Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-84/2026 27.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əsədli Mahir Abdulla oğlu (sədrlik edən, məruzəçi), İmanov Cahid Fehruz oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından tələbkar Ərizəni verən şəxs verdiyi şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin ## ###### 2013-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, gecikdirilməyə görə 380 manat məbləğində cərimənin 190 manat məbləğinədək azaldılması, cavabdeh Borclu “Toshiba” markalı, C850-C3K modelli notebookun, “Toshiba” markalı, BOX modelli mausun və çantanın ödənilməmiş 556 manat məbləğində dəyəri və gecikdirilmiş müddət üçün 190 manat məbləğində cərimə, cəmi 746 manat məbləğində pul alınaraq iddiaçı X1 verilməsi qət edilmişdir. Tələbkar Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2013-cü il tarixli məhkəmə qərarı üzrə ödənilməmiş cəmi 777 manat pul məbləğini indeksləşdirilərək 2013-cü il avqust ayından 2026-cı il aprel ayınadək 219,90 faiz artımı (777 AZN x 219.90%=1708,62 AZN) nəzərə alaraq cəmi 2485,62 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə (hakim Əli İmanov) ərizə rədd edilmişdir. Ərizəçi Ərizəni verən şəxs həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsi indeksasiya institutunun məqsədinin məhkəmə qərarının icrası zamanı pul vəsaitinin inflyasiya nəticəsində itirdiyi alıcılıq qabiliyyətinin bərpası olduğunu müəyyən etmişdir. Birinci instansiya məhkəməsi həmin hüquqi mövqeni nəzərə almamış, indeksasiya hüququnun həyata keçirilməsini qanunda nəzərdə tutulmayan məhdudiyyətlərdən asılı vəziyyətə salmış və nəticədə hüquq normasını düzgün tətbiq etməmişdir. Əgər qanunun analogiyası nəticəsində MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş indeksasiya hüququ"Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Qanunun 3-cü maddəsində sadalanan obyektlərlə məhdudlaşdırılmış hesab edilərsə, bu halda MPM-in232-ci maddəsinin tətbiq dairəsi faktiki olaraq aradan qaldırılmış olar. Halbuki, nə MPM-in 232-ci maddəsində, nə də Konstitusiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarında məhkəmə qətnamələri üzrə tutulmalı pul məbləğlərinin yalnız həmin Qanunun 3-cü maddəsində göstərilən obyektlərə aid olduğu barədə hər hansı hüquqi nəticə ifadə edilməmişdir. Əksinə, Konstitusiya Məhkəməsi vurğulamışdır ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pulməbləğinin indeksasiyası məhkəmə qərarının real və səmərəli icrasını, habelə inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin azalması səbəbindən kreditorun əmlak hüquqlarının pozulmasının qarşısını almağı təmin edir. Bu səbəbdən analoji normanın tətbiqi yalnız indeksasiya qaydasının müəyyən edilməsinə xidmət edə bilər, indeksasiya hüququnun özünü aradan qaldırmaq və ya məhdudlaşdırmaq üçün hüquqi əsas hesab edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi qanunun analogiyasını hüquqi təyinatına zidd tətbiq etmiş, analoji normadan yeni hüquqi məhdudiyyət yaratmaq vasitəsi kimi istifadə etmiş və nəticədə MPM-in 232-ci maddəsinin məqsədini, eləcə dəKonstitusiya Məhkəməsinin məcburi hüquqi mövqeyini pozmuşdur. Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Qeyd edilməlidir ki, ərizəçinin ilkin şikayətinin əsas dəlili Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2025-ci il tarixli qərarının birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsi, məhkəmə qərarı ilə müəyyən edilmiş pul tələbinin indeksləşdirilməsinin mümkün olması və MPM-in 232-ci maddəsinin tətbiqi üçün zəruri hüquqi əsasların mövcudluğu ilə bağlıdır. Lakin şikayətin həmin dəlilləri işin faktiki halları, tətbiq edilməli hüquq normaları və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ilə uzlaşmadığından əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli qərarında MPM-in 232-ci maddəsinin tətbiqi ilə bağlı qanunvericilikdə mövcud olan hüquqi boşluq müəyyən edilərək, həmin boşluğun aradan qaldırılması məqsədilə qanunun analogiyasından istifadə olunmasının mümkünlüyü göstərilmişdir. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən irəli gələn nəticə ondan ibarət deyildir ki, məhkəmə aktı ilə müəyyən edilmiş bütün pul tələbləri istisnasız olaraq indeksləşdirilməlidir. Konstitusiya Məhkəməsi analoji tətbiq edilməli hüquq normasını konkret olaraq "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Qanun ilə əlaqələndirmiş və beləliklə, indeksasiya məsələsinin həlli zamanı həmin Qanunun maddi-hüquqi tənzimləməsinin tam həcmdə nəzərə alınmalı olduğunu ifadə etmişdir. Həmin Qanunun 3-cü maddəsində indeksləşdirilməli obyektlər qanunverici tərəfindən dəqiq və məhdud şəkildə müəyyən edilmişdir. Həmin normanın məzmunundan görünür ki, indeksasiya dövlət tərəfindən vətəndaşların sosial təminat xarakterli pul gəlirlərinin inflyasiya nəticəsində dəyərsizləşməsinin qarşısını almaq məqsədilə müəyyən edilmiş xüsusi hüquqi mexanizmdir. Bu mexanizmin tətbiq dairəsi qanunverici tərəfindən əmək haqqı, pensiya, sosial müavinət, təqaüd, aliment, əmanətlər və digər bu xarakterli ödənişlərlə məhdudlaşdırılmışdır. Eyni zamanda, qanunverici həmin maddədə birbaşa göstərmişdir ki, indeksləşdirmə vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən əldə etdikləri gəlirlərə şamil edilmir. Bu norma imperativ xarakter daşımaqla indeksasiyanın tətbiq dairəsini müəyyən edir və məhkəmənin həmin dairəni genişləndirmək səlahiyyəti mövcud deyildir. Şikayətdə göstərilən, məhkəmə əmrinin qanuni qüvvəyə minməsi, icra sənədinin icraya yönəldilməsi və bu günədək icra edilməməsinin MPM-in 232-ci maddəsinin tətbiqi üçün kifayət qədər hüquqi əsas yaratdığı barədə dəlil əsaslı hesab edilə bilməz. Belə ki, MPM-in 232-ci maddəsi məhkəməyə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin indeksasiyasını həyata keçirmək səlahiyyəti versə də, həmin norma hər bir icra edilməmiş pul öhdəliyinin mütləq qaydada indeksləşdirilməsini nəzərdə tutmamışdır. Məhkəmə aktının qanuni qüvvəyə minməsi və icra edilməməsi yalnız indeksasiya məsələsinə baxılması üçün prosessual şərtlərin mövcudluğunu göstərir. Lakin indeksasiya tələbinin təmin edilməsi üçün bununla yanaşı, tətbiq edilməli maddi hüquq normalarında nəzərdə tutulmuş hüquqi əsas da mövcud olmalıdır. İş materiallarından görünür ki, hazırkı mübahisənin əsasını tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn mülki-hüquqi münasibətlər təşkil edir. Şirvan Şəhər Məhkəməsinin ## ###### 2013-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi də məhz həmin müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış borcun tutulması barədə qəbul edilmişdir. Deməli, hazırkı tələb sosial xarakterli ödənişdən deyil, mülki-hüquqi müqavilə münasibətindən yaranmış pul öhdəliyindən irəli gəlir. Buna görə də birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə maddi hüquq normalarını düzgün tətbiq etmiş və qanuni nəticəyə gəlmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edilənlərə əsasən hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadından tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə tərkibi QƏRARA ALDI: Tələbkar Ərizəni verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-9)-84/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-84/2026
27.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver