Məhkəmə qərarları › İş №8(3-9)-6/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-6/2026

16.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(3-9)-6/2026 16.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Beyləqan Rayon Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli, 8(020)-200/2025 saylı qərardadından Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Azər Quliyev məhkəməyə təqdimatla müraciət edərək, Xocavənd Rayon Məhkəməsinin 2(069)-64/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Xocavənd Rayon Məhkəməsinin 2(069)-64/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 180.000 manat və ödənilmiş 470 manat məbləğində dövlət rüsumu alınıb X2 verilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Beyləqan rayon İcra bölməsinin icraatına daxil olub, “icraata başlamaq haqqında” qərar qəbul olunaraq, “İcra haqqında” Azərbaycan Republikasının Qanunun 8.2-ci maddəsinin tələbinə əsasən, borclu Rzayev X3 Rayon Məhkəməsinin 2(069)-64/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu sərhəddən keçmək və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılması xahiş olunur Beyləqan Rayon Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli, 8(020)-200/2025 saylı qərardadı ilə, təqdimat təmin edilərək, xx.xx.1979-cu ildə anadan olmuş, Xocavənd rayonu, Xocavənd kəndində qeydiyyatda olmaqla, Beyləqan rayonu ərazisində yerləşən 500 ailəlik Xocavənd qəsəbəsi ev 98-də yaşayan Borclu ölkədən getmək hüququ Xocavənd Rayon Məhkəməsinin 2(069)-64/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borcu tam ödənilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Qərardaddan narazı qalan Borclu nümayəndəsi və vəkili Vəkil şikayət vermişdir Beyləqan Rayon Məhkəməsinin 05 yanvar 2026-cı il tarixli, 8(020)-200/2025 saylı qərardadı ilə, Beyləqan Rayon Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli, 8(020)-200/2025 saylı qərardadından icra sənədi üzrə Borclu və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin təqdimatın təmin edilməsi barədə gəldiyi nəticə prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli və gəlinəcək nəticənin daha aydın izah olunması baxımından birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsində Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olduğu göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verərək (İ hissə), məhkəmə orqanları da daxil olmaqla dövlət hakimiyyəti orqanlarının və vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) şikayət verilməsinin mümkünlüyünü bu hüququn əsas elementi kimi nəzərdə tutur (İİ hissə). “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyasının 6-cı maddəsinin 1-ci maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Həmin maddənin 3-cü b yarım bəndinə əsasən hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmalıdır. Qanunvericilik bu məqsədlərə nail olmaq üçün aşağı instansiya məhkəmələrinin qəbul etdiyi qərarların qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydalarını müəyyən edir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının təsirli şəkildə bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İ və İİİ bəndinə uyğun olaraq, hər kəsin azadlıq hüququ vardır, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.2.-ci maddəsinə əsasən vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. 9.3.6-ci maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yekun məhkəmə aktları icra olunmalıdır. İcra qanunvericiliyinin tələbinə görə məhkəmə qətnaməsinə əsasən verilmiş icra vərəqində göstərilmiş öhdəliklər borclu tərəfindən könüllü şəkildə yerinə yetirilmədikdə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsi icra vərəqəsi üzrə öhdəliklərinin borclu tərəfindən lazımi və tam qaydada yerinə yetirilməsinə şərait yaratmaq, təsir göstərmək məqsədi daşıyır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yekun məhkəmə aktları icra olunmalıdır. İcra qanunvericiliyinin tələbinə görə məhkəmə qətnaməsinə əsasən verilmiş icra vərəqində göstərilmiş öhdəliklər borclu tərəfindən könüllü şəkildə yerinə yetirilmədikdə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsi icra vərəqəsi üzrə öhdəliklərinin borclu tərəfindən lazımi və tam qaydada yerinə yetirilməsinə şərait yaratmaq, təsir göstərmək məqsədi daşıyır. Qanunvericiliyin tələbi baxımından borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Lakin qeyd olunan təqdimat icra məmuru tərəfindən kifayət qədər əsaslandırılmamış, həmçinin icra məmuru tərəfindən təqdimatla məhkəməyə müraciət edilənə qədər lazımı hərəkətlər edilməmişdir. Belə ki, 1.icra sənədinin, icraata başlanması barədə borcluya bildiriş verildikdən sonra borclu tərəfindən könüllü qaydada icra edilməməsi və bu əməlin Qanunla nəzərdə tutulmuş hüquqi nəticələri barədə borcluya bildirilməsi. Buna müvafiq olaraq, “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”-ın 2.2.1-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməlidir.

