Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-134/2026 30.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarından Tələbkar MMC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1138/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi icra edilmədən geri qaytarılmışdır. Tələbkar MMC məhkəməyə şikayət verərək, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılovun “icra sənədinin geri qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin e-2(004)- 1138/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Borclu Tələbkar MMC-nin xeyrinə cəmi 242 manat məbləğində pul tutulması qət edilmiş və məhkəmə qətnaməsi icra olunması üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq Borclu həmin icra sənədini icra etməmişdir. Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılovun xx.xx.2024-cü il tarixli qərarına əsasən Yasamal Rayon Məhkəməsinin e- 2(004)-1138/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Yasamal Rayon İcra Şöbəsi tərəfindən icra sənədi üzrə tələbin icra edilməsinin mümkünsüzlüyünə dair akt tələbkara təqdim edilmədən və akt barədə tələbkara məlumat verilmədən icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanunamüvafiq tədbirlərin görülməsi, eyni zamanda borclunun yaşadığı ünvanda olması barədə qeydlər edilmişdir, lakin faktiki olaraq borclunun yaşadığı ünvanda olmamışlar və yaşayış yerinə baxış keçirməmişlər. İcra məmuru bu müddət dövrü ərzində borclu barəsində onun əmlak və gəlirlərinin axtarışı məqsədilə lazımi bütün tədbirləri (daşınar və daşınmaz əmlakların qeydiyyatını aparan müvafiq orqanlara sorğu verilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması, məcburi gətirilmə, inzibati məsuliyyətə cəlb olunması və s.), habelə qanunvericiliklə müəyyən olunmuş digər məcburi icra tədbirlərini görməmişdir. Bununla yanaşı, icra məmuru “İcra haqqında” AR Qanunun 23.1.3-cü maddəsinə əsasən, tələbin icrasının mümkün olmadığını bildirsə də, bu haqda müvafiq akt tərtib etməmiş və tələbkara məlumat verməmişdir. İcra məmurunun qərarında qeyd olunan akt isə yalnız icra məmurunun borclunun qeydiyyatda olduğu ünvana getməsi və həmin ünvanda borcluya məxsus tələbin yönəldilə biləcəyi heç bir əmlakın aşkar edilməməsi barədə olmaqla, bütün tədbirlər görülməsinə baxmayaraq tələbin icrasının mümkünsüz olmasına əsas vermir. Belə olan halda icra edilməyən icra sənədinin mövcudluğu iş üzrə tələbkarın hüquqları pozulur. Bununla yanaşı Tələbkar MMC görülmüş qanunamüvafıq tədbirlər barədə məlumatlandırılmamışdır. Həmçinin icra məmuru tərəfindən borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. Borcluya, tələbkara və qərarı qəbul edən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Borclu, tələbkar və qərarı qəbul edən icra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, şikayət təmin edilməli, Yasamal rayon icra şöbəsinin icra məmurunun “icra sənədinin qaytarılması haqqında” 11 dekabr 2024-cü il tarixli qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. Belə ki, iş materiallarında olan “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2024cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1138/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 242 manat tutularaq Tələbkar MMC-yə ödənilməlidir. Şikayətə əlavə edilmiş Yasamal rayon icra şöbəsinin icra məmurunun “icra sənədinin qaytarılması haqqında” 11 dekabr 2024-cü il tarixli qərarından görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə Borclu yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədi ilə baxış keçirilmiş, lakin tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar edilməmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. Bu səbəbdən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələbini rəhbər tutaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1138/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədini 11 dekabr 2024-cü il tarixdə geri qaytarılması barədə qərara qəbul etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. X1 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Göründüyü kimi, şikayət əsaslıdır və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarı əsassızdır, bu səbəbdən, ləğv edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Lakin, bu barədə akt tərtib olunmamış və tələbkara hər hansı məlumat verilməmişdir. Nəticə etibarilə, müvafiq zəruri icra hərəkətlərinin həyata keçirilməsi Bakı şəhəri Yasamal rayon icra şöbəsinə tapşırılmalıdır. Müvafiq aktın tərtib olunması və tələbkara bu barədə məlumat verilməsi barədə hər hansı sənəd, material məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1138/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Yasamal rayon icra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Tələbkar şikayət ərizəsi təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1138/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Yasamal rayon icra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun “icra sənədinin qaytarılması haqqında” 11 dekabr 2024-cü il tarixli qərarı ləğv edilsin və müvafiq icra hərəkətlərinin davam etdirilməsi Bakı şəhəri Yasamal rayon icra şöbəsinə tapşırılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(5-104)-134/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-134/2026
30.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver