Məhkəmə qərarları › İş №8(3-9)-65/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-65/2026

18.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-65/2026 18.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Borclu Ərizəni verən şəxs ərizə ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək “Toyota FJ Cruiser” minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin qanunsuz hesab edilməsi və avtomobilin həbsdən azad edilməsi, icra məmurunun hərəkətlərinin qanunsuz sayılması, eyni borc üzrə təminatlı və təminatsız icra qeydlərinin qanunsuz hesab edilməsi, təminatsız icra qeydi üzrə görülmüş tədbirlərin ləğv edilməsi, iş üzrə yekun qərar qəbul edilənədək icra icraatının dayandırılması, əmlakın qorunması üçün təminat tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəni verən şəxs tərəfindən Tələbkar ASC-dən götürülmüş kredit öhdəliyi üzrə kreditor tərəfindən notariat qaydasında icra qeydi alınmış və həmin icra sənədi əsasında icra məmuru tərəfindən ona məxsus “xxxx” ASC-nin ipoteka ilə mülkiyyətində olan Toyota FJ Cruiser markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Masallı Rayon icra Şöbəsinin icra məmuru Emin Teymurov tərəfindən həbs qoyulmuşdur. Halbuki, həmin icra sənədi üzrə ipoteka predmeti vardır və dəyəri 180.000 manatdır, onun öhdəliyi isə təxminən 40.000 manatdır, buna baxmayaraq onun öhdəliyindən artıq olaraq əmlakının üzərinə həbs qoyulmuşdur və avtomobil qanunsuz olaraq duracağa yerləşdirilmişdir. Lakin tətbiq olunmuş icra tədbiri qanunsuz, əsassız və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmaqla onun mülkiyyət hüquqlarını ciddi şəkildə pozur. Kredit öhdəliyi Masallı rayonu, Türkoba kəndində yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış obyekti ilə ipoteka qaydasında təmin olunmuşdur. Həmin əmlakın bazar dəyəri təxminən 180.000 manat, borcun məbləği isə təxminən 37.000 - 40.000 manat təşkil edir. Bu isə öhdəliyin artıq dərəcədə təmin olunduğunu göstərir. Buna baxmayaraq, kreditor tərəfindən əlavə olaraq təminatsız icra mexanizmi tətbiq edilərək avtomobilinə həbs qoyulmuşdur. Təqdim olunan sənədlərlə sübut olunur ki, eyni kredit öhdəliyi üzrə həm təminatlı, həm də təminatsız icra qeydi alınmışdır. Bu hal hüquqa ziddir və kreditorun eyni borc üzrə paralel icra mexanizmlərindən istifadə etməsi hüquqdan sui-istifadə təşkil edir. Üzərinə həbs qoyulmuş avtomobil “xxxx” ASC-nin girov predmetidir və bu fakt texniki pasportda qeyd olunmuşdur. xxxxın mülkiyyətinə digər banka olan təminatlı borcuna görə həbs qoyulmuşdur. Belə olan halda həmin əmlak üzərində üçüncü şəxsin üstün hüququ mövcuddur və digər kreditorun bu əmlaka yönəlməsi qanunsuzdur. Avtomobillə bağlı hüquqi mübahisə hazırda Şirvan Apellyasiya Məhkəməsində baxılmaqdadır və yekun qərar qəbul edilməmişdir. Kredit və restrukturizasiya sənədləri də sübut edir ki, söhbət eyni kredit öhdəliyindən gedir. İş üzrə əsas mübahisə kredit öhdəliyinin təminatı olan ipoteka predmeti torpaq sahəsi və qeyri-yaşayış obyekti ilə bağlıdır. İddiaçı tərəfindən ipoteka predmeti üzrə müstəqil qiymətləndirmə aparılmışdır. Kreditor bu qiymətləndirmə ilə razılaşmadığı halda, məhkəmə tərəfindən əlavə ekspertiza (təkrar qiymətləndirmə) təyin olunması zərurəti yaranacaqdır. Bu proses yalnız təminatlı icra qeydi, yəni ipoteka predmeti çərçivəsində həyata keçirilir. Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı (hakim Zeynal Zeynalov) ilə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan borclu Ərizəni verən şəxs Masallı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv olunmasını və ərizənin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisə predmeti olan "Toyota FJ Cruiser markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin digər bankın “xxxx” ASC-nin mülkiyyətində olmasını və Tələbkar ASC-nin borcuna görə həmin avtomobilə həbs qoyulmasını, həmin iş üzrə "xxxx" ASC qarşısında ipotekası olmasını və borcu tam ödəməsini aydınlaşdırmamışdır. Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərardadının dəyişdirilmədən saxlanılması və şikayətin işlə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərardadı qismən-“Toyota FJ Cruiser” minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin həbsdən azad edilməməsi hissəsində ləğv edilməli və mülki iş qərardadın təsviri-əsaslandırıcı hissəsindəki halların yenidən araşdırılması üçün Masallı Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu ərizəsində “Toyota FJ Cruiser” minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin qanunsuz hesab edilməsi və avtomobilin həbsdən azad edilməsi, icra məmurunun hərəkətlərinin qanunsuz sayılması, eyni borc üzrə təminatlı və təminatsız icra qeydlərinin qanunsuz hesab edilməsi, təminatsız icra qeydi üzrə görülmüş tədbirlərin ləğv edilməsi, iş üzrə yekun qərar qəbul edilənədək icra icraatının dayandırılması, əmlakın qorunması üçün təminat tədbirinin tətbiq edilməsini xahiş etsə də ərizə əsaslandırılmamış, ərizədə istinad olunan halları təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məkhəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gələrkən səhvə yol vermişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 10.1-ci maddəsinə əsasən, borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir. 24.1.1 və 24.1.2-ci maddələrinə əsasən, icra sənədi borclunun əmək haqqından (gəlirindən) birdəfəlik və ya vaxtaşırı tutmalar üçün onun iş yerinə göndərildikdə və ya icra sənədi bir icra qurumundan müvafiq ərazi üzrə digər quruma göndərildikdə aidiyyəti üzrə göndərilmiş hesab edilir. 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsinin icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Hazırkı iş üzrə borclu tərəfindən məhkəməyə təqdim edilmiş ## ###### 2023-cü il tarixli, RBYF-**** nömrəli ipoteka müqaviləsindən görünür ki, borclu Ərizəni verən şəxs məxsus “Toyota FJ Cruiser” markalı minik nəqliyyat vasitəsi “xxxx” ASC ilə borclu arasında bağlanmış ##.##.2023-cü il tarixli, RBYF-**** saylı Baş Kredit Müqaviləsindən, habelə həmin müqavilə əsasında bağlanmış və gələcəkdə bağlanacaq razılaşmalardan irəli gələn öhdəliklərin təminatı kimi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, iş materiallarında olan ## #### 2022-ci il tarixli, 10150322- 136260101/İ2 saylı ipoteka müqaviləsinə əsasən, Masallı rayonu, Türkoba kəndində yerləşən 0,06 ha ölçüdə torpaq sahəsi Tələbkar ASC ilə borclu Ərizəni verən şəxs arasında bağlanmış ## #### 2022-ci il tarixli, ********-********* saylı əsas kredit limiti müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi olan digər razılaşmalardan irəli gələn öhdəliklərin təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə “Toyota FJ Cruiser” minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin həbsdən azad edilməməsi hissəsində düzgün hüquqi nəticəyə gəlməmiş, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, iş materiallarından görünür ki, borclunun həm daşınmaz əmlakı, həm də nəqliyyat vasitəsi müxtəlif kredit öhdəlikləri üzrə ipoteka ilə yüklü edilmişdir. Lakin birinci instansiya məhkəməsi bu ipoteka münasibətlərinin mahiyyətini, hansı öhdəliyin hansı əmlakla təmin olunduğunu, habelə kreditorların hüquqlarının ardıcıllığını və üstünlüyünü araşdırmamışdır. Məhkəmə tərəfindən araşdırılmalı olan əsas hallardan biri ondan ibarətdir ki, “Toyota FJ Cruiser” markalı nəqliyyat vasitəsi “xxxx” ASC qarşısında ipoteka predmeti olduğu halda, digər kreditor Tələbkar ASC-nin tələbi əsasında həmin əmlaka yönəlmənin (həbsin qoyulması) qanuniliyi qiymətləndirilməmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyə əsasən, ipoteka ilə yüklü əmlak üzərində ilk növbədə ipoteka saxlayanın üstün hüququ mövcuddur və bu hüququn nəzərə alınmadan digər kreditor tərəfindən həmin əmlaka yönəlmə edilməsi yolverilməzdir. Bundan əlavə, məhkəmə borcun məbləği ilə təminat predmetinin dəyəri arasındakı nisbəti də araşdırmamışdır. İş materiallarında göstərilənlərə görə, borclunun Tələbkar ASC qarşısında öhdəliyi təxminən 37.000-40.000 manat təşkil etdiyi halda, həmin öhdəlik ipoteka ilə təmin edilmiş və ipoteka predmetinin bazar dəyəri təxminən 180.000 manatdır (borclunun tədim etdiyi sənədlərə əsasən). Bu isə öhdəliyin artıq dərəcədə təmin olunmasını göstərir. Belə olan halda, əlavə olaraq digər əmlaka, o cümlədən nəqliyyat vasitəsinə həbs qoyulmasının zəruriliyi və hüquqi əsasları məhkəmə tərəfindən yoxlanılmamışdır. Yəni, borcun təminatı üçün kifayət edən əmlak mövcud olduğu halda əlavə əmlak üzərinə həbs qoyulmasının zəruri olub-olmaması araşdırılmamışdır. Göstərilənlərə əsasən, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, “Toyota FJ Cruiser” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin həbsdən azad edilməməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki halları tam araşdırılmadan qəbul edilmişdir. Bu səbəbdən, həmin hissədə qərardad ləğv edilməli və iş göstərilən halların tam, hərtərəfli və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə tərkibi ərizənin digər hissələrinə münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsi həmin tələbləri əsassız hesab etməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, borclu tərəfindən icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi tələbi üzrə məhkəməyə təqdim edilmiş materiallarla icra məmurunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması halları təsdiq olunmamış, İcra məmuru icra sənədini qanunla müəyyən edilmiş qaydada qəbul etmiş və icra hərəkətlərini həmin sənəd əsasında həyata keçirmişdir. Borclu isə icra məmurunun konkret hansı hərəkətinin hansı norma ilə ziddiyyət təşkil etdiyini sübuta yetirə bilməmişdir. Eyni borc üzrə təminatlı və təminatsız icra qeydlərinin qanunsuz hesab edilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, həmin məsələ mübahisəli hüquq münasibətlərindən irəli gəldiyindən və tərəflər arasında hüquq mübahisəsinin mövcudluğunu ehtiva etdiyindən, icra icraatı qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı olan mübahisə predmetidir. Bu səbəbdən, göstərilən tələb hazırkı icraat çərçivəsində araşdırıla bilməz. İş üzrə yekun qərar qəbul edilənədək icra icraatının dayandırılması tələbinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, icra icraatının dayandırılması yalnız qanunla nəzərdə tutulmuş əsaslar mövcud olduqda mümkündür. Hazırkı iş üzrə belə əsasların mövcudluğu müəyyən edilməmiş, bu barədə hər hansı sübut təqdim olunmamışdır. Yekunda məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə “Toyota FJ Cruiser” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin qanuniliyi ilə bağlı hissədə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş və nəticədə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, şikayət qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı qismən- “Toyota FJ Cruiser” minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin həbsdən azad edilməməsi hissəsində ləğv edilməli, mülki iş qərardadın təsviri-əsaslandırıcı hissəsindəki göstərişlərin yenidən araşdırılması üçün Masallı Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərara aldı: Borclu Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı qismən-“Toyota FJ Cruiser” minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin həbsdən azad edilməməsi hissəsində ləğv edilsin. Mülki iş qərardadın təsviri-əsaslandırıcı hissəsindəki qeyd edilən halların yenidən araşdırılması üçün Masallı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar