Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(3-9)-32/2026 18.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(5-151)-19/2026 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(056)-1690/2024 saylı qətnaməsinə əsasən, Tələbkar QSC-nin cavabdeh Borclu (üçüncü şəxs Bakı şəhəri, 14 saylı notariat ofisi) qarşı «Nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsinə dair» iddiasının təmin edilməsi qət edilmişdir. Borclu qeyd olunan qətnamənin icrasına möhlət verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icra sənədinin icrası Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2026-cı il tarixə, saat 14:30-a təyin edilmişdir. Bilindiyi kimi qış fəslidir. Yanvar ayı qış fəslinin ən sərt aylarından biridir. Onun ailəsi böyükdür. Onlar hamısı Sabirabad rayonu, Nərimankənd kəndində yerləşən, ümumi sahəsi 83.2 kv/m olan fərdi yaşayış evində yaşayırlar. Qətnamə ilə həmin yaşayış sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi nəzərdə tutulur. Əgər şaxtalı havada, soyuq qış fəslində evi boşaltsalar, hamısı çöldə, küçədə gecələməli olacaqlar. Onların digər yaşayış sahələri yoxdur. Başa düşür ki, məhkəmə qətnaməsini icra etmək onun vəzifəsidir. Lakin hazırkı durumla bağlı tərəfindən qətnamənin icrası ilə bağlı çətinliklər yaranmışdır. Əgər qətnamənin icrası üçün ona 6 ay möhlət verilərsə, heç bir problem olmadan, könüllü olaraq qətnaməni icra etməyə hazır olacaqdır. Belə ki, həmin dövr isti hava olacaq, yəni yay fəsli olacaq, həm də ailənin digər yerdə sığınacaq tapması mümkün olacaqdır. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(5-151)-19/2026 saylı qərardadı ilə (hakim Səlim Allahverdiyev) ərizə təmin edilməmişdir. Hazırda borclu Məmmədov X1 Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(5-151)- 19/2026 saylı qərardadından şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin ərəfələr xəstə olmuş və müxtəlif müayinələr olaraq müalicələr almışdır. O, 18 gün komada yatmışdır. 20 gün palata şəraitində olmuşdur. Xəstəliyinin səbəbi isə güclü təzyiqinin olması idi. 6-7 ay ərzində iş qabiliyyətini itirmişdir. Buna dair bütün xəstəlik kağızları vardır. Özü isə yenicə ticarət işinə başlamışdır. Hazırda isə qızının əri avtoqəzada rəhmətə getdiyinə görə qızı və iki azyaşlı uşaqları onun himayəsindədir. Oğlu da onun himayəsindədir və subaydır. Bütün ailənin maddi təminatını o qarşılayır. Əvvəllər bizneslə məşğul olduğu üçün dəfələrlə kredit götürüb ödəmişdir. Lakin son vaxtlar səhhəti ilə əlaqədar bu krediti ödəməkdə çətinlik çəkmişdir. O, sadəcə olaraq 6 ay möhlət istəyir ki, 18.000 manat borcu tam olaraq bağlasın. Onun sadəcə məhkəmə heyətindən ona möhlət verilməsi tələbidir. Əgər şaxtalı havada, soyuq qış fəslində evi boşaltsalar, hamısı çöldə, küçədə gecələməli olacaqlar. Onların digər yaşayış sahələri yoxdur. Başa düşür, məhkəmə qətnaməsini icra etmək onun vəzifəsidir. Lakin hazırkı durumla bağlı tərəfindən qətnamənin icrası ilə bağlı çətinliklər yaşayır. Əgər qətnamənin icrası üçün ona 6 ay möhlət verilərsə, heç bir problem olmadan, könüllü olaraq qətnaməni icra etməyə hazır olacaq. Hazırkı qərardad ilə heç cür razılaşa bilmir. Ona görə də Sabirabad Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 8(5-151)-19/2026 saylı qərardadının əsassız olduğundan ləğv edilməsi zəruridir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(5-151)-19/2026 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2026-ci il tarixli, 8(5- 151)-19/2026 saylı qərardadının dəyişdirilmədən saxlanılması və şikayət mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(5-151)-19/2026 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Resublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə tərkibi hesab edir ki, birinci istansiya məhkəməsi borclunun qətnamənin icra edilməsinə möhlət verilməsi barədə ərizəsinin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə tərkibi şikayətə münasibət bildirərək qeyd edir ki, borcluya icra vərəqəsinin icrası üçün möhlət verilməsi tələbkarın mənafeyinə əsaslı şəkildə mənfi təsir etdiyindən məqsədəmüvafiq deyildir. Belə ki, əldə edilərək öyrənilmiş e346982/2024-19-6-004 nömrəli icra işindən görünür ki, icra sənədi xx.xx.2024-cü il tarixində icra şöbəsinin icraatına daxil olmuş, xx.xx.2024-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilərək həmin tarixdə tələbin könüllü icrası barədə bildirişlə birgə borcluya ünvanlanmış. xx.xx.2025-ci il tarixli icra sənədinin məcburi icrasının təyin edilməsi barədə bildirişlə icra sənədinin icrası xx.xx.2025-ci il tarixinə, saat 15:00-a təyin edilmiş, xx.xx.2025-ci il tarixli icra sənədinin məcburi icrasının təyin edilməsi barədə bildirişlə icra sənədinin icrası xx.xx.2025-ci il tarixinə, saat 15:00-a təyin edilmiş, xx.xx.2025-ci il tarixində borclunun izahatı alınmış və o, izahatında xx.xx.2025-ci il tarixinədək banka olan borcunu tamamilə ödəyəcəyini, ödəyə bilmədiyi təqdirdə həmin tarixdə evi tam boşaldaraq banka təhvil verəcəyini qeyd edib icra sənədinin icrasının xx.xx.2025-ci il tarixinədək təxirə salınmasını xahiş etmiş, xx.xx.2025-ci il tarixində borclu icra və probasiya şöbəsinə yazılı iltizam verərək iltizamda özü və ailəsi üçün kirayə ev tapa bilmədiyindən 2026-cı ilin yanvar ayının 9-dək vaxt verilməsini xahiş etmiş, xx.xx.2026-cı il tarixədək evi tam boşaldaraq və evdən çıxaraq tələbkara təhvil verəcəyinə söz vermiş, xx.xx.2026-cı il tarixli icra sənədinin məcburi icrasının təyin edilməsi barədə bildirişlə icra sənədinin icrası xx.xx.2026-cı il tarixinə, saat 14:30-a təyin edilmiş, xx.xx.2026-cı il tarixli icra sənədinin məcburi icrasının təyin edilməsi barədə bildirişlə isə icra sənədinin icrası xx.xx.2026-cı il tarixinə, saat 14:30-a təyin edilmişdir. Beləliklə icra işindən də göründüyü kimi, icra sənədi icra və probasiya şöbəsinin icraatına daxil olduğu zamandan 1 il 2 aydan artıq vaxt keçsə də, icra edilməmiş, icra edilməməsinin bir səbəbi də borclunun yalan vədlər verməklə süni şəkildə icra məmurundan vaxtlar əldə etməklə icra sənədinin icrasına maneçilik törətməsi olmuşdur. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən verilmiş icra sənədinin icra müddətinin 2 ay olmasına baxmayaraq, hazırkı halda qətnamənin icrasına möhlət verilməsi tələbkarın mənafeyinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə biləcək hallardan biridir. Eyni zamanda, işdə tələbkarın icra sənədinin icrasına möhlət verilməsinə razılıq verməsi barədə hər hansı sübut olması müəyyən edilməmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərinə münasibət bildirərək qeyd edir ki, borclu tərəfindən irəli sürülən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və əsassız olmasını göstərmir. Belə ki, borclu səhhəti ilə bağlı çətinliklər, ailə üzvlərinin çoxluğu, qış fəslinin sərt hava şəraiti və digər sosial halları əsas gətirərək qətnamənin icrasına 6 ay müddətinə möhlət verilməsini xahiş etsə də, həmin hallar icra sənədinin icrasının daha da uzadılması üçün müstəsna və əsaslı səbəb kimi qiymətləndirilə bilməz. İş materiallarından görünür ki, icra sənədi icra və probasiya şöbəsinin icraatına daxil olduğu vaxtdan uzun müddət keçməsinə baxmayaraq, borclu tərəfindən qətnamənin icrası təmin edilməmiş, əksinə müxtəlif vaxtlarda icranın təxirə salınması barədə müraciətlər edilməklə icra prosesinin uzadılmasına səbəb olmuşdur. Borclu bir neçə dəfə konkret tarixlər göstərərək borcunu ödəyəcəyini və ya evi boşaldaraq tələbkara təhvil verəcəyini vəd etmiş, lakin həmin vədlər yerinə yetirilməmişdir. Bu hal isə borclunun davranışının icra sənədinin vaxtında və səmərəli icrasına maneə yaratdığını göstərir. Bundan əlavə, məhkəmə tərkibi nəzərə alır ki, məhkəmə aktlarının icrası hüquqi müəyyənlik prinsipinin təmin edilməsinin vacib elementidir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının əsassız olaraq uzadılması tələbkarın hüquqlarının pozulmasına səbəb ola bilər. Mövcud vəziyyətdə qətnamənin icrasına əlavə möhlət verilməsi tələbkarın qanuni mənafelərinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə və məhkəmə qərarının ağlabatan müddətdə icrası prinsipinə zidd nəticələrə gətirib çıxara bilər. Odur ki, hazırkı halda şikayət təmin edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(5-151)-19/2026 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(5-151)-19/2026 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 8(5-151)-19/2026 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.