Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8(3-9)-95/2026 27.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əsədli Mahir Abdulla oğlu (sədrlik edən, məruzəçi), İmanov Cahid Fehruz oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından tələbkar Tələbkar verdiyi şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi MÜƏYYƏN ETDİ: Tələbkar Tələbkar borclular borclu2 və X2, maraqlı şəxslər İmişli rayon icra və probasiya şöbəsinə və Nizami rayon İcra şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2015-ci il tarixli məhkəmə qərarı ilə ödənilməyən 540 manat məbləğ indeksləşdirilərək 2015-ci il yanvar ayından - 2026-cı ilin aprel ayınadək 212.60 manat faiz artımı (540 AZN x 212.6 % = 1148.04 AZN) nəzərə alaraq cəmi 1688.04 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (hakim Gülsaba Ağayeva) ərizə rədd edilmişdir. Tələbkar Tələbkar həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin232-ci maddəsini düzgün tətbiq etməmişdir. Həmin maddənin məqsədi məhkəmə qərarı ilə müəyyən edilmiş pul məbləğinin inflyasiya nəticəsində itirdiyi alıcılıq qabiliyyətinin bərpasından ibarətdir. Məhkəmə isə qanunvericilikdə nəzərdə tutulmayan əlavə şərtlər tətbiq etməklə indeksasiya hüququnun həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmış və nəticədə normanı düzgün tətbiq etməmişdir. Beləliklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsində indeksasiya barədə ərizəyə baxılması qaydası müəyyən edilmişdir. Həmin normada ərizənin təmin olunması üçün məhkəmənin qərardadda istinad etdiyi əlavə prosessual şərtlər nəzərdə tutulmamışdır. Buna baxmayaraq məhkəmə qanunvericilikdə mövcud olmayan əlavə tələblər tətbiq etmiş, ərizəçinin üzərinə nəzərdə tutulmayan sübutetmə yükü qoymuş və bununla da prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi qeyd olunan hüquqi mövqeyi və qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə ödənilməli pul məbləğinin indeksasiyası məsələsini həll edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin tətbiq dairəsini əsassız olaraq məhdudlaşdırmış, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini isə yanlış təfsir etmişdir. İlk növbədə qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun həm ## ######## 2015-ci il, həm də ## #### 2025-ci il tarixli qərarlarında ödənilməli pul məbləğinin indeksasiyası məhkəmə aktının səmərəli icrasını təmin edən müstəqil prosessual institut kimi qiymətləndirilmişdir. Həmin qərarlarda göstərilmişdir ki, indeksasiya institutu qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində pulun alıcılıq qabiliyyətinin azalmasının qarşısının alınmasına, inflyasiya nəticəsində yaranmış itkilərin kompensasiyasına və məhkəmə müdafiəsi hüququnun effektiv həyata keçirilməsinə xidmət edir. Lakin məhkəmə Konstitusiya Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarına istinad etsə də, həmin qərarın hüquqi mövqeyini düzgün tətbiq etməmişdir. Belə ki, Konstitusiya Məhkəməsi qanunun analogiyası qaydasında "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Qanunun yalnız indeksasiya mexanizminin müəyyən edilməsində tətbiq edilməsini mümkün hesab etmişdir. Həmin Qanunun tətbiqi MPM-in 232-ci maddəsi ilə müəyyən edilmiş hüququ məhdudlaşdırmır və məhkəmə qətnamələri üzrə tutulmalı pul məbləğlərinin indeksasiya edilməsini istisna etmir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin Qanunun 3-cü maddəsində məhkəmə qətnamələrinin ayrıca indeksasiya obyekti kimi göstərilməməsini əsas gətirərək ərizənin təmin edilməsindən imtina etmişdir. Halbuki, qanunun analogiyası hüquq normasının tətbiq edilmə üsuludur və heç bir halda MPM-in 232-ci maddəsi ilə birbaşa nəzərdə tutulmuş hüququ məhdudlaşdıra və ya aradan qaldıra bilməz. Əks yanaşma MPM-in 232-ci maddəsinin hüquqi məzmununun tamamilə mənasızlaşmasına gətirib çıxarar. Qərardadın əsaslandırılmasında daxili ziddiyyət də mövcuddur. Belə ki, məhkəmə bir tərəfdən Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə istinad edərək tərəflərin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə tutulmalı pul məbləğinin tam ödənilməsinədək indeksasiya olunmasını tələb etmək hüququna malik olduqlarını qeyd etmiş, digər tərəfdən isə həmin hüququ qanunun analogiyası əsasında tətbiq edilən normaya istinad etməklə faktiki olaraq inkar etmişdir. Bu isə hüquqi müəyyənlik prinsipinə, Konstitusiya Məhkəməsinin qərarlarının məcburiliyinə və MPM-in 232-ci maddəsinin məqsədinə ziddir. Bundan əlavə, məhkəmə nəzərə almamışdır ki, indeksasiya institutu borcluya əlavə məsuliyyət tədbiri tətbiq etmək məqsədi daşımır. Onun məqsədi yalnız məhkəmə aktının vaxtında icra edilməməsi nəticəsində pul vəsaitinin inflyasiya səbəbindən itirdiyi alıcılıq qabiliyyətinin bərpasından ibarətdir. Buna görə də indeksasiyanın tətbiq edilməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş öhdəliyin dəyişdirilməsi və ya borclunun yeni öhdəliklə yüklənməsi kimi qiymətləndirilə bilməz. İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Qeyd edilməlidir ki, ərizəçinin ilkin şikayətinin əsas dəlili Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2025-ci il tarixli qərarının birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsi, məhkəmə əmri ilə müəyyən edilmiş pul tələbinin indeksləşdirilməsinin mümkün olması və MPM-in 232-ci maddəsinin tətbiqi üçün zəruri hüquqi əsasların mövcudluğu ilə bağlıdır. Lakin şikayətin həmin dəlilləri işin faktiki halları, tətbiq edilməli hüquq normaları və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ilə uzlaşmadığından əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli qərarında MPM-in 232-ci maddəsinin tətbiqi ilə bağlı qanunvericilikdə mövcud olan hüquqi boşluq müəyyən edilərək, həmin boşluğun aradan qaldırılması məqsədilə qanunun analogiyasından istifadə olunmasının mümkünlüyü göstərilmişdir. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən irəli gələn nəticə ondan ibarət deyildir ki, məhkəmə aktı ilə müəyyən edilmiş bütün pul tələbləri istisnasız olaraq indeksləşdirilməlidir. Konstitusiya Məhkəməsi analoji tətbiq edilməli hüquq normasını konkret olaraq "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Qanun ilə əlaqələndirmiş və beləliklə, indeksasiya məsələsinin həlli zamanı həmin Qanunun maddi-hüquqi tənzimləməsinin tam həcmdə nəzərə alınmalı olduğunu ifadə etmişdir. Həmin Qanunun 3-cü maddəsində indeksləşdirilməli obyektlər qanunverici tərəfindən dəqiq və məhdud şəkildə müəyyən edilmişdir. Həmin normanın məzmunundan görünür ki, indeksasiya dövlət tərəfindən vətəndaşların sosial təminat xarakterli pul gəlirlərinin inflyasiya nəticəsində dəyərsizləşməsinin qarşısını almaq məqsədilə müəyyən edilmiş xüsusi hüquqi mexanizmdir. Bu mexanizmin tətbiq dairəsi qanunverici tərəfindən əmək haqqı, pensiya, sosial müavinət, təqaüd, aliment, əmanətlər və digər bu xarakterli ödənişlərlə məhdudlaşdırılmışdır. Eyni zamanda, qanunverici həmin maddədə birbaşa göstərmişdir ki, indeksləşdirmə vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən əldə etdikləri gəlirlərə şamil edilmir. Bu norma imperativ xarakter daşımaqla indeksasiyanın tətbiq dairəsini müəyyən edir və məhkəmənin həmin dairəni genişləndirmək səlahiyyəti mövcud deyildir. Şikayətdə göstərilən, məhkəmə qərarının qanuni qüvvəyə minməsi, icra sənədinin icraya yönəldilməsi və bu günədək icra edilməməsinin MPM-in 232-ci maddəsinin tətbiqi üçün kifayət qədər hüquqi əsas yaratdığı barədə dəlil əsaslı hesab edilə bilməz. Belə ki, MPM-in 232-ci maddəsi məhkəməyə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin indeksasiyasını həyata keçirmək səlahiyyəti versə də, həmin norma hər bir icra edilməmiş pul öhdəliyinin mütləq qaydada indeksləşdirilməsini nəzərdə tutmamışdır. Məhkəmə aktının qanuni qüvvəyə minməsi və icra edilməməsi yalnız indeksasiya məsələsinə baxılması üçün prosessual şərtlərin mövcudluğunu göstərir. Lakin indeksasiya tələbinin təmin edilməsi üçün bununla yanaşı, tətbiq edilməli maddi hüquq normalarında nəzərdə tutulmuş hüquqi əsas da mövcud olmalıdır. İş materiallarından görünür ki, hazırkı mübahisənin əsasını tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn mülki-hüquqi münasibətlər təşkil edir. İmişli Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2015-ci il tarixli məhkəmə əmri də məhz həmin müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış borcun tutulması barədə qəbul edilmişdir. Deməli, hazırkı tələb sosial xarakterli ödənişdən deyil, mülki-hüquqi müqavilə münasibətindən yaranmış pul öhdəliyindən irəli gəlir. Buna görə də birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə maddi hüquq normalarını düzgün tətbiq etmiş və qanuni nəticəyə gəlmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edilənlərə əsasən hesab edir ki, İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından tələbkar Tələbkar tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə tərkibi QƏRARA ALDI: Tələbkar Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(3-9)-95/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(3-9)-95/2026
27.07.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver