Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(3-9)-7/2026 29.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)-377/2025 saylı qərardadından Tələbkar BOKT MMC tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Tələbkar BOKT MMC ərizə ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək Sabirabad Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 hərəkətsizliyinin qanunsuz hesab edilməsi və “İcra haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən borcun Borclu gəlirlərinin 50 faizi miqdarında yönəldilməsi barədə qərar qəbul olunması öhdəliyinin icra məmuru X1 üzərinə qoyulmasını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)-377/2025 saylı qərardadı ilə (hakim Səlim Allahverdiyev) ərizə geri qaytarılmışdır. Qərardaddan narazı qalan Tələbkar BOKT MMC şikayət verərək Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)-377/2025 qərardadının ləğv edilməsini və ərizənin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələblərini nəzərə almamışdır. Qeyd olunan maddəyə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət yalnız icra qurumunun rəhbəri tərəfindən deyil, birbaşa məhkəmə tərəfindən də öz səlahiyyətləri daxilində həyata keçirilir. Bu norma göstərir ki, məhkəmə icra məmurunun fəaliyyəti və ya hərəkətsizliyi ilə bağlı məsələlərdən tam kənarda qala bilməz və belə müraciətləri formal əsaslarla icraatdan kənarlaşdırmamalıdır. Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş müraciət icra məmurunun hərəkətsizliyinin aradan qaldırılmasına, icra sənədinin faktiki icrasının təmin edilməsinə yönəlmişdir. Bu isə birbaşa olaraq məhkəmənin “İcra haqqında” Qanunun 26-cı maddəsindən irəli gələn nəzarət funksiyası çərçivəsinə daxildir. Məhkəmənin müraciəti icraata qəbul etməyərək geri qaytarması faktiki olaraq icra sənədinin icrasına məhkəmə nəzarətinin həyata keçirilməsindən imtina etməsi mənasına gəlir ki, bu da göstərilən maddənin mahiyyətinə və məqsədinə ziddir. Beləliklə, Sabirabad Rayon Məhkəməsi “İcra haqqında” Qanunun 26-cı maddəsini nəzərə almamış, məhkəmənin icra icraatına nəzarət funksiyasını həyata keçirməmiş və bununla da ərizəçinin məhkəməyə müraciət hüququnu məhdudlaşdırmışdır. Məhkəmələr icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirirlər. Məhz bu nəzarət funksiyası baxımından vahid məhkəmə təcrübəsində bu cür ərizələrə rayon məhkəmələri tərəfindən baxılaraq müvafiq qərarlar qəbul edilməkdədir. Bu baxımdan mübahisələndirilən qərardad vahid məhkəmə təcrübəsi ilə uzlaşmır. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)-377/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)-377/2025 saylı qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, ərizəçi tərəfindən icra məmurunun hərəkətsizliyi ilə bağlı məhkəməyə müraciət edilmiş, borclunun gəlirlərindən tutulmanın “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə uyğun olaraq həyata keçirilməsi göstərilmişdir. Bu hal isə icra sənədinin faktiki icrasının təmin edilməməsi ilə bağlıdır və birbaşa məhkəmənin icra icraatına nəzarət səlahiyyətləri çərçivəsinə daxildir. Azərbaycan Respublikası “İcra haqqında” Qanununun 26-cı maddəsinə əsasən, məhkəmələr icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirirlər. Bu norma icra məmurunun hərəkəti və ya hərəkətsizliyi ilə bağlı müraciətlərin formal əsaslarla geri qaytarılmasını deyil, onların mahiyyəti üzrə araşdırılmasını tələb edir. Qeyd edilməlidir ki, ilk növbədə birinci instansiya məhkəməsi ərizəni geri qaytarmadan əvvəl ərizəçinin icra və probasiya şöbəsinə müraciət edib-etmədiyini, icra məmuru tərəfindən icra sənədinin icrası istiqamətində hansı hərəkətlərin görüldüyünü və ya hərəkətsizliyə yol verilib-verilmədiyini araşdırmalı idi. Bu məqsədlə məhkəmə icra işini tələb etməli, icra məmurunun üzərinə düşən vəzifələri yerinə yetirib-yetirmədiyini müəyyən etməli, icra sənədinin faktiki icrasının təmin olunması üçün ilkin zəruri prosessual tədbirləri həyata keçirməli idi. Birinci instansiya məhkəməsi bu hərəkətləri etmədən, icra məmurunun hərəkətsizliyinə hüquqi qiymət vermədən və iş materiallarını araşdırmadan ərizəni geri qaytarmaqla, məhkəmənin icra icraatına nəzarət funksiyasını faktiki olaraq həyata keçirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, şikayət qismən təmin edilməli və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)-377/2025 saylı qərardadı ləğv edilməli, mülki iş qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən halların yenidən araşdırılaraq qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi
qərara aldı:
Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)-377/2025 saylı qərardadından Tələbkar BOKT MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)-377/2025 saylı qərardadı ləğv edilsin. Mülki iş qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən halların yenidən araşdırılaraq qiymət verilməsi üçün Sabirabad Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.