2. barəsində icra üzrə icraatın başlanması haqqında məlumatı olmasına baxmayaraq, borclu tərəfindən icra sənədində əks olunmuş tələbin üzrsüz səbəbdən icra edilməməsi (icra edilməsindən yayınması) barədə icra məmurunda məlumatın olması. Burada nəzərə almaq lazımdır ki, Təlimatın 2.2.2-ci bəndinə əsasən, icra məmuru müvafiq təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Göründüyü kimi, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, icra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərdən keçirərək müəyyən edir ki, birinci instansiya məhkəməsi məhkəmə qətnaməsi üzrə müəyyən olunmuş pul məbləğinin icra edilməməsi əsası ilə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatı təmin edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan yekun nəticəyə gəlinmişdir. Kollegiya qeyd edir ki, məhkəmə qətnaməsinin Borclu icra edilib-edilməməsinə qiymət verilməsi üçün ilk öncə icra hərəkətləri və həmin hərəkətlərin görülməməsinin tələbkarın yaxud borclunun təqsiri ucbatından baş verib-verməməsinin müəyyən edilməsi hazırki ərizə üzrə mühüm əhəmiyyət daşıyır. Çünki öhdəliklər lazımi qaydada və vaxtında icra edilməlidir; öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə görə borclu məsuliyyət daşıyır, əgər icra edilməmənin onun iradəsindən asılı olmadığını sübut edə bilmirsə. Yəni təqsir prezumpsiyası mövcuddur: borclu öz təqsirsizliyini sübut etməlidir. Burada önəm daşıyan hallardan biri borclunun yaxud tələbkarın icra sənədinin keçən bu vaxt ərzində icra etməməsinin müəyyən edilərək qiymət verilməsi ilə bağlı olmuşdur. Əgər müəyyən edilərsə ki, borclu: öhdəliyi yerinə yetirmək imkanı olduğu halda, bilərəkdən, məqsədli şəkildə, icradan yayınmışdır, bu artıq qəsd hesab olunur və nəticələri daha ağır olur. Bu halda borclu: kreditora dəymiş zərəri tam həcmdə ödəməlidir; zərərin tərkibinə həm real zərər, həm də əldən çıxmış fayda (əgər sübut edilərsə) daxil ola bilər; müqavilə və ya qanunla nəzərdə tutulmuş cərimə, faiz, penya da tətbiq edilə bilər. Məhz bu səbəbdən də icra sənədinin qəsddən icra etməmə, yaxud maddi imkanın olmaması əsası ilə icra edilməməsi iş üçün mühüm əhəmiyyətli hesab oluna bilər. Burada qəsdən icra etməmə ilə maddi imkanın olmaması arasında mühüm fərq var: maddi imkanın olmaması, əgər borclu obyektiv olaraq ödəmə qabiliyyətinə malik deyilsə, gəliri, əmlakı, hesabları yoxdursa, və bu hallar icra orqanı tərəfindən təsdiqlənirsə, bu qəsd sayılmır və əlavə zərər məsuliyyəti adətən yaranmır. Qəsdən yayınma aşağıdakılar qəsdən yayınma kimi qiymətləndirilə bilər: Əmlakı gizlətmək və ya başqasının adına keçirmək; gəliri rəsmiləşdirməmək; icra məmurunun tələblərini bilərəkdən yerinə yetirməmək; saxta müflislik görüntüsü yaratmaq. Bu hallarda borclu zərərə görə məsuliyyət daşıyır. Çünki qanunvericilik qəsdən icradan yayınmanı hüquq pozuntusu kimi tanıyır, qəsd olduqda borclu zərərə görə məsuliyyət daşıyır, maddi imkanın olmaması özü-özlüyündə qəsd sayılmır, qəsdin sübutu faktiki hallardan asılıdır və sübutetmə yükü iddiaçıda olur. Düzdür qanunvericiliyə görə öhdəliyin icrasından qəsdən yayınma olduqda şəxs zərərə görə məsuliyyət daşıyır. Bu, Azərbaycan mülki hüququnun əsas prinsiplərindən biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsin əsasən: öhdəliklər lazımi qaydada və vaxtında icra edilməlidir; öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə görə borclu məsuliyyət daşıyır, əgər icra edilməmənin onun iradəsindən asılı olmadığını sübut edə bilmirsə. Yəni təqsir prezumpsiyası mövcuddur: borclu öz təqsirsizliyini sübut etməlidir. Belə ki, borclu zərərə görə məsuliyyət daşıyır. Başqa sözlə bir çox iddialarda yalnız bu cür ümumi ifadələr olur: “borclu bilərəkdən ödəmir” “öhdəlikdən yayınır” “qətnaməyə hörmətsizlik edir”. məhkəmə üçün bunlar hüquqi arqument deyil, sadəcə subyektiv qiymətləndirmədir. Borclu öhdəliyin icrasından qəsdən yayınmışdırmı, yoxsa obyektiv səbəblər mövcuddurmu?. Əgər qəsd sübut olunmayıbsa, iddia təmin edilmir. Bu halda aşağıdakılar əsas kimi götürülməlidir. Birinci borclunun heç bir gəliri və əmlakı yoxdur; ikinci bu hal icra məmurunun aktları ilə təsdiqlənir; üçüncü borclu icradan yayınmır, sadəcə ödəmə qabiliyyətsizdir; dördüncü qəsdi təsdiq edən faktlar təqdim edilməyib. Bu vəziyyətdə: qəsd yoxdur. zərər məsuliyyəti yaranmır. İcra olunmama qəsd demək deyil, icra olunmamanın səbəbi, maddi imkanın olmamasıdırsa, bu hal icra məmurunun aktları ilə təsdiqlənirsə, qəsd hüquqi baxımdan yaranmır. Qəsd konkret faktlarla sübut olunmalıdır məhkəmə üçün qəsd aşağıdakı obyektiv hallarla sübut edilə bilər: borclunun adına əmlak olduğu, lakin icradan gizlədildiyi; rəsmi gəlirinin olduğu halda tutma tətbiq edilməməsi üçün gizlətməsi; əmlakı qohumunun və ya üçüncü şəxsin adına keçirməsi; icra məmurunun tələblərini yerinə yetirməməsi barədə aktların olması. Yəni “niyyəti” yox, “davranışı” sübut edilməlidir. Bunun üçün isə icra sənədləri tələb olunmalı icra ilə bağlı icra hərəkətlərinin aparılması ardıcıllığı müəyyən edilməli, daha sonra isə yuxarıda qeyd olunan təqdimata qanunvericilik baxımından hüquqi qiymət verilməlidir. Hal-hazırkı iş üzrə icra məmuru tərəfindən lazımı hərəkətlər aparılmamış, tələbin icra edilməməsinin (üzrlü və ya üzrsüz) səbəbləri formal müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi isə bütün yuxarıda qeyd olunannları nəzərə almamış, borclunun ölkədən getmək hüququnu qanunsuz məhdudlaşdırmaqla düzgün olmayan nəticəyə gəlmişdir. Halbuki məhkəmənin vəzifəsi idi ki, daxil olan təqdimatda göstərilən əsasları hər tərəfli araşdırmaq üçün zəruri olan icra tədbirləri barədə icra məmurunun qətnamənin icrası ilə bağlı görülmüş tədbirləri müəyyən etmək üçün icra sənədi sənədini tələb etmək və aparılmış icra hərəkətlərini borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına əsas verib-verməməsini müəyyən etsin. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni olmamışdır. Belə olan təqdirdə kollegiya hesab edir ki, Beyləqan Rayon Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli, 8(020)-200/2025 saylı qərardadı ləğv edilməli, yuxarıda qeyd olunanlar üzrə yenidən araşdırılma aparılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 360, 365, 398.0.2,400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

QƏRARA ALDİ:

Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli, 8(020)-200/2025 saylı qərardadı ləğv edilsin. Qərardadın təsviri hissəsində göstərilənlər üzrə yenidən araşdırılma aparılması və təqdimata hüquqi qiymət verilməsi üçün iş Beyləqan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar