Məhkəmə qərarları › İş №8(5-103)-117/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(5-103)-117/2026

26.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-103)-117/2026 26.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İcra sənədi üzrə Tələbkar tərəfindən verilmiş aliment məbləğinin indeksasiyası barədə ərizənin məhkəmənin icraatına götürülməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə Tələbkar aliment məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraicət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-3036/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 193 manat aliment məbləğinin artırılaraq aylıq 260 manat məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə aliment məbləğinin indeksasiyası barədə ərizəni araşdıraraq hesab edir ki, ərizə icra sənədi üzrə tələbkara geri qaytarılmalıdır. İcra sənədi üzrə tələbkar tərəfindən yol verilən prosessual pozuntular:

1. Aliment məbləğinin indeksasiyası barədə icra icraatı qaydasında təqdim edilən ərizələrin forma və məzmununa dair tələblər mülki mühakimə icraatı haqqında qanunvericiliklə birbaşa tənzimlənməsə də, qanunun analogiyası əsasında iddia ərizəsinin forma və məzmununa dair qanunvericiliklə müəyyən edilmiş imperativ tələblər əsas götürülməlidir. İddia ərizəsinin forma və məzmununa dair tələbləri müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; ərizəyə əlavə edilən sənədlərin siyahısı. Bununla belə, icra sənədi üzrə tələbkar tərəfindən həm özünün, həm də icra sənədi üzrə borclunun şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar – yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməmişdir.

2. İddia ərizəsinin forma və məzmununa dair tələblərlə yanaşı, iddia ərizəsi ilə məhkəməyə müraciət zamanı qanunla bir sıra sənədlərin ərizəyə əlavə edilməli olması məcburi qaydada təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1-ci maddəsinə əsasən, cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) və iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Bununla belə, icra sənədi üzrə tələbkar tərəfindən öz tələbinin əsası kimi istinad etdiyi fakt və halların təsdiqinə dair mötəbər sübutlar (uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün aliment məbləğinin tutulmasını qət edən məhkəmə qətnaməsi, uşaqların doğum haqqında şəhadətnamələrinin kserosurətləri və s.) ərizəyə əlavə edilməmiş, ərizə təklikdə məhkəməyə təqdim edilərək, aliment məbləğinin indeksasiyası məhkəmədən xahiş edilmişdir. Bundan əlavə, aliment məbləğinin indeksasiyası barədə ərizənin təklikdə, yəni ərizəçinin tələblərini təsdiq edən zəruri sübutlar ərizəyə əlavə edilmədən təqdim edilməsi, məhkəmənin indeksləşdirilmə xahiş edilən qətnaməyə nəzarət imkanlarını, yəni qətnamədə uşaqların saxlanılması üçün qət edilən aliment məbləğinin sabit pul məbləğində və ya aliment ödəməli olan şəxsin qazancının və (və ya) başqa gəlirlərinin müəyyən hissəsi miqdarında təyin edilməsini, həmçinin qət edilən aliment məbləğinin qətnamənin qəbul edildiyi təqvim ilində ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinə nisbətini müəyyənləşdirməkdən, bununla da icra sənədi üzrə tələbkarın üzləşdiyi maliyyə itkilərinin, tələb etməyə haqqı çatdığı aliment məbləğinin inflyasiya proseslərinin mənfi təsirlərindən və pulun alıcılıq qabiliyyətinin aşağı səviyyəyə düşməsinin qarşısının alınmasından ibarət imkanlarını məhdudlaşdırır. İcra sənədi üzrə tələbkar tərəfindən təklikdə təqdim edilmiş ərizə əsasında yuxarıda qeyd edilənlərin müəyyən edilməsi isə qeyri-mümkündür. Belə olan halda, aliment məbləğinin indeksasiyası barədə icra sənədi üzrə tələbkar tərəfindən verilmiş ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 13. Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktlar. Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasənvə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259,260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İcra sənədi üzrə Tələbkar tərəfindən verilmiş aliment məbləğinin indeksasiyası barədə ərizə geri qaytarılsın. İcra sənədi üzrə Tələbkar izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar