” Azərbaycan Republikasının Qanunun 8.2-ci maddəsinin tələbinə əsasən, borclu Rzayev X3 Rayon Məhkəməsinin 2(069)-64/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu sərhəddən keçmək və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılması xahiş olunur. Beyləqan Rayon Məhkəməsinin 8(020)-200/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, xx.xx.1979-cu ildə anadan olmuş, Xocavənd rayonu, Xocavənd kəndində qeydiyyatda olmaqla, Beyləqan rayonu ərazisində yerləşən 500 ailəlik Xocavənd qəsəbəsi ev 98-də yaşayan Borclu ölkədən getmək hüququ Xocavənd Rayon Məhkəməsinin 2(069)-64/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borcu tam ödənilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Qərardaddan Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən şikayət verilmiş, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2026- cı il tarixli, 8(020)-200/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(3-9)-6/2026 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Beyləqan Rayon Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli, 8(020)-200/2025 saylı qərardadı ləğv edillmiş, qərardadın təsviri hissəsində göstərilənlər üzrə yenidən araşdırılma aparılması və təqdimata hüquqi qiymət verilməsi üçün iş Beyləqan Rayon Məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(3-9)-6/2026 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadında qeyd edilmişdir ki, “...Hal-hazırkı iş üzrə icra məmuru tərəfindən lazımı hərəkətlər aparılmamış, tələbin icra edilməməsinin (üzrlü və ya üzrsüz) səbəbləri formal müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi isə bütün yuxarıda qeyd olunanları nəzərə almamış, borclunun ölkədən getmək hüququnu qanunsuz məhdudlaşdırmaqla düzgün olmayan nəticəyə gəlmişdir. Halbuki məhkəmənin vəzifəsi idi ki, daxil olan təqdimatda göstərilən əsasları hər tərəfli araşdırmaq üçün zəruri olan icra tədbirləri barədə icra məmurunun qətnamənin icrası ilə bağlı görülmüş tədbirləri müəyyən etmək üçün icra sənədini tələb etmək və aparılmış icra hərəkətlərini borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına əsas verib-verməməsini müəyyən etsin. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni olmamışdır”. Beyləqan Rayon Məhkəməsinin 8(020)-200/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, xx xxxxxxx 1979-cu il tarixdə Xocavənd rayonunda doğulmuş, Xocavənd rayonu, Xocavənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ Xocavənd Rayon Məhkəməsinin 2(069)-64/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borcu tam ödənilənədək müvəqqəti məhdudlaşdırılmışdır. İcra sənədi üzrə Borclu və onun nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Xocavənd Rayon Məhkəməsinin 2(069)-64/2024 saylı, xx.xx.2024-cü iltarixli icra sənədinə əsasən Borclu 180.000 manat və ödənilmiş 470 manat məbləğində dövlət rüsumu alınıb X2 verilməsi barədə icra məmuru məhkəməyə təqdimat təqdim edib. İcra sənədi xx.xx.2024-cü il tarxdə Beyləqan rayon İcra bölməsinin icraatına daxil olub, “icraata başlamaq haqqında” qərar qəbul olunaraq, “İcra haqqında” Azərbaycan Republikasının Qanunun 8.2-ci maddəsinin tələbinə əsasən, borclu Rzayev X3 Rayon Məhkəməsinin 2(069)-64/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Lakin nəzərə almaq lazımdır ki, icra məmuru tərəfindən göndərilmiş bildiriş və könüllü icra barədə qərar əvvəl Borclu təqdim edilməmişdir. Bildiriş və qərar təqdim edilən anda o, inzibati qaydada həbs edilmiş və həmin vaxtda qərarın verilməsindən 10 gün müddət keçməmiş ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Ümumiyyətlə, icra məmuru Borclu yaşadığı evə baxış keçirməmiş, həmin evdə borcu ödəmək üçün əmlakın olub-olmamasını müəyyən etməmişdir. Bundan da görünür ki, "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın tələbləri pozulmuş, məhkəmə isə buna əhəmiyyət verməmişdir. Hesab edir ki, hazırkı vəziyyətdə şəxsin hüquqlarının məhdudlaşdırılması yol verilən deyildir. Ümumiyyətlə, bundan əvvəl işə baxan Şirvan Apellyasiya Məhkəməsinin göstərişlərinə birinci instansiya məhkəməsi tərəfindən düzgün əməl edilməmişdir. Məhkəmə bildirir ki, “Həmçinin borclunun əmlak və gəlir məlumatları barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron icra” sistemindən əldə edilmiş çıxarış təqdimata əlavə edilmişdir.” Yaşadığı ünvana baxış keçirilməmişdir. Yəni icra hərəkətləri tam yerinə yetirilməmiş, ölkədən getmək hüququnun məhdudlaşdırılması yersiz və əsassızdır. xx.xx.2025-ci il tarixdə Borclu icra şöbəsinə könüllü getmiş, xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu verilmiş və bildirişi imzalamaqla qəbul edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 3(020)- 1090/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə 8 gün müddətinə həbs edilmişdir. Könüllü icra müddəti üçün 10 gün nəzərdə tutulsa da, Borclu həbsdən sonra könüllü müddətin başa çatması müddəti gözlənilmədən 5 gün sonra ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilmiş və məhkəmədə buna əməl etmədən təqdimatı əsassız olaraq təmin etməmişdir. Görünən odur ki, hər şey 1 günün ərzində baş vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin “Hal-hazırkı iş üzrə icra məmuru tərəfindən lazımı hərəkətlər aparılmamış, tələbin icra edilməməsinin (üzrlü və ya üzrsüz) səbəbləri formal müəyyən edilmişdir” göstərişi tam yerinə yetirilməmiş və yenidən eyni ilkin qərardad təkrarlanmışdır. Hesab edir ki, qərardad ləğv edilməli və təqdimat təmin edilməməlidir. Beyləqan Rayon Məhkəməsinin 8(020)-200/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə Beyləqan Rayon Məhkəməsinin 10 fevral 2026-cı il tarixli, 8(020)-200/2025 saylı qərardadından icra sənədi üzrə Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 10 fevral 2026-cı il tarixli, 8(020)-200/2025 saylı qərardadı ləğv edilməli, təqdimat təmin edilməməlidir. İş materiallarında olan: Xocavənd Rayon Məhkəməsinin 2(069)-64/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Borclu 180.000 manat və ödənilmiş 470 manat məbləğində dövlət rüsumu alınıb X2 verilməlidir. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Xocavənd Rayon Məhkəməsinin 2(069)-64/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. xx.xx.2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, həmin məktub borclu tərəfindən şəxsən imzalanılmaqla qəbul edilmişdir. Borclu xx.xx.2025-ci il tarixli izahatında qeyd olunan icra sənədindən xəbərdar olduğunu və məhkəmədə də iştirak etdiyini bildirmişdir. Beyləqan Rayon Məhkəməsinin 3(020)-1090/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. “Elektron-icra” sistemindən əldə olunan məlumatdan görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlak, pul vəsaitinin olmasına dair bank hesabının olması aşkar edilməmişdir. “İcra haqqında” Qanunun 84-1.1.-ci maddəsinə əsasən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Həmin Qanunun 84-1.2.-ci maddəsinə əsasən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Maddənin tələblərinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına yalnız o halda yol verilir ki, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilmir. Borclunun ölkədən getməsinə məhdudiyyət qoyulması, “İcra haqqında” Qanunda nəzərdə tutulmuş məcburi icra tədbirləri heç bir nəticə vermədikdə və icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi sübut edildikdə, icra məmurunun məhz bu halları əsaslandırdığı təqdimatı əsasında tətbiq edilə bilər və belə bir məhdudiyyətin tətbiqinə qanunvericiliyin ümumi mənası kontekstində yanaşılmalıdır. Əks təqdirdə, yəni icra məmurunun heç bir əsaslı səbəb göstərmədiyi, formal mülahizələrlə, icrası üçün məcburi icra tədbirlərinin tətbiq edilib-edilmədiyini əsaslandırmadığı, eləcə də, borclu tərəfindən üzrlü və ya üzrsüz səbəbdən icra edilib-edilmədiyi qeyri-müəyyən olan icra sənədi üzrə onun ölkədən getməsinə məhdudiyyət qoyulması mümkün hesab edilərsə bu, şəxsin konstitusion hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu normada təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Borclunun ölkədən getmək hüququna məhdudiyyətin müəyyən müddət ərzində qoyulması "İnzibati icraat haqqında" Qanunun 17-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddənin məzmununa əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz vaxtı baxımından zəruri və yararlı olmalıdır. Məsələyə dair Avropa Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, dövlət orqanları şəxsin sərbəst hərəkət etmək hüququnu məhdudlaşdıran tədbirlərin əsaslı olub-olmadığını vaxtaşırı yoxlamadan uzun müddət ərzində tətbiq edə bilməz. Bu nəzarət, ən azından, son instansiyada məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə nəzarətinin hədləri məhkəməyə bütün amilləri, o cümlədən məhdudlaşdırıcı tədbirin mütənasibliyinə dair amili nəzərə almaq imkanı verməlidir (Vlasov və Benyaş Rusiyaya qarşı iş üzrə 20 sentyabr 2016-cı il tarixli Qərar, § 32). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X6 (X7) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, borclunun, o cümlədən mütəmadi icra edilməli olan öhdəliklər üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır. Həmin Qərarda qeyd edilir ki, icra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. Nəzərə almaq lazımdır ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Həmin Qərarda göstərilir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhkəmə qərarlarının icrasına xidmət edən səmərəli vasitə olsa belə, həmin tədbirin tətbiq edilməsi öz-özlüyündə qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında, tam və düzgün icra edilməsi üçün icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş tədbirlərin tətbiqini əvəz etmir. Əks halda, tələbkar və borclunun hüquq və qanuni maraqları əsassız məhdudlaşdırıla, onlar arasında tələb olunan ədalətli balans pozula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yalnız icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə tərəfindən tətbiq edilə bilər. Lakin hazırkı iş üzrə Beyləqan rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş təqdimatın məzmunundan görünür ki, bu təqdimatda borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsinə dair halları, sözügedən tədbirin tətbiqinin zəruriliyi, onun icra sənədi üzrə borcun ödənilməsinə konkret olaraq necə xidmət edəcəyi, borclunun ölkə xaricinə çıxma etimallarının olması və bu səbəbdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasız qalacağı əsaslandırılmamışdır. Belə ki, təqdimatda borclunun davranışı, onun öhdəlikdən yayınmaq ehtimalı, ölkədən çıxışının icranı çətinləşdirə biləcəyi halları və digər mühüm amillər barədə hər hansı konkret və əsaslandırılmış dəlillər göstərilməmişdir. Təkcə icra sənədi üzrə borcun tam ödənilməməsi faktı bu cür ciddi məhdudlaşdırıcı tədbirin tətbiqi üçün yetərli hüquqi əsas hesab edilə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatları nəzərə alaraq müəyyən etmişdir ki, Borclu ölkəyə giriş-çıxışı ümumiyyətlə qeydə alınmamışdır. Bu hal isə onun ölkəni tərk etməklə icra prosesindən yayınmaq niyyətinin və ya belə bir real riskin mövcudluğunu təsdiq etmir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iş üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması nə zəruri, nə də mütənasib tədbir kimi əsaslandırılmışdır. Əksinə, bu tədbir konkret halların qiymətləndirilməsi aparılmadan tətbiq edildiyindən borclunun Konstitusiya ilə təmin edilmiş hərəkət azadlığı hüququna əsassız müdaxilə kimi çıxış edir. Bundan başqa, qeyd edilməlidir ki, belə məhdudiyyət tədbirinin faktiki olaraq borcluya qarşı cəzalandırma vasitəsi kimi tətbiq edilməsi hüquqi dövlət və ədalət prinsipləri ilə uzlaşmır. Yuxarıda qeyd edilən halları, iş materiallarını və Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Beyləqan Rayon Məhkəməsinin 10 fevral 2026-cı il tarixli, 8(020)-200/2025 saylı qərardadı ilə Borclu ölkədən getmək hüququna müvəqqəti məhdudiyyət qoyulması qanuni və əsaslı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq belə qənaətə gəlir ki, borclunun şikayəti əsaslıdır və təmin edilməlidir, Beyləqan Rayon Məhkəməsinin 10 fevral 2026-cı il tarixli, 8(020)-200/2025 saylı qərardadı ləğv edilməli, icra məmurunun təqdimatı isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 10 fevral 2026-cı il tarixli, 8(020)-200/2025 saylı qərardadı ləğv edilsin. Beyləqan rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-9)-28/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-28/2026
13.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